Qruplar və şəxsiyyətlər

Qruplar və şəxsiyyətlər

QRUP VƏ ŞƏXSİYYƏTLƏRARASI MÜNASİBƏTLƏR
1.         Qrup haqqında anlayış.
2.         Qrupun təsnifatı.
3.         Psixoloji uyuşma. Qrup təzyiqi fenomeni.
4.         Liderlik və rəhbərlik. Liderlik üslubu.
5.         Etnik qrup haqqında anlayış.
6.         Şəxsiyyətlərarası münasibətlər.

1-ci sual. Ayrıca götürülmüş hər bir adamın şəxsiyyət kimi səciyyəsi, psixologiyası və davranışı sosial mühitdən çox asılıdır. Sosial mühit isə yalnız ayn-ayn adamlardan deyil, kiçik və böyük qruplardan ibarətdir. Ümumiyyətlə, qrup dedikdə tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan adamların nisbətən sabit məcmusu nəzərdə tutulur.
Qrup anlayışmı həm kəmiyyət, həm də keyfiyyət baxımından səciyyələndirmək olar. Problemə kəmiyyət baxımından yanaşsaq da onun üzvlərinin sayı 2-3 nəfərdən 20-30 nəfərə qədər ola bilər. Kiçik qruplarda bir nəfərin deyil, bir neçə nəfərin iştirakı vacibdir. Qrup müəyyən adamlar çoxluğundan ibarətdir. Lakin eyni bir sosial şərait-də iki və ya üç adamın sadəcə olaraq iştirak etməsi onları sosial-psixoloji cəhətdən qrup kimi xarakterizə etmək üçün hələ kifayət deyildir. Demək olar ki, iki və daha çox adam qrup halında birləşəndə onların hər birinin fəallığında elə yeni cəhətlər meydana çıxır ki, bunları artıq fəzanın psixologiyası ilə deyil, ancaq qrupun sosial-psixoloji qanunauyğunluqları ilə izah etmək mümkündür.
Qrup müəyyən struktura malik özünəməxsus sistemdir. Qrupa daxil olan hər bir adam onda müəyyən rol və vəzifə ifadə edir. Hər bir qrup özünün məqsədləri-nə, normalarına, sərvət meyllərinə, sosial gözləmələrinə və s. müvafiq olaraq müxtəlif formalarda öz üzvlərinə nəzarət edir, onları rəğbətləndirir və ya cəzalandırır. Qrup üzvləri müvafiq normaları və sərvət meyllərini mənimsədikcə, sosial-psixoloji cəhət-dən qrupun həyatında köklü dəyişikliklər əmələ gəlir: qrup üzvlərində qrupa mənsub-luq hissi - «biz» hissi yaranır. Bunun psixoloji baxımdan ilk əlaməti ondan ibarətdir ki, qrupun hər bir üzvü qrupun nailiyyətlərini öz nailiyyətləri, müvəffəqiyyətsizliyini isə öz müvəffəqiyyətsizliyi hesab edir. Qrup mahiyyət etibarilə bu andan əsl qrup kimi fəaliyyət göstərməyə başlayır . Qrupun nəzərdən keçirdiyimiz xüsusiyyətlərinin bir qismi onun struktur-formal (təşkilati) cəhətdən xarakterizə edir. Qrupun həcmi, tərkibi, kommunikasiya kanalları, rolların bölüşdürülməsi, tabelilik sistemi və s. buna misal ola bilər.

