Fəaliyyət və iradə

Fəaliyyət və iradə

1.         Fəaliyyət haqqında anlayış
2.         Fəaliyyətin quruluşu.
3.         Fəaliyyətin növləri.
4.         İradə haqqında anlayış.
5.         İradi işin quruluşu.
6.         Şəxsiyyətin iradi keyfiyyətləri.

1-ci sual. Fəaliyyət sözü fəallıq sözündən əmələ gəlsə də ancaq eyni məzmunlu anlayış deyildir. Fərq ondadır ki, fəaliyyət daha çox sosial yönümlüdür, fəallıq isə təbii tələbatların ödənilməsini şərtləndirir. Fəaliyyət əsasən insan davranışında və hərəkətlərində gerçəkləşir. Fəallıq isə daha çox heyvanlara məxsusdur. İnsan fəaliyyətini heyvan fəallığından fərqləndirən əsas meyarlardan biri də insan fəaliyyətinin yaradıcı xarakter daşımasıdır. Heç bir heyvan təbiətin verdiyi hazır məhsullardan başqa özünə predmet hazırlamır. Onların qazandığı ictimai təcrübə heç bir şəkildə digər nəsillərə ötürülmür. İnsan fəaliyyəti ilə yaradılmış fəaliyyət məhsulları isə başqa nəsillər tərəfindən davam etdirilir və mədəni sərvət kimi qorunub saxlanır.
Fəaliyyət insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili (psixi) və xarici (fiziki) fəallığıdır. İnsan fəaliyyəti bu və ya digər şəkildə özünəməxsus struktura malik olur. Burada motiv və məqsəd fəaliyyətin əsas strukturunu yaradır. Fəallıqda isə bilavasitə orqanizmin tələbatının ödənilməsində öz əksini tapır. Aktuallaşmış tələbat kimi çıxış edir. İnsan fəaliyyətində isə fəaliyyətin son nəticəsini müəyyənləşdirən məqsəd olur.
Motivlər tələbatlarla sıx əlaqədədir. Motivlərin əsasında tələbatlar dayanır. Motiv insanı bu və ya digər fəaliyyətə və ya fəallığa sövq edən, təhrik edən qüvvədir. Ayrı-ayrı anlarda motiv məqsədə, məqsəd isə motivə çevrilə bilər. Heyvanın fəallığında bu cəhət nəzərə çarpmır. Burada özünü göstərən davranış xaotik xarakterlidir. İnsan fəaliyyəti isə sistematik xarakterlidir. İnsanı fəaliyyətə təhrik edən tələbatdır. Tələbat insanın nəyə isə olan ehtiyacıdır. Lakin o ehtiyac tələbata çevrilir ki, o, hazırkı konkret şəraitdə aktuallaşmış olsun, başqa sözlə, insan üçün müstəsna, həyati əhəmiyyət kəsb etsin. Tələbatlar mənşəyinə və predmetinə görə təsnif edilir. Mənşəyinə görə: 1)təbii və 2) mədəni. Predmetinə görə: 1) maddi və 2) mənəvi.

2-ci sual. İnsanın fəaliyyəti də tələbatın əsasında qurulur. Ancaq insanın fəaliyyəti sosiallaşmış tələbatlar üzərində qurulur.
Fəaliyyətin tərkib hissələrinə aşağıdakılar daxildir:

  • Motiv - məqsəd fəaliyyətin vektorunu əmələ gətirir.
  • Fəaliyyətin şəraiti.
  • Xarici və daxili fəallıq.
  • İnteriorizasiya və eksteriorizasiya. Maddi (əşyavi) əməliyyatların fikri əmə-liyyatlara çevrilməsi interiorizasiya, fikri əməliyyatların xarici əməliyyatlara çevrilməsi isə eksteriorizasiya adlanır.
  • Vərdişlər və bacarıqlar. Avtomatlaşmış proseslərə vərdişlər deyilir. Yəni şüurun xüsusi nəzarəti olmadan icra edilir. Bütün vərdişlər məqsədyönlüdür. Adətlər də avtomatlaşmış hərəkətlər birliyidir. Adətlər vərdişlərdən fərqli olaraq tələbatlarla bağlıdır. Adətlərdən fərqli olaraq vərdişlərdə müsbət və mənfilik yoxdur. Adətlər sönmür. Onun sönməsi üçün tələbatlar aradan qaldırılmalıdır. Yeni şəraitdə qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş üsullarının seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunması bacarıq adlanır.
  • Fəaliyyətin nəticəsi.

