Pik xəstəliyi

Pik xəstəliyi

Xəstəliyi ilk dəfə 1892-ci ildə Praqa psixiatrı A.Pik təsvir etmiş və bunu qocalıq ağıl zəifliyinin atipik bir variantı olduğunu göstərmişdir. Hazırda Pik xəstəliyinin beynin atrofiyası nəticəsində meydana çıxan müstəqil xəstəlik olması kliniki və morfoloji tədqiqatlarla təsdiq olunmuşdur. Xəstəlik 50-55 yaşlarda, ən çox qadınlar arasında təsadüf edilir.

Pik xəstəliyinin başlıca əlaməti tədricən şiddətlənən yaddaş və ağıl zəifliyidir. Tez-tez təsadüf edən digər əlamətlərdən əhvalın dəyişkənliyini göstərmək olar. Kəskin nəzərə çarpan apatiya çaşqınlıqla əvəz olunur. Bəzən isə psevdoparalitik hal, meyl pozuntuları və eyforiya ilə birlikdə təzahür edir. Yaddaş pozuntusu o dərəcədə kobud olur ki, xəstə öz yaxın adamlarını belə tanıya bilmir, bir saat əvvəl gördüyü şəxslə yenidən salamlaşır, dünən harada olduğunu, kimlərlə görüşdüyünü deyə bilmir.

Bəzi hallarda afaziya qeyd olunur ki, bu da Pik xəstəliyini digər orqanik xəstəliklərlə qarışdırmağa imkan verir. Xəstəliyin tam inkişaf mərhələsində bir sıra spesifik əlamətlər, o cümlədən, tez-tez təkrar olunan mürəkkəb hərəkətlər müşahidə edilə bilər. Bu hərəkətlər şizofreniya zamanı təsadüf edən stereotip hərəkətlərdən daha mürəkkəb olması ilə fərqlənir.

Xəstəliyin gedişinin sonrakı mərhələlərində kobud fiziki zəiflik əlamətləri diqqəti cəlb edir. Xəstələr müstəqil hərəkət edə bilmir, kənar adamların köməyi olmadan yeməyir, özlərinə adi xidmət belə göstərmək iqtidarında olmurlar. Nitq qabiliyyəti o dərəcə kobudlaşır ki, xəstələri başa düşmək qeyri-mümkün olur.

Xəstəliyin proqnozu ümidsizdir. Pik xəstəliyinə tutulan şəxslərin ömrü uzun olmur. Bəzən fiziki halın pisləşməsi, somatik xəstəliklərin qoşulması nəticəsində 3-4 il müddətində tələf olurlar. Somatik cəhətcə sağlam olan şəxslər yaxşı qulluq nəticəsində bir qədər çox (8-10 il) yaşayırlar.

Mənbə: PCC jurnalı
Müəllif: Nərmin Quliyeva

Top