İnformasiya mübadiləsi və onun ünsiyyətdə yeri. İnsanların bir-biri ilə informasiya mübadiləsi ünsiyyətin daha geniş yayılmış tərəfi, cəhəti olmaqla psixoloji ədəbiyyatda ünsiyyətin kommunikativ tərəfi adlanır. İnformasiya mübadiləsi prosesində insanlar bir-birlərinin fikirləri, ideyaları, hissləri, istək və arzuları və s. ilə tanış olurlar. Başqa sözlə insanlar bu prosesdə həyat və fəaliyyətləri üçün zəruri olan informasiya mübadiləsini həyata keçirirlər. Bu cür informasiya mübadiləsi olmadan insanların birgə yaşayışı və fəaliyyəti çətinləşər, mümkün olmazdı.
Ünsiyyət zamanı həyata keçirilən informasiya mübadiləsində iki tərəf iştirak edir: məlumatı, informasiyanı verən və məlumatı qəbul edən. Birinci tərəf – informasiyanı verən kommunikator, ikinci tərəf – informasiyanı qəbul edən isə resipient adlandırılır. Beləliklə hər cür informasiya mübadiləsi K – İ – R (kommunikator- informasiya- resipient) sxemi üzrə həyata keçir.
Kommunikasiya vasitələri. İnsanlar arasında informasiya mübadiləsini təmin edə biləcək vasitələr çox və müxtəlifdir. Psixoloji ədəbiyyatda bu cür kommunikasiya vasitələrini iki qrupda birləşdirirlər. Birinci qrup kommunikasiya vasitələri sözlərin, dilin köməyi ilə bağlı olan vasitələrdir. Bu cür kommunikasiya vasitələrini verbalkommunikasiya vasitələri adlandırırlar. Burada hansı dil qrupuna aid olmasından asılı olmayaraq həmin dilin daşıyıcıları və həmin dili mənimsəmiş insanlar dildən ünsiyyət prosesində ünsiyyət vasitəsi kimi istifadə edirlər. Dil vasitəsilə insanlar arasındakı bu cür ünsiyyət prosesi nitq adlanır.
İkinci qrup kommunikasiya vasitələri dildən, nitqdən kənar vasitələrdir. Bu cür vasitələr qeyri verbal kommunikasiya vasitələri adlandırılır. Onlara müxtəlif ifadəli hərəkətləri, mimikanı, pantomimikanı, işarələr sistemini və s. aid etmək olar. Hər iki kommunikasiya vasitələrini ayrı-ayrılıqda nəzərdən keçirək.
Verbal ünsiyyət. Nitq verbal ünsiyyət kimi. İnsanların birgəyaşayış zərurətinin meydana gəlməsi onların ünsiyyət tələbatının da yaranmasına səbəb olmuşdur. Tarixən insanların dil vasitəsilə ünsiyyət forması meydana gəlmişdir. Nəticədə dildən istifadə edərək öz fikirlərini, istək və arzularını bir-birinə çatdırmaq imkanına malik olmuşlar. Bu proses nitq prosesi adlandırılmışdır. Buradan da verbal ünsiyyət prosesi olan nitqə belə tərif vermək mümkün olmuşdur: insanlar arasında dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesinənitq deyilir. Tərifdən göründüyü kimi dil verbal ünsiyyət üçün vasitə, nitq isə həmin prosesin özüdür. İnsanlar dilə yiyələnməklə onun vasitəsilə ünsiyyət saxlaya bilirlər. Başqa sözlə onlar nitqə yiyələnmiş olurlar. Hər hansı bir xarici dildə danışa bilmək həmin dili başa düşmək, başqa sözlə verbal ünsiyyətə girə bilmək üçün o dili bilmək və ondan istifadə etməyi bacarmaq lazımdır. Psixologiyada «dili» və «nitqi» fərqləndirən digər cəhətlərə də diqqət yetirilir. Adətən, dili şərti danışıq işarələri sistemi kimi qəbul edirlər. Onun köməyi ilə insanlar üçün müəyyən əhəmiyyət və məna kəsb edən səs birləşmələri ifadə olunur. Dil cəmiyyət tərəfindən yaradılır. Dil ümumxalqa məxsus olduğu üçün həmin dilin ölməsi xalqın ölməsi deməkdir. Xalqın aradan çıxması ilə dil ölü dilə çevrilir.
Dil olduqca mürəkkəb quruluşa malikdir. Hər cür dil, hər şeydən əvvəl, özünün müəyyən mənalı söz sistemindən ibarət olan lüğət tərkibinə malikdir. Bu, həmin dilinleksikasını təşkil edir. Bundan başqa, dildə müxtəlif formalı söz və söz birləşmələri sistemi də vardır ki, bu dilin qrammatikasını təşkil edir. Bunlarla yanaşı olaraq hər bir konkret dilin özü üçün xarakterik olan səs və ya fonetik tərkibi də mövcuddur.
Dil həcm etibarilə nitqdən çox genişdir. Çünki dil ümumxalqa məxsusdur, nitq isə ayrıca bir fərdə aiddir. Dildə işlədilən sözlərin yalnız müəyyən bir qismi fərdin ünsiyyət prosesində istifadə edilir.
Dildən fərqli olaraq nitqi ünsiyyət prosesinin özü hesab edirlər. Bu proses məlumat, göstəriş, sual, əmr və s. şəklində həyata keçir. Hər bir söz ümumiləşdirmə mahiyyətinə malikdir. Ona görə də nitq prosesində hər bir söz özünün müvafiq mənasında çatdırılmalıdır. Buna isə sözü müvafiq kontekstdə işlətməklə nail olmaq mümkündür.
