Qavrayış haqqında anlayış. Cisim və hadisələr hiss üzvlərimizə təsir edir və duyğu şəklində subyektiv effekt yaranır. Bu zaman subyekt əks etdirilən obyektə münasibətdə heç bir fəallıq göstərmir. Duymaq qabilliyyəti anadangəlmə sinir sisteminə malik olan həm bizə, həm də bütün canlılara xasdır. Aləmi obrazlar şəklində qavrama ancaq insanlara və ali heyvanlara aiddir. Bu prosses həyat təcrübəsinin genişlənməsi ilə bağlı olaraq inkişaf edir.
Həm duyğu, həm də qavrayış hər ikisi hissi idrak prossesləridir. Varlığın, aləmin dərki duyğu və qavrayışdan başlanır. Bunların hər ikisi cisimlərin, hadisələrin insanın duyğu üzvlərinə bilavasitə təsiri zamanı əmələ gəlir. Bununla belə bu iki psixi proses arasında prinsipial fərq mövcuddur.
Məlum olduğu kimi, duyğu hal-hazırki anda hiss üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan sadə psixi prossesdir. Qavrayış isə duyğuya nisbətdə mürəkkəb psixi prossesdir.
Cisim və hadisələrin hiss üzvlərinə bilavasitə təsiri nəticəsində onların insan beynində bütövlükdə inikasından ibarət olan psixi prosesə qavrayış deyilir.
Qavrayışın əsas xüsusiyyətləri
Qavrayışın özünəməxsus xüsusiyyətləri vardır. Bunlara qavrayışın
əşyaviliyi, tamlığı, sabitliyi, mənalılığı, seçiciliyini aid etmək olar. Qıcıqlandırıcıların ayrı-ayrı xassələrini əks etdirən duyğulardan fərqli olaraq, qavrayış cisimləri bütövlükdə, onun bütün əlamətləri ilə birlikdə əks etdirir. Bir psixi prosses kimi qavrayışın özünəməxsus xüsusiyyətləri var.
Bu xüsusiyyətlərdən biri qavrayışın
əşyaviliyidir. Qavrayışın əşyaviliyi obyektləşdirmə aktında ifadə olunur. Yəni biz ayrı-ayrı əlamətlərini duyduğumuz cisim, yaxud hadisəni aləmdə mövcud cisimlər, hadisələr qrupuna aid edirik, xarici aləmdən alınan məlumatları həmin aləmin özünə aid edir və onu əks etdiririk. Qavrayışın əşyaviliyi anadangəlmə keyfiyyət deyil. O, həyat fəaliyyəti prosesində lamisə və hərəkət duyğularının görmə duyğusuna qoşulması nəticəsində formalaşır. Belə bir fakta diqqət yetirək. Kliniki müşahidələr göstərir ki, kantuziya nəticəsində beyni zədələnmiş xəstədə göz almacıqlarının tam hərəkətsizliyi əmələ gəldikdə, o ətrafda olan hər şeyi işıq seli kimi duyur. Predmetləri qavraya bilmir. Lakin müəyyən müalicə aldıqdan sonra göz almacıqlarının hərəkəti bərpa olunur. Ancaq bundan sonra predmetləri qavraya bilir. Bu fakt onu göstərir ki, cisimlərin qavranılmasında görmə duyğusu ilə yanaşı hərəkət duyğusunun da iştirakı vacibdir. Qavrayışın əşyaviliyi, onun əşyaviliyi deyilən keyfiyyəti ancaq bu zaman meydana çıxır.
Qavrayışın əşyaviliyi xüsusiyyəti davranışın tənzim olunmasında mühüm rol oynayır. Adətən insan əşyaları onların görkəminə görə deyil, təcrübədə onlardan necə istifadə etdiyimizə, onların əsas xassəllərinə görə xarakterizə edirik. Bu isə qavrayışın əşyaviliyi xüsusiyyəti sayəsində mümkün olur. Məsələn, biz oyuncaq tapançanı həqiqi tapançadan, yaxud bir quşun müqəvvasını canlı quşdan ayıra biliriksə və onlarla müvafiq şəkildə davranırıqsa, burada qavrayışın əşyaviliyi xüsusiyyəti özünü göstərir.
Qavrayışın digər bir xüsusiyyəti isə onun
tamlığıdır. Qavrayış cisimlərin ayrı-ayrı xassələrini, əlamətlərini əks etdirən duyğulardan fərqli olaraq cisimlərin tam surəti kimi təzahür edir.
Qavrayışın
sabitliyionun digər bir xüsusiyyətidir. Qavrayışın sabitliyi qavranılan cismin surətinin, onun dərk edilmə şəraitinin dəyişilməsinə baxmayaraq, sabit qalmasında ifadə olunur. Bu daha çox görmə qavrayışında özünü büruzə verir. Məsələn, eyni bir karandaş həm 20 sm, həm də 1 metr məsafədə böyüklük etibarı ilə eyni cür qavranılır.
Yaxud, biz qarşımızdakı boşqabı üstdən dairə şəklində, yandan baxanda isə ellepis şəklində görməli idik. Lakin biz onu hansı tərəfdən baxmağımıza baxmayaraq dairə şəklində qavrayırıq. Bu qavrayışın sabitliyi ilə əlaqədardır.
