Təxəyyül və oyun bir-biri ilə sıx əlaqəyə malikdir. Məktəbəqədər yaş dövründə istər evdə ailə tərbiyəsi, istərsə də bağçada aparılan tərbiyə nəticəsində uşaqların oyun prosesində onların təsəvvür ehtiyatı xeyli artır, yaddaş fəaliyyəti, təfəkkürləri inkişaf edir, uşaqlarda yeni tələbatlar əmələ gəlir. Bütün bunlar isə onların təxəyyüllərinin geniş və məzmunlu xarakter alması ilə nəticələnir.
İstər əvvəlki dövr, istərsə də məktəbəqədər yaş dövrü olsun, ümumiyyətlə, uşaqlarda təxəyyül oyun prosesində inkişaf edir.
3-4 yaşlı uşaqlarda da belə bir tələbat əmələ gəlir. Uşaq edə bilməyəcəyi bir iş görmək istəyir, özünü kiməsə oxşatmaq, bənzətmək istəyir. Oyun prosesində uşaq özünü atın üstündə oturan, at çapan atlıya, təyyarəçiyə, sürücüyə, müəllimə, həkimə bənzədir. Uşaq öz oyununda təqlid yolu ilə bu peşə sahiblərinin zahirdə olan hərəkətlərini yamsılayır. Təbiidir ki, bütün bunlar uşağın idrakına, psixikasının inkişafına güclü təsir edir. Uşaq oyun prosesində cisimlərin əlamətlərini, insanların funksiyalarını, insanlar arasındakı münasibətləri dərk etməyə başlayır. Oyun prosesində uşaq ancaq gördüklərini mütləq mənada təkrar etmir. O, öz oyununda əks etdirdiyi, təqlid etdiyi işə, hərəkətə yeni, nəyi isə əlavə edir. Uşağın oyun fəaliyyətində yaradıcılıq ünsürləri nəzərə çarpır.
Uşağın təxəyyülünün yaradıcı funksiyası özünü büruzə verir. Uşaq şəraiti dəyişdirir, predmetləri yeni qaydada yerləşdirməyə can atır, əşyalara özü bildiyi funksiyaları həvalə edir. Uzun ağac parçası-ata, stul- avtomobilə, gəlinciklər- müəllimə, anaya, uşağa çevrilir.
Oyun prosesində uşağın təxəyyülü ixtiyari xarakter daşımağa başlayır. Belə ki, təxəyyül obrazları əvvəlcədən müəyyən olunmuş məqsədlə bağlı olaraq yaradılır. Lakin, məktəbəqədər yaş dövrünün əvvəllərində bu məqsəd uşağın özü tərəfindən deyil, böyüklər tərəfindən uşağın qarşısında qoyulur. Məsələn, kubikləri uşağın qabağına tökür və deyirik: «Bu kubiklərdən evcik qur». Karandaş və ağ kağız verir və deyirik: «Pişik çək». Uşaq da öz bacarığı dairəsində bu işi görür və bu prosesdə onda istər-istəməz təxəyyül fəaliyyəti canlanır.
Məktəbəqədər yaşın sonrakı dövrlərində uşaq özü fəaliyyətə başlamamışdan qabaq qarşısına müəyyən məqsədlər qoyur. Beləliklə də, nəticə etibarı ilə uşağın təxəyyül fəaliyyəti ümumən onun fəaliyyətinə bir ixtiyarilik gətirir. Təxəyyülün uşaqlarda inkişafı onların oyunlarını daha mürəkkəb və davamlı edir. Psixoloqlardan V.S.Muxinanın tədqiqatlarına əsasən oyun 3-4 yaşlı uşaqlarda 10-15 dəqiqə, 5 yaşlı uşaqlarda 40-50 dəqiqə, 6-7 yaşlı uşaqlarda bir neçə saat davam edə bilir.
Uşaqlarda oyun fəaliyyətinin bu şəkildə olan inkişafı onların təxəyyülünü də zahiri köməyə ehtiyacı olan bir fəaliyyətdən elementar şəkildə olsa da söz yaradıcılığını və bədii yaradıcılığı həyata keçirməyə imkan verən daxili bir fəaliyyətə çevirir.
Bəzən yanlış olaraq uşağın oyun prosesində özünü göstərən fantaziyanın, necə deyərlər, «çox yüksəkdən uçuşunu» uşaqlarda təxəyyülün böyüklərə nisbətən daha çox inkişaf etməsi kimi qiymətləndirirlər. Əslində isə uşaqlarda təxəyyülün inkişafı böyüklərə nisbətdə aşağı səviyyədə olur.
Uşağın həyat təcrübəsi çox az, bilikləri məhdud olduğundan o, bu və ya digər təxəyyül obrazını yaradarkən obyektiv varlığa xas olan qanunauyğunluqları nəzərə almır, həyatı reallığı pozur.
Oyun prosesində uşağın duyğuları, qavrayışı, hafizəsi və təfəkkürü inkişaf edir və bütün bunlar onun təxəyyül fəaliyyətinin də inkişafına səbəb olur. Getdikcə uşağın təxəyyül fəaliyyəti keyfiyyət dəyişmələrinə uğrayır. Məsələn, 3-4 yaşlı uşağın oyununda müəyyən bir predmet başqa bir predmetin əvəzləyicisi kimi istifadə edilir. Uşaq kibrit qutusunu beşik, kibritin dənələrini isə uşaq, çağa kimi hesab edir və öz oyununu qurur. Göründüyü kimi burada əvəz edənin əvəz edilənə oxşaması o qədər də vacib deyil. Lakin 5-6 yaşlı uşaq heç zaman oxşarlıq baxımından bu qədər bir-birindən uzaq olan /kibrit qutusu-beşik/ predmetləri öz oyununda biri digərinin əvəzləyicisi /bədəli/ kimi götürməz. Bu yaşda təxəyyüldə yaradılan obrazların əvəzləyiciləri, real olanın özünə müəyyən dərəcədə oxşaması uşaq tərəfindən zəruri sayılır. O, oyuncaq gəlinciklərdən, maşınlardan, kürək və dırmıxdan, su qablarından və s. istifadə edərək oynunu qurur.
Beləliklə də təxəyyül xüsusi bir psixi proses olmaq etibarilə uşağın oyun prosesində inkişaf edən qavrayış, hafizə və təfəkkür kimi psixi proseslərin arasında aralıq bir mövqe tutur. Bu psixi proseslərin inkişafı ilə təxəyyülün inkişafı arasında qarşılıqlı təsir mövcud olur.