Nitqdə sözlərin mənasının köməyi ilə müvafiq məzmunu çatdırmaqla yanaşı danışdığımıza öz emosional münasibətimizi də bildiririk.
Nitqin funksiyaları və xüsusiyyətləri. Yuxarıda deyilənlərdən nitqin insan həyatında əvəzolunmaz əhəmiyyətə malik olduğunu görürük. Nitq ünsiyyət prosesi kimi insanların fikir, təcrübə mübadiləsinə imkan yaradır. Nitqin əhə miyyəti onun funksiyalarında özünü aydın göstərir. Nitqin funksiyalarını nəzərdən keçirməzdən əvvəl ünsiyyət vasitəsi olan dilin funksiyalarına diqqət yetirək. Adətən, dilin üç funksiyasını qeyd edirlər: 1) dil ictimai-tarixi təcrübənin mövcud olması, saxlanması və verilməsi vasitəsidir; 2) dil kommunikasiya, eləcə də insanın davranışını tənzim etmək vasitəsidir; 3) dil intellektual fəaliyyətin silahıdır.
Dilin bu funksiyaları nitqin də fəaliyyət istiqamətini təyin edir. Mövcud psixoloji ədəbiyyata əsasən nitqin funksiyalarına aşağıdakıları aid etmək olar.
Nitqin birinci funksiyası əşyaları, hərəkəti, vəziyyəti adlandırmaqdır. Bu, nitqin siqnifikativ və ya semantik funksiyası adlanır. Bu funksiya insan nitqini heyvanların ünsiyyətindən fərqləndirir. Heyvanların çıxardığı səs əşyaları deyil, onların öz vəziyyətlərini bildirir. İnsanda isə müəyyən söz deyilərkən həmin sözlə bağlı hər hansı cismin, hadisənin təsəvvürləri canlanır.
Nitqin sonrakı funksiyası onun ümumiləşdirməfunksiyasıdır. Nitq sözlərə əsaslandığına görə daima ümumiləşdirməyə imkan yaradır.
Nitqin mühüm funksiyalarından biri di kommunikativ funksiyadır. Bu funksiya da öz növbəsində məlumat vermə və fəaliyyətə təhrik etmə vəzifələrini yerinə yetirir.
Ümumiyyətlə götürdükdə nitqin köməyi ilə başqaları ilə ünsiyyət saxlayır, fikir mübadiləsi edir, ictimai təcrübəni mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk.
Nitq vasitəsi ilə hisslərimizi, arzu və istəklərimizi, bu və ya digər cismə, hadisəyə münasibətimizi bildiririk.
Nəhayət nitq vasitəsilə başqalarına təsir edir, onların davranış və rəftarlarında müəyyən dəyişiklik yaradır, hər hansı bir işi yerinə yetirməyə təhrik edirik.
Bütün bu funksiyalarla yanaşı olaraq nitqin özünəməxsus xüsusiyyətləri də mövcuddur. Bunlara nitqin məzmunluluğu, anlaşıqlılığı, təsirliliyi və ifadəliliyini aid etmək olar. Nitqin məzmunluluğu onda ifadə olunan məlumatın əhatə dairəsindən asılıdır. Nitqdə ifadə olunan fikir və hisslərin həcmi nə qədər geniş olarsa, verilən məlumatlar gerçəkliyə nə dərəcədə uyğun gələrsə və nə dərəcə də əhəmiyyətli olarsa o bir o qədər məzmunlu hesab olunur. Nitqin məzmunlu olması üçün insanın geniş biliyi, həmin bilikdən və istilahlardan düzgün istifadə etmək bacarığı olmalıdır. Bunlar olmadan nitq özünün məlumat vermə vəzifəsini həyata keçirə bilməz.
Nitqimizin bizi dinləyənlər tərəfindən qavranılması üçün onun anlaşıqlı olması xüsusi əhəmiyyət kəsb edir. Nitqin anlaşıqlılığı ikitərəfli xarakter daşıyır. Bir tərəfdən kommunikatorun nitqinin nə qədər səlis, aydın olması, yersiz ibarələrlə yüklənməməsi, dilin qrammatik qayda və qanunlarına uyğun olmasından asılıdır. Danışan adam öz fikrini konkret nümunələrlə əsaslandırmağı, dinləyicilərin səviyyəsini nəzərə almağı bacarmalıdır. Eyni bir mövzunu bir müəllimin olduqca aydın, anlaşıqlı, digərinin isə qarmaqarışıq şəkildə şərh etdiyinin şahidi oluruq. Nəticədə birinci müəllimi dinləyicilər həvəslə dinləyir, onun dərsindən yeni biliklərlə çıxışlar, ikinci müəllimin verdiyi məlumatları qavraya bilmir, onu dinləməyə həvəs göstərmirlər.
Nitqin anlaşılması dinləyicilərin hazırlıq səviyyəsindən də asılı olur. Dinləyicinin mövzu ilə bağlı zəruri biliyə malik olmaması onu anlamasını da çətinləşdirir. Ona görə də müəllim müəyyən məlumatları çatdırarkən dinləyicilərin bu sahədəki hazırlıq səviyyəsini nəzərə almalıdır.
Nitqin bu xüsusiyyəti xüsusilə xarici dil dərslərində nəzərə alınmalıdır. Bunun üçün müəllim şagirdlərin tədris etdiyi dilə hazırlıq səviyyələrini aşkara çıxarmalı və öz fikrini onların başa düşəcəyi səviyyədə şərh etməlidir.