3-cü sual. İnsanın bütün həyatı boyu istifadə etdiyi fəaliyyət növlərinə oyun, təlim və əmək daxildir. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən oyunun köməyi ilə ödəyirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünüxidmət əməyindən istifadə edirlər. Məktəb yaşı dövründə aparıcı fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə şagirdlər həm oyundan, həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə insanlar oyundan və təlim fəaliyyətindən istifadə edirlər.
Təlim fəaliyyəti. Məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəlmiş fəaliyyət növlərindən biri aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər. Təlim insanın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına əsaslı təsir göstərir. Məhz buna görə də təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o fərdin birbaşa psixi inkişafı vasitəsi kimi həyata keçirilir.
İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Buna görə də əməyi müəyyən ictimai faydalı maddi və ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər. Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət etmir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır.

4-cü sual. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir.
İradi iş zamanı insan 2 cür maneələri aradan qaldırmalı olur: daxili(subyektiv) xarici(obyektiv) maneələr.
Daxili maneə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən istək və meyllərindən ibarət ola bilər. Məsələn, şagird sabah müəllimə cavab vermək üçün hazırlaşmağa başlayır. Elə bu vaxt televizorda onun çoxdan baxmaq arzusunda olduğu bir film nümayiş etdirəcəklərini eşidir. Bu zaman o, öz istəyini boğaraq qonşu otağa keçib dərsə hazırlaşırsa daxili maneəni aradan qaldırmış olur.
Xarici maneə isə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən obyektiv, onun istəyindən asılı olmayan maneədir. Məsələn, şagird sabahkı dərsə hazırlaşmaq məqsədini qarşısına qoyur. Bu zaman işıqlar sönür. Şagird öz məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan əmisigilə gedərək dərsi hazırlayırsa xarici maneəni aradan qaldıraraq öz məqsədinə nail olur.
İradə ali psixi funksiya kimi, insanın həyatı prosesində formalaşır. İnsan fəallığının xüsusi forması olan iradə mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır və ilk növbədə nitqin köməyilə təşəkkül tapır.
İradənin fizioloji mexanizmi baş beyin yarımkürələri qabığının fəaliyyəti ilə əlaqədardır. İ.P.Pavlovun nəzəriyyəsinə görə, insanın iradəsi söz qıcıqlandırıcıları ilə bağlıdır. İnsanın iradi davranışının fizioloji əsası birinci siqnal sistemi ilə qarşılıqlı təsirdə olan ikinci siqnal sistemidir. İradə psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz davranış və fəaliyyətini idarə etmək qabiliyyətində, qarşısına qoyduğu məqsədə nail olmaq, işində rast gəldiyi maneə və çətinlikləri aradan qaldırmaqda ifadə edilir.
İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə yetirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası.
İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışması, bu yönümdə mübarizə aparması, qarşısına çıxan maneələri dəf etməsi , eyni zamanda özünün aktual tələbatı ilə bağlı olmayan işlər görməsi, dünyagörüşünə, əqidəsinə, inam və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. İradə şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin motivlərdən fərqli olaraq iradə insanı yalnız fəallığa təhrik etmir, həm də lazım gəldikdə onun fəallığını ləngidir.
İradə özündə şüurun 3 mühüm xassəsini birləşdirmişdir: idrak, münasibət və hiss. 5-ci sual. İnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir. Psixoloji planda iradi iş fəaliyyətin strukturuna daxil edilir. Ümumi şəkildə iradi işi proses kimi təhlil etdikdə onun iki əsas mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və yaxud intellektual mərhələ; 2. İcra və yaxud əsas iradi mərhələ
Zehni və yaxud intellektual mərhələ tələbatın dərk olunması, həvəs və arzunun əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar qəbulu və işin planlaşdırılması ilə xarakterizə olunur. Həqiqi iradi başlanğıc işin məhz hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul edilməsində təzahür edir.
Zehni mərhələ, xüsusən onun motivlər mübarizəsi və qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir.
İcra mərhələsi iradi işin psixoloji məzmununu açıb göstərən mərhələ hesab olunur. Zehni mərhələ iradi işin icra mərhələsi ilə tamamlanır. İnsanın iradi keyfiyyətləri, onun nə dərəcədə iradəli olub-olmaması məhz ikinci mərhələdə aşkar olur.
Adətən öz strukturuna görə iradi işləri 2 qrupa bölmək olar: sadə mürəkkəb iradi işlər.
Sadə iradi işlər qərar qəbulu və onun icrası ilə başa çatır. Məsələn, əgər dərsə hazırlaşmağı qərara alır və dərhal stolun arxasında əyləşərək hazırlaşmağa başlayırsansa, bu cür işi sadə iradi iş adlandırmaq olar.
Mürəkkəb iradi iş zamanı qərarın qəbulu və icrası bir sıra mərhələlərdən keçir. Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol və vasitələrin axtarılması, qərarın icrası və s. mərhələlərdən keçmək zəruri olur.

