Doğrular

Doğrular

Doğru olan nədir? Gerçək (reallıq) olan nədir? Doğru və ya gerçək eyni mənanımı kəsb edir?
 

Birdən çox doğru və ya gerçək varmı? Yoxsa həyatda bir doğru və bir gerçək var? Əgər doğru və gerçəklərin sayı birdən çoxdursa, onları sinifləndirmək mümkündürmü? Həqiqət anlayışı ilə doğru və gerçək anlayışlar arasında hansısa münasibət varmı? Gerçəklərlə doğruların bir-birindən ayrıldığı dövrdəmi yaşayırıq? Həyatın gerçəklərindən qopmaq daha təhlükəlidir, yoxsa doğru olanlardan və ya əxlaqi doğrulardan qopmaq? Sosial-mədəni reallıqların məngənəsində sıxılıb əxlaq normalarından (əxlaqi doğrular) uzaqlaşmaq fərd olaraq bizə və cəmiyyətə nə verəcək? Yoxsa sosial-mədəni reallıqlar insanı əxlaqi doğrulardan müəyyən güzəştlərə getməyəmi məcbur edir? Doğrudanmı, həyatın reallıqları ilə inancımıza əsaslanan doğrular arasında ciddi uçurum var? Doğrudanmı, bunlar hazırda bizi ən çox narahat edən suallardır? Yoxsa bu suallar da boş fəlsəfədən ibarətdir? 
Yaşadığımız həyatı beş duyğu üzvmüzlə qavrayırıq. Və qavradığımız hər şey gerçəklikdir (biz buna həyatın reallığı da deyirik). Olduğu kimi görünən şeylər reallıqdırsa, həmin reallığın əxz olunma forması zehni doğrulardır. Başqa ifadə ilə desək, eyni reallıq (gerçək olan) ayrı-ayrı fərdlər tərəfindən fərqli doğrular şəklində qavrana bilər, yəni hər kəsin öz “doğru“su ola bilər. İnsan reallığı analiz edərək, öz dünyagörüşünə görə doğru olanı üzə çıxarır. Ümumiyyətlə isə, yaşadığımız həyat gerçək və doğrunu axtarmaq yolçuluğudur. 
Öz doğrularımızı axtararkən həyatda birdən çox nisbi doğrunun olduğunu unutmamalıyıq. Bu şəraitdə əvvəla hansı gerçəyi və ya doğrunu axtarmalıyıq sualı ilə qarşılaşırıq. 
Varlıqları qavramağa çalışan elmi doğrular real doğrular sinfinə daxildir. Dini-əxlaqi-etik doğrular isə gerçəkləri formalaşdıran doğrulardır. Məsələn, “su oksigen və hidrogenin birləşməsindən meydana gəlir“ ifadəsi həm doğrudur, həm də gerçək. Və bu, real doğrular sinfinə daxildir. Elmi hipotezlər zehni doğrulardır və yalnız təcrübə yolu ilə öz təsdiqini tapdıqdan sonra real doğruya çevrilir. Yalan danışmamaq, məsuliyyətli və çalışqan olmaq isə əxlaqi doğrulara aiddir. 
Duyğu üzvləri ilə dərk edilən gerçəklərlə yanaşı, qəlb gözü ilə qavrana bilən gerçəklər də var. Hər gerçəyə uyğun gələn real doğrular olduğu kimi, reallığa uyğun gəlməyən doğrular da var. Bunlar riayət edilməsi zəruri olan əxlaqi doğrular və prinsiplərdir. Məhz bu səbəbdəndir ki, doğrular əsasən iki qismə ayrılır: reallığa (gerçəkliyə) aid doğrular və riayət edilməsi zəruri olan doğrular (dini-əxlaqi-etik doğrular). Bunlardan başqa, sosial-mədəni reallıqlara aid doğrular da var. Hətta hər insan öz dünyagörüşünə uyğun öz doğrularını da formalaşdıra bilər. Hər hansı sosial qrupa və ya təbəqəyə xas olan doğrular da var. Virtual aləmin (kompyuter və internetin) də özünəxas doğruları mövcuddur. 