Ünsiyyət prosesində nitqin təsirlilik xüsusiyyətinin nəzərə alınması da az əhəmiyyətə malik deyildir. Nitqin təsirliliyi onun fəaliyyətə təhrik etmək funksiyasını yerinə yetirməyə imkan verir. Nitqin təsirliliyi inandırma, sübut, təlqin, məsləhət, tapşırıq, təlimat, xahiş, əmr, qadağan, komanda və s. şəklində həyata keçir. Bu cür təsir vasitələrindən yerində və müvafiq şəkildə istifadə olunması lazımi nəticəni verə bilir.
Nitqin ifadəliliyi yüksək nitq mədəniyyətinə yiyələnməyin əsas göstəricilərindən biri hesab olunur. Danışan və ya yazan adam öz nitqində şərh etdiyi məzmuna münasibətini nitqin ifadəliliyinin köməyi ilə bildirir.
Şifahi və yazılı nitqdə nitqin ifadəliliyi müxtəlif şəkildə həyata keçir. Şifahi nitqdə təsvir olunan cisim və hadisələrə münasibətin nitqin ifadəliliyi vasitəsilə çatdırılması nisbətən asan baş verir. Burada mimika və pantomimikanın iştirakı, səsin ahəngi və s. nitqin ifadəliliyini gücləndirir.
Nitqin mexanizmləri. Nitqin yaranması və qavranılması sadə reflektor fəaliyyət qanunu üzrə cərəyan edir. Bu zaman nitq stimulları (qıcıqlandırıcıları) birinci siqnal sistemi qıcıqlandırıcılarını əvəz edə bilir. Əksər hallarda nitqin yaranması və qavranılmasında biz «siqnallar siqnalı» olan sözlərə əsaslanırıq, daha doğrusu, həmin sözlərin mənasına əsasən onları şüursuz (və ya şüurlu) olaraq seçir və eyniləşdiririk. Həmin mürəkkəb proses böyük yarımkürələr qabığında həyata keçir.
Nitqin reflektor xarakterə malik olması bir də onunla aydınlaşır ki, anadan gəlmə kar adamlar verbal nitqə malik olmurlar. Yalnız xüsusi təlim yolu ilə onlar buna nail olurlar ki, burada da reflektor xarakter baş verir.
Verbal ünsiyyət prosesi olan nitq olduqca mürəkkəb bir prosesdir. Onun özünəməxsus, bir-birini ardıcıl olaraq tamamlayan əməliyyatlardan ibarət mexanizmi vardır. Psixoloji ədəbiyyatda nitqin həmin mexanizmlərinin aşağıdakı mərhələlərdən ibarət olduğu qeyd edilir.
Birinci mərhələ nitqin proqramlaşdırılması mərhələsidir. Bu mərhələdə insanın demək istədiyi nitq ifadəsinin məna özəyinin qurulması (yaradılması) baş verir. Bunun üçün insan informasiyalar içərisindən ona lazım olanını seçir, lazım olmayan ikinci dərəcəliləri kənar edir.
İkinci mərhələ cümlənin sintaktik quruluşunun yaradılması mərhələsidir. Bu mərhələdə ifadənin (frazanın) ümumi layihəsi, onun qrammatik forması proqramlaşdırılır, lazımi sözləri axtarmağı, səsləri seçməyi, onu daha dəqiq ifadə etməyi təmin edən mexanizmlər müəyyənləşdirilir.
Üçüncü mərhələdə nitqin real olaraq səslənməsi baş verir. Beləliklə də kommunikator çatdırmalı olduğu məlumatı kodlaşdırma prosesini həyata keçirir.
Dinləmə prosesində həmsöhbət (resipient) əldə etdiyi məlumatı açır, anlayır. Bu da öz növbəsində müvafiq mərhələlər keçir. Dinləyici eşitdiyi səsləri mərhələlər üzrə sözün mənası ilə əlaqələndirir ki, bu da kommunikatorun nə demək istədiyini anlamasını təmin edir.
Nitq ifadələrinin kodlaşdırılması və həmin kodun açılması (anlama) o zaman mümkün olur ki, verbal ünsiyyətin həyata keçirilməsini təmin edən beyin mərkəzləri və sistemləri sağlam olsun. İnsanda bu sistemin pozulması müxtəlif nitq pozğunluğuna-afaziyaya gətirib çıxarır. Bir halda insan sözləri ifadə, tələffüz edə bilmədiyi halda onları başa düşür, anlayır; başqa halda ayrı-ayrı səsləri tələffüz edə bildiyi halda onları müəyyən ardıcıllıqla birləşdirə bilmir; başqa bir halda eşitdiyi sözləri qavraya bilmədiyi halda həmin sözləri tələffüz edə bilir və s.
Hələ XIX əsrin ortalarında iki alim tərəfindən beyinin müəyyən sahəsində zədə olduqda nitq pozğunluğunun da baş verdiyi aşkara çıxarılmışdır. P.Broka müəyyən etmişdir ki, beyinin sol yarımkürələrinin alın qırışlarının arxa hissəsinin üçdə biri zədələnərsə tələffüzün pozulması baş verir. K.Vernike isə müəyyən etmişdir ki, sol yarımkürələrin yuxarı qırışlarının arxa hissəsinin üçdə biri zədələnərsə nitqi anlamağın pozulması baş verir. Beyinin həmin sahələri nitqin hərəki (Broka mərkəzi) və nitqi anlama (Vernike mərkəzi) mərkəzi adlandırılmışdır. Lakin sonralar psixofizioloqların (A.R.Luriya, N.A.Bernsteyn, P.K.Anoxin və b.) tədqiqatları göstərmişdir ki, nitqin fizioloji əsasını beyinin təcrid olunmuş bir sahəsinin (nitq mərkəzləri) fəaliyyəti deyil, bütövlükdə beyin fəaliyyəti təşkil edir.