6-cı sual. Şəxsiyyətin iradi keyfiyyətləri iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyat prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit, eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:

1. İlkin iradi keyfiyyətlər-iradi güc, təkidlilik
2. Törəmə iradi keyfiyyətlər-qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.
3. Üçüncü  iradi keyfiyyətlər-məsuliyyətlilik,     intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.
İradi keyfiyyətləri mənfi və müsbət olmaqla 2 qrupa bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbrlilik və s. aid edirlər. Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsliyi aid etmək olar.
Təkidlilik- qəbul edilmiş qərarın icrası zamanı qarşıya çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir. Tərslik- isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən öz inadından dönməməkdə özünü göstərir.
Qətiyyət-hər hansı məsələ ilə bağlı heç bir tərəddüd etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olunur. Qətiyyətlilik-məqsəd aydınlığı və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Qətiyyətsizlik-inamsızlıq, zəiflik, qorxaqlıq və məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur.
Cəsarət- iradənin çox mühüm keyfiyyəti olub, iradi işin mərhələsində özünü göstərən psixi xüsusiyyətdir. Qəbul edilmiş qərarın icrası zaman, tapşırığın, işin müvəffəqiyyətli həllindən ötrü qorxu hissinə qalib gəlmək, təhlükəyə qarşı getməkdə, risk etməkdə təzahür edir. Qorxaqlıq-insanın motivasiya sahəsi ilə bağlı olub, sosial keyfiyyət kimi, ətraf aləmdə baş verən hadisələrə münasibətdə özünü göstərir. Qorxaqlıq inamsızlıqla, cəsarətsizliklə, qətiyyətsizliklə çulğalaşan keyfiyyətdir.
Özünü ələ ala bilmək-əsasən şəxsin iradi iş zamanı özünü ələ ala bilməsində, bütün fəaliyyətini qarşıya qoyulan məqsədin yerinə yetirilməsinə səfərbər etməsində, qorxuya üstün gəlib, bütün maneə və çətinlikləri aradan qaldırmasında ifadə olunur. Özünü ələ ala bilmək keyfiyyəti ən çətin situasiyada insan dözümlülüyündə, soyuqqanlılıq və təmkinliliyində ifadə olunur.
Məsuliyyətlilik- şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında daşıdığı cavabdehlik hissi ilə bağlıdır.
İntizamlılıq-şəxsin qəbul edilmiş qayda və qanunlara əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir.
İşgüzarlıq-mühüm iradə keyfiyyətlərindən biri olub, başlanan hər hansı bir işi, fəaliyyəti tədriclə, ardıcıl olaraq, axıra qədər icra etməkdir. Tənbəllik-işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin təzhür formasıdır.
Müstəqillik-insanın hər hansı fəaliyyəti heç bir kömək, göstəriş olmadan həyata keçirmək qabiliyyətidir.Müstəqilliyin əksini təqlidçiliktəlqinə qapılma təşkil edir. Təqlid başqalarının davranışını olduğu kimi yamsılamaqdan ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən başqalarının təsiri altına düşməkdir.
Səbirlilik. Səbirli olmaq- iradi güc, təkidlilik, özünü ələ almaq, inam, dözümlülük kimi keyfiyyətlərdə təzahür edir.
Patopsixologiyada psixi vəziyyət, iradəsizlik, fəaliyyətə həvəs düşkünlüyü iradənin patopsixologiyasıdır və buna abuliya deyilir.
Zəif iradəlilik- məqsədə uyğunluğun və yüksək niyyətlərin yoxluğudur.

Top