Hafizə

Hafizə

İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır. Keçmişdə baş verənlərin psixikada "izi", işarələri, kodu, sürəti qalır. Bizlərdən hər birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə yaşadığımızı söyləyərik.
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik.
Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı, yüksək tonla mənasını özünun də başa düşmədiyi yunan və latın dillərində danışmağa başlayır. Məlum olur ki, uşaqlıqda o, keşişin yanında qulluqçu işləmişdir. Keşiş adətən antik klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmış. Qadın isə qeyri-ixtiyari olaraq onları yadda saxlamış, lakin xəstələnənə qədər bunu heç özü də bilməmişdir.
Aptekdə gipnoz edilmiş şəxs dərmanların üzərindəki yüzlərlə yazını, dərman adlarını əzbərdən söyləmişdir. Halbuki onun tibblə heç vaxt bağlılığı olmamışdır.
Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də yaddaşının olması ilə bağlı elmi fikirlər söylənilir. Geniş mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən anadangəlmə və həyatda qazanılan mexanizm kimi də xarakterizə etmək olar.
Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanması sayəsində sonralar onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir.

Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Əgər hafizə olmasaydı hər şey insana həmişə yeni görünərdi. Hafizə olmasaydı insan «əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı» (İ.Seçenov). Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin vahidliyini və tamlığını təmin edir.
Hafizə və onun mexanizmləri ta qədim zamanlardan mütəfəkkirlərin diqqətini cəlb edən bir problem olmuşdur. Bu baxımdan hafizənin psixoloji, fizioloji, biokimyəvi və s. nəzəriyyələri meydana çıxmışdır. Hafizənin psixoloji nəzəriyyəsində hələ vaxtilə Aristotelin irəli sürdüyü assosiasiya anlayışı xüsusilə diqqəti cəlb edir. Bu anlayış bütün psixi törəmələrdə məcburi prinsip kimi irəli sürülmüşdür. Bu prinsipə görə əgər müəyyən psixi törəmələr şüurda eyni vaxtda və ya bir-birinin ardınca meydana gəlirsə, onların arasında assosiativ əlaqə yaranır və bu əlaqələrin hər hansı bir ünsürü yenidən canlandıqda şüurda mütləq onun bütün ünsürlərinin təsəvvürünü yaradır. Assosionistlər obyektlərin məkan-za­man yaxınlığından, oxşarlığından və fərqindən asılı olaraq üç assosiasiya tipini ayırmışlar: qonşuluq üzrə, oxşarlıq üzrə, əkslik üzrə. Bunların yaddasaxlama və yadasalmada əsas rol oynadığını göstərmişlər.
Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını akademik İ.P.Pavlov qoymuşdur. Bu İ.P.Pavlovun ali sinir fəaliyyətinin qanunauyğunluqları haqqında təliminin əsas müd­dəaları ilə sıx bağlıdır. Başqa sözlə, fizioloji nəzəriyyə hafizənin fizioloji əsasını beyin qabığında müvəqqəti əlaqələrin yaranması, möhkəmlənməsi və canlanması ilə bağlayır.
Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə hesab edirlər ki, beyində müəyyən üzvlərin möhkəmlənməsi, hifz edilməsi və yada salınması proseslərinin mexanizmləri əsasında xarici qıcıqlandırıcıların təsiri altında sinir hüceyrələrində baş verən spesifik kimyəvi dəyişmələr durur.