Nitqin qavranılması və anlaşılması. Nitqin qavranılması, anlaşılması və mənilsənilməsi özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Təcrübə göstərir ki, nitqin qavranılması heç də həmişə eyni şəkildə cərəyan etmir. Aparılmış tədqiqatlar göstərmişdir ki, nitqin qavranılması qavrayış zamanı qarşıya qoyduğumuz məqsəddən, fəaliyyətimizin gedişində onun hansı funksiyanı yerinə yetirməsindən, qavranılan nitqin məzmunu, anlaşıqlılığı, emosionallığından, nitqi qavrama şəraitindən və qavrayanın şəxsi təcrübəsindən, qavrama ustanovkasından asılıdır.
Nitqin qavranılması və anlaşılması insanın nitqə nə dərəcədə yiyələnməsindən, başqa sözlə nitq prosesində istifadə olunan dili nə dərəcədə mənimsəməsindən də asılıdır. Dili, onun fonetik, leksik, qrammatik qanunlarını mükəmməl mənimsəyən adam həmin dilin vasitəsilə həyata keçirilən nitq prosesini asanlıqla və düzgün qavraya və anlaya bilir.
Bu baxımdan ana dilində və xarici dillərdə nitqi qavramaq və anlamaq bir sıra xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənir. Ana dilinə birbaşa yiyələnən insan həm imitasiya, həm də sistemli təlim prosesində onun bütün çalarlarına yiyələnir, nəticədə müvafiq tələblərə əməl olunduqda bu dildə nitqi qavrama və anlama da o qədər çətinlik yaratmır. Xarici dilin mənimsənilməsi və qavranılması isə xeyli fərqlənir. Tanınmış psixolinqvist A.A.Leontyevin qeyd etdiyi kimi ikinci dilin öyrənilməsi onu öyrənməyə başlayan adamın yaşından asılı olaraq müxtəlif psixoloji məzmun kəsb edir. O, ana dilinin mənimsənilməsi ilə paralel və ya azacıq gec baş verə bilər; bu cür hallar iki dilli ailələr üçün adi haldır. Burada o, psixoloji cəhətdən ana dilinin mənimsənilməsi ilə oxşardır. İkinci dilin öyrənilməsi bir qədər sonra, məktəbəqəbər yaş dövründə də başlaya bilər. Bu dövr dili, onun fonetika və qrammatikasını dərk etmədən birbaşa metodla mənimsəmək üçün səmərəli, necə deyirlər, senzitiv dövrdür. Lakin ikinci dilin öyrənilməsinə uşaqlarda ana dili faktlarına ixtiyari olaraq istinad etmək bacarığı yarandıqdan sonra başlamaq daha səciyyəvi haldır. Xarici dilin və ümumiyyətlə ikinci dilin öyrənilməsi məhz həmin bacarıqların əsasında baş verir. Əgər ana dili «aşağıdan yuxarıya» doğru mənimsənilirsə, daha doğrusu, burada əvvəlcə ən sadə mexanizm, bir növ heca düzəltmək mexanizmi yaranırsa, sonra dilin ali səviyyələri mənimsənilirsə, daha sonra nitqin ixtiyariliyi meydana gəlirsə, bununla belə dil vahidləri ilə şüurlu əməliyyat ən axırda təşəkkül tapırsa, ikinci dil «yuxarıdan aşağıya» — dil vasitələrini tam ixtiyari seçməklə, dil üzərində şüurlu əməliyyat aparmaqdan nitqin avtomatlaşmasına doğru mənimsənilir. Bu cəhət istər- istəməz xarici dildə nitqi qavramaq və anlamaqda öz təsirini göstərir.
Xarici ölkə psixoloqlarının əsərlərində qeyd edildiyi kimi, insanın nitq aparatı yüzlərcə müxtəlif nitq səsləri yaratmaq imkanına malikdir. Lakin heç bir dildə bu səslərin hamısından istifadə olunmur. İngilis dilində qırxa qədər müxtəlif fonemlərdən istifadə olunur. Başqa dillər də özünün xüsusi fonem qrupunu seçir. Məsələn, alman dilində bəzi xirtlək səslərindən istifadə olunur ki, bu cür səslərə ingilis dilində təsadüf olunmur. Fransız dilində istifadə olunan bəzi sait səslərə də ingilis dilində rast gəlmirik.
Uşaqlar ana dilində istifadə olunan səsləri tələffüz etməyə öyrəndikdən sonra onlar öz fonemikalarına həddindən artıq rigidliklə yanaşırlar. Onlar öz ana dillərində ifadə olunmayan səsləri tələffüz etməkdə, həmin yad səsləri bir- birindən fərqləndirməkdə çətinlik çəkirlər (J.Verker). Məhz bu hal çox vaxt xarici nitqin qavranılması və anlaşılmasını çətinləşdirir. Bu səbəbdən çox vaxt xarici nitq bizim üçün aydın olmur, ayrı-ayrı səslərin ardıcıl deyil, qarışıq, anlaşılmaz toplusu təsirini bağışlayır.
Xarici dildə nitqi qavramaq və anlamaqda özünü göstərən çətinliklərdən biri də nitqdəki səslərin tələffüz sürəti ilə bağlıdır.
