Xarakterin tərifi.İnsanları bir-birlərindən fərqləndirən şəxsiyyətin davamlı fərdi psixi xassələrindən biri də xarakterdir. Adətən, insanları bir-birlərindən fərqləndirərkən onların xasiyyətini, xarakterini ön plana çəkirlər. Bu baxımdan yunanca “xarakter” “möhür”, “naxış” mənasini bildirir. Xarakter bir növ insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmuunu özündə əks etdirir. Digər tərəfdən xarakteri bir psixi fenomen kimi fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, o həmişə fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür edir. Xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim anadan tənbəl və ya işgüzar, gobud və ya mehriban, qəddar və ya humanist, səliqəli və ya pinti, təvazökar və ya xüdbin doğulmur. Bu kimi keyfiyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyəsinin təsiri altında əldə edir. Həmin əlamətlər həmin insanın xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır.
Bütün bunlarla yanaşı olaraq insan xarakteri onun dünyagörüş və əqidəsilə də sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır. Adətən, xarakter formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir.
Yuxarıda qeyd edilənlərə əsasən xarakterə belə tərif vermək olar:
Konkret şəsiyyət üçün tipik olan fəaliyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin məcmusuna xarakter deyilir.
Psixoloqların apardıqları tədqiqatlar belə bir qənaətə gəlməyə imkan vermişdir ki, şəxsiyyətin münasibətləri xarakter əlamətlərinin fərdi özünə məxsusluğunu iki cəhətdən müəyyənləşdirir. Birinci, insanın düşdüyü hər bir tipik şəraitdə emosional həyəcanların fərdi özünəməxsusluğu şəxsiyyətin münasibətlərindən asılıdır. Həyati faktlar xarakterin hər bir xüsusiyyətinin məhz bu cür tipik şəraitdə özünü büruzə verdiyini göstərir. İkincisi, hər bir tipik şəraitdə şəxsiyyətin təzahür edən davranış fomasının özünəməxsus fərdi xüsusiyyətləri də onun münasibətindən asılıdır.
Xarakter əlamətlərinin qarşılıqlı əlaqəsi. Həyati faktlardan göründüyü kimi, insan xarakteri çoxcəhətli xüsusiyyətə malikdir. İnsan xarakterində müxtəlif özünəməxsus əlamətləri müşahidə etmək mümkündür. Bu əlamətlər bir-birindən ayrı, təcrid olunmuş şəkildə deyil, vəhdət halında birləşərək xarakterin vahid strukturunu yaradır.
Xarakterin strukturunda olan əlamətlər bir-biri ilə qanunauyğun şəkildə bağlıdır. Təcrübə göstərir ki, əgər insan qorxaqdırsa o düşünməyə belə bir əsas verir ki, həmin adam təşəbbüskarlıq, qətiyyətlilik və müstəqillik, əliaçıqlıq keyfiyyətlərinə malik ola bilməz. Bununla belə xaraktercə qorxaq olan adamda mütləq sünilik və yaltaqlıq, konformluq, acgözlük, xəsislik, satqınlığa hazır olmaq, inamsızlıq və s. əlamətlər özünü göstərəcəkdir. Lakin bu zaman həmin əlamətlər arasında qorxaqlıq üstünlük təşkil edəcəkdir.
Xarakter əlamətləri içərisində bəziləri əsas, aparıcı əlamət kimi özünü göstərəcək və bütün kompleksin təzahürünün inkişafına istiqamət verəcəkdir. Bunlarla yanaşı olaraq xarakterdə ikinci dərəcəli əlamətlər də mövcud olur ki, onlar bir halda əsas əlamətlərə tabe olur, onlarla şərtlənir, digər halda əsas əlamətlərlə uyğunlaşa bilmir.
