İnsan fəal varlıqdır. O, ətraf aləmə, təbiətə fəal təsir göstərir, onu dəyişdirməklə özü də dəyişir. İnsanla təbiət arasındakı bu cür fəal qarşılıqlı təsir prosesi fəaliyyət adlandırılır. Bu prosesdə insan subyekt kimi çıxış edir, obyektə məqsədəyönəlmiş şəkildə təsir göstərməklə özünün tələbatlarını ödəyir. Məhz buna görə də fəaliyyət həmişə insanın şüurlu məqsədləri əsasında, həmin məqsədlərlə tənzim olunaraq həyata keçir. Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda fəaliyyətə belə tərif verilir: Fəaliyyət insanın dərk olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığıdır.
Tərifdən görünüdüyü kimi, fəaliyyət zamanı insanın həm psixi, həm də fiziki fəallığı baş verə bilir. Bunların hər ikisində insanın fəallığı onun öz qarşısına qoyduğu dərk olunmuş məqsədləri ilə tənzim edilir.
Fəaliyyət və şüur qarşılıqlı dialektik vəhdət təşkil edirlər. Fəaliyyət prosesində insan onu əhatə edən aləmin cisim və hadisələri ilə bələd olur, onlara qarşı insanda müəyyən münasibətlər sistemi formalaşır. Fəaliyyət prosesində subyektin bilik çərçivəsi genişlənir, psixikası inkişaf edir və beləliklə də şüurluluq səviyyəsi güclənir. Şüurun inkişafı isə öz növbəsində fəaliyyətin məqsədəuyğunluq səviyyəsini, onun dəqiqlik dərəcəsini inkişaf etdirir.
Fəaliyyət insanın onu əhatə edən əşyavi aləmlə, onun özünə və başqalarına fəal münasibətini əks etdirən, onun tələbatlarını ödəməyə yönəldilmiş prosesdir. Fəaliyyət sistemdir, onun özünəməxsus daxili keçid və dəyişmələri olub, özünəməxsus inkişaf yolu vardır. Hər hansı bir fəaliyyətin başlanmasının əsasında mütləq müəyyən tələbat və yaxud tələbatlar şəbəkəsi durur. Başqa sözlə, insan fəallığının əsasında tələbatlar durur, onun (fəallığın) mənbəini təşkil edir. Tələbatlar orqanizmin mühüm daxili gücünü təşkil etməklə onu fərdin və nəslin yaşaması və inkişafı üçün zəruri olan keyfiyyətcə müəyyən fəallıq formasını (fəaliyyəti) həyata keçirməyə təhrik edir.
Özünün ilkin bioloji formasında tələbatlar orqanizmin ondan kənarda olan, həyat və fəaliyyəti üçün zəruri olan nəyə isə hiss etdiyi ehtiyac kimi meydana çıxır. Lakin ehtiyacı tələbatlarla eyniləşdirmək düzgün olmazdı. Tələbatlar insanın dərk olunmuş ehtiyacları olmaqla daha geniş anlayış kimi qəbul edilir. Tələbatlar insanın ehtiyacları ilə yanaşı onun öz ehtiyaclarına münasibətini də əks etdirir. Bu baxımdan tələbatlar insanın konkret həyat şəraitindən asılılığını ifadə edən və onun bu şəraitdə fəallıgını şərtləndirən özünəməxsus psixi halətdir. Tələbatlar və onların növləri barədə kitabın 5-ci fəslində ətraflı bəhs olunduğuna görə burada deyilənlərlə kifayətlənməli olduq.
Fəaliyyətin motivləri.İnsanı əhatə edən cisim və hadisələr heç də daima deyil, onun həyatının müxtəlif vaxtlarında tələbatlarının obyekti olur və onu müvafiq fəaliyyətə təhrik edir. Bununla yanaşı olaraq insanın bu və ya digər tələbatını ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur. Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək insanı fəaliyyətə təhrik edə bilir. Tələbatların ödənilməsi ilə əlaqədar olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə, fəaliyyətə təhrik edən amillərə, səbəblərə motiv deyilir.İnsan fəaliyyətinin motivləri özlərinin çoxcəhətliliyi ilə xarakterizə olunur.