Xarici ölkə psixoloqlarının tədqiqatları göstərmişdir ki, yaşlı adamlar nitqdə saniyədə 16 fonem olmaqla bir dəqiqə ərzində 250 sözü qavraya bilirlər Adətən, bu fonemlər hər bir nitq vahidini müəyyənləşdirən sərhəd rolunu oynayaraq fasilə olmadan ötüb gedir. Həqiqətən çox vaxt bir fonemin yaradılması digərinin üzərinə düşür. Məsələn, insan əvvəlki samitin tələffüzünü qurtarmamış sait səsi tələffüz etməyə başlayır. Bu hal ayrı-ayrı sözlərin tərkibində ardıcıl fonem, eləcə də frazaların daxilində ardıcıl sözlər üçün düzgün hal hesab olunur. Məhz buna görə də bəzən sözü «xəz əl», yoxsa «xəzəl» kimi eşitdiyini anlamaq çətindir. Deməli, çox vaxt dinləyici nitq axınını müvafiq vahidlərə ayırmaq vəzifəsini yerinə yetirməli olur. Bu prosesi düzgün həyata keçirmək üçünsə dinləyənin həmin dilin lüğət tərkibi və strukturu haqqında zəruri biliyinin olması tələb edilir.
Nitqin növləri və formaları. Nitqin funksiyaları, xüsusiyyətləri ilə yanaşı özünəməxsus formaları və növləri də vardır. Nitqin növlərini təsnif etmək üçün psixoloji ədəbiyyatda müxtəlif əlamətlərdən istifadə olunur.
Eksteriorizasiya və interiorizasiya əlamətinə görə nitqin iki əsas növü mövcuddur: xarici və daxili nitq. Xarici nitq başqaları ilə ünsiyyətə, informasiya mübadiləsinə yönəlmiş olub, eşidilən, görülən və tələffüz edilən nitqdir. Daxili nitqə gəldikdə, o hər şeydən əvvəl təfəkkür prosesinin təmin olunması ilə bağlıdır. O, psixoloji nöqteyi nəzərdən olduqca mürəkkəb hadisə olub nitqlə təfəkkürün qarşılıqlı əlaqəsini təmin edir.
Nitqin xarici növü ilə bağlı olaraq daha iki növü mövcuddur: şifahi nitqvə yazılı nitq. Nitqin hansı formasından istifadə etməyimizdən asılı olmayaraq o həmişə həmin əsas növlərdən birinə aid olur.
Şifahi nitq tələffüz edilən, eşidilərək qavranılan, başa düşülən nitq növüdür. Bu nitqin köməyi ilə danışanlar arasında bilavasitə əlaqə yaranır. Şifahi nitq zamanı ünsiyyətdə olan adamlar bir-birini görür, eşidirlər. Danışan adamın mimikası və bədəninin ifadəli hərəkətləri, səsinin ahəngi nitqin məzmununun, buna bəslədiyi münasibətinin anlaşılmasına yardım göstərir.
Ünsiyyət şəraitindən, onun məqsəd və məzmunundan asılı olaraq şifahi nitq ya dialoji, ya da monoloji formada cərəyan edə bilər.
Dialoji nitq iki və daha artıq adamın sual-cavab şəklində həyata keçirdiyi nitqdir. Dialoji nitqin özünəməxsus xüsusiyyətləri vardır. Psixoloji ədəbiyyatda həmin xüsusiyyətlərə aşağıdakıları aid edirlər.
Hər şeydən əvvəl dialoji nitq bilavasitə reaksiya tələb edən nitqdir. Belə ki, dialoji nitq zamanı həmsöhbət deyilənlərə öz münasibətini bildirir: ya sual verir, ya təsdiq edir, ya inkar edir. Dialoji nitqin bu cəhəti danışanan öz fikrini ifadə etmək istiqamətinə təsir göstərir, onu müəyyən səmtə yönəldir.
Dialoji nitqin digər xüsusiyyətləri dialoqun danışan adamların emosional-ekspressiv rabitəsi şəraitində baş verməsidir. Bu zaman dialoji nitqin iştirakçıları bir-birlərini bilavasitə qavrayır və emosional vəziyyətlərini qiymətləndirir lər.
Nəhayət dialoji nitqin bir xüsusiyyəti də onun müəyyən şəraitlə və yaobyektlə bağlı olmasıdır. Bu mənada o situativ səciyyə daşıyır, söhbətin obyekti dəyişən kimi dialoqun istiqaməti və xarakteri də dəyişir.
Monoloji nitq dialojidən fərqli olaraq bir adamın öz fikir və mülahizələrini müntəzəm və ardıcıl surətdə şərh etməsi, başqalarının onu dinləməsidir. Monoloji nitq son dərəcədə fəal və sərbəst nitqdir. Adətən, monoloji nitqdən istifadə edən adam hər hansı bir məzmunu seçməli və həmin məzmuna uyğun olaraq ifadə etdiyi fikri sərbəst akt qaydasında qurmağı bacarmalıdır. Monoloji nitq tamamilə mütəşəkkil nitq növü hesab olunur. Bu baxımdan müəllimin mühazirəsini monoloji nitqə misal göstərmək olar. Bədii ədəbiyyatda da çoxlu monoloqa rast gəlirik, məsələn, İsgəndərin monoloqu, Hamletin monoloqu və s. monoloqlara diqqət yetirdikdə onun fasiləsiz, əlaqəli, ardıcıl və məntiqli olduğunu görürük.
Monoloji nitqin rəvan getməsi üçün ondan istifadə edən adamın çatdıracağı məzmunu dərindən və aydın dərk etməsi, zəngin söz ehtiyatına malik olması, nitqin təsirlilik, emosionallıq xüsusiyyətlərinə, danışdığı dilin qayda-qanun larına mükəmməl yiyələnməsi zəruridir.