Xarakter əlamətləri və şəxsiyyətin münasibətləri. Xarakter əlamətləri şəxsiyyətin müxtəlif münasibətləri ilə müəyyən edilən xassələr sisteminə malikdir. Bu münasibətlər eyni zamanda xarakterin mühüm əlamətlərini təsnif etmək üçün əsas rol oynayır. Bu baxımdan şəxsiyyətin münasibətlər sistemini və xarakter əlamətlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1. İnsanın başqa adamlara: doğma və yaxın adamlara, təhsil və iş yoldaşlarına, tanıdığı və az tanıdığı adamlara münasibətdə ifadə olunan xarakter əlamətləri. Bunlara sədaqətlilik, prinsipiallıq və prinsipialsızlıq, ünsiyyətlilik və qapalılıq, doğruçuluq və yalançılıq, mərifətlilik və kobudluq, qayğıkeşlik və laqeydlik və s. aid etmək olar.
2. İnsanın özünün özünə münasibətini bildirən xarakter əlamətləri. Bunlara heysiyyət, öz gücünə inam və inamsızlıq, şöhrətpərəstlik, lovğalıq, təvazökarlıq, özü haqqında yüksək fikirdə olmaq və s. aid etmək olar.
3. Əməyə münasibətdə özünü göstərən xarakter əlamətləri. Bunlalara vicdanlılıq, əməksevərlik, tənbəllik, təşəbbüskarlıq, işə məsuliyyətli və məsuliyyətsiz münasibət, ciddilik və s. aid etmək olar.
4. İnsanın əşyalara münasibətini ifadə edən xarakter əlamətləri. Bunlara səliqəlilik və ya pintilik, əşyalara qayğılı və qayğısız münasibət və s. aid etmək olar.
Xarakteri tədqiq etmək cəhdləri hələ qədim zamanlardan olmuşdur.Xarakterin təsnifatı üzrə ilk cəhd Platona məxsusdur. O etik prinsiplər əsasında xarakterin tipologiyasını yaratmışdır. Qədim yunan ədəbiyyatında Afina cəmiyyətində yayılmış xarakter tipologiyasını Teofrast təsvir etmişdir. Xarakterin tədqiqatına zahiri görünüşün onun müəyyən şəxsiyyət tipinə məxsusluğu arasında bağlılıq haqqında elm-fizioqnomika əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
XIX əsrin birinci yarısında xarakter haqqında elm yaranmağa başladı. Frenologiyanın yaradıcısı Qall insan xarakterinin təşəkkül tapdığı 27 elementar psixi xüsusiyyətləri sadalayır, onların arasında artıq – törəmə instinkti, övlada məhəbbət, bağlılıq, dostluq, dağıdıcı instinkt, mübarizəyə və özünü müdafiəyə meyillilyi qeyd etmək olar.
XIX əsrin sonlarında xarakter problemləri üzrə ilk maraqlı əsərlər kimi: F.Cordonun “İnsanın genealogiya və bədəni nöqteyi-nəzərdən xarakter” və F.Polanın “Xarakterin psixologiyası” kitabları meydana gəlir.
XX əsrin əvvələrində A.F.Lazurski ilk dəfə olaraq təkcə insanın subyektiv xüsusiyyətlərini deyil, həm də onun dünya görüşünü, “ictimai baxışlarını” nəzərə alan xarakterin psixosial təsnifatını yaratmağı təklif etdi. Lazurski insanın ətraf mühitə uyğunlaşma dərəcəsindən və ətraf mühitin insana hansı dərəcədə təzyiq göstərməsindən asılı olaraq üç psixoloji səviyyə ayırd edirdi: aşağı səviyyə – kifayət qədər uyğunlaşma qabiliyyəti olmayan insanlar; orta səviyyə — ətraf mühitdə öz yerini tapa bilən və ondan öz məqsədləri üçün istifadə edə bilən insanlar; ali səviyyə — yaradıcı səviyyədir. O ətraf mühiti dəyişdirməyə çalışan insandır.