Məsələyə bir qədər də fərqli prizmadan yanaşaq. İnsanda ağıl, qəlb, hiss və vicdan mexanizmi var. Bu mərkəzlərin də özlərinəxas gerçəkləri və doğruları var və bunları tək bir mexanizmdə birləşdirmək bir çox hallarda mümkün deyil. Ağlın və vicdanın doğruları olduğu kimi, insanın mənəvi dünyasının qapısı sayılan qəlbin də öz həyatı və doğruları var. 
Fiziki həyatın ehtiyacları ilə təsəvvüf həyatının ehtiyacları tamamilə fərqlidir. Bunun təməlində bədənin və ruhun doğruları arasındakı fərq dayanır. 
Duyğuların varlığı və bəzən davranışlarımıza hakim kəsilməsi gerçəkliklərin və doğruların mövcudluğunu göstərir. Belə insanların doğruları da digər insanlardan fərqli olur. “Hisslər danışanda ağıl susur“ ifadəsi də hər halda buradan qaynaqlanır. 
Yuxu aləminin də özünəxas doğru və gerçəklikləri var ki, bu da maddi aləmin gerçəkliklərindən və reallıqlarından ciddi şəkildə fərqlənir. Yəni yuxuda gördüyümüz “gerçəkliklər“ əslində reallığı əks etdirmir. 
Məsələnin başqa bir tərəfi də budur ki, insan bir çox hallarda yaşadığı həyatın sosial-mədəni şərtlərinə uyğun olaraq öz dəyərlərini formalaşdırır. Belələrinin davranışları adət-ənənələrə uyğun olduğu üçün əslində onların doğruları içində yaşadıqları, yəni təsiri altında olduqları cəmiyyətin doğrularıdır. 
Bu dünyadakı nisbi doğrular zaman, məkan və mühitə uyğun olaraq ortaya çıxır və yalnız həmin çərçivədə keçərlidir. Bəzən isə doğrular icra olunduğu yerə görə dəyişir. Məsələn, biri sizə əmanət verib, siz isə guya səxavətli davranaraq həmin əmanəti başqasına vermisiniz. Əslində bu, səxavətli olmaq deyil, əmanətə xəyanətdir. Əgər o, sizin öz malınız olsaydı, səxavətli sayılmış ola bilərdiniz. Başqa bir nümunəyə diqqət yetirək: qadın-kişi münasibətləri. Əgər bir ailə daxilində qadın-kişi münasibətləri ər-arvad münasibətləri çərçivəsində tənzimlənirsə, bu, doğrudur. Təsadüfi tanışlıq əsasında ortaya çıxan qadın-kişi münasibətləri isə doğru deyil və əxlaq qaydalarına ziddir. Qısacası, eyni gerçək (reallıq) bəzi zaman və məkan çərçivəsində doğru olduğu halda, fərqli şərtlər altında yanlış ola bilər. 
Zaman amili nəzərə alındıqda, keçmişin və bu günün doğruları müvafiq olaraq, bu gün və ya sabah fərqli formalarda qavrana bilər. Hər insan və ya cəmiyyət sələfi olan toplumlardan miras aldığı adət-ənənələr və dünyagörüşləri əsasında davranışlarını müəyyənləşdirir. 
Bəzi insanlar birmənalı düşünürlər. Onlara görə, həyatda yalnız bir gerçək və bir doğru var. Belələri başqalarını anlamaq belə istəmirlər... 
Bir sözlə, hansı gerçəklik qarşısında hansı doğruları müdafiə edəcəyini, kimə nəyi söyləyəcəyini dinamik şəkildə müəyyənləşdirməlisən. Çerçək və doğruların üst-üstə düşmədiyi məqamlarda bir neçə davranış yolu var. Yəni alternativ davranış strategiyaları həmişə olmalıdır. Bunları alternativ doğrular da adlandıra bilərik. Alternativ doğruları da öz aralarında “az doğru“, “doğru“, “daha doğru“ kimi alt siniflərə bölmək mümkündür. Doğru və yanlış arasında qərar verərkən tərəddüd etmək xoş qarşılanmasa da, alternativ doğrular arasında qərar verərkən ixtilafa düşmək ən doğru qərarın əsas şərtidir.

Top