Qabiliyyətlər

Qabiliyyətlər

QABİLİYYƏTLƏR VƏ YARADICILIQ MƏSƏLƏLƏRİ
1. Qabiliyyət haqqında anlayış.
2. Qabiliyyətin növləri.
3. Pedaqoji qabiliyyətlər.
4. Qabiliyyət və istedad.
5. Qabiliyyətlərin formalaşması

1-ci sual. Azərbaycan psixoloqu M.C.Məhərrəmov qabiliyyətə belə tərif verir: Qabiliyyət, şəxsiyyətin bu və ya digər fəaliyyət növünə müvəffəqiyyətlə ifa etmək üçün şərt olan fərdi psixi xassəsinə deyilir.
Əksər psixologiya dərsliklərində qabiliyyətə belə tərif verilir. Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyəti olub müəyyən fəaliyyətin müvəffəqiyyətli icrasının şərtini təşkil edir və onun üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə ifadə olunur.
İnsan müəyyən qabiliyyət keyfiyyətlərinə malik olmaqla bu və ya digər fəaliyyəti uğurla yerinə yetirir, səmərəli nəticələr əldə edir. Deməli, qabiliyyətli adamlar iş sahəsində nə dərəcədə yararlı olub olmadıqlarını təmin edir.
Qabiliyyətlər insanın elə psixoloji xüsusiyyətləridir ki, onlardan asılı olaraq bilik, bacarıq və vərdişlərə yiyələnmək işində müvəffəqiyyət əldə edilir. Ancaq qabiliyyətlərin özü bilik, bacarıq və vərdişlərin mövcudluğundan ibarət deyildir. Psixoloji tədqiqatlar və pedaqoji təcrübə göstərir ki, bəzən əvvəllər müəyyən bir fəaliyyət sahəsində öz bacarıqsızlığı ilə başqalarından fərqlənən bir şəxs təlim nəticəsində vərdiş və bacarıqlara çox surətlə yiyələnərək sənətə sahib olmaq yolunda hamını ötüb keçir. Onda başqalarına nisbətən daha artıq qabiliyyət üzə çıxır.

2-ci sual. Psixoloqlar qabiliyyəti izah edərkən insanın fəaliyyət sahəsini, bu fəaliyyət sahəsində nə dərəcədə əhəmiyyət kəsb etməsini nəzərə alaraq qabiliyyətin ümumi və xüsusi növünü şərh etməklə onun 2 növünü göstərirlər. Onların fikrincə, ümumi qabiliyyət adından göründüyü kimi ümumi fəaliyyət sahəsini əhatə edir. Məsələn, bir çox peşə sahibləri üçün xarakterik olan müşahidəçilik qabiliyyəti.
İnsan fəaliyyətinin müəyyən bir sahəsinə aid olan və orada fəaliyyəti səmərəli icra etməyə yönələn qabiliyyət xüsusi qabiliyyət adlanır. Başqa sözlə, yalnız müəyyən, xüsusi fəaliyyət növünün uğurlu yerinə yetirilməsinə səbəb olan, şərt olan qabiliyyət xüsusi qabiliyyət adlanır. Bu cür qabiliyyətlərə musiqi, riyazi, linqvistik, texniki, ədəbi, idman və s. qabiliyyətləri aid etmək olar. Adətən ədəbi yaradıcılıq fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və ifadəlilik, söz assosiasiyalarının zənginliyi, obrazlı təfəkkür, surət hafizəsi, yaradıcı təxəyyül və s. xüsusi qabiliyyətlər kimi qeyd etmək olar. Həyati faktlardan məlum olduğu kimi hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün insanda qabiliyyətlərin həm ümumi, həm də xüsusi növlərinin formalaşması zəruridir.

3-cü sual. Bütün pedaqoji qabiliyyətləri şərti olaraq 3 qrupda birləşdirmək olar: şəxsi qabiliyyətlər, didaktik qabiliyyətlər, təşkilati-kommunikativ qabiliyyətlər.

1. Şəxsi pedaqoji qabiliyyətlər dedikdə, adətən, şəxsiyyətin xarakterik əlamət və keyfiyyətləri ilə bağlı olan qabiliyyətlər nəzərdə tutulur. Buraya uşaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük və özünəsahib olmaq (özünü ələ ala bilmək) və həmişə dərs zamanı şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada bilmək qabiliyyətlərini aid etmək olar.
Uşaqlara hüsn-rəğbət bəsləmək qabiliyyəti pedaqoji qabiliyyətlərin strukturunda əsas özəyi " təşkil edir. Bu cür pedaqoji qabiliyyətlər anlayışı altında uşaqlara qarşı ağıllı məhəbbət və onlara bağlılıq, onlara qarşı xeyirxah münasibət, onlarla ünsiyyətdə olmaq və işləmək arzusu və cəhdi başa düşülür. Bu cür pedaqoji qabiliyyətə malik olan müəllim uşaqlarla pedaqoji ünsiyyətdən, qəribə uşaq aləminə daxil olmaqdan həzz alır, onlara qarşı diqqətli, xeyirxah münasibət bəsləyir. Lakin bu münasibətlərin heç birinin ürəyiyumşaqlıq, güzəştə getmək, məsuliyyətsizlik səviyyəsinə enməsinə yol vermir.