Ünsiyyət prosesində insanlar təkcə informasiya mübadiləsi aparmaqla, bir-birinə qarşılıqlı təsir göstərməklə kifayətlənmir, eyni zamanda bir-birlərini qavrayır və anlayırlar. Bu ünsiyyətin perseptiv cəhətini təşkil edir. Ünsiyyətin perseptiv cəhəti heç də digər cəhətlərindən az əhəmiyyətə malik deyildir.
Həqiqi ünsiyyət o zaman mümkün olur ki, qarşılıqlı təsir prosesinə daxil olan insanlar özlərinin qarşılıqlı anlama səviyyələrini qiymətləndirə, tərəf müqabillərinin hansı keyfiyyətlərə malik olması barədə özlərinə hesabat verə bilsinlər. Ona görə də ünsiyyətin iştirakçıları şüurlarında bir-birinin daxili aləmini yaratmağa, hisslərini, davranış motivlərini, əhəmiyyətli obyektlərə münasibətini anlamağa cəhd göstərirlər. Başqa sözlə, bir-birini dəqiq qavramağa və anlamağa çalışırlar. Qavrama və anlama nə qədər dəqiq və ətraflı olarsa onların qarşılıqlı münasibətləri də bir o qədər səmərəli xarakter daşıya bilir. Fərd başqa adamları dərk etməklə onlarla birgə fəaliyyətin perspektivlərini daha yaxşı müəyyənləşdirmək imkanı əldə edir. Məhz onların daxili aləmlərinin dəqiq «öyrənilməsi» birgə fəaliyyətlərinin müvəffəqiyyətlə həyata keçməsi üçün mühüm şərtdir.
İnsanların bir-birlərini qavramalarının mexanizmləri. Məlum olduğu kimi, ünsiyyət prosesində ən azı iki adam iştirak edir. Onlar bir-birilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və bir-birlərini qavramağa, anlamağa çalışırlar. Bəs onlardan hər biri digərinin zahiri davranış tərzinə görə özündə onun daxili aləmi barədə təsəvvürü necə yaradır? Bu sual daima mütəxəssislərin diqqətini cəlb etmiş və ciddi tədqiqatlar nəticəsində onlar burada qarşılıqlı qavrama və anlamanın üç mühüm mexanizm əsasında baş verdiyini aşkara çıxarmışlar: eyniləşdirmə, refleksiya və stereotipləşdirmə.
Eyniləşdirmə – başqa adamın davranışını şüurlu və şüursuz olaraq subyektin özünün davranış tərzlərinə oxşatmaq, bənzətməklə qavraması və anlamasından ibarətdir. Başqa sözlə, çox vaxt insanlar qarşılıqlı əlaqə şəraitində özlərini qavradıqları adamın yerinə qoymağa cəhd göstərməklə onun daxili vəziyyəti, keçirdiyi hisslər, fikirlər, davranış motivləri və s. haqqında mülahizə yürütməyə çalışırlar. Bu zaman həmin adamın (və ya adamların) davranış tərzini bir növ həmin şəraitdə özlərinin keçirə biləcəkləri psixoloji hallarla eyniləşdirirlər. Özlərinin bu kimi şəraitdə keçirmiş olduqları və keçirə biləcəkləri hisslər və vəziyyət onları qavramaq üçün əsas olur.
İnsanın başqalarını qavraması zamanı təkcə subyektin başqalarını anlaması deyil, onunla ünsiyyətə girən, təmasda olan fərdin onu necə qavraması və anlamasına diqqət yetirilməsi də vacibdir. Subyektin ünsiyyətdə olduğu adamlar tərəfindən necə qavranıldığını dərk etməsi refleksiya formasında baş verir. Psixoloqlar refleksiyanı başqa adamları qavramanın tərkibinə daxil edirlər. A.B.Petrovskinin fikrincə, başqa adamı anlamaq qismən həmin adamın qavrayış subyekti kimi sənə münasibətini dərk etmək deməkdir. Deməli, insanların bir-birini qavramasını güzgünün ikiqat əks etdirməsinə bənzətmək mümkündür. İnsan başqasını əks etdirməklə, həmin başqasını əks etdirmə güzgüsündə özünü də əks etdirir. Ünsiyyət prosesində eyniləşdirmə və refleksiya vəhdətdə baş verir.
İnsanların bir-birini qavraması və anlamasının mexanizmi kimi stereotipləşdirmə də xüsusi əhəmiyyət kəsb edir.