İstər dioloji, istərsə də monoloji nitq aktiv və passiv ola bilir. Hər iki termin şərti xarakter daşımaqla danışanın və ya dinləyənin fəaliyyətini səciyyələndirir. Aktiv nitq forması ünsiyyət zamanı danışan adamın, başqa sözlə kommunikatorun nitqi hesab olunur. Dinləyicinin nitqi bu zaman bir növ passiv formada cərəyan edir. Belə ki, biz başqasını dinləyən zaman bir növ danışanın sözlərini ürəyimizdə öz-özümüzə təkrar edirik. Bu zaman nitq zahirən təzahür etməsə də nitq fəaliyyəti burada özünü göstərir.
Bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, uşaqlarda nitqin aktiv və passiv formaları eyni vaxtda baş vermir. Belə ki, uşaqlar birinci növbədə passiv nitqə yiyələnirlər. Onlar böyüklərin danışığını başa düşür, onların dedikləri sözlərə reaksiya verirlər. Tədricən uşaqlarda aktiv nitq formalaşır və onlar da sözlərdən bilavasitə fəal şəkildə istifadə etməklə ünsiyyətə girirlər. Xarici dillərin öyrənilməsi zamanı bu hal daha aydın təzahür edir. Xarici dilin öyrənilməsinin ilkin mərhələsində passiv nitq üstünlük təşkil edir. Xarici dili öyrənən adam həmin mərhələdə xeyli sözü aydın başa düşdüyü halda onlardan öz fəal nitqində istifadə etməkdə çətinlik çəkir. Lakin həmin dilə, onun lüğət ehtiyatına dərindən yiyələndikdən sonra aktiv nitq formasından istifadədə də çətinlik çəkmir.
Yazılı nitq. Şifahi nitq kimi yazılı nitq də xarici nitqin bir növü kimi verbal ünsiyyətə aiddir. Yazılı nitq vasitəsilə ünsiyyət yazılı mətnlərin köməyi ilə həyata keçirilir, görmə vasitəsilə qavranılır. Mütəxəssislər yazılı nitqi şifahi monoloji nitqə nisbətən daha müfəssəl nitq hesab edirlər. Adətən, yazılı nitqdə həmsöhbətlə əks əlaqə mövcud olmur. Ona görə də biz hər şeyi əvvəlcədən yazdığımız mətndə ona izah etməliyik.
Yazılı nitqi şifahi nitqdən fərqləndirən cəhətlərdən biri ondan ibarətdir ki, yazılı nitqin köməyi ilə biz öz fikrimizi, istək və arzularımızı müəyyən məsafədən istədiyimiz adamlara çatdıra bilirik. Yazılı nitq informasiyaları müəyyən məsafədən ötürməyə imkan verməklə yanaşı mühafizə edib saxlamağa, gələcək nəslə çatdırmağa da imkan verir.
Yazılı nitq şifahi nitqdən təkcə qrafikadan istifadə olunmasına görə deyil, eyni zamanda onun özünəməxsus qrammatik, orfoqrafik, stilistik xüsusiyyətlərinə görə də fərqlənir. Məhz buna görə də həmin xüsusiyyətlərə mükəmməl yiyələnmək yazılı nitqdən düzgün istifadə edə bilmək üçün zəruri şərtdir.
Daxili nitq. İnteriorizasiya əlamətinə görə nitqin xarici nitqdən fərqli olan bir növünü – daxili nitqi qeyd edirlər. Bu real kommunikasiyadan kənarda baş verən nitqdir. Daxili nitq insanın öz-özünə fikirləşməsi, öz-özü ilə danışması prosesidir. Daxili nitq tələffüz edilməyən, səssiz nitqdir. O çox qısa, bəzən də ayrı-ayrı ifadələrdən ibarət olur. Həmin ifadə bir növ fikrin nüvəsini təşkil edir. Ona görə də daxili nitq üçün fraqmentliyin, qırıqlığın xarakterik hal olduğunu qeyd edirlər. Daxili nitq eyni zamanda sürətli nitqdir. Əgər hər hansı bir hadisəni xarici nitqin köməyilə çatdırmaq üçün xeyli vaxt sərf etmək lazım gəlirsə, daxili nitqdə onu ani olaraq, sürətlə təsəvvürümüzdən keçiririk.
Psixoloji ədəbiyyatda daxili nitqi xarici nitqin bir növ əqli əməliyyatların fikrən icrasına yönəldilmiş törəmə forması kimi qeyd edirlər. Daxili nitq müxtəlif məsələlərin əqlən həlli, başqa adamların nitqini diqqətlə dinləmə, mətni öz – özünə (tələffüz etmədən) oxumaq, fikrən planlaşdırma, yaddasaxlama və yadasalma zamanı özünü daha aydın şəkildə göstərir. Daxili nitqin vasitəsi ilə sensor məlumatların işlənməsi, onların müəyyən anlayışlar sistemində dərk olunması baş verir, özünün davranış və təəssüratlarının təhlili və qiymətləndirilməsi həyata keçirilir. Bütün bunlar daxili nitqi insanın əqli fəaliyyəti və şüurunun olduqca mühüm və universal mexanizminə çevirir. Daha dar, psixolinqvistik mənada daxili nitq ifadələrinin yaranmasının başlanğıcı, onun şifahi və yazılı nitqdə reallaşdırılmasının «daxili proqramlaşdırılmasından» ibarətdir.