Bu üç uyğunlaşma və üstünlük səviyyələrini nəzərə alma əsasında Lazurski xarakterin aşağıdakı təsnifatını təklif etmişdir:
Aşağı səviyyə: 1) ağıllı tip; 2) affektiv tip (hərəkətli, hissiyatlı, xəyalpərvər); 3) fəal tip (impulsiv, enerjili, itaətkar, fəal, inadkar).
Orta səviyyə:1) praktik olmayan nəzəriyyəçilər,idealistlər (alimlər, rəssamlar, dini xəyalpərəstlər); 2) praktiklər – realistlər, alturistlər, ictimayətçilər, hökümlülər, evdarlar.
Ali səviyyə: Bu insanlara şüurluluq, ruhi duyğuların uzlaşması, ali insani ideallar xasdır. Sonrakı tədqiqatlar xarakterin daha dəqiq anlaşılmasına gətirib çıxardı.
Fərdi xarakterlərin tipologiyasını təhlil edən Z.Freyd xarakterin strukturu ideyasını əsas götürərək sübut edir ki, “müəyyən əlamətlərdən əsas xarakterin formalaşdırılması formulunu çıxartmaq olar, həm də nəzərə almaq lazımdır ki, daimi əlamətlər ya dəyişilməyən ilkin impulsları, ya da onların sublimasiyasını və ya onların yaratdığı reaktiv törəmələrini təmsil edir”.
Erkən uşaqlığın xüsusiyyətləri, psixoseksual mərhələnin inkişaf etməsinin spesifikası, müəyyən psixoseksual mərhələnin təsbit edilməsi insanın xarakterinin xüsusiyyətlərini şərtləndirir. Freyd xarakteri oral-passiv, oral-təcavüzkar, anal-xarakterə, genital xarakterə ayırırdı.
Müasir psixoanalitiklər xüsusilə A.Louenin tipoloji modelində xarakterin aşağıdakı tiplərini ayırırlar: aral, mazoxist, əsəbi, fallik-narsis, şizoid.
. A.Louen xarakter anlayışını yalnız pataloji hallarla məhdudlaşdırmağı təklif edirdi. İnsan — əgər onun tipik davranış vasitələri, yəni xarakteri yoxdursa o sağlamdır. Bu o deməkdir ki, o real həyatda şəraitin müəyyən tələblərinə uyğunlaşaraq özünü çox gözlənilməz aparır. Müasir amerika psixologiyasında xarakterin iki alternativ tərifindən istifadə olunur: “Xarakter – şəxsiyyətin əxlaqi və mənəvi baxışıdır”; “Xarakter – şəxsiyyətin sübutlara nöqteyi-nəzəridir”.
R.Kettel şəxsiyyətin əsas amilləri arasında güc və zəifliyi qeyd edirdi. Onun funksiyası“Ali-mən”in gücü sərt və prinsipial hərəkət edən insanın iradəsinin gücünü, “Ali-mən”in zəifliyi isə öz hərəkətlərində qeyri-sabit olan insanın iradəsinin zəifliyini bildirməkdən ibarətdir.
Kettelə görə xarakter – insanın müəyyən münasibətlərdə davranışında özünü biruzə verən, şəxsiyyətin əldə etdiyi daha sabit zəruri xüsusiyyətlərinin fərdi uyğunluğudur. Bunlar aşağıdakılardır:
Xarakterin ayrı-ayrı xüsusiyyətləri bir-birindən asılıdır və bir-birləri ilə sıx bağlıdır. Xarakterin əlamətləri (xüsusiyyətləri) dedikdə insan şəxsiyyətinin bu və ya başqa xüsusiyyətləri başa düşülür. Bu xüsusiyyətlər insanın müxtəlif fəaliyyət növlərində sistemli şəkildə özünü biruzə verir və bunlara görə müəyyən şəraitdə şəxsiyyətin etdiyi hərəkətləri qiymətləndirmək olar. Əlamətlərin birinci qrupuna şəxsiyyətin istiqamətini (meylini) ifadə edən xüsusiyyətlər (sabit ehtiyaclar, maraqlar, meyllər, ideallar, məqsədlər), ətraf mühitə münasibətlər və bu münasibətləri həyata keçirmənin fərdi-özünə məxsus vasitələrini təmsil edən sistem daxildir. İkinci qrupa xarakterin intelektual, iradi və emosional xüsusiyyətləri daxildir.
