Turetta sindromu

Turetta sindromu

Turetta sindromuAmerikan kinomatoqraflarının 2009-cu ildə məhdud sayda icarəyə buraxdığı “Phoebe in Wonderland” filminin baş qəhramanı balaca Fibi tələffüz etdiyi sözləri və etdiyi hərəkətləri heç cür tənzimləyə bilmir. Özündən böyükləri söyür, sinif yoldaşları ilə kobud rəftar edir və bütün bunlar onun iradəsindən kənar baş verir. Nəticədə uşağın həyatı xeyli çətinləşir və hamı tərəfindən “tərbiyəsiz” uşaq kimi qəbul olunur.

Oxşar davranış ingilis kinomatoqraflarının çəkdiyi “Dirty Filthy Love” filminin baş qəhramanı Markda da müşahidə olunur. Tələffüz etdiyi sözləri və davranışını heç cür tənzimləyə bilməyən Mark zamanla gözəl həyat yoldaşını, əla işini, evini və həyatı boyu cəmiyyətdə qazandığı mövqeyini itirir.

Bir çox başqa filmlərdə, romanlarda və s bəzən gülüş, bəzən faciə mənbəyi kimi təsvir olunan bu davranış Turetta sindromu ilə əlaqədardır.

Turetta sindromu nədir?
Turetta sindromu adətən uşaqlıqda başlayan nevroloji vəziyyətdir. Turetta sindromu olan insanlar tənzimləyə bilmədikləri səslər çıxardır və tiklər (əzələlərin, başın, çiyinlərin və s. qeyri-ixtiyari olaraq atması) şəklində hərəkətlər edirlər. Əhalinin 0,05%-ində Turetta sindromuna rast gəlinir. Uşaqlarda Turetta sindromu adətən 2-5 yaş arasında təzahür edir, sindromun növbəti sıçrayışı isə 12-15 yaşlarına təsadüf edir. Bu sindrom qızlara nisbətən, oğlanlarda daha çox olur. Yaşlı insanlara nisbətən uşaqlar 10 dəfə çox bu sindromdan əziyyət çəkirlər. Bir insanın həyatı ərzində Turetta sindromuna yoluxması ehtimalı 1%-dən çox deyil.

Sindrom fransız həkim və nevroloqu Jil de la Turettanın adı ilə adlandırılmışdır.

Turetta sindromunun əlamətləri
Tez-tez göz qırpma kimi sadə tiklər hamıda olur və müəyyən zamandan sonra keçib gedir. Turetta sindromu zamanı isə tiklər daha mürəkkəb olur. Uşaq tez-tez başını bir tərəfdən o biri tərəfə hərəkət etdirə, göz qırpa, ağzını aça və ya boğazını darta bilər. Daha ağır hallarda əl və ayaqlarla zərbələr və müxtəlif səslərin çıxarılması təzahür edə bilər. Turetta sindromundan əziyyət çəkənlər heç bir səbəb olmadan söyüş söyə bilər və ya oxuduğu, eşitdiyi hansısa sözü təkrarlaya bilər.

Turetta sindromunun əsas əlamətləri çoxsaylı hərəki və səs tikləridir. Tiklər gün ərzində bir neçə dəfə yaranırlar və adətən tutmalar şəklində davam edirlər. Səs tikləri bir qayda olaraq qadağan olunmuş söz və frazalardan ibarət olur və eyni zamanda qadağan olunmuş hərəkətlərlə də müşayət olunur. Bu sindromdan əziyyət çəkən insan onları bir müddət boğa bilər. Lakin sonradan tək qaldığı ilk fürsətdə bu tiklər daha şiddətli formada meydana çıxır.

Turetta sindromundan əziyyət çəkən insanların 40-75%-ində diqqət çatışmamazlığı ilə müşayət olunan hiperaktivlik müşahidə olunur. Adətən bu sindromla yanaşı aqressivlik, həyəcanlılıq və sarışan hallar da təzahür edir.

Müşahidə olunan tiklər ən az bir il davam etməlidir ki, biz konkret insanda Turetta sindromunun olduğuna əmin olaq.

Turetta sindromundan əziyyət cəkən uşaq

Turetta sindromu insanın psixi və intellektual inkişafına heç bir təsir göstərmir. Lakin uşaqda həmyaşıdları ilə ünsiyyət problemi yaranır. Onlar başqalarından fərqli olduqlarını başa düşürlər və buna görə də özlərinə qapanırlar. Başqa heç bir məsələ ilə bağlı Turetta sindromundan əziyyət çəkən uşaqlar öz həmyaşıdlarından fərqlənmirlər və həm təhsildə, həm həyatda kifayət qədər uğurlu ola bilərlər.

Turetta sindromunun səbəbləri
Turetta sindromunun yaranmasının əsas səbəbi genetik meyllilikdir. Əksər hallarda bu nevroloji pozuntu yaxın qohumlarda da təzahür edir. Bundan başqa Turetta sindromu neyroleptiklər kimi müxtəlif dərman preparatlarının qəbulundan sonra da yarana bilər.

Əlbəttə ki, Turetta sindromunu dərmanlarla müalicə etmək mümkündür. Lakin bu zaman dərmanlardan alınan zərər xəstəliyin vurduğu zərərdən daha çox ola bilər. Ən effektiv və zərərsiz müalicə isə psixoterapiya hesab olunur.

Turetta sindromundan əziyyət çəkən məşhurlar
Artıq qeyd etdiyimiz kimi Turetta sindromu insanın həyatının müxtəlif sferalarında uğur qazanmasına mane olmur. Buna sübut kimi bu sindromdan əziyyət çəkən insanların adlarını sadalamaq istərdim: məşhur amerikalı futbol ulduzu qapıçı Tim Howard hələ 9 yaşında olanda ona Turetta sindromu diaqnozu qoyulub, bundan başqa o, obsessiv-kompulsiv sindromdan da əziyyət çəkir. Lakin bütün bunlar İngiltərənin Everton klubundan oynayan futbolçunun kuboklu qapıçı olmasına mane olmayıb.

Dünyanın ən varlı insanlarından olan Howard Hughes, məşhur teleaparıcı Marc Summers, bəstəkar və aktyor Michael Wolff, aktyor Dash Mihok və nəhayət Mozart Turetta sindromundan əziyyət çəkən məşhurlardır.

Top