Motivlər hər şeydən əvvəl bir-birlərindən tələbatların növlərinə görə fərqlənirlər. Bununla yanaşı olaraq motivlər tələbatların kəsb etdiyi formalara, onların genişliyinə və ya məhdudluğuna, reallaşdıqları fəaliyyətin konkret məzmununa və s. görə fərqlənirlər. Təcrübə göstərir ki, fəaliyyətin mərəkkəb növləri, adətən, bir motivə deyil, eyni vaxtda təsir göstərən bir neçə motivə cavab verir ki, bu da motivləşmə adlanır. Motivləşmə elə motivlər birliyidir ki, şəxsiyyətin yönəlişliyini müəyyən etməklə onun fəaliyyətinin səmərəliliyini də şərtləndirir.
Tələbatlarda olduğu kimi motivlər təbii və ali (maddi və mənəvi) ola bilir. Bundan başqa A.N.Leontyevə görə motiv obraz, anlayış, fikir, ideal şəklində də çıxış edə bilir.
Qeyd edilənlərlə yanaşı olaraq özünün xarakteri və fəaliyyət prosesində oynadığı rola görə motivlərin aşağıdakı növlərini qeyd etmək olar: 1) situativ və geniş motivlər; 2) fəaliyyətin nəticəsinə və onun özünə doğru yönələn motivlər; 3) eqoistik və ictimai əhəmiyyətli motivlər.
Motivləri təzahür xüsusiyyətlərinə görə psixoloji ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq mümkündür: 1) geniş sosial motivlər və 2) idrak motivləri.
Psixoloji ədəbiyyatda motivləri dərk edilən və dərk edilməyən olmaqla daha iki qrupda birləşdirirlər.
Dərk edilən motivlər nəyin bizi bu və ya digər işə, fəaliyyətə təhrik etməsini anlamagımız, dərk etməyimizlə fərqlənir. Dərk edilməyən motivlərə gəldikdə elə təhriklər nəzərdə tutulur ki, həmin təhriklərin mahiyyətini biz tam aydınlığı ilə dərk edə bilmirik. Bu cür motivlərə həvəsi, ustanovkanı aid etmək mümkündür.
Motivlər özlərinin növləri ilə yanaşı davamlılıqları, emosional çalarları və ya modallıqları, qüvvələri və ifadə xüsusiyyətlərinə görə də bir–birindən fərqlənirlər.
Fəaliyyətin quruluşu haqqında anlayış. İnsan fəaliyyətini nəzərdən keçirdikdə onun özünəməxsus quruluşu diqqəti cəlb edir. İnsanın hər cür fəaliyyəti eyni quruluşda, eyni sistem və ardıcıllıqda həyata keçir. Başqa sözlə, bütün fəaliyyət növlərində eyni ümumi struktur komponentlər özünü göstərir. İnsanın istər maddi, istərsə də mənəvi fəaliyyətinin quruluşunu təhlil etdikdə onun təxmini məzmununu təşkil edən aşagıdakı əsas elementləri, komponentləri aşkara çıxarmaq mümkün olur: fəaliyyətin motivləri, fəaliyyətin məqsədi və fəaliyyətin vasitələri.
Motivlər haqqında yuxarıda qeyd etdiklərimizdən aydın olduğu kimi, motiv insanı hər hansı bir fəaliyyətə təhrik edən, yönəldən səbəblərdir. Hər cür fəaliyyət zamanı müvafiq tələbatdan doğan səbəblər bizi həmin fəaliyyətə girişməyə və bu yolla öz tələbatımızı ödəməyə yönəldir.
Məqsədə gəldikdə o, insanın fəaliyyət zamanı hansı nəticəyə nail olmağa yönəlməsidir. Son nəticə daima fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan fəaliyyəti daima dərk olunmuş məqsədləri ilə tənzim edilir. İnsanın həmin fəaliyyəti nə dərəcədə adekvat yerinə yetirməsi qarşıya qoyulan məqsədi həyata keçirməsi ilə xarakterizə olunur.
Bəzən fəaliyyətin motivi və məqsədi üst-üstə düşsə də çox vaxt məqsəd və motiv özünün xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənirlər. Məsələn, tələbədə olmayan hər hansı bir kitabı almaq üçün kitab mağazasına getməsi həm motiv həm də məqsəd rolunu oynaya bilər. Lakin «psixologiya» dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi, həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaşması üçün getməsi isə motivi ola bilər.
Fəaliyyətin vasitələrinə gəldikdə o, həmin fəaliyyətin həyata keçirildiyi yollardır. Başqa sözlə insan həmin fəaliyyət zamanı qarşısına qoydugu məqsədə hansı yollarla nail olur. Şəbhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm şərtdir.