Hafizə mərkəzi harada yerləşir? Son illərdə aparılan psixolo;i tədqiqatlar təsdiq edir ki, yadasalma və xatırlama emosiya və motivasiya ilə sıx bağlıdır. Məlum olur ki, informasiyanın möhkəmləndirilməsində psixikanın affektiv və motivasiya fəallığını təmin edən qabıqaltı sahə əhəmiyyətli rol oynayır. Bütövlükdə beynin psixi funksiyasının lokalizasiyası hələ də tamamilə öyrənilməmişdir. Hələ də informasiyaların beyində necə kodlaşdırılması, deyək ki, görmə reseptorlarının məlumatlarının necə və beynin hansı sahəsində qorunduğunu tamamilə öyrənmək mümkün olmamışdır.
Beyində psixi funksiyanın necə lokallaşdırılması haqqında ilkin məlumatlar beyin travmaları almış xəstələri mü­şahidə etməklə toplanmışdır. Müəyyənləşdirilmişdir ki, beynin arxa nahiyəsinin zədələnməsi görmənin, alın nahiyəsinin zədələnməsi emosiyanın, sol yarımkürənin zədələnməsi nitqin pozulmasına səbəb olur.
Lakin son zamanlara qədər çoxluğun təəccübünə səbəb olan fakt ondan ibarət idi ki, yalnız heyvanlarda deyil, həm də insanlarda da beynin böyük bir sahəsinin zədələnməsinə baxmayaraq, hafizə pozulmur.
Qəbul edilən yeganə qanunauyğunluq ondan ibarət idi ki, beynin daha çox zədələnməsi ilə hafizənin pozulması arasında asılılıq mövcuddur. Bu kütlənin təsiri qanunu adlanır. Yəni beyin toxumalarının pozulması nisbəti ilə hafizənin pozulması nisbəti düz mütənasibdir. Hətta, beynin cərrahiyyə yolu ilə 20 faizi götürüldükdə belə, hafizə itmir. Elə bu səbəbdən də hafizə mərkəzinin lokalizasiyasının olmasına şübhə yarandı. Bəzi psixoloqlar isə hesab edirdilər ki, hafizə orqanı bütövlükdə beyindir.
Son vaxtlar baş verən iki elmi yenilik psixikanın informasiya mərkəzinin dəqiq öyrənilməsinə ümidləri artırmışdır. Birinci, müəyyənləşdirilmişdir ki, beynin bir sıra sahələrinə təsir göstərilməsi nəticəsində şüurda mürəkkəb zəncirvari yadasalma baş verir. Yəni insan çoxdan unutduqlarını xatırlayır. Cərrahiyyə əməliyyatından sonra unutduqlarını asanlıqla yada sala bilir. İkinci, müəyyənləşdirilmişdir ki, hafizə mərkəzi və ya hər halda məlumatların qısamüddətli hafizədən uzunmüddətli hafizəyə ötürülməsini tənzim edən sahəsinin fəaliyyəti yeni informasiya daxil olanadək mümkün olmur. Bu mərkəz «qippokamp» adlanır və beynin gicgah sahəsində yerləşir. Qippokampın iki tərəfli götü­rülməsindən sonra xəstələr cərrahiyyə əməliyyatına qədər baş verənləri yada salır, lakin əməliyyatdan sonra baş verənləri isə yada sala bilmirlər. Əvvəllər toplanmış informasiyaların harada qorunduğu sualı hələ də öyrənilməmiş qalır.
Hafizə probleminin yekun həlli uzun illər boyu psixologiya və fiziologiyanın mübahisə obyekti olmuşdur. Onun həlli beyində informasiya daşıyıcısı olan fiziki təbiətinin (molekullar, zülallar və s.) öyrənilməsi nəticəsində mümkün olacaqdır.

Hafizənin prosesləri

Yuxarıda qeyd olunduğu kimi, hafizənin yaddasaxlama, yadasalma, tanıma və unutma kimi prosesləri vardır.
Hafizə psixikanın funksional bütövlüyünün, üç mühüm prosesin nəticəsində yaranır. Onlardan birincisi yaddasaxlamadır. Bu prosesdə beynə daxil olan müxtəlif informasiyaların təhlili, identifikasiyası və kodlaşdırılması aparılır. Hafizə prosesinin ikinci mərhələsi informasiyanın hifz olunmasıdır. Prosesin üçüncü mərhələsi ixtiyari və ya qeyri-ixtiyari yadasalmadır. İnformasiyanın yada salınmasını haqlı olaraq hafizənin əsas funksiyası, insanın öz təcrübəsindən istifadə edə bilməsinin əsası hesab edirlər.

