"Ədəbiyyat söhbətləri" layihəsi çərçivəsində müsahiblərim ortada olan əsərləri dəyərləndirmək məqamında ən çox «zövqlər müxtəlifdir» fikrinə istinad edirdilər.
Doğrudanmı, zövqlər müxtəlifdir? Ümumiyyətlə, zövq necə təsnifatlandırılmalıdır?
Öz adımdan kəsin deyim ki, zövq ədəbiyyatda birmənalı şəkildə birmənalıdır! Bütün dünya üçün bir ədəbi zövq var — o zövq ki, kriteriyaları Homeri də, Ezopu da, Kafkanı da, Dostoyevskini də, Markesi də, Əkrəm Əylislini də, Tolstoyu da Lermontovqarışıq qəbul edir.
Zövqün açımına yol tapmaq üçün ilk növbədə bilmək lazımdır: insanın baş (fikir, düşüncə), göz (gözəllik), dil (dad), vücud (can) yaddaşı var.
Zövqün böyük mənada insanlıq üçün psixoloji, zaman və millilik aspektindən yanaşılanda belə ölçüləri yalnız və yalnız ədəbiyyatda üst-üstə düşür, fərdiyyətçiliyə varanda isə təkcə dahilərin seçimləri və istəkləri təqdirəlayiq, ya da ki, tərbiyəvi sayılır. Xalqlar ümumilikdə isə zövqün konstitusiyasını özləri üçün birdəfəlik aydınlaşdırıblar. İstər üzəvari yanaşanda, istərsə də «filosofyana» şəkildə dərinliyə varanda zövq, sadəcə və sadəcə, yaddaşında olandır, ürəyində istədiyindir, əl uzatsan belə çatacaq qədər yaxında olub sığal çəkə bilmədiyindir, özlüyünü bilib də yetmək istədiyinə yetə bilməməyindir! Kİ… onun ifadəsini görəndə bəyənirsən, təqdir, təbliğ edirsən — çünki özün varsan, özlüyünü görürsən.
Zaman baxımından yanaşanda, zövq dediyimiz heç də zövq deyil — dəbdir, geyim-kecim baxımından; mental uyarlıqla yanaşanda da zövq dediyimiz zövq deyil — konyunktura, ya da volyuntarizmdi ki, pafosu ifadə edir (bu gün bəyənilən şüar, tezis, prinsip sabah üçün arxaik nəsnə), zaman davam etdiyindən tələbatlar da dəyişir, sabit qalmır, zövq sabit olandır; milli rakursdan baxsaq, yenə də zövq dediyimiz zövq deyil — toy-yas mərasimindən tutmuş ta geyim-kecim, mətbəx menyüsünə qədər: vərdiş, adət-ənənə, dad, ləzzət, dəbdir, kontinentaldır, bəşəri deyil; psixoloji baxımdan da həmən həməndir — fransız əxlaqıyla türk mentaliteti əks qütbləri təmsil edir, ingilislə çinli bir süfrənin adamı deyil, ərəblə yəhudi fərqli xarakter sərgiləyir!
Amma və lakin ingilis də, ərəb də, türk də, fransız da Leyli-Məcnunu qəbul edir — ad fərqlidir: Cülyetta, Romeo (bildiyiniz adları əlavə edin). Leyliyə Məcnununu ver. Ona fərq etməz ki, evi-eşiyi var, ata-anası razıdır ya yox. Benqal da, kürd də, hind də azadlığını istəyir — azadlığını ver. Əgər azadlıqdan latın amerikalısı Markes yazıbsa da, fərq etməz ərəb, kürd, benqal üçün. İstədiyini, özünün haqqı bilib özünün olmayanı gördü, artıq onu öz zövqü biləcək!
İngilis də, şotland da, hindli də, türk də azadlığa aparan mübarizəni təqdir edir, bu yaşamın doğurduğu duyğunu ifadə edən bütün əsərləri qəbul edir — hamının içində azadlıq istəyi var: dünyaya azad gəlib; hamının gözündə gözəllik yaddaşı var — azad həyat yaşayan insan üçün hər şey gözəldir; hamının nəfsi var və nəfs komfortu ləzzət-dad bilir.
İngilis də, ərəb də, türk də, alman da azadlığı, sevgini, əmin-amanlığı İlahidən olan yaddaşından daşıyır. Kim (hansı xalq nəyi istəyibsə) nəyi itiribsə, nəyi özünün bilib, özünün olmayıb, onu görəndə tərpənir. Ədəbi əsərlər haqqında tez-tez işlədilən «adamın içini tərpədir» ifadəsinin mahiyyəti budur.