Qavrayışın sabitliyinin həqiqi mənbəyi perseptiv sistemin fəaliyyətindən ibarətdir. Sıx meşə şəraitində yaşayan adamlar üzərində aparılan müşahidələr göstərmişdir ki, həmin adamlara uzaqda olan obyektləri göstərdikdə onlar bu əşyaları uzaqda olan əşya kimi deyil, kiçik əşya kimi qavramışlar.
Qavrayışın sabitliyi anadangəlmə bir xüsusiyyət deyil. Belə bir fakta diqqət yetirək. Uşaqlıqda gözləri tutulmuş bir insanın görmə qabiliyyəti cərrahiyə əməliyyatı sayəsində bərpa edilir. Əməliyyatdan sonrakı ilk vaxtlarda ona elə gəlir ki, 10-12 metr hündürlükdə olan pəncərədən küçəyə tullansa ona heç bir ziyan dəyməz. Bu o deməkdir ki, həmin adam aşağıda olan obyektləri uzaqda olan obyekt kimi yox, kiçik obyektlər kimi qavramışdır. Bu qavrayışın sabitliyinin pozulmasıdır. Yaxud da belə demək olar ki, perseptiv sistemin fəaliyyət göstərməməsidir. Müalicə dövrü keçir. Perseptiv sistem fəaliyyətə başlayır, qavrayışın sabitliyi də bərpa olunur.
Qavrayışın
mənalılığı xüsusiyyəti də qavrayışı xarakterizə edən başqa bir cəhətdir. Qavrayış zamanı yaranan obrazlar qıcıqlandırıcıların bilavasitə təsiri nəticəsində yaransa da, bu zaman yaranan surətlər həmişə müəyyən məna əhəmiyyətinə malik olur. İnsanın qavrayışı təfəkkürlə, əşyanın mahiyyətini anlamaqla sıx şəkildə bağlı olur. Əşyanı şüurlu surətdə qavramaq onu fikrən adlandırmaq, yəni qavranılan əşyanı müəyyən predmetlər qrupuna aid etmək, onu sözdə ümumiləşdirmək deməkdir. Qavrayış obyekti, hətta bizə naməlum olarsa, biz onun məlum predmetlərə oxşar olan cəhətlərini axtarır, tapır, onu müəyyən cisimlər qrupuna aid etməyə cəhd edirik. Qavrayış prosesində bu cür ilkin təfəkkür elementlərinin iştirakı qavrayışın mənalılıq kimi xüsusiyyətə malik olduğunu göstərir.
Appersepsiya.
Qavrayış təkcə qıcıqlandırıcılardan asılı deyil, həm də qavrayanın özündən də asılıdır. Qavrayan adamın şəxsiyyətinin xüsusiyyəti, onun qavranılan obyektə münasibəti, tələbatları, maraqları, arzu və hissləri həmişə qavrayışda bu və ya başqa şəkildə özünü büruzə verir. Qavrayışın insanın psixi həyatının məzmunundan, şəxsiyyətinin xüsusiyyətlərindən asılılığına appersepsiya deyilir. Appersepsiya hadisəsi də qavrayışın mühüm xüsusiyyətlərindəndir.
Appersepsiya hər şeydən əvvəl insanın bilikləri ilə, onun həyat təcrübəsi ilə, onun keçmiş fəaliyyəti ilə bağlı olur. Məsələn, biz bilmədiyimiz bir dildə olan sözü qavrayarkən onu tanımırıq, ancaq ana dilində o qədər də səlis tələffüz edilməyən sözü eşitdikdə onu anlayırıq.
Qavrayış insanın qarşısına qoyduğu məqsədlə, fəaliyyətinin motivləri ilə və onun maraqları, şəxsiyyəti ilə də bağlı olur. Məsələn, texnika ilə maraqlanmayan bir adam müxtəlif konstruksiyaya malik olan maşınlarda ancaq zahiri fərqləri qavrayır, bir sıra digər çox sayda olan konstruksiya fərqlərini qavraya bilmir.
Appersepsiya zamanı insanın emosiyaları, onun yönəlişliyi mühüm rol oynayır. Məsələn, qorxu ilə bağlı yaranan emosiya qavrayışa təsir edir, hətta onu dəyişdirir. «İlan vuran ala çatıdan qorxar» xalq məsəlində bu çox aydın görünür. M.F.Axundovun «Hacı Qara» komediyasında belə bir səhnə var: Hacı Qaranın Arazın o tayından keçirilən qaçaq malını ata yükləyir, yükün də üstündə Kərəməlini əyləşdirir, atın da yüyənini verirlər Hacının əlinə. Hacı Qara yolda əylis ermənilərinə rast gəlir. Hacı Qara əllərində oraq dayanan ermənilərin quldur olduğunu söyləyir, hətta atəş də açır. Biçinlərin quldur kimi qavranılmasına səbəb xəsis bir adamın öz malını itirməsindən keçirdiyi qorxu hissi idi.
Şəxsiyyətin yönəlişliyi də qavrayışa təsir edir. Gecə yatarkən ana otaqda, küçədə olan səslərə heç bir reaksiya vermədiyi halda, uşağın yatdığı tərəfdən gələn kiçik bir səsə dərhal oyanır. Bu qavrayışla şəxsiyyətin yönəlişliyinin iştirakı, appersepsiya hadisəsi ilə bağlıdır.