Xarakterin tiplərinin başqa təsnifatları da var. Məsələn, insanın həyata, cəmiyyətə, mənəvi dəyərlərə münasibəti əsasında qurulmuş xarakter tipologiyası çox məşhurdur. Onun müəllifi bu tipologiyanı xarakterin sosial tipologiyası adlandıran E.Frommdur. E.Fromm adamları bir şəxsiyyət kimi dörd tipə ayırır: mazoxist, sadist, konformist, tənha.
E.Fromun fikrincə mazoxist tipə malik olan adam uğursuzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özünü günahkar sayır.
Sadist tip öz uğursuzluqlarının səbəbini özündə deyil, başqa adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır.
Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcüd şəraitə uyğunlaşır.
Tənha tip həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.
K.Yunq tərəfindən irəli sürülmüş ekstravert və introvert tipli xarakterlərin təsnifatı geniş yayılmışdır. Ekstravertlərə coşqunluq, təşəbbüskarlıq, uyuşqanlıq, ünsiyyətlilik xasdır. İntrovertlər üçün öz daxili aləmində baş verənlərdə şəxsi maraqlarını güdməsi, ünsiyyətsiz, qapalı, özünü təhlilə meyl, uyğunlaşmada çətinlik çəkmək xarakterikdir. Həmçinin xarakteri konform və sərbəst, hakim və itaətkar, normativ və anarxist tiplərə də ayırmaq olar.
Psixoloq S.Məcidovanın işləyib hazırladığı tipologiya “69” adlanan xarakterin tipologiyası da maraq doğurur. Bu tipologiyanın əsasında şəxsiyyətin özünü dərk etməsinin səviyyələri durur. Onun tərəfindənm insanın inkişafının təkamül mərhələlərini ifadə edən özünüdərkin 3 səviyyəsi ayrılmışdır. Özünüdərkin birinci səviyyəsinə aid olan insanlar aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunurlar: eqosentrizmlə, meyarlarından birinin – “mənim – mənimki – olmayan” münasibətlər sistemi olan ətraf aləmin fərqli qəbul edilməsilə; hər şeyə qarşı istehlakçı, əşyavi münasibətlə; mənəviyyat üzərində bütün maddi olanın hakimliyi ilə.
Özünüdərkin ikinci səviyyəsində olan insanlar onunla xarakterizə olunurlar ki, soyuqluğun, eqosentrizmin yerinə birliyin və cəmiyyətin müəyən hissəsi ilə tamlığın dərk edilməsi gəlir. Köhnə, qalıq kimi saxlanan, ətraf mühitin “mənim” – “mənim olmayan”a ayrılmasına yeni fərqləndirmə genişlənir. Şəxsiyyətin zamanı “mən”im mövcudluğunun real zamanından kənara çıxaraq “biz”im mövcud olduğu zamanına daxil olur.
Özünüdərkin üçüncü səviyyəsinin əsas xarakteristikası – fərqləndirmənin olmaması, məkan-zaman sonsuzluğu, ətraf-aləmə qarşılıqlı münasibətlərin dərk edilməsi, onun birliyinin qəbul edilməsi, güclü şəxsiyyətin başqaları ilə konkret münasibətlərinin olmaması, ümumbəşəri mənəvi prinsiplərə əməl etməkdir.