Yaddasaxlama duyub qavradıqlarımızın beyində hifz olunması prosesidir. Bu zaman yeni qavranılanların əvvəllər əldə etdiklərimizlə əlaqələndirilməsi yolu ilə möhkəmləndirilməsi baş verir.
Anlamadan asılı olaraq yaddasaxlamanın məntiqi və mexaniki növləri mövcuddur. Məntiqi yaddasaxlamanın əsasında anlama dayanır. Bu zaman insan öyrəndiklərini öz sözləri ilə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru əzbərləmə, bəzən mənaya əhəmiyyət vermədən yaddasaxlamadır. Adətən mexaniki olaraq yadda saxlayan şagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda yada sala bilmir.
Ən fərdiləşdirilmiş psixi hadisələrdən hesab olunan hafizə çoxsaylı amillərdən: beynin xüsusiyyətlərindən, mərkəzi sinir sistemindən, mühitdən, fəaliyyətin xarakterindən və şəxsiyyətin növündən asılıdır. Məhz bu səbəbdən yadda saxlamanın ən ümumi qanunauyğunluqlarını müəyyənləşdirmək xeyli çətindir və daha çətini isə onun səmərəli şəkildə idarə edilməsini öyrənməkdən ibarətdir. Baxmayaraq ki, hafizənin təkmilləşdirilməsi ilə bağlı çoxsaylı metodikalar işlənmiş, tövsiyələr hazırlanmışdır.
Alman psixoloqu Q.Ebbinhauz materiala məna və emosional münasibətlərdən asılı olaraq mexaniki yaddasaxlamanın 16 qanunauyğunluqlarını özündə birləşdirən vahid sistem təklif etmişdir. Onlardan bir neçəsini nəzərdən keçirək.
1. İnsana ilk dəfə təsir göstərən xarici təzyiqi o daha güclü və uzunmüddətli yadda saxlayır.
2. Güclü emosional reaksiya doğurmayan, lakin kifayət qədər mürəkkəb olan informasiya hafizədə hifz olunmur.
3. Diqqətin mərkəzləşdirilməsi nə qədər güclü olarsa, yaddasaxlama da o qədər sürətli baş verir.
4. Çoxsaylı fakt və təəssüratların əvvəli və sonu daha yaxşı yadda saxlanılır.
5. Təkrar yaddasaxlamanın daha səmərəli yoludur.
6. Məntiqi əlaqəsi və bir-birilə sıx bağlı olan fakt və hadisələr daha asan yadda saxlanılır. Çünki bu zaman assosiativ təəssürat daha asan və sistemli olur. Burada sanki əşya və hadisənin elementlərinin yadda saxlanması bir-biri ilə sıx bağlanır.
Qarşıya qoyulan məqsəddən asılı olaraq yaddasaxlamanın qeyri-ixtiyari və ixtiyari növlərini qeyd edirlər. Qeyri-ixtiyari yaddasaxlama qarşıya məqsəd qoymadan duyub-qavradıqlarımızın yadda saxlanmasıdır. Çox vaxt bizə emosional təsir bağışlayan material qeyri ixtiyari olaraq yadımızda qalır. İxtiyari yaddasaxlama isə qarşıya qoyduğumuz məqsədlə bağlı olur. Ona görə də ixtiyari yaddasaxlamanı xüsusi mnemik iş kimi xarakterizə edirlər. İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti, məhsuldarlığı mnemik məqsədin xüsusiyyətindən asılı olur. İxtiyari yaddasaxlamanın məhsuldarlığı üçün mühüm şərt kimi yadda saxlanılacaq materialın planını tutmaq, qarşıya yaddasaxlama, uzun müddətdə yaddasaxlama məqsədi qoymaq, materialı təsnif etmək, sistemləşdirmək, öyrəndiklərini təxəyyüldə canlandırmaq və s. zəruridir.
Prinsipcə hər bir insanın hafizəsi, xüsusilə, qeyri-ixtiyari yaddasaxlamanın seçiciliyi baxımından fərqlənir. İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti isə qavranılan informasiyanın xarakteri ilə bağlıdır. Məsələn, tanışları və ya qohumlarında keçirilən qonaqlığın yada salınmasına diqqət  yetirək. Bəziləri (xüsusilə qadınlar) kimin və necə geyindiyini, digərləri kimin nə və necə yediyini, üçüncülər isə (yeri gəlmişkən çox az qismi) məclisin ümumi təsvirini və söhbətlərin məzmununu xatırlayacaqdır.
Yaddasaxlamanın davamlılığından asılı olaraq qısamüddətli və uzunmüddətli növləri də vardır. Qısamüddətli yad­dasaxlama saniyə və dəqiqələrlə, uzunmüddətli yaddasaxlama isə saatlarla, günlər, aylar, illərlə ölçülür.
Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasaxlama mnemonik yaddasaxlama adlanır. Məsələn, 20.07 rəqəmini yaddasaxlamaq üçün 2007-ci ili yada salmaq kifayətdir. Yaxud yeni tanış olduğumuz adamın adını həmin adda olan yaxın adamımızın adı ilə eyni olduğuna görə yadda saxlayırıq.
Yadasalma əvvəllər psixikada möhkəmlənmiş məzmunun uzunmüddətli hafizədən operativ hafizəyə gətirilməsi nəticəsində aktuallaşdırılması, xatırlanmasından ibarət olan hafizə prosesidir. Yadasalma da ixtiyari və qeyri-ixtiyari olur.
Beyində hifz olunanların qısa müddətdən sonra yenidən yada salınması xeyli çətin baş verir, əsasən, 2-4 gündən sonra daha aydın və əhatəli yada salınır.
Yadasalmada hadisələrin hansı konteksdə baş verdiyi mühüm əhəmiyyət kəsb edir. Məsələn, köhnə əşyalar, kitablar, ev, uşaqlığın keçdiyi yerlər və onlarla bağlı olanlar daha güclü təsir edir. Bu mənada Zeyqarnik effekti maraq kəsb edir. Təbii sonluğu olmayan vəziyyətləri, tamamlanmayan hərəkətləri insanlar daha yaxşı yadda saxlayır. Əgər biz yeməyi, içməyi sona çatdıra bilmir, arzu etdiyinə çata bilməyə az qalmış, amma çatmadıqda bu daha uzun müddət yadda saxlanılır, nəinki asanlıqla əldə edilən. Hafizənin bu xüsusiyyəti onunla bağlıdır ki, tamamlanmamış hərəkətlər mənfi emosiyaların mənbəyi olduğundan müsbət emosiyalara nisbətən daha güclü təsirə malikdir. Məhz buna görə də adamlar uğursuz sevgini, bədbəxt hadisələri, xəstəliyi, əzablarını, həyəcanlarını daha dəqiq və aydın yadda saxlayırlar.
Tanımaya gəldikdə o, hər hansı bir obyekti yenidən qavrama zamanı yada salmaqdan ibarətdir. Tanıma olmasaydı biz cisimləri artıq bizə tanış olan kimi deyil, yeni cisim kimi qavrayardıq.

