Yalnızların gücü

Yalnızların gücü

«The Boston Globe”da maraqlı bir yazı çıxdı, ola bilsin nəzərdən yayınıb. Adı belə idi: “Yalnızların gücü”

Məqalədə, başda Harvard Universiteti olmaqla, hal-hazırda aparılan müxtəlif elmi araşdırmaların nəticələrinə görə, yalnız uşaqların, yalnızlığı sevən gənclərin, ümumiyyətlə yalnız insanların empatiya gücü yalnız olmayanlarla müqayisədə daha yüksəkdir.

Başqa bir ifadəylə, fasiləsiz olaraq qrup psixologiyası ilə hərəkət edən, özünü hər-hansı kollektivin üzvü hesab edən, müstəqil bir şəxsiyyətə malik olmayan insanlar, hansı sosial statusa malik olursa olsun, arada bir tək qalmağı sevən insanlarla müqayisə edildikdə, başqasına anlayış göstərməkdə, tolerant olmaqda, digərlərinə nəvaziş göstərməkdə daha geridə qalırlar.

O halda yalnız insanlar zənn etdiyimiz kimi, asosiyal, bacarıqsız və kədərli deyillər. Müxtəlif universitetlərdə keçirlən təcrübələr yalnız insanların, digərlərinə nisbətən daha xoşbəxt olduqlarını göstərir. Tez-tez başqalarıyla vaxt keçirməyin insanı yoran, insanı narahat edən bir tərəfi var.

Bu cümləni çox eşitmişik “İnsan sosial varlıqdır”. Sosial həyatda aktiv olmağa, tez-tez başqalarıyla vaxt keçirməyə ehtiyac duyuruq. Görəsən belədirmi? Bu iddia bir az qəribə görsənə bilər, fəqət düşünməkdə xeyir var. Bəlkə də biz, Türkiyədə həddindən artıq sosiallaşırıq?

Gözəl dostluqları nəzərdə tutmuram. Onlara çörək, su kimi ehtiyacımız var. Maraqlı bir söhbətin, gözəl dostların iştirak etdiyi məclisin yeri hər zaman başqadır. Amma boş-boşuna, yararsız, maraqsız, sırf ətrafa adaptasiya olmaq üçün keçirdiyimiz günlər, saatlar, hətta həftələr, aylar, illər var. Sosial axıntının təsirinə düşərək indiki gənclərin sözləriylə desək “elə belə, vaxtı öldürürük”. Bax bunların heç kimə faydası yoxdur.

Bəli, insan sosial varlıqdır. Eyni zamanda insan yalnız qaldıqda çox şey istahsal edən bir varlıqdır. Bəlkə də bu gün ən vacib, ən böyük çatışmazlıqlardan biri də budur – lazımınca yalnız qalmırıq, ya da qala bilmirik. Qala bilmirik, çünki həyat təkrarlar üzərində qurulub. Ritm budur, şərait budur və biz bu şəkildə yaşamağa öyrəşmişik. Necə olsa hər şey öz axarında gedəcək.

Bu barədə çox düşünmürük. Bunu bir acizlik, bir zəiflik kimi qəbul edirik. Ətrafda başqaları olduqda, çoxluğun içində olduqda, özümüzü daha təhlükəsiz hesab edirik və ya daha uğurlu, daha xarizmatik, daha xoşbəxt. Ətrafa bu gözlə baxırıq. Birbirimizin yalnızlığına hörmətlə yanaşmırıq. Məsələn bir kafedə, bir parkda, şəhərin mərkəzində, universitetdə yalnız oturub nəsə qaralayan, oxuyan, düşünən, öz daxili aləminə çəkilən insan çox azdır. Halbuki sənət, fəlsəfə, ədəbiyyat, düşüncə, dərinlik həmin yalnızlıqdan törəyir. Özümüzlə yalnız qaldığımız nadir anlardan.

Tərcümə: Emin Əliyev
Top