Demək olar ki, tipologiyanın bütün müəllifləri qeyd edirlər ki, xarakter az ya çox ifadə edilə bilər. Əgər xarakterlərin təzahürlərinin intensivliyini göstərən ox təsəvvür etsək, onda aşağıdakı 3 zonanı qeyd etmək olar: tamamilə “normal” xarakterlər zonası, seçilən xarakterlər zonası (onlar aksentuasiyalı xarakterlər adını alıb), və güclü dəyişikliyə məruz qalmış, yəni psixopatiyalı xarakterlər zonası. Birinci və ikinci zonalar normaya uyğundur (geniş mənada), üçüncü zona isə xarakterin patalogiyasına aiddir. Müvafiq olaraq, xarakterin aksentuasiyasını normanın son variantları kimi nəzərdən keçirirlər. Onlar da öz növbəsində aşkar və gizli aksentuasiyalara bölünürlər. Aksentuasiyalı patoloji və normal xarakterlər arasında fərq çox ciddidir.İkinci və üçüncü zonalara ayıran əlamətlərin bir tərəfində ümumi psixologiyaya məxsus fərqlər durur. Əlbəttə, əlamət çox yığcam səslənir. Buna baxmayaraq, onu xarakterin intensivliyi məhvərində təxmini olaraq lokallaşdırmağa imkan verən meyarlar mövcuddur.
Bu meyarlar üçdür və onlar Qannuşkin-Kerbikovun “psixopatiyanın meyarları” kimi məşhurdur. Xarakteri patoloji hesab etmək, yəni psixopatiya kimi qiymətləndirmək olar. A.E.Liçkonun fikrincə bu ilk əlamət atalar sözündə yaxşı misal gətirilir (Necə gəlibsənsə elə də gedəcəksən). İkinci əlamət – xarakterin ümumilik əlamətidir; psixopatlarda xarakterin eyni bir xüsusiyyətinə hər yerdə rast gəlinir: evdə, işdə istirahət edərkən və tanışların da, özgələrinin də arasında. Əgər insan evdə bir cür, adamlar arasında başqa cürdürsə o psixopat deyil. Nəhayət, üçüncü, demək olar ki, psixopatiyanın ən güclü əlaməti – sosial uyğunsuzluqdur.
Bu əlamət ondan ibarətdir ki, insan daima həyati çətinliklərlə qarşılaşır.
Normal xarakterlərin son variantları kimi xarakterin aksentuasiyasına gəldikdə isə, bu xarakterli insanlar üçün də bəzi problemlər və çətinliklər xarakterikdir. Buna görə də həm terminin özü, həm də aksentuasiyalı xarakterlərin ilk tətqiqatları psixiatrların əsərlərində ilk dəfə işıq üzü görüb. Hər halda aksentuasiyalı xarakterlərin problemləri bəlkə də daha çox ümumi psixologiyaya aiddir.
Məşhur alman psixiatrı K.Leonqardın fikrincə, 20%-50% insanlarda xarakterin bəzi əlamətləri o qədər kəskinləşir ki, (diqqəti cəlb edir) mübahisələrə və əsəb pozuntusuna gətirib çıxarır. Xarakterin aksentuasiyası onun ayrı-ayrı xüsusiyyətlərinin, digərlərinin əksinə olaraq inkişafının şişirdilməsidir və bunun nəticəsində də ətrafdakı adamlarla qarşılıqlı əlaqəni çətinləşdirir.Leonqard aksentuasiyanın 12 tipini ayırır.
Xarakterin aksentuasiyasına daha çox yeniyetmə və gənclərdə rast gəlinir (50-80%). Aksentuasiyanın tiplərini xüsusi psixoloji testlərin köməyi ilə müəyyən etmək olar. Leonqard aksentuasiyanın tiplərinin aşağıdakı təsnifatını vermişdir.
