Psixikanın yaranma və inkişafının öyrənilməsi tarixindən. Psixikanın yaranması və inkişafının öyrənilməsi təbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duran mürəkkəb, mühüm vəzifələrdən olmuşdur. Hələ eramızdan əvvəl psixikanın (ruh) yaranması, mahiyyəti ilə bağlı iki fərqli dünyagörüşü: idealist və materialist dünyagörüşü barədə fikirlər irəli sürmüşdülər. İdealistlər hesab edirdilər ki, psixika (ruh) bədəndən asılı olmayaraq mövcuddur və materiyadan əvvəl yaranmışdır. Materialistlərə görə isə materiya obyektiv gerçəklikdir, bizim şüurumuzdan asılı olmayaraq mövcuddur və daim dəyişir, hərəkətdə olur, inkişaf edir. Psixika yüksək surətdə təşəkkül tapmış materiyanın məhsuludur.
Psixologiya elminin başlıca vəzifələrindən biri də insan psixikasını öyrənməklə bağlıdır. Lakin insan psixikasının təbiətini öyrənmək üçün ilk növbədə pasixikanın necə yaranmasını, canlıların bioloji təkamülü nəticəsində onun necə inkişaf etdiyini və insanlarda necə yeni məzmun kəsb etdiyini müəyyənləşdirmək lazımdır.
Daha vacib məsələlərdən biri də insan psixikasının tarixi inkişafının öyrənilməsi ilə bağlıdır.
Müasir insanların psixi xüsusiyyətləri heç də insan psixikası üçün əbədi olan bir keyfiyyət deyildir. Onlar ictimai mühitin, şəraitin inkişafı nəticəsində dəyişir. Sosial-iqtisadi şərait insan psixikasında əvvəlkilərdən fərqli yeni keyfiyyətlər yaradır. Yəni insan psixikası əbədi, dəyişməz olaraq qalmır. İstənilən konkret tarixi şəraitdə insan psixikasının bəzi xüsusiyyətləri inkişaf edir, şəraitlə ziddiyyət təşkil edənlər isə sanki «dondurulur».
Cansız, qeyri-üzvü materiyadan başlamış ən ali mürəkkəb materiya olan insan beyninə qədər hər cür materiya maddi aləmin ümumi keyfiyyəti olan inikas (əksetdirmə), başqa sözlə, təsirə cavab vermə qabiliyyətinə malikdir. İnikasın forması materiyanın varlıq formasından asılıdır.
Cansız maieriyada baş verən keyfiyyət dəyişikliklərinə əsasən canlı materiya yaranır və o, daha mürəkkəb xassəyə — qıcıqlanma xassəsinə malik olur. Bu xassə canlıların xarici təsirlərə fəal reaksiyalarına imkan verir. Qıcıqlanmanın inkişafı həyat şəraitinin mürəkkəbləşməsi və orqanizmin anatomik quruluşunun təkmilləşməsi nəticəsində həssaslıq artmış, tədricən duyğular yaranmışdır.
Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm, instinktiv, həyatda qazanılan və intellektual davranış formalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə, birhüceyrəli orqanizmlərdə özünü göstərir və onların mühüm təsirinə hərəkətlə cavab verirlər. Mühit canlı orqanizmə bioloji təsir göstərə bilər ki, bunun nəticəsində həmin orqanizmin protoplazmasının xassəsi dəyişir.
Bioloji amillərə özünəməxsus cavab vermək üsulları tropizmlər və ya taksislər adlanır.
Tropizmlərin aşağıdakı növlərini fərqləndirirlər: fototropizm — canlı orqanizmin işığın təsiri ilə hərəkət etmə meyli; termotropizm — işığın təsiri ilə hərəkətetmə meyli; xemotropizm — müəyyən fiziki-kimyəvi mühiti seçməyə meyli; topotropizm — mexaniki qıcıqlandırıcıların təsir ilə hərəkət etmə meyli və s.
Canlılarda psixikanın təşəkkül tapması onların mühitə uyğunlaşa bilmələri ilə bağlı olan dəyişikliklərdən yaranır. Yəni canlının xarici mühitin təsirinə uyğun davranışını meydana çıxır. Onların mühitə uyğunlaşması anatomik dəyişikliklərə səbəb olmur, sadəcə olaraq onun davranışı dəyişir.