Unutma. Hafizə ilə bağlı çətinliklər yadasalmadan daha çox xatırlama ilə əlaqədardır. Müasir psixologiyanın bir çox tədqiqatları sübut edir ki, sağlam beyində informasiyalar uzun müddət hifz olunsa da onların çox hissəsi istifadə olunmamış qalır. Praktiki olaraq böyük əksəriyyəti «əlçatmaz» olur, «unudulur», amma deyirlər ki, onlar bunu bilirdi, oxumuşdu, eşitmişdi və s. Psixoloqlar bunu unutma adlandırırlar. Yəni psixikada olan informasiyalar dəqiqliyini, aydınlığını itirir və ya azalır. Q.Ebbinhauzun təcrübəsi bu baxımdan maraqlıdır. O, sübut edir ki, öyrənilən materialın 40 faizi yarım saat sonra, 66 faizi bir gündən sonra, 75 faizi üç gündən sonra, 79 faizi bir aydan sonra unudulur. Əlbəttə, burada fərdi xüsusiyyətlər, materialın mənalılığı, əhəmiyyətliliyi də böyük rol oynayır.
Göründüyü kimi, unutmada başlıca yeri vaxt tutur. Lakin psixika üçün paradoksal hallar da xasdır. Məsələn, yaşlı adamlar indicə, az müddət əvvəl eşitdiklərini asanlıqla unutduqları halda, uzaq keçmişdə baş verənləri çox da çətinlik çəkmədən və aydın xatırlayırlar. Bu fonomen «Ribo qanunu» adlanır. Unutmanın ikinci mühüm amili adətən mövcud informasiyadan aktiv istifadə olunmasıdır. O şeylər daha tez unudulur ki, ona az tələbat olur və ya ehtiyac olmur. Yaşlı adamlarda verbal hafizə daha tez unutqanlıqla əvəz olunur. Uşaqlığın təəssüratı, xatirələri, hərəkət vərdişləri (velosiped sürmək, gitara çalmaq, üzgüçülük, futbol oynamaq və s.) hafizədə daha davamlı, bəzən on illərlə heç də çox iradi səy göstərmədən yada salınır. Belə faktlar da məlumdur ki, üç il həbsxanada «oturmuş» adam nəinki qalstuk bağlamağı, hətta ayaqqabı bağlamağı belə unudur.
Unutma eyni zamanda, psixikanın özünümüdafiə mexanizmidir. Unutma şüur və  şüuraltı sahələri sarsıntı və pozul­malardan qoruyur. İnsana xüsusilə kəskin təsir etmiş hadisələrin uzun müddət həmin şiddətlə davam etməsinə təbii ki, orqanizm davam gətirməz. Vaxt keçdikcə onun təsiri azalır, tədricən unudulur. Ümumiyyətlə, o şeylər "unudulur" ki, psixoloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır.
Hafizə insanın daha asan pozulan qabiliyyətlərindəndir. Onun çoxsaylı pozuntuları geniş yayılmışdır. Baxmayaraq ki, insanların çoxu onun pozulduğunu hətta bilmirlər və yaxud da çox sonralar bilirlər. Hafizənin pozulması insanın fərdi xüsusiyyətləri ilə də bağlıdır. Onların təhlili hafizənin bir daha psixoloji fonomen olduğunu təsdiq edir.

