MedDaily`nin The İndependent`ə istinadən verdiyi məlumata görə, bəzi alimlər hesab edirlər ki, depressiya xeyirli ola bilər və ya ən azından pozitiv faktora çevrilə bilər.
«Depressiyanın ağır və ya yüngül formasından əziyyət çəkən bir insan üçün bu fikir ağılsızlıq kimi gələ bilər.» – jurnalist Rebekka Xardi bildirib. Əksər mütəxəssislər klinik depressiyanın ağır xəstəlik olub insan həyatını məhv etməsi fikri ilə razılaşsa da, digərləri elə fikirləşirlər ki, depressiya bəzi insanlara xeyirli ola bilər.
«Mən hesab edirəm ki, depressiyaya qalib gələn insanlar daha da güclü olurlar. O, yaşam uğrunda mübarizə gücünün katalizatoruna çevrilə bilər: çünki insan boşluq içinə düşərək uçurumu görür» – The İndependent SANE təşkilatının qurucusu və rəhbəri Marcori Uollesdən sitat gətirir.
İki il öncə Nyu York Universitetindən Cerom Ueykfild özünün «Kədərin ziyanı: psixiatriya normal kədəri necə patoloji depressiyaya çevirdi» adlı kitabı ilə böyük səs-küy yaratdı. Müəllif təkidlə bildirir ki, depressiya insanı həyatında müsbət dəyişikliklər etməyə təşviq edir, öz səhvlərindən dərs çıxarmağa və istəklərindən baş açmağa kömək edir.
Hollandiya elm adamları apardıqları müşahidələr nəticəsində aşkar ediblər ki, depressiya keçirmiş insanlar nəinki həyatda çətinliklərin öhdəsindən daha asanlıqla gəlirlər, onlar həm də, eyni zamanda, daha möhkəm sağlamlıqları və psixaları ilə seçilirlər.
Kardif Universitetindən psixiatr Pol Kidvel elə hesab edir ki, depressiya insanları həyatlarından xroniki stresə səbəb olan faktorları uzaqlaşdırmağa məcbur edir, eyni zamanda, həyatlarına «optimist çalar» qatır. Elm adamları xəbərdarlıq edirlər ki, əgər insan depressiyaya səbəb olan yaşam obrazını dəyişmirsə, anti-depressantların heç bir faydası olmayacaq.
Düzdür, Marcori Uolles qeyd edir ki, heç də hər kəs depressiyanın pozitiv nəticələrini hiss edə bilmir. Amma onu da qeyd etmək lazımdır ki, müvəqqəti yaxşılaşmadan sonra bəzi adamlar təkrar depressiyaya düşə bilər.
Bütün mütəxəssisləri birləşdirən bir fikir var – depressiya ilə mübarizəyə kömək etmək olar, amma əsas ailə və dostların dəstəyidir.