Daxili nitqin üç əsas tipini qeyd etmək olar: 1) xarici nitqin strukturunu özündə saxlayan, lakin fonesiya, səslərin tələffüzü mövcud olmayan və çətin şəraitdə fikri məsələnin həlli üçün tipik olan daxilən, öz – özünə danışmaq («özünə yönələn nitq»); 2) xüsusi daxili nitq – bu, tələffüz vasitəsi kimi özünü göstərir, spesifik vahidlərdən istifadə olunur və onun strukturu xarici nitqin strukturundan fərqli olur; 3) daxili proqramlaşdırma, başqa sözlə nitq ifadəsinin, bütün mətnin və onun məzmun hissələrinin spesifik məna vahidlərinin formalaşması və möhkəmlənməsi.
Daxili nitqin mənşəyi hələ kifayət qədər öyrənilməmişdir. L.S. Vıqotskinin fikrincə (1934) daxili nitq uşağın oyun və başqa məşğələlər zamanı öz – özünə hündürdən danışmasından ibarət olan eqosentrik nitqin təsiri ilə yaranır. Tədricən bu daxili nitq – «öz – özünə, özü üçün nitqə» çevrilir. P.P. Blonskinin fikrincə (1935) daxili nitq xarici nitqlə eyni vaxtda uşağın böyüklər tərəfindən ona müraciət olunan sözləri səssiz olaraq təkrar etməsi nəticəsində meydana gəlir. Bunu isə artıq birinci yaşın sonunda müşahidə etmək olur.
Fikrin məzmunundan və onu doğuran şəraitdən asılı olaraq daxili nitqin inkişaf etmiş forması tamamilə fərqli ola bilər. Adətən, daxili nitqdə fikir olduqca ümumiləşmiş şəkildə ifadə olunur. Lakin əqli çətinlik meydana gələn anlarda daxili nitq olduqca müfəssəl, açılmış xarakter daşımağa başlayır, daxili monoloqa yaxınlaşır və pıçıltı ilə və hətta hündürdən ifadə olunan nitqə çevrilə bilir. Bu isə fikir obyektlərinin daha dəqiq təhlilinə və özünün fikri fəaliyyətinə nəzarət etməyə imkan yaradır.
Nitqin yuxarıda qeyd olunan növləri ilə yanaşı daktil, eqosentrik növləri də diqqəti cəlb edir.
Daktil nitq sözlərin daktil hərflərlə ifadə olunmasından ibarət olan nitqdir. Daha doğrusu, bu zaman barmaqların müxtəlif konfiqurasiyalarından və hərəkətlərindən istifadə olunur. Daktil nitqdən karlarla iş zamanı surdopedaqoji köməkçi nitq vasitəsi kimi, eləcə də karlar arasında şəxsiyyətlərarası kommunikasiya və eşidən adamlarla onlar arasında ünsiyyət vasitəsi kimi istifadə olunur.
Eqosentrik nitqə gəldikdə bu insanın özünə yönəlmiş nitqdir. Onun köməyi ilə insan (ən çox uşaqlar) özünün praktik fəaliyyətini tənzim edir və ona nəzarət edir. Eqosentrik nitq xarici (kommunikativ) nitqdən nəşət edir və onun qismən interiorizasiya olunmuş məhsulu kimi özünü göstərir. Eqosentrik nitq bir növ xarici nitqdən daxili nitqə keçid mərhələsi kimi özünü göstərir.
Qeyri-verbal ünsiyyət. İnsanlar heç də həmişə ünsiyyət prosesində verbal kommunikasiya vasitələrindən istifadə etməklə kifayətlənmirlər. Çox vaxt onlar verbal yolla çatdırdıqları məlumatları gücləndirmək və ya daha səmərəli təsir göstərmək üçün sözsüz, nitqdən kənar vasitələrdən də istifadə edirlər. İnsanlar özlərinin hisslərini, fikir və arzularını çatdırmaq üçün söz tapa bilmir və ya onun barəsində danışmaq istəmirlər. Bu zaman informasiya mübadiləsi sözsüz, sözlərin köməyi olmadan həyata keçir. Belə ünsiyyət qeyri-verbal vasitələrin köməyi ilə baş verir. Bu cür qeyri – verbal kommunikasiya vasitələrinə müxtəlif simvolları, mimikanı, pantomimikanı, müxtəlif jestləri, hərəkətləri, səsin tembrini, intonasiyanı, gülməyi və s. aid etmək olar. Bu mənada qeyri – verbal ünsiyyət vasitəsi rolunu müxtəlif amillər oynaya bilər. Onlardan bəzilərini qısaca nəzərdən keçirək.
Təsadüfi deyildir ki, beynəlxalq əlaqələrin inkişafı müxtəlif dillərə malik olan insanların ünsiyyətində, informasiya mübadiləsində çətinliklər yaradır. Bu cür çətinliyi aradan qaldırmaq üçün müxtəlif ölkələrdən olan insanların başa düşə biləcəyi simvollardan istifadə edilir. Bu məqsədlə o qədər də çətin olmayan görmə simvolları dünya miqyasında geniş yayılmışdır. Bu cür simvollara aeroportlarda, avtotraslarda daha çox rast gəlmək olur. Həmin simvolların köməyi ilə insanlar dayanacaqlar, yeməkxanalar, yanacaq və təmir yerləri və s. barədə məlumat əldə edirlər.