Hafizənin növləri və tipləri

Yadda saxlanılan materialların növlərinə görə müvafiq olaraq hafizənin aşağıdakı dörd növü müəyyənləşdirilmişdir. Müxtəlif hərəkətlərin və onların yadda saxlanılması, hifz olunması hərəkət hafizəsi adlanır. Maşın sürmək, musiqi alətlərində ifa etmək, kompyuterdə yazmaq və s. Hərəki hafizə peşə fəaliyyətini icra etmək üçün vacibdir. Sonra gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarət surət hafizəsi formalaşır. Surət hafizəsində hansı analizatorun daha aktiv iştirak etməsindən asılı olaraq onun beş növünü: görmə, eşitmə, toxunma, iy bilmə və dadı ayırırlar. İnsan psixikası üçün görmə və eşitmə hafizəsi daha əhəmiyyətli rol oynayır.
Praktiki olaraq hərəkət hafizəsi ilə eyni vaxtda emosional hafizə formalaşır. Emosional hafizə yaranmış hisslərin, şəxsi emosional vəziyyətin və affektlərin yada salınmasıdır. Həyətdən qəflətən çıxan itdən qorxan şəxs uzun müddət oradan keçərkən həmin hissləri təkrar yaşayır. Hafizənin ən yüksək, ali növü verbal (sözlü-məntiqli və ya semantik) hafizə hesab olunur. Onun köməyilə insanın intellektual bazası yaranır və fikri fəaliyyətinin (oxumaq, yazmaq, hesablamaq və s.) böyük əksəriyyəti həyata keçirilir.
Verbal hafizə təfəkkürün xüsusi formasının məhsulu kimi özündə ana dilinin qrammatik qaydalarının əsasını, təhlili və dərk olunmasını ehtiva edir. Yəni materialın mənasının yadda saxlanılması və yada salınması təfəkkür prosesi ilə bağlıdır.
Yaddasaxlama və yadasalmanın iradi proseslərinin dərəcələrinə görə hafizənin qeyri-ixtiyari (bəzən özü də istəmədən nəyisə xatırlayır) və ixtiyari hafizələrə ayırırlar. İxtiyari hafizədə insan sanki qarşısına məqsəd qoyur. «Yada sal». Lakin iradi səy həmişə uğurla tamamlanmır və maraqlıdır ki, insan həmişə unudacağından qorxduğu şeyi unudur.
Genetik hafizənin mexanizminin bir çox sahələri hələ də sirr olaraq qalır. İnsanın hərəkət və psixi reaksiyasının tənzim olunmasında irsi amillərin rolu, çoxalma və özünümühafizə instinktinin bu prosesdə yeri tamamilə elmi həllini tapmamışdır.
Müxtəlif növ məlumatların yadda saxlanılması qabiliyyəti insanın hansı - sol və sağ yarımkürələrinin dominant olmasından asılıdır. Birinci halda verbal hafizənin (sxemlər, məntiqi sübut, terminlər və s.), ikinci halda isə görmə və hərəkət hafizələrinin mexanizmləri daha səmərəlidir.
Hafizə yadda saxlanan informasiyalar dinamikliyinə görə fərqlənir və sanki psixikada müstəqil «yaşayır». O, bəzən qeyri-ixtiyari olaraq fəallaşır, digər hallarda heç bir səbəb olmadan yox olur. Dinamikanın məlum olan belə silsilələri reminisensiya adlanır.