2-ci sual. Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük vəkiçikolmaqla iki yerə bölürlər.
Böyük qrup 30-40 - dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilərlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi olan universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir.
Kiçik qrupa gəldikdə bu 2-dən 30-40 - a qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-biri ilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə qarşılıqlı əlaqədə olurlar.
Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qruplar adlandırırlar. Məsələn, yeni yaranmış ailə. İnsan adətən bir ilkin qrupun iştirakçısı olur.
Kiçik qrupun növləri. Sosial psixologiyada kiçik qrupların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti qrupları ayırd edirlər.
Şərti qruplar adından məlum olduğu kimi müəyyən şərtlər, adamların müəyyən xüsusiyyətlərə (cins, yaş, həmkarlıq və s.) əsasən müəyyən qruplara daxil edilməsi nəticəsində yaranır. Şərti qrup bəzən statik qrup da adlanır. Şərti qrup üzvləri eyni zaman və məkan daxilində yaşamaya və bir-birilə rabitədə, təmasda olmaya da bilərlər.
Real qruplara gəldikdə bunlar müəyyən zaman və məkan daxilində real münasibətlərlə birləşmiş insan birliyini aid edirlər. Məsələn, ailə, bir sinifin şagirdləri, məktəbin pedaqoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birilə təmasda olurlar.
Sosial psixologiyada kiçik qrupların məqsəd və xarakterinə görə daha iki növünü ayırd edirlər: rəsmi (formal) və qeyri-rəsmi (qeyri-formal).
Rəsmi qruplar rəsmi sənədlər əsasında yaradılmış qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir. Bu cür qruplar daima mütəşəkkil olub, onun üzvlərinin hüquq və vəzifələri müvafiq təlimat və sənədlərdə öz əksini tapır.Qeyri-rəsmi qruplara gəldikdə, adından göründüyü kimi, rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir. Bu cür qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur. Bu cür qruplar ünsiyyət prosesində təbii yolla yaranır. Burada qrup üzvlərinin bir-birinə qarşı emosional-psixoloji münasibətləri qrupun yaranması üçün əsas rol oynayır.
Referent qruplar. Psixoloji ədəbiyyatlarda kiçik qrupların bir növü kimi referent qrupları da qeyd edirlər. Özünün normaları, fikirləri, qiymətləri ilə fərdin davranış motivlərinə çevrilən sosial birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq 1942-ci ildə Q.Xaymen tərəfindən irəli sürülmüşdür.
Qaydaları və normaları şəxsiyyətin qayda və normalarına çevrilən, fərdin statusunun artması üçün daimi imkanları olan bu cür referent qrupları çox vaxt etalon qrup adlandırırlar.