Sonralar Yeniyetmələrdə xarakterin aksentuasiyasının təsnifatını A.E.Liçko (1983) vermişdir. Bunlar aşağıdakılardır:
Xarakterin tiplərinin mövcud olan bütün konsepsiyalarının çox ciddi bir çatışmazlığı var. Məsələ ondadır ki, hər bir insan fərddir və heç də həmişə müəyyən bir tipə aid edilməyə bilər. Çox vaxt eyni insanda xarakterin ən müxtəlif əlamətləri kifayyət qədər inkişaf etmiş olur. Praktik olaraq, xarakterin tiplərinin bütün təsvirlərində ən müxtəlif cinsli və ya daha düzgün desək ən müxtəlif qəbildən olan xüsusiyyətlərinin birləşməsini tapmaq olar.
Başqa cür desək, onlarda bütöv şəkildə həm xarakterin, həm də şəxsiyyətin xüsusiyyətləri mövcuddur. Məsələn, şizoidlərin xarakteristikasını verərkən E.Kreçmer formal, yəni davranışın yönümündən asılı olmayan (xarakterin xüsusiyyətləri): ünsiyyətsizlik, təmkinlilik, ciddilik, qorxaqlıq, sentimentallıq kimi xüsusiyyətləri, o biri tərəfdən isə daha məzmunlu, şəxs əsaslı “insanları xoşbəxt etməyə çalışmaq”, “nəzəriyyəbaz prinsiplərə meyl”, “sarsılmayan əqidə möhkəmliyi”, “baxışlarının təmizliyi”, öz ideyaları uğrunda mübarizəyə mətin olaraq çalışmaq və s. kimi xüsusiyyətləri sadalayır.
P.B.Qannuşkinin paranoyyalı tiplərə verdiyi təsvirdə həmçinin psixoloji xarakteristikaların – dinamikliyindən tutmuş dünyabaxışına qədər bütün xüsusiyyətlərini tapmaq olar.
Bu cür misalları çoxaltmaq da olar. Xarakterin tiplərinin təsvirinə daxil olan «müxtəlif tipli” əlamətlər tamamilə təbiidir. Amma Gippinreyterin fikrincə xarakterin tam, təsvirlərinin geniş təhlilə ehtiyacı var, lakin xarakterin təsvirinin müəllifləri bunu etmirlər.
Psixoloji ədəbiyyatda şəxsiyyətin xarakterlərinin formalaşması haqqında ümumi nəzəriyyənin işlənib hazırlanması haqqında çox maraqlı və dəyərli təcrübələr var. Buna biz təxminən yüz il bundan əvvəl yazılmış A.F.Lazurskinin əsərlərində rast gəlirik. A.F.Lazurski “endopsixika və ekzopsixika” anlayışlarını təsdiq etmişdi. “Endopsixika” anlayışı dedikdə o xarakter, temperament və əqli qabiliyyətlərin də aid edildiyi daxili psixi (psixofizioloji) funksiyaların məcmuunu nəzərdə tutur. Şəxsiyyətin münasibətini – təbiətə, cəmiyyətə, mənəvi dəyərlərə münasibətlərinin cəmini isə o “ekzopsixika”ya aid etməyi təklif edir. Şəxsiyyətin yetkinliyinin müxtəlif dərəcələrini nəzərdən keçirərək Lazurski onları üç: aşağı, orta yüksək (ali) səviyyələrə ayırır. Səviyyələr arasında fərqin əs.gasını o endopsixikadan ekzopsixikaya keçiddə görür.
Aşağı səviyyənin nümayəndələrini Lazurski aşağıdakı tiplərə bölür: “dərrakəli”, “tez qızışan”, “fəal”. Ehtimal ki, burada təsnifat müəyyən şəxslərin necə hərəkət etdikləri və necə yaşadıqlarının əlamətlərinə görə aparılır. Müəllif ali səviyyəyə insanları aparıcı fəaliyyət növlərində iştirakına görə müəyyən edir. Ali səviyyəyə aid olan şəxsiyyətlər nəyə əsl meylləri olduqlarını (məsələn, “biliyə”, “gözəlliyə”, “alturizmə”) tez müəyyən edirlər.