Yadda saxlama müddətindən asılı olaraq hafizə­­nin qısamüddətli uzunmüddətli növləri də vardır. Qısamüddətli hafizə qısamüddətli yaddasaxlamaya əsaslanır. Uzun­müddətli hafizəyə gəldikdə isə bu zaman öyrənilən material uzun müddət, bəzən bütün həyat boyu beyində hifz olunan və istənilən vaxt yada salına bilir.
Uzunmüddətli hafizə ilə bağlı toplanmış materiallar, keçirilən təcrübələr göstərir ki, onun həcmi və müddəti demək olar hüdudsuzdur. İndi baş vermiş və uzaq keçmişdə olmuş hadisələrin hafizədə hifz olunması baxımından fərqli cəhətləri çoxdur. Birincinin xatırlanması asan, ikincininki isə xeyli çətin və nisbətən uzun vaxt tələb edən prosesdir.
Qısamüddətli hafizə ilə uzunmüddətli hafizənin fərqi təxminən belədir: «Əvvəlki sözünüz necə oldu?» – qısa­müd­dətli hafizə. «Keçən həftənin bazar günü naharda nə yemişdiniz?» – uzunmüddətli hafizə. Yeni materialın uzun­müddətli hafizəyə daxil olması və sonra yada salınması xeyli iradi səy tələb edir. Psixikamızın operativ və analitik mərkəzi özünün informasiya mərkəzinə qismən nəzarət edir. Məhz bu səbəbdən hifz olunan informasiyaların içərisindən lazım olanını həminki anda seçmək xeyli çətindir. Eyni zamanda, bir sıra mürəkkəb əməliyyatlar, məsələn, qrammatik qaydalardan istifadə olunması, mətnin oxunması uzunmüddətli hafizənin nəticəsində asan və praktik olaraq avtomatlaşdırılmış şəkildə icra olunur.
Beyində hifz olunanların qısa müddətdən sonra yenidən yada salınması xeyli çətin baş verir, əsasən, 2-4 gündən sonra daha aydın və əhatəli yada salınır.
Nəhayət hafizənin operativ növü də vardır. Adətən, insan müəyyən məsələni həll edərkən ona lazım olan məlumatları xatırlayır və ondan istifadə edir. Əməliyyat qurtardıqdan sonra həmin məlumat yenidən beyində hifz olunur. Bu proses operativ hafizə ilə əlaqədardır.
Hafizənin tipləri. İnsanlar öz hafizələrinin bir sıra xüsusiyyətləri ilə bir-birlərindən fərqlənirlər. Bu cür fərdi fərqlər hafizənin tiplərində özünü daha aydın göstərir. Adətən psixologiyada əyani obrazlı, sözlü-mücərrəd və aralıq hafizə tipləri qeyd olunur.  
Hafizənin əyani-obrazlı tipi müxtəlif  təəssüratı yadda saxlamaqda analizatorlardan hansının daha çox məhsuldar olmasında özünü göstərir.
Görmə tipinə malik olan adamlar ən çox gördüklərini, eşitmə tipinə  malik olan adamlar eşitdiklərini, hərəki tipə mənsub olanlar isə bilavasitə əməliyyat apardıqları, hərəki analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda saxlayıb yada sala bilirlər. Həyatı faktlardan göründüyü kimi bu tiplərə təmiz halda çox az rast gəlmək mümkündür. Həyatda ən çox qarışıq tipə: görmə-eşitmə, görmə-hərəki, eşitmə-hərəki tiplərə rast gəlmək mümkündür. Məhz buna görə də təlim prosesində hafizənin tipologiyasının nəzərə alınması zəruridir. Təlim fəaliyyəti elə təşkil edilməlidir ki, ayrı-ayrı tiplərə mənsub olan şagirdlərin hamısının mənimsəməsi üçün səmərəli şərait yaranmış olsun.