Bir çox canlıların davranışı instinktiv davranışdır və təbii tələbatdan doğur. Mühitin müəyyən şəraitinə, təsirinə qarşı mürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır.
İnstinktiv davranış müəyyən bir növün hamısı üçün xarakterik olan anadangəlmə davranışdır. Bir çox alimlər hesab edirlər ki, instinktlər dəyişməzdir və canlıların fərdi qaydada mühitə uyğunlaşması prosesində dəyişməz qalır. Lakin belə yanaşma səhvdir. İ.P. Pavlov göstərir ki, canlıların inkişafının bütün dövrlərində fərdi uyğunlaşma olmuşdur. Bu canlıların (məsələn, bağırsaqboşluqlarda) həyat prosesində ayrı-ayrı fərdlərdə müvəqqəti əlaqələr – şərti reflekslər yaranır. Məsələn, kağız parçasını aktiniyaya yaxınlaşdırsaq onu tutub udar, lakin bir neçə təkrardan sonra hətta, kağızı ağız boşluğuna almadan kənara atır. Lakin yaranan bu cür əlaqələr qısamüddətli olur, tezliklə sönür. Canlıların davranış xüsusiyyətləri inkişafın ilk mərhələsində müxtəlif xassəli şeylərin təsirindən yaranırdı. Məsələn, məlumdur ki, həşərat tora düşən kimi hörümçək dərhal onun yanına qaçır və tikanını ona batırır. Hörümçəyin belə davranışı nə ilə bağlıdır? Aparılmış xüsusi təcrübələr göstərir ki, torun tərpənməsi həşəratı öz ovuna doğru çəkir. Hərəkət olmadıqda isə «ovuna» tərəf getmir. Bunlar isə qidalanma tələbatı ilə bağlıdır. Yəni bioloji tələbatdan doğur. Lakin bu həyat şəraitinin dəyişməsilə, tələbatın ödənilməsilə dəyişir.
Yaşayış şəraitinin mürəkkəbləşməsi canlıların davranış tərzini də dəyişdirir. Yəni o, bu və digər şəraitə uyğunlaşır. Məsələn, əgər məməli heyvanlarla yem arasında sədd çəkilərsə, o həmin səddi necə olsa keçib yem əldə etməyə cəhd edir. Sədd görürüldükdən sonra isə birbaşa yeməyə doğru gedir.
Həyat şəraitinin təsiri altında heyvanlarda davranışın dəyişməsi ciddi şəkildə onlarda anatomik-fizioloji dəyişikliyə səbəb olur. İlk növbədə, iy və görmə üzvlərində dəyişiklik baş verir. Görmə onun həyatında vacib amilə çevrilir, iy duyğusu isə tədricən zəifləyir. Bununla yanaşı hərəkət üzvləri də inkişaf edərək cəld, mürəkkəb hərəkətləri icra etməyə uyğunlaşır: qaçmaq, sürünmək, ovunu tutmaq və s. Bu isə baş beyində hərəkət sahəsinin genişlənməsi, hərəkətinin inteqrasiya olunması ilə bağlıdır.
Ali heyvanlarda, xüsusilə məməlilərdə yeni, daha plastik davranış forması yaranır. Heyvanların bir növündə müvəqqəti əlaqələrin yaranması sahəsində fərdi fərqlər tez, daha kəskin, digərlərində isə gec baş verir. Bu, heyvanların təkamül səviyyəsindən asılıdır. Fərdi davranış üçün mühitin ayrı-ayrı xassələrinin (temperatur, rəng, iy və s.) deyil, tam əşya şəraitinin təhlili və tərkibi zəruri olur. Məsələn, toyuqla dən arasında tor çəkilsə, toyuq həmin toru dimdikləməyə başlayır. Əgər belə demək mümkünsə, «vəziyyətdən çıxış yolu axtarmır». Lakin nisbətən daha yüksək inkişaf etmiş qarğa belə etmir, bir neçə cəhddən sonra arakəsmənin ətrafına dolanmaqla səddi keçir, yemi götürür.
