Qruplar haqqında

Qruplar haqqında

İnsan cəmiyyət daxilində doğulub yaşayır. Hər bir fərd nəinki bioloji, eyni zamanda sosial irsə sahib olub, konkret mühitdə və cəmiyyətdə mövcud yaşayış tərzini, görüşləri, adət və ənənələri təkrar edir. Bu baxımdan hər bir şəxs konkret cəmiyyətin məhsulu, öz dövrünün övladıdır. Burada insan birliyi xüsusi rol oynayır. Əgər insan tək, tənha yaşasaydı nə onun bir şəxsiyyət kimi formalahması, nə də öz tələbatlarını ödəməsi işi istənilən səviyyədə gedə bilməzdi. Məhz buna görə də bəşər tarixində insanlar daima müəyyən qruplarda birləşir və fəaliyyət göstərirlər.
Bəs hər cür insan birliyini qrup adlandırmaq olarmı? Qrupları səciy­yələndirən əsas amillər nədən ibarətdir? Bu kimi suallara cavab vermədən qruplar, onların rolu və funksiyalarını da düzgün dərk etmək mümkün deyildir.

Hər şeydən əvvəl hər cür insan birliyini, məsələn, təsadüfən avtobusda, metroda, küçədə birgə gedən adamları qrup adlandırmaq düzgün deyildir. Bu adamlar fiziki cəhətdən birləşmiş fərdlər olmaqla, bir-birlərinə qarşılıqlı təsir göstərmirlər. Hər hansı bir insan birliyini qrup adlandırmaq üçün həmin adamların vahid məqsəd uğrunda birgə fəaliyyətə girişməsi tələb olunur. Bu cür ümumi mənafe və birgə fəaliyyət olmadıqda insanların birliyinin son məqsədi də məlum olmur. Bu cür təsadüfi birləşmədə insanların bir-birinə qarşılıqlı təsiri, onların bir-birini qavraması halları da aradan çıxır. Bu baxımdan görkəmli amerika psixoloqu D.Mayersin qrupa verdiyi tərif diqqəti cəlb edir. «Qrup bir-birinə qarşılıqlı təsir göstərən, bir-birinə uzun müddət təsir göstərməklə özlərini «biz» kimi qavrayan iki və daha artıq insan birliyidir». Məhz buna görə də qrupları sosial mənsubiyyətə, birgə fəaliyyətin və ünsiyyətin xarakterinə görə birləşən insan birliyi kimi səciyyələndirmək lazım gəlir.

Tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış, ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan adamların nisbətən sabit birliyi qrup adlanır.
Adamların qeyri-mütəşəkkil yığımından, təsadüfü birliyindən fərqli olaraq qrup üzvləri qrup üçün tipik olan fəaliyyət növlərinə daxil olurlar. Məsələn, ali məktəbin tələbə qruplarında gələcəyin mütəxəssisi kimi formalaşmalı olan insanlar birləşirlər. Onlar üçün tipik fəaliyyət növü təlim fəa­liy­yəti olub, bu prosesdə müvafiq peşə bilik, bacarıq və vərdişlərinin formalaşması baş verir.
Adətən hər bir adam müxtəlif qrupların üzvü ola bilir. Lakin hər hansı adam bütün qruplarda eyni statusa malik olmur, müxtəlif qruplarda müxtəlif rolları yerinə yetirir. Məsələn, uşaq ailədə övlad (oğul və ya qız), məktəbdə şagird, voleybol komandasında idmançı rolunu; yaşlı adam ailədə valideyn, işdə müdir və ya adi işçi və s. rolunu yerinə yetirə bilər.


Sosial qruplar. Qeyd olunduğu kimi, adi insan biriliklərində  adamlar ümumi mənafe, sərvət və davranış normalarına malik olmurlar. Yalnız sosial qruplarda hər cür sosial münasibətlər mövcud olur. Sosial qruplar cəmiyyətin qəbul etdiyi, özünün məqsəd və vəzifələri onun xeyrinə olan qruplardır. Bu cür qruplara ailəni, orta və ali məktəb qruplarını, təşkilat və idarələrdə toplanmış insan qruplarını, hərbi və idman qruplarını və s. aid etmək olar. Həmin qrupların strukturu, normaları cəmiyyətin mövcud tələblərinə uyğun olmaqla, bir növ cəmiyyət tərəfindən idarə olunur. Təsadüfü insan biliklərində isə çox vaxt bu cür idarə olunma mövcud olmur. Bu cür insan birlikləri bir növ kütlə xarakteri daşıyır. Kütlə aydın dərk olunmuş ümumi məqsəddən məhrum olan, lakin bir-biri ilə öz emosional vəziyyətinin oxşarlığı və ümumi diqqət obyektinə görə bağlı olan, xüsusi strukturu olmayan insan toplusudur. Sosial qruplarda isə aydın dərk olunmuş ümumi məqsədlər mövcud olur. Qrup üzvlərinin hamısı həmin məqsədin həyata keçirilməsinə çalışırlar. Burada qarşılıqlı anlama, əvvəlcədən düşünülmüş struktura uyğunluq, müvafiq funksiyalar həyata keçirilir. Bu cəhəti nəzərə alaraq Ə.Bayramov və Ə.Əlizadə yazır: «Sosial qrup mədəniyyət meyarları, sərvət meylləri, həyat fəaliyyəti vasitələri və ya şəraiti ilə bir-biri ilə bağlı olan insanların nisbətən sabit birliyidir» .
Psixoloji ədəbiyyatda (Ə.Bayramov, Ə.Əlizadə) sosial qrupların aşağıdakı funksiyaları qeyd olunur:
  • sosializasiya funksiyası;
  • instrumental funksiya;
  • ekspressiv funksiya;
  • müdafiəedici funksiya;

Qrupun sosializasiya funksiyası-burada qrup üzvlərinin sosiallaşması, sosial təcrübəni mənimsəməsi, bir şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur. İnsanın sosiallaşması onun düşdüyü ilkin sosial qrupdan başlayır. Ailənin ilkin sosial qrup kimi uşağın sosiallaşmasında oynadığı rol hamıya məlumdur. İnsanın daxil olduğu sonrakı sosial qruplar da onun sosial təcrübəni mənimsəmək məktəbi rolunu oynayır.
Sosial qrupların instrumental funksiyasına gəldikdə bu, qrupda insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu, xüsusilə kollektiv şəkildə həyata keçirilən fəaliyyət növlərində özünü daha aydın şəkildə göstərir. Buna voleybol, futbol komandasının və birgə fəaliyyətə əməl olunmadan həyata keçirilməsi mümkün olmayan digər fəaliyyət növlərində birləşən insan qruplarını aid etmək olar.
Sosial qrupların ekspressiv funksiyasına gəldikdə buna psixoloqlar qrupda insanın rəğbətləndirmə, hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunmasını aid edirlər. Başqa sözlə sosial qruplar insanların qeyd olunan tələ­batlarını ödəmək vəzifəsini də yerinə yetirirlər.
Sosial qrupun müdafiəedici funksiyasına gəldikdə  elə həmin funksiyanın adı onun mahiyyətini başa düşməyə imkan verir. Sosial qrup öz üzvlərinin hərtərəfli müdafiəsi üçün əsaslı şərait yaradan bir birlik kimi fəaliyyət göstərir.
Top