Ətrafınızdakılara zaman tanıyın

Ətrafınızdakılara zaman tanıyın

Düşünün ki, önünüzdə bir şkaf var. 
Bu şkafda 4 hissə var. Hər hissədə qutular(daxıllar, siyirmələr). Bu qutuların içində sevginiz və nifrətiniz var. 
Ən üst hissədəki qutularda ‘ən cox sevdiklərinizi' saxlayırsınız. 
İkinci hissədə ‘Sevirəm, amma çox da güvənmirəm' dediklərinizi. 
Üçüncü hissədə ‘hər kəs kimi biridir mənim üçün' dediklərinizi. 
Və ən altda da ‘nifrət edirəm və ya qəti güvənmirəm' deyə adlandırdıqlarınızı.
Siz heç ən üst hissəyə qoyduğunuz birini, bir sözünə görə, ən alt hissədəki qutulara qatdınızmı? Dəyərindən çox dəyər verdinizmi birinə? Ya nifrət edirəm dediyiniz birini zaman keçdikcə sevdinizmi? Siz heç yanıldınızmı? Utandınızmı o bir zamanlar arxasından qeybət etdiyiniz adamın indi ən yaxın dostunuz olduğu üçün? Heç etiraf etdinizmi ‘səni heç sevməzdim' deyə? Ya da heç əsəbləşdinizmi ‘nə çox güvənmişəm sənə' deyə? İnsan heç ‘bir söz' ilə ən sevdiyini ən nifrət etdiyi insanların arasına qata bilərmi? Doğrudurmu bu? 
Bir zamanlar göylərə çıxartdığınızı yerə vurmaq asandırmı? Yaraşarmı sizə? 
Halbuki bir zamanlar aranızdan su keçməzdi. Yeri gələndə, çörəyi belə paylaşardınız, qaldı ki, düşüncələriniz, duyğularınız. Bu qədər çox şeyi paylaşdığın birini tanımamazlıqdan gələ bilərsənmi? 
Sizə tövsiyə… 
Heç bir zaman ilk gördüyünüz birini ‘sevmədim' deyərək, şkafınızdakı ən alt hissədəki qutulara atmayın. Zaman verin, səbr edin. Lazım olsa qutulara yerləşdirməyin, şkafın qarşısında gözləsin. Zamanı gəldiyində o adam onsuz da şkafınızda bir hissəni özü seçəcək.
Top