Ali heyvanlarda instiktiv davranış forması ilə yanaşı, fərdi, dəyişkən formalı davranış — vərdişlər və intellektual hərəkətlər də mövcuddur. Vərdişlər inkişafın ən aşağı pilləsində belə özünü göstərir. Lakin açıq-aşkar ifadə olunan vərdişlər yalnız baş beyin qabığına malik olan heyvanlarda müşahidə edilir.
Heyvanların vərdişləri həm anadangəlmə, həm də təsadüfi hərəki siqnalların təkrarı prosesində möhkəmlənir. Məsələn, pişik yeşikdən çıxmaq üçün pedalı basmalıdır. O bunun üçün bir neçə uğursuz cəhd edir. Lakin təsadüfən pedala toxunur, qapı açılır. Sonrakı təcrübələrdə o getdikcə daha az səhv edir. Beləliklə, onda vərdiş yaranır.
Ali heyvanlarda davranışın ən yüksək səviyyəsi intellektual davranışdır. İntellektual davranışın əsasını ayrı-ayrı cisimlər arasındakı mürəkkəb münasibətləri əks etdirmək təşkil edir. Lakin heyvanların intellektual və ya əqli davranışı təbii ki, insan ağlından fərqli keyfiyyətə malikdir.
Ali heyvanların, məsələn, insanabənzər meymunların intellektual davranışı müxtəlif esperimentlər yolu ilə öyrənilmişdir.
Meymun (şimpanze) qəfəsdə yerləşdirilir. Qəfəsin çölündə isə banan, portağal və s. Qəfəsin içərisinə isə çubuq qoyulur. Meymun meyvələri yalnız çubuğun köməyi ilə götürə bilər. Meymun ilk növbədə meyvələri əlləri ilə götürməyə çalışır. Təbii ki, bu cəhdlər heç bir nəticə vermir. Sonra meymun sakitləşir. Bu dəfə o, meyvələri gözünə sataşan çubuğun köməyi ilə əldə etmək istəyir: ağacla meyvələri qəfəsə yaxınlaşdırır. Nəhayət o meyvələri götürür.
Digər eksperimentlər də eyni üsulla aparılır. Məsələn, qəfəsin tavanından banan asılır. Yaxınlıqda boş yeşiklər qoyulur. Bananın götürülməsi üçün yeşiklər bananın qoyulduğu yerə gətirilməlidir. Təcrübə göstərir ki, meymun bu işin öhdəsindən uğurla gəlir.
Beləliklə, əgər əməliyyatın aşağı səviyyəsində çoxsaylı səhv və sınaq nəticəsində təsadüfi uğurlu hərəkət tədricən möhkəmlənirsə, aparılan təcrübədə meymun tam müvəffəqiyyətsizliyə uğrayır və problemin həllini qəflətən tapır. Bu, heyvanların intellektual davranışının ümumi əlamətidir. İkinci mühüm cəhət isə ondan ibarətdir ki, təcrübə təkrar keçirilərsə, onun bir dəfə icra olunmasına baxmayaraq, meymun onu tez və səhvsiz yerinə yetirir.
İntellektual davranışın üçüncü xüsusiyyəti isə məsələnin həll olunma yolunun tapılması onun digər vəziyyətlərdə də tətbiq olunması ilə bağlıdır. Məsələn, əgər birinci təcrübədə meymun meyvələri çubuğun köməyilə götürürsə, digər təcrübədə çubuq tapmadıqda uyğun gələn bir əşya tapıb ondan istifadə edir.
Meymun davranışında diqqəti cəlb edən cəhətlərdən bir də onun bir neçə aktı birləşdirə bilməsi ilə bağlıdır.Bunu aşağıdakı təcrübə də sübut edir.