Qeyri – verbal ünsiyyət vasitəsi kimi geniş yayılmış vasitələrə üzün və bədənin ifadəli hərəkətlərini xüsusilə qeyd etmək lazım gəlir. Üzün ifadəli hərəkətlərindən (mimikadan), jestlərdən istifadə etməklə insanlar bir – birinə razılıq və narazılıqlarını, sevinc və kədərlərini və s. məlumatları çatdıra bilirlər. Lakin heç də jest və mimikalar həmişə vahid şəkildə, eyni cür başa düşülmür və şərh olunmur. Müxtəlif mədəniyyət və sosial inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edirlər. Məsələn, başımızı yuxarıdan aşağıya hərəkət etdirdikdə razılıq, təsdiq, yanlara hərəkət etdirdikdə narazılıq, inkar kimi başa düşülür, şərh olunur. Əksər xalqlarda başın həmin hərəkətləri məhz bu cür də şərh olunur. Lakin bolqarlarda bu tamamilə əksinə başa düşülür.
Bununla belə psixoloqlar aşkara çıxarmışlar ki, çox vaxt bədənin, üzün ifadəli hərəkətləri, qeyri – verbal yolla çatdırılan məlumatlar həmsöhbətə verbal yoldan daha güclü təsir göstərir. Məsələn, insan sevincdən doğan göz yaşları ilə dostlarını inandırmağa çalışsa ki, «Məndə hər şey yaxşıdır!» onlar onun sözünə deyil, daha çox göz yaşına inanacaqlar.
İnsanların müxtəlif birliyində, o cümlədən dərs zamanı qeyri – verbal ünsiyyət vasitəsi kimi müxtəlif intonasiyadan, bir anlığa danışığı dayandırmaqdan, öskürməkdən və s. dən istifadə edilir. Məsələn, mühazirə zamanı tələbələrin müəyyən hərəkətlərinə narazılığını bildirmək üçün müəllimin səs tonunu yüksəltməsi, alçaltması, bir anlığa danışığını dayandırması, öskürməsi tələbələrin sakitləşməsinə, müəllimin nə demək istədiyini başa düşmələrinə səbəb olur.
İnsanın geyimi, paltarı da onu əhatə edənlərə onun əhvalı, hissləri, nə demək istəməsi, ədası barədə məlumat verir.
İnsanlar onları əhatə edən adamlara öz mənasibətlərini təkcə geyimləri, ədaları ilə deyil, həmin adamlarla ünsiyyət zamanı hansı distansiyanı, məsafəni tutmalarına əsasən də çatdıra bilirlər. Bu yolla bir növ qeyri – verbal şəkildə ətrafdakılara öz münasibət tərzlərini çatdırırlar. Bu baxımdan mütəxəssislər şəxsiyyətlərarası ünsiyyətdə aşağıdakı dörd zonanın mümkünlüyünü qeyd edirlər.
Birincisi, intim ünsiyyət zonası (yarım metrdən bilavasitə bədənlə təmasa qədər olan məsafə). Adətən bu məsafədə valideynlər övladları, olduqca yaxın dostlar, sevgililər ünsiyyət saxlayırlar. Adətən, az tanıdığın bir adam sənə bu zonada yaxınlaşdıqda özünü narahat hiss edirsən. Başqasına sənin bu cür yaxınlaşmağın həmin adamda sənin ona yaxın münasibət bəsləməyin barədə fikir doğurur. Psixoloji eksperimentlər göstərmişdir ki, xoşbəxt ər – arvad məhz bu məsafədə ünsiyyət zamanı özlərini rahat hiss edirlər. Əksinə, bir – biri ilə yola getməyənlər bu məsafədən uzaq dayanırlar.
İkincisi, şəxsi ünsiyyət zonası (0,5 metrdən 1,5 metrə qədər olan məsafə). Müxtəlif mədəniyyət, mədəni inkişaf səviyyəsində bu zonanın sərhəddi müxtəlif olur. Adətən, bu məsafədə bir – biri ilə yaxşı, yaxın tanış olan adamlar ünsiyyət saxlayırlar. Bu məsafə adamların bir – birinə toxunmalarına, əl vermələrinə, əllə çiyninə vurmalarına imkan verir. Mütəxəssislərin qeyd etdiyi kimi, adamların əksəriyyəti bu zonanı özlərinin şəxsi məkanı hesab edir və yad adamlarla bu zonada ünsiyyətə meylli olmurlar.
Təsəvvür edin ki, mikroavtobusda oturmusunuz. Dayanacaqda yeni bir sərnişin maşına minərək bütün yerlər boş olduğu halda sizin yanınızda oturur. Bu zaman siz istər – istəməz özünüzü narahat hiss edirsiniz. Yəqin ki, siz belə halların şahidi olmusunuz ki, adamların sıx olduğu yerdə, məsələn, liftdə, metro vaqonunda, avtobusda insanlar bir – biri ilə vizüal təmasdan qaçır, pəncərədən baxmağa, gözlərini vaqondakı reklam şəkillərə zilləməyə cəhd göstərirlər. Bu cür davranış tərzi şəxsi məsafə sərhəddini gözləmək cəhdindən irəli gəlir.
Üçüncüsü, formal ünsiyyət zonası(1,5 metrdən 3 metrə qədər olan məsafə). Adətən bu məsafəni işgüzar adamlarla ünsiyyət, eləcə də təsadüfi, az əhəmiyyətli söhbət zamanı gözləyirlər.
Dördüncüsü, ümumi ünsiyyət zonası (3 metrdən uzaq məsafə). Bu məsafədə birinci və ikinci ünsiyyət zonalarındakı davranışı həyata keçirmək mümkün deyildir və yersizdir. Hətta bu məsafədə işgüzar ünsiyyət də həyata keçirilə bilməz. Bu məsafədə sadəcə olaraq, məsələn, mühazirəni dinləyirsən və deyə bilirsən ki, ümumi ünsiyyət sitüasiyasına düşmüsən.