Beləliklə, demək olar ki, aşağı səviyyədən ali səviyyəyə keçərkən A.F.Lazurski insan şəxsiyyətinin xarakter əlamətlərini şəxsiyyətin xüsusiyyətləri ilə əvəz edir.
İnsanın xarakteri adətən sosial amillərin təsiri altında formalaşır. Xarakterin formalaşması problemini nəzərdən keçirərkən onun eyni zamanda həm sabit, həm də dəyişkən olması prinsipini tətbiq etmək lazımdır. Bundan başqa, şəxsiyyətin ən vacib xüsusiyyətlərindən biri olan xarakter – ictimai tarixi bir kateqoriyadır, ona görə də insanın xarakterinin formalaşmasından danışarkən həmişə sosial şərtlərin təsirini nəzərdə tutmaq lazımdır. İnsanın xarakterinin formalaşmasına sosial mühitin təsiri hər şeydən əvvəl müxtəlif ictimai formasiyalarda tipik xarakterlərin müqayisəsi ilə sübut edilir. Kiçik qrupların psixologiyası onun üzvlərinin xarakterlərinin formalaşmasında böyük rol oynayır. Xarakterin formalaşmasına eyni zamanda bioloji şərtlər də təsir edir. Ancaq, xarakterin formalaşmasına irsi təsirin əhəmiyyətli roluna isnad edərkən çox ehtiyatlı olmaq lazımdır. A.N.Leontyevin sözlərilə desək, bioloji irsilik əhəmiyyətsiz sayılmır, ancaq mənimsəmə prosesi ilə müqayisədə o asılı vəziyyətdə olur.
Xarakterin əlamətlərində cinsi və psixi fərqlərin probleminin həlli üçün bir çox tədqiqatlar aparılmış, hətta kişilik-qadınlığın müəyyənləşdirilməsi üçün xüsusi testlər də işlənib hazırlanmışdır. Şəxsiyyətin xüsusiyyətlərində cinsi fərqlər ortaya çıxıb. Məsələn, kişilər daha özünə güvənən, aqressiv, inadkar və cəsarətlidirlər, xasiyyət, danışıq və hisslərində daha çox kobuddurlar. Qadınlar isə daha çox həssas, utancaq, xeyirxah və emosionaldırlar.
Xarakterin formalaşmasının bioloji şərtlərindən danışarkən fiziki tərbiyənin böyük əhəmiyyətini qeyd etmək lazımdır. İdmançıların xarakterində iradəlilik xüsusiyyətlərinin tərbiyəsinə həsr olunmuş bir çox əsərlər mövcuddur. Daha ümumiləşdirilmiş formada bu problem P.A.Rudik, A.Ç.Puni, O.A.Çernikova tərəfindən təhlil edilmişdir.
Həyat öz müxtəlifliyi ilə tərbiyə edir, ancaq xarakterin formalaşmasının əsas amili ailə və məktəbdir. Uşaqların xarakterinin bir çox qüsurları ailədə düzgün olmayan tərbiyənin nəticəsidir, məsələn, ərköyünlik, inadkarlıq, şıltaqlıq və eqoizm yaradır, fiziki cəza isə uşaqları kobud, sərt bəzən isə qorxaq, yalançı, aciz edir. Ancaq heç də həmişə uşaqların xarakterinin qüsurlarını ailə tərbiyəsinin səhv olması ilə izah etmək düzgün olmaz. Bəzən xarakterin yaranmış xüsusiyyətlərini uşaqlar “küçənin”, pis məktəb yoldaşlarının və s. təsiri altında qazanırlar.
Məktəblilərin xarakterinin formalaşdırılması məktəbdə təlim və tərbiyənin əsas vəzifələrindən biridir.
Xarakterin formalaşmasının əsas şərtlərinin siyahısına özünü tərbiyəni də əlavə edirlər.