Hafizə pozuntuları

Hafizənin fərdi parametrləri çox geniş diapazonda fərqlidir. Elə bu səbəbdən də «normal hafizə» anlayışı qeyri-müəyyəndir. Məsələn, bir də görürsən ki, yadasalma adi hallarda olduğundan xeyli canlı, aydın, konkretdir və ən xırda detallar belə yada salınır. Bu vəziyyət hafizənin qiperfunksiyası adlanır. O, adətən güclü təsir, kəskin həyəcanlanma və bəzən də gipnoz halında, narkotik maddə qəbul etdikdə təzahür edir. Emosional tarazlığın pozulması, inamsızlıq hissi, həyəcanlanma hafizənin qiperfunksiyasını istiqamətləndirir və yadasalmaya təhrik edir. İnsan xoşagəlməz və biabırçı hərəkətləri demək olar ki, unutmaqda gücsüzdür. Belə yadasalmanı beyindən çıxarmaq praktik olaraq mümkün deyil. O, təkrar-təkrar xatırlanır, peşimançılıq və təəssüf hissi (vicdan hafizəsi) yaradır.

Daha tez-tez rastlaşılan hal hafizə funksiyasının zəifləməsi ilə əlaqədardır. Mövcud informasiyanın yada salınması qabiliyyəti nisbətən itir. Onun ilkin təzahürü həminki anda lazım olan materialın (tarix, ad, termin və s.) yada salınmasının nisbətən zəifləməsi – reproduktiv seçiciliyin azalmasında özünü göstərir. Hafizənin zəifləməsinin sonrakı mərhələsi onun daha da güclənərək amneziyaya keçməsidir. Onun səbəbləri sərxoşluq, zədələr, huşsuzluq, yaşlanma, şəxsiyyətin neqativ yönümdə dəyişməsi və bəzi xəstəliklər ola bilər.
Amneziya zamanı əvvəlcə informasiyanın yada salınması, sonra isə hafizənin informasiya ehtiyatı toplamaq qabiliyyəti itir. İlk növbədə yaxın zamanlarda öyrənilənlər unudulur. Başqa sözlə, yeni məlumat və yeni assosiasiyalar, daha sonra isə həyatın son illərində baş verənlər unudulur. Uşaq və gənclik illərində baş verənlər isə hafizədə daha uzun müddət qorunur və xatırlanır. Mürəkkəb fikri əməliyyatlar, kompleks qiymətləndirmə, yeriş və s. ilə əlaqədar hafizə daha tez pozulur.
Təhrif olunmuş hafizə, səhv yadasalma (konfibulyasiya), yalnız bir istiqamətli yadasalma hafizə aldanmaları adlanır. Onlar adətən güclü istək, meyl və ödənilməmiş tələbat zamanı meydana çıxır. Məsələn, uşaq ona verilən konfeti tez yeyir və sonra tam səmimi olaraq bildirir ki, o konfet yeməyib. Onu inandırmaq (bir çox hallarda böyükləri də) praktiki olaraq mümkün olmur. Hafizə asanlıqla ehtirasın, inam və meylin quluna çevrilir. Məhz buna görə keçmişin qərəzsiz, obyektiv xatırlanmasına az-az rast gəlinir. Hafizə aldanmaları əsasən özününkü və özgəninkini, həqiqətdə olanlarla eşitdikləri, oxuduqlarını fərqləndirmək qabiliyyətini itirdikdə baş verir. Belə yadasalmaların dəfələrlə təkrarı nəticəsində tamamilə personifikasiya (özününküləşdirmə) yaranır. Yəni insan tədricən və təbii olaraq başqasının fikrini özününküləşdirir. Halbuki, vaxtilə özü onları inkar edirdi. Bu bir daha göstərir ki, hafizə təxəyyüllə, fantaziya ilə sıx əlaqədardır və psixoloji reallıq adlanır.

Top