Stereotipləşdirmə – davranış forması və onun şərhinin artıq bizim üçün məlum olan və ya məlum hesab edilən hadisələrə, başqa sözlə sosial stereotiplərə uyğun təsnifindən ibarətdir. Burada stereotip bir ştamp kimi istifadə olunan formalaşmış insan surəti götürülür. Stereotipləşdirmə subyektin öz şəxsi təcrübəsini ümumiləşdirməsi və bu zaman kitablardan, kinofilmlərdən aldığı məlumatların ona əlavə edilməsi nəticəsində də yarana bilər. Bu zaman həmin bilik nəinki şübhəli, hətta yanlış xarakter daşıya, düzgün nəticələrlə yanaşı, tamamilə yanlış nəticələrə də gətirib çıxara bilər. Bu baxımdan stereotipləşdirmə kauzal atribusiyanın bir növ mexanizmini təşkil edir. Kauzal atribusiya latınca causa – səbəb və attribuo – vermək sözlərindən əmələ gəlib şəxsiyyətlərarası anlama zamanı digər adamın davranışının səbəb və motivlərinin şərhindən ibarətdir. Burada isə bəzən qabaqcadan yaranmış yanlış fikir stereotipləşməyə əsaslı təsir göstərir.
Kauzal atribusiyanın xarakteri müxtəlif şəraitdən asılı ola bilir. Belə ki, məsələn, tanış olmayan adamı qavrayarkən subyektin aldığı ilkin məlumat böyük rol oynaya bilər.
Psixoloqlar belə bir eksperiment aparmışlar. İki qrupda tələbələrə eyni bir adamın fotoşəklini göstərmişlər. Birinci qrupda eksperimentator onu görkəmli alim kimi, ikinci qrupda isə cinayətkar kimi təqdim etmişdir. Hər iki qrupda tələbələrə xarici görkəminə görə həmin adamı səciyyələndirmək tapşırılmışdır. Birinci qrupda yoxlanan tələbələr şəkildəki adamı səciyyələndirərkən göstərmişlər ki, bu adam çox gərgin işləyən, rəhimli, xoşxasiyyət, qayğıkeş, həssas, ağıllı adamdır. İkinci qrupdakı tələbələr əsaslandırmağa çalışmışlar ki, şəkildəki adam çox qəddar, inadkar, hiyləgər, xain adamdır. Şəkildəki eyni detal, məsələn, göz bir halda mehribanlıq və ağıllılıq, digər halda kinlilik və qəddarlıq əlaməti kimi şərh olunmuşdur.
Buradan aydın olur ki, qavrama zamanı əldə edilən məlumat ciddi şəkildə insan sifətini – alim və cinayətkar obrazları haqqında stereotipə uyğunlaşdırmağa əsaslanmışdır.
Gündəlik müşahidələr və aparılmış tədqiqatlar insanların bir – birini qavraması və anlamasında onlar haqqında ilkin təsəvvürün yaranması da xüsusi rol oynadığını göstərmişdir. Bu cür asılılıq psixologiyada «oreol effekti» («himayə effekti») adlanır. Əldə edilmiş ilkin məlumatlar qavradığımız adamlar haqqında bizdə müsbət və ya mənfi oreol effekti yarada bilər. Birinci halda biz qavradığımız adamın bütün davranışına pozitiv, ikincininkinə isə neqativ münasibət bəsləməyə meylli oluruq.
Məsələn, ilkin müşahidə və ya başqa müəllimin uyğun olmayan məlumatı bizdə çalışqan şagird haqqında mənfi fikir yaradır. Nəticədə bu ilkin təəssüratın təsiri altında həmin şagirdin həqiqi keyfiyyətini qavraya bilmirik. Sanki onun ən yaxşı davranışını da görmək istəmirik. Bizdə həmin şagird haqqında mənfi oreolun yaranması buna səbəb olur.
Əksinə, tənbəl, zəif şagirdlə ilk dəfə rastlaşarkən onun təsadüfi cavabı, başqa müəllimin onun haqqında yersiz tərifləri bizdə həmin şagirdə qarşı müsbət oreolun yaranmasına səbəb olur. Nəticədə şagirdin cavablarındakı qüsurları hiss etməməyə başlayırıq.
Uyğun olmayan həm müsbət, həm də mənfi oreol eyni dərəcədə ziyanlıdır. Ona görə də «oreol effektinin» qarşısını almaq üçün adamları müxtəlif şəraitdə və vəziyyətdə qavramaq tələb olunur. Bu zaman müsbət kauzal atributun yaranması, oreol effektinin mənfi təsirinin aradan qaldırılması mümkün olur.