Məlumdur ki, xarakterin formalaşmasına ətraf mühit təsir edir. Bioloji şərtlər də əhəmiyyətli rol oynayır. Bu şərtlər xarakterin formalaşmasına fatalist təsir etmir, onlar həmişə müxtəlif və öz qanunauyğunluqları olan daxili şərtlər vasitəsilə dəyişir.
Xarakterin formalaşmasında kompensasiya hadisəsi də böyük rol oynayır. Xarakterin bir əlaməti zəiflədikdə bu çatışmazlığın əvəzinə başqa əlamət daha yaxşı inkişaf edir.
Xarakterin formalaşması daxili vəziyyətdən də asılı olur. L.S.Vıqotski uşaq üzərində hər hansı bir təsir onu uşağın hiss etməsi nöqteyi-nəzərindən ona subyektiv münasibətindən keçməsi anlayışını inkişaf etdirmişdir. İnkişafın uşağın daxili vəziyyətindən asılılığı prinsipi daha sonra A.N.Leontyev tərəfindən inkişaf etdirilmiş və L.İ.Bojoviç və onun əməkdaşlarının tədqiqatlarında xüsusi sübutlarla təsdiq olunmuşdur. Bojoviç daxili vəziyyəti uşağın şəxsi ehtiyacları və arzularının sistemi kimi müəyyən edir. Daxili vəziyyət həm də yaşlı insanların xarakterinin dinamikliyində az rol oynamır, məsələn, inadkar adamın yenidən tərbiyə edilməsinin çətinliyi onun daha çox bu xüsusiyyətlə mübarizə aparmağa ehtiyac hiss etməməsindən və onu pis əlamət kimi hesab etməməsindən ibarətdir. İnsanın psixi vəziyyətinin öyrənilməsi prosesində daha bir zəruri qanunauyğunluq meydana çıxır: xarakterin dinamikliyi, onun xüsusiyyətlərinin əldə edilməsi, dəyişməsi psixi vəziyyətin keçid mərhələsindən, daha dəqiq desək insanın öz hərəkətlərinə münasibətindən keçir.
Şəxsi nümunə də tərbiyənin və özünütərbiyənin ən güclü vasitəsidir.
Məktəblilərin xarakterinin formalaşmasına şəxsi nümunənin təsiri haqqında aparılmış tədqiqatlarda nümunənin seçilməsi yolları məsələsinə böyük yer verilmişdir. Nümunələrin seçilməsi yolları müxtəlifdir. Belə yollardan biri şagirdlərin etiraf etdikləri bəzi qüsurların təkmilləşdirilməsi üçün nümunənin seçimidir. Belə ki, qeyri-mütəşəkkil bir şagird çox intizamlı və mütəşəkkil yoldaşına oxşamaq istəyir. Nümunənin seçilməsinin ikinci yolu-oxşarlığa görədir. Nümunənin seçiminin başqa bir yolu mənalı həyatı hadisələrin maraqlı, cəlbedici axarına əsaslanır.
Nəhayət nümunə seçiminin daha bir yolu, N.Levitovun şərti olaraq emosional adlandırdığı yoldur. O, şagirdin müəyyən bir adama əvvəlcə rəğbət hissi keçirdiyindən və daha sonra isə nümunə kimi bu adamın arxasınca getməsindən ibarətdir. Nümunənin seçilməsi prosesində həm obyektiv, həm də subyektiv amillər rol oynaya bilər.
Hansı şagirdlərə və onların xarakterlərinin hansı xüsusiyyətlərinə nümunə daha yaxşı təsir edir. Bu baxımdan şagirdləri iki qrupa ayırırlar:
Fərdi psixoloji şərtlərlə yanaşı təsəvvürün, maraqların canlılığı, öz üzərində işləmək arzusu kimi ümumi psixoloji şərtlər də mövcuddur. İnadkarlıq, özündənrazılıq, lovğalıq kimi xüsusiyyətlər nümunənin təsirinə mane olur.