Görmədiyimiz kadrlar
Şüuraltı sözünü, yəqin ki, bir çoxlarınız eşitmisiniz. Şüuraltına təsir, şüuraltı fikir və s. Bəs nədir şüuraltı? O heç vaxt yatmır. Hətta biz yuxudaykən belə. O həmişə fəaliyyətdədir. O, gün ərzində gördüklərimizin, eşitdiklərimizin yığıldığı bir “evdir”. Gün ərzində siz avtobusa minirsiniz, yemək yeyirsiniz, müxtəlif insanlarla və hadisələrlə qarşılaşırsınız. Ancaq siz bunların bir çoxunu günün sonunda xatırlamırsınız. Ancaq şüuraltımız bunların hər birini qeyd edir. Siz istəsəniz də, istəməsəniz də. Uşaq yaşlarınızdan indiyə qədər yaşadığınız, yaddaşınızda olan və olmayan hər şey oradadır. Amma bəzən görmədiklərimiz də şüuraltına yazıla bilir. Necə? 25-ci kadr və ya digər adıyla subliminal mesaj vasitəsilə.
Məsələn: 1957-ci il, Amerika Birləşmiş Ştatları. Reklam meneceri Ceyms Vikari kinoteatrlardan birində «Piknik» filminin nümayişi zamanı keçirdiyi bir testin özünü doğrultduğunu açıqladı. Belə ki, o, kola və popkorn satışını artırmaq üçün istifadə etdiyi sınağın uğurlu alındığını qeyd edirdi. Bəs Ceyms Vikari nə etmişdi ki, birdən-birə filmi izləyən insanlar, filmdən çıxdıqdan sonra bir nəfər kimi kola və popkorn almağa yollandılar? O, kinoteatrda göstərilən filmin kadrları arasına yeni birini – 25-cini əlavə etmişdi. Bu kadrda isə tamaşaçılara tez-tez “Kola iç, popkorn ye” sözləri göstərilirdi. Bu təzyiqə çox dözməyən tamaşaçıların böyük əksəriyyəti film bitdikdən sonra onlara “tapşırılanı” yerinə yetirdilər. Artıq həmin kinoteatrda satılan kolanın sayı 18 faiz, popkorn isə 57 faiz artmışdı. İnsan təbiətdəki ən möhtəşəm varlıq olsa da, gözünün bir saniyədə görmə səviyyəsi 24 kadrdır. 25-ci kadrı artıq göz yox, beyin görür. Daha doğrusu, bəhs etdiyim həmin şüuraltına yazılır. Bəs bu vaxt nə baş verir? İnsanın gözü ilə görmədiyi kadrdakı mesajı beyin qəbul edir, onu şüuraltına yazır və qeyri-ixtiyarı olaraq o mesajda veriləni yerinə yetirməyi əmr edir. Bu mesajlar saniyənin mində biri qədər ekranlarda qalır və biz onu görmədən yox olur. Ancaq videonu çox yavaş hərəkət etdirdikdə bunu görmək mümkün olur. Vaxt keçdikcə film dəllallarının bu yolla bir çox mesajı (bura dövlət siyasətinə əks mövqelər, əxlaqa zidd olan əməllərə çağırış və s. aiddir) insanlara çatdırıldığını görən Amerika hökuməti də başda olmaqla bir neçə hökumət bu üsuldan istifadəni öz ölkələrində qadağan edir. Ancaq bu qadağaların o qədər də xeyri olmur. Belə ki, hələ də günümüzdə çəkilən bir çox film və reklamlarda da şüuraltına təsirlərdən istifadə olunur.
Eşitdiyinə inanma
Bu cür subliminal mesajlar, sadəcə, telekanallar və filmlər vasitəsilə həyata keçirilmir. Hətta səs vasitəsilə də bu cür təsirlər göstərilə bilir. Məsələn, götürək tarixdəki ilk subliminal mesajı. 1922-ci il, İngiltərə. Burada indi BBC adlanan yeni radio yayımlanmağa başlayır. Ancaq əhali bu radionu qəbul etmir. Onu hətta "şeytanın səsi" adlandırırlar. Rəhbərlik çox fikirləşir və sonda bir sınaq keçirmək qərarına gəlir. Onlar radioda xəbərlər gedən müddətdə arxa fonda çox aşağı səslə radionun, əslində, çox yaxşı olduğunu və insanlara xeyir verdiyini dinləyicilərə aşılayırlar. Bundan sonra radionun dinləyicilərinin sayı günü-gündən artmağa başlayır. Başqa bir misal isə dövrümüzə aiddir. Belə ki, Amerika ordusu İraqa daxil olduqdan sonra yerli əhalinin çox ciddi təzyiqi ilə qarşılaşmışdı. Bu vaxt yerli əhalinin Amerika ordusuna olan müqavimətini azaltmaq üçün səslə ötürülən subliminal mesajdan istifadə edirlər. Radioda oxunan azanın fonunda insanlara «müqavimət göstərmək əbəsdir, təslim olmaq lazımdır» kimi mesajlar verilir. Nəticədə mülki əhalinin işğalçı orduya müqavimətini bir qədər azaltmağa nail olurlar. Bu cür üsullardan təkcə siyasi yox, başqa məqsədlər üçün də istifadə edilir. Məsələn, bəlkə də, bir çoxlarınız böyük supermarketlərdə səsləndirilən mahnıların fonunda insanları daha çox pul xərcləyib, daha çox bazarlıq etməyə sövq edən mesajların verildiyini bilmir. Bura radioda çalınan mahnılar da daxildir.
Müxtəlif afişalarla təsir isə bu cür mesajların ən geniş yayılmış və ilk formalarından biridir. XX əsrin əvvəllərindən etibarən bu üsuldan istifadə olunur. İlk baxışda normal görünən hər hansı reklam afişasına diqqətlə və fərqli rakursdan baxıldıqda tam başqa mənanı görmək mümkün olur. Ancaq filmlərdəki 25-ci kadrlar kimi həmin şəkillərdə gizlədilmiş elementləri də bizim şüuraltımız oxuya bilir. Bu cür subliminal mesajlardan, hətta qoxu vasitələrində də istifadə olunur. Belə ki, qoxu vasitəsilə insanın şüuraltına təsir edərək müəyyən mesajlar verilə bilir.
Bəs bu kadrlardan istifadə etməkdə məqsəd nədir? İnsanlar təmsil etdiyi peşədə daha da yüksəlmək, kiçik şirkətlər böyümək, böyük şirkətlər təmsil etdiyi bazarı öz monopoliyasına keçirmək, böyük dövlətlər ordu gücünə işğal edə bilmədiyi ölkələrin əhalisinə öz mədəniyyətini aşılamaq, qəbul etdirmək üçün məhz bu vasitələrdən istifadə edirlər. Yuxarıda sadaladığım faktlar, sadəcə, üzə çıxarılanlardır. Bəlkə də, gündəlik həyatımızda gözlə görmədiyimiz, amma şüuraltımıza həkk onlarla mesaj var.
Mənbə:1937.az
Yazar:Elnur Sahiboğluolunan