3-cü sual. Funksional psixoloji uyuşmada idraki, emosional-iradi cəhətdən yaxınlıq, xüsusilə temperament və xarakter səviyyəsində uyuşma əsas götürülür. Həyati faktlar göstərir ki, qrup üzvləri arasında xarakterlərinə görə uyğunsuzluğun olması çox vaxt qrupda ciddi mənfi psixoloji hadisələrin baş verməsinə, xüsusilə qrupda psixoloji iqlimin pozulmasına gətirib çıxarır. Hətta qrup üzvlərinin tək birində xarakterin ciddi uyğunsuzluğu qrup fəaliyyətinin pozulmasına əsaslı təsir göstərə bilir.
Psixoloji ədəbiyyatda qeyd olunduğu kimi qrup uyuşmasının adaptiv planda təhlili pozitiv şəxsiyyətlərarası münasibətlərin formalaşdırılmasını nəzərdə tutur. Psixoloqlar qrup uyuşmasının adaptiv planda həyata keçirilməsini təmin etmək üçün işgüzar oyunlar metodundan geniş istifadə olunmasını məsləhət görürlər.
Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, işi birlikdə icra edən və ya yanaşı yaşayan adamların uyuşan və ya uyuşmaz olması qrupların sosial-psixoloji təhlili üçün ən aktual vəzifələrdən biridir.
Qrup uyuşmasının eksperimental tədqiqi qomeostat adlanan xüsusi qurğunun köməyi ilə həyata keçirilir. Qomeostat elə bir cihazdır ki, burada eyni vaxtda bir neçə adam işləyə bilir. Bu zaman birgə fəaliyyətin müvəffəqiyyəti bütün qrupun fəaliyyətinin uzlaşdırılmasından və uyğunlaşdırılmasından asılı olur. Bu cihazın köməyi ilə qrupun birgə fəaliyyətə nə dərəcədə hazır olduğunu aşkara çıxarmaq mümkündür.
Qrup təzyiqi fenomeni. XX əsrin 50-60-cı illərində sosial psixologiyada şəxsiyyətin davranışının onun fərqli sərvət meylləri və normaları qrup normalarına uyğun gəlmədiyi şəraitdə ziddiyyətli xarakter daşıması problemi diqqət mərkəzində olmuşdur. Bu cür psixoloji konfliktlər qrupun şəxsiyyətə təsiri şəraitində təzahür edə bilirdi ki, bu qrup təzyiqi hadisəsi kimi qeyd olunurdu. Fərd və qrup arasındakı konflikti həll etməyin yollarından biri kimi konformizm özünü göstərməyə başlamışdır.
Konformizm (və ya konformluq) fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitə uyğunlaşmasından ibarətdir. Bu baxımdan sosial psixologiyada konformluq dedikdə fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitə şüurlu uyğunlaşması, insanların öz davranışlarını dəyişmək meyli başa düşülür. Bu zaman istər-istəməz psixoloji cəhətdən fərdin mövqeyinin qrupun təzyiqinə məruz qalması baş verir.
Şəxsiyyətin qrup "təzyiqinə", fikrinə tabe olması daxili və xarici xarakter daşıya bilir. Xarici konformluq zamanı qrup təzyiqi götürüldükdən sonra fərd özünün ilkin mövqeyinə qayıdır. Daxili konformluq zamanı isə qrup təzyiqi aradan çıxdıqdan sonra da fərd qrupun mövqeyini saxlayır. Başqa sözlə həmin konformluq zamanı fərdin daxili mövqeyi ilə xarici təzyiq arasında ixtilaf olmur. Ona görə də bu cür konformluğu bir növ qrupdaxili təlqin adlandırmaq mümkündür.
Fərdin nə olursa olsun əksəriyyətin fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks çıxması nonkonformizm adlanır.
Kiçik qruplarda özünü göstərən hadisələrdən biri də qrup qütbləşməsi hadisəsidir. D.Mayersə görə qrup qütbləşməsi qrupun təsiri altında onu üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun rəyinin parçalanması əvəzinə orta ənənənin öz qütbünə köçürülməsindən ibarətdir.

4-cü sual. Hər bir qrupda ona rəhbərlik edən "rəhbər işçi", "lider" və onun tapşırıqlarına əməl edən adamlar: "tabe işçilər" mövcud olur.
Sosial psixologiyada "rəhbərlik" və "liderlik" anlayışlarının oxşar və fərqli cəhətləri qeyd olunur. Həm rəhbər, həm də lider qrupa başçılıq edən adam kimi nəzərdə tutulur. Adətən, rəhbər nisbətən yüksək səviyyəli, səlahiyyətli təşkilatlar tərəfindən qrupun idarə olunmasının təşkilini təmin edəcək rəsmi adam kimi nəzərdə tutulur. Lider isə qrupun şəxsi nüfuzu sayəsində bir çox və ya bütün üzvlərinin davranışına qeyri-rəsmi ölçülərlə təsir göstərməyi bacaran üzvlərindən biri kimi qeyd olunur.
Göründüyü kimi, "rəhbər" və "lider" anlayışının oxşarlığı hər iki anlayışda qrup fəaliyyətinin təşkilini həyata keçirməklə bağlılığında ifadə olunur. Fərqli cəhətlərinə gəldikdə isə rəhbər rəsmi şəkildə təyin olunduğu halda, lider çox vaxt rəsmi şəkildə deyil, qrup üzvlərinin yüksək nüfuzunu qazanmaq ilə yaranır.
Təcrübə göstərir ki, qrup fəaliyyətinin səmərəliliyi rəhbərlik üslubundan əsaslı şəkildə asılıdır. Sosial psixologiyada 5 cür rəhbərlik üslubu qeyd edilir: avtokratik, avtoritar, demokratik, laqeyd (etinasız,liberal), qeyri-sabit.
Avtokratik rəhbərlik üslubuna malik olan liderlər bir növ müstəbid olurlar. Adətən avtokratik və avtoritar liderlər qrup üzvlərinin fikir və ideyalarını nəzərə almadan müstəqil hərəkət edirlər. Əmr, göstəriş, təlimat, töhmət, təşəkkür onların qrup üzvləri ilə əsas əlaqə forması olur.
Avtoritar lider qrup üzvlərinin imkan və qabiliyyətlərini aşağı qiymətləndirir. Bu cür rəhbərlər qrup üzvlərinin təşəbbüslərini boğur.
Demokratik üsluba malik olan lider qrup üzvləri tərəfindən rəğbətlə qarşılanır. Bu cür liderlər daim qrup üzvləri ilə razılaşırlar. Qərar qəbul edərkən qrup üzvlərinin təkliflərini nəzərə alır.
Laqeyd rəhbərlik üslubuna malik olan liderlərin qrup üzvləri ilə ünsiyyəti kortəbii xarakter daşıyır. Çox vaxt onların arasında yaranan ünsiyyət qrup üzvləri tərəfindən diktə olunur.
Qeyri-sabit rəhbərlik üslubuna malik olan liderlər dəyişkən olurlar. Onların necə hərəkət edəcəklərini qabaqcadan müəyyənləşdirmək mümkün olmur.