Meymunun yerləşdiyi qəfəsdən bir qədər aralıda yem qoyulur. Ondan bir qədər yaxınlıqda isə ağac qoyulur, lakin bu ağaca da meymunun əli çatmır. Qəfəsin içərisində isə bir qədər qısa əl ağacı qoyulur. Lakin bu ağacın köməyi ilə kənardan uzun ağacı qəfəsə çəkmək olar. Qidanı əldə etmək üçün meymun ilk növbədə qəfəsin içindəki əl ağacı ilə daha uzun olan ağacı, onun vasitəsilə yemi götürə bilər. Təcrübə göstərir ki, meymun bu tapşırığın öhdəsindən uğurla gəlir. Beləliklə, heyvanların intellektual davranışının dördüncü xüsusiyyəti tapşırığın uğurlu həlli üçün hazırlıq mərhələsinin keçirilməsi ilə bağlıdır. Yəni ilk növbədə ağacı, daha sonra yemi əldə etmək olar. Əvvəlcə qısa, sonra uzun ağacı, daha sonra isə qidanı götürə bilərsən. Özlüyündə bir ağacın, daha sonra digər ağacın götürülməsi heç də meymun üçün cəzbedici deyil. Buna görə də o heç bir bioloji məna kəsb etmir. Bu, hazırlıq mərhələsi sayılır. Ağacdan istifadə davranışın icrası mərhələsidir və meymunun bioloji tələbatının ödənilməsinə yönəldilir. İlk hazırlıq mərhələsi heç də öz-özünə yaranmır. Yəni adi halda ağac meymun üçün heç bir məna kəsb etmir. Əgər meymun ağacı ondan istifadə etmək məqamında görürsə və ondan istifadə edirsə, bu yem və ağac arasındakı münasibətin uzlaşdırılmasıdır. Əgər meymun başqa bir vasitə tapa bilsə, ağac onun üçün heç bir bioloji məna kəsb etməz.
Beləliklə, üçüncü mərhələyə keçərkən daha mürəkkəb əməliyyat yerinə yetirmir. Davranış aktında vahid prosesdə birləşdirmələr hissələrə ayrılır. Göründüyü kimi, intellekt o zaman yaranır ki, hazırlıq prosesi keçilsin, bu və ya digər əməliyyat, vərdiş birləşərək həyata keçirilsin.
İntellektual davranış cəhd və sınaq üzərində deyil, yeni, fərqli şəraitdə ondan istifadə üzərində qurulur. Məsələn, metal tor çəkilmiş çəpərdən toyuq necə keçir? Bayıra çıxmaq üçün o kor-koranə şəkildə o tərəf bu tərəfə qaçır. Nəhayət, təsadüf nəticəsində o çıxış yolunu tapır. Ali heyvanlar (quşlar) isə özlərini fərqli şəkildə aparırlar. Onlar da bir sıra sınaq hərəkətləri edirlər. Lakin bu sınaqlar kor-koranə deyil, əməliyyat hərəkətləridir. Qapısı bağlı qəfəsdən çıxmaq üçün meymun öyrəşdiyi, əvvəllər istifadə etdiyi lingi fırladır. Bu, səmərə vermədikdə lingi gəmirməyə başlayır. Daha sonra isə o yeni metod axtarır və çıxmaq üçün düzgün həll üsulunu tapır. Bu situasiya göstərir ki, meymun vəziyyətdən çıxmaq, onu həll etmək üçün «düşünə bilir».
İntellektual davranışa malik olan heyvanlar üçün ətraf aləmin inikası necə baş verir?
İntellektual davranışın ilk mərhələsi növbəti, ikinci mərhələyə hazırlıqdır. Növbəti mərhələ isə heyvanın yalnız ayrı-ayrı şeyləri qavraması yox, həm də onlar arasındakı münasibəti müəyyənləşdirməkdir. Heyvanın intellektual davranışının inkişafı nəticəsində onda anatomik-fizioloji dəyişiklik baş verir. Bu ilk növbədə baş beyində gedən dəyişikliklərlə bağlıdır. İnkişaf daha çox beynin alın nayihəsində müşahidə olunur. Meymun beyninin bu sahəsi götürüldükdə o hətta iki mərhələli əməliyyatı yerinə yetirə bilmir.
İntellektual davranış insanabənzər meymunlarda özünün ən yüksək səviyyəsinə çatır. Onu heyvanların psixi inkişafının son həddi, insan şüurunun başlanğıc sərhəddi də hesab etmək olar.
Yuxarıda deyilənlərdən göründüyü kimi ən yüksək intellektual davranışa malik olan heyvanların da davranışı bilavasitə maddi tələbatların ödənilməsi ilə bağlıdır. İnsan fəaliyyəti isə onlardan keyfiyyətcə tamamilə fərqlidir.