Bütövlükdə götürüldükdə insanın hər cür fəaliyyətinin quruluşunda motiv, məqsəd, müvafiq işlər, onların icrası, qiymətləndirilməsi və nəzarət kimi mühüm komponentlər özünü göstərir. Bunları ümumiləşdirilmiş şəkildə götürmüş olsaq fəaliyyətin üç mərhələni keçdiyini söyləyə bilərik: hazırlıq, icra vəqiymətləndirilmə. Fəaliyyətin icra mərhələsində insan müvafiq işləri və hərəkətləri həyata keçirir ki, bu da həmin fəaliyyətin məzmununu, ən mühüm komponentini təşkil edir. Onlara qısa nəzər salaq.
İş və hərəkətlər. Fəaliyyət prosesində insan istər-istəməz müvafiq cari məsələləri həll etməli olur. Fəaliyyətin sadə bir cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş və ya əməl adlanır. Məsələn, cümlədə mübtədanı tapmaq, 11 metrlik cərimə topunu vurmaq, içmək üçün çay qaynatmaq və s. müvafiq fəaliyyətin nisbətən bitmiş elementi olan işlərdir. Bu cür işlər həm fiziki, həm də zehni planda həyata keçirilə bilər. Bu işlər gerçək aləmdəki cisimlərin vəziyyətinin və ya xassəsinin dəyişməsinə yönəlmiş olur. Hər cür maddi iş və ya əməl məkan və zamanla bağlı olan müəyyən hərəkətlərdən əmələ gəlir. Məsələn futbol zamanı 11 metrlik cərimə topunu vurmaq işini yerinə yetirmək üçün idmançı topu 11 metrlik nöqtədə qoyur, geri çəkilir, oradan qaçaraq topa yaxınlaşır, bir ayağının üstünə qalxaraq digər ayagı ilə topa zərbə vurur. Bu hərəkətlərin hamısı müəyyən zaman və məkan daxilində baş verir. Belə ki, idmançı topu başqa yerə deyil cərimə olunmuş komandanın qapısı agzındakı nöqtəyə qoyur və hakimin işarəsindən sonra dərhal qaçaraq topa zərbə endirir. Topu başqa yerə qoymaq və ona istədiyi vaxt zərbə vurmaq olmaz.
Hər cür maddi işlər hərəkətlərin müəyyən sistem üzrə yerinə yetirilməsindən ibarətdir. O, işin məqsədindən, həmin işin yönəldiyi əşyanın xassəsindən və iş şəraitindən asılıdır. Belə ki, məsələn,11 metrlik cərimə topunu vurmaq üçün hərəkətləri basketbol zamanı cərimə topunu səbətə atmaq üçün lazım olan hərəkətlərdən fərqli qurmaq lazımdır. Yaxud, ümumi cəhətlərinin olmasına baxmayaraq «a» hərfini yazmaq üçün hərəkətlər «t» hərfini yazmaq üçün lazım olan hərəkətlərdən fərqlənəcəkdir.
Fəaliyyət zamanı icra olunan işlər daima özünəməxsus idarəolunmavə nəzarət tələb edir. Fəaliyyət prosesində hərəkətlərin özünün icrası onun nəticəsinin işin son məqsədi ilə müqayisəsi əsasında fasiləsiz nəzarət altında saxlanılır və lazım gəldikdə təshih olunur. Təcrübə göstərir ki, iş və hərəkətlərin icrası zamanı nəzarəti və təshih etməni yerinə yetirə bilməyən adamlar ən sadə işi də yerinə yetirmək imkanına malik olmurlar. Məsələn, bu cür uşaqlar sətir boyu xətt çəkməyi belə bacarmır, sətrləri bir-birinə qarışdırırlar.
Qeyd edilənlərdən aydın olur ki, insanın hər hansı bir işi müvəffəqiyyətlə yerinə yetirməsi üçün iş və ya hərəkətləri idarə etmək və təshih etmək bacarığına malik olması zəruridir. İşləri təşkil edən hərəkətlər sistemi isə nəticə etibarilə həmin işlərin məqsədilə idarə və tənzim olunur. Yerinə yetirilən işlərin nəticələri həmin işin məqsədi nöqteyi-nəzərdən qiymətləndirilir və təshih olunur. Başqa sözlə, məhz işin məqsədi şeylərin hansı xassə və vəziyyətlərinin onun icrası, nəzarət və təshihi üçün oriyentir olmasını təyin edir.