Baş, göz, dil, vücud yaddaşı birləşdisə, o halda duyğular zövqə çevrilir! Mədə ürəyə, ürək dilə, dil başa bir yol göstərdisə müqəddəsliyə doğru yol alırsan.
Göstərsin bir kimsə ki, Vətən, müstəqillik, ailə və sevgi kompleksindən ayrı müqəddəs nəsnə ifadə olunub Homerdən bəri!
Yoxdur! Ola bilməz!
Zövq bütün Yaranışlar üçün İlahidən belə təyinlənib! Onu bu istiqamətə kökləndirən isə həmin o baş, göz, dil, vücud yaddaşıdır!
Bütün digər hallarda, ayrı-ayrı prizmalardan yanaşanda, yaddaşlarda olan zövqün ülviliyi, müqəddəsliyi ifadə edən çaları əlahiddə — maddiyyata və vizuallığa hesablanan cismani gözəlliyin parametral təzahürünə, konyunkturadan doğan dəbə, ləzzətə qurban gedir. Müxtəlifliyə «haqq» qazandırmaq şansı da buradan qaynaqlanır. Rəngarənglik isə müxtəliflikdə müxtəlifliyin inikası deyil, əksinə, xaotikliyin, anarxizmin palitrasıdır!
Odur ki, istənilən əsəri oxuyanda, mahnıya qulaq asanda, kinoya-tamaşaya baxanda, özünün istəyi olub, özünün olmayanın ifadəsinə şahid olursansa, qeyri-iradi təhtəlşüurun fəaliyyətə keçir.
Zövq həm də xarakterin ifadəsidir. Xarizmalar — bəşərə nümunə xarakterlər təbliğ olunur. Ad sadalamaq istəmirəm əcnəbilərdən. İkicə misal gətirirəm.
Atatürk Türkiyənin ən ağır vaxtlarında Türkiyəni yıxılmağa qoymayıb da ayaq üstə saxlayanda həftənin hər gününə (xüsusi vurğulayıram — hər gününə) bir forma tapıb geyinirdi. Türkiyəyə müxtəlifliyin gözəlliyini nümayiş etdirirdi — düşüncə və təfəkkür genişliyi, rəngarənglik və seçkinlik rəmzləri sərgiləyirdi, buxara papağı dəyişmədən: özün ol, hamını heyrətləndir! Atatürkün etdiyi sıçrayış o qədər əngin idi ki, hələ də Türkiyə o boyda «razvorot»luq meydanı tuta bilməyib! Necə deyərlər, istedadlılar nəyi bacarırlarsa, onu edirlər, dahilər nə lazımdırsa, onu.
Atatürk Türkiyəyə lazım olanı etdi — bu gün də Türkiyə dövlətinin rəhbərləri lazım olanı etməklə məşğuldurlar. Zövq budur!
Heydər Əliyev. Bu yaxınlarda telekanalların hansındasa onun haqqındakı verilişlərin birində ailə üzvləri tərəfindən belə bir fikir səsləndi ki, hər dəfə gəzintidən qayıdanda soruşardı: mənə qalstuk aldınız?
Qalstuk birxətliliyin, tutduğun yolu axıracan getməyin, sabitliyin ifadəsidir. Nəticə təhlükəlidirsə belə, tutduğun, düz bildiyin yoldan dönmə, döndüyünə dönmə, sabit ol, axıra qədər irəlilə. Zövq və onun ifadəsi budur.
Ədəbi, siyasi, ictimai, iqtisadi, sosial, humanitar çalarlarının hamısında birmənalıdır zövq.
«Zövqlər müxtəlifdir» — bu fikir o xalqlar üçün dəstavuzdur ki, onlar nə istədiklərini, nə olub, nəyi itirdiklərini, nəyi özlərinin bildiklərini hələ də müəyyənləşdirməyiblər!
«Zövqlər müxtəlifdir» — o adamların fikridir ki, onların hələ də müəyyən etdiyi və axıracan gedə biləcəyi güclü fikirləri yoxdur!
Zövqlər müxtəlif ola bilməz — ruscadan (ingiliscədən, fransızcadan, ərəbcədən) səhv tərcümə olunub.
Zövq İlahi ayırımdır — İlahi müqəddəsliklərdən anlayışı olanlar üçün zövq birmənalı şəkildə birmənalıdır!