5-ci sual. Etnik sistem və ya etnik çoxluq dedikdə eyni mədəniyyətə, ümumi dilə, psixikanın səciyyəvi əlamətlərinə, vahid əraziyə və mənlik şüuruna malik olan tarixi proses nəticəsində yaranmış insanlar çoxluğu başa düşülür. Belə bir çoxluğun üzvü yəni etnik xassələrin daşıyıcısı etnofor adlanır (Y.B.Bromley)
L.N.Qumilev etnosun formalaşmasında üç əsas amili ayırd edirdi: l.bioloji amil. 2. coğrafi amil. 3. tarixi amil (sosial amil nəzərdə tutulur).
Hər bir etnik qrup yerləşdiyi etnososial mühitdən asılı olaraq müxtəlif psixi xüsusiyyətlər kəsb edir. Çünki etnosun sosial çoxluq kimi aktuallaşmış tələbatları etnososial mühiti əmələ gətirən amillərdir. Bundan asılı olaraq etnosla mühit arasındakı tarazlığın yaranması üçün həmin mühitə uyğunlaşma prosesi baş verir ki, bu da etnosun psixi fəaliyyətinin məzmununu müəyyən edir.
Etnosun formalaşmasının əsasında bioloji amil durur. Yəni orqanizmlə mühit arasında onun tələbatını ödəmək lazımdır. Bioloji tələbatın ödənilməsi müəyyən bio-coğrafi mühitdə baş verir.

6-cı sual. Qruplarda insanlar birgə yaşayıb və fəaliyyət göstərmələrinə görə onların arasında istər-istəməz qarşılıqlı münasibətlər özünü göstərir. Bu cür münasibətlər sosial psixologiyada şəxsiyyətlərarası münasibətlər adlanır. Şəxsiyyətlərarası münasibətlər birgə fəaliyyət və ünsiyyət prosesində insanlar arasında təzahür edən subyektiv qarşılıqlı təəssüratdan ibarətdir. Şəxsiyyətlərarası münasibətlər fərdlərin bir-birini qavraması şəraitində mümkün olur. Şəxsiyyətlərarası münasibətlər insanların bir-birində qavradığı və qiymətləndirdiyi ustanovka, meyl, gözləmə, stereotiplər və s. sistemindən ibarətdir. Başqa sözlə şəxsiyyətlərarası münasibətlər sosial-psixoloji amillərlə şərtlənmiş özünəməxsus hadisədir.
Qavrayış zamanı hər şeydən əvvəl qavranılan adamın anatomik, funksional və sosial keyfiyyətlərinin müəyyən məcmusu əks etdirilir. Bu keyfiyyətlər vəhdətdə olsa da inikas prosesində birinci yerə sosial cəhətlər keçir. Başqasına rast gəldikdə birinci növbədə "O kimdir?" sualı meydana gəlir. Bu sual hər şeydən əvvəl fərdin sosial mövqeyini müəyyənləşdirir.
Bununla yanaşı olaraq qeyd etmək lazımdır ki, şəxsiyyətlərarası münasibətlərdə subyektiv, psixoloji amillər həll edildiyindən həmin amillər münasibətlər sistemində özünəməxsus iz buraxır. Məhz buna görə də hər bir şəxs qarşılıqlı münasibətdə olduğu adamın subyektiv mövqeyini öyrənməyə çalışır. Bu proses müxtəlif rabitə, yol və vasitələrin köməyi ilə həyata keçirilir. Bu vasitələrin köməyi ilə münasibət saxlanılan şəxsin kim olduğu, onun rəğbət və yaxud əks hisslərlə ətrafdakılara münasibəti, ictimai imkanları və s. aşkara çıxarılır.
Şəxsiyyətlərarası münasibətlər mürəkkəb və çoxsəviyyəli quruluşa malikdir. Bunlardan birincisi, ilk növbədə "gözə çarpan" vasitəsiz asılılıq səviyyəsidir. Buraya fərdlərin emosional xoşagəlimliliyi, qrup uyğunluğu, ünsiyyətlilik, həmrəylik və s. vasitəli asılılıq səviyyəsi daxildir.
İkincisi, daha əsaslı səviyyə vasitəli asılılıq səviyyəsi olub şəxsiyyətlərarası münasibətlərin məcmusunu təşkil edir. Bu səviyyəyə fərdin kollektivçilik psixologiyasının dərəcəsi, qrup həmrəyliyi, iştirakçıların öz davranış etalonlarını kollektivin etalonlarına uyğunlaşdırmaq meylləri, kollektivdə sosial sxemlər və onların iştirakçılar tərəfindən qavranılması və s. daxildir.
Üçüncü səviyyə qrupun istehsalat, təlim və yaxud ictimai vəzifələri səviyyəsinin məcmusu təşkil edir. Buraya qrupun yerinə yetirdiyi vəzifəyə hazırlığı, işgüzarlığı, başqa qruplarla rabitə münasibətləri və s. daxildir.
Şəxsiyyətlərarası münasibətlərin aşağıdakı növləri var: rəsmi, qeyri-rəsmi, şəxsi, işgüzar.
Rəsmi münasibətlər rəsmi sənədlərə, normalara uyğun həyata keçirilən şəxsiyyətlərarası münasibətlərdir.
Qeyri-rəsmi münasibətlər isə insanların bir-birinə olan şəxsi münasibətlərinə əsaslanır. Bu cür münasibətlər subyektiv xarakter daşımaqla insanların bir-birinə simpatiyasında, antipatiyasında və s. ifadə olunur.
Şəxsi qarşılıqlı münasibətlərin bu tiplərini fərqləndirirlər: tanışlıq, yoldaşlıq, dostluq, ər-arvad. Mütəxəssislərin fikrincə şəxsi qarşılıqlı münasibətlərin kökü insanların hisslər aləmi ilə bağlıdır və emosional amillər zəminində formalaşır.
İşgüzar münasibətlər işgüzar əlaqələrin həyata keçirilməsi prosesində baş verir və insanların birgə fəaliyyətinin səmərəliliyinə öz təsirini göstərir.

İstifadə olunmuş ədəbiyyat
1.              Bayraməv Ə.S. Əlizadə Ə.Ə. Psixologiya. Bakı: 2003
2.              Bayramov Ə.S. Psixoloji düşüncələr. Bakı:1994
3.              Bayramov Ə.S. Etnik psixologiya. Bakı:2001
4.              Əlizadə Ə.Ə. Etnik psixologiyaya giriş. Bakı:2004
5.              Немов Р.С . Психология. М: 2001
6.              Маклаков С.Я. Общая психология. М: 2006
7.              Геппенрейтер Ю. Введение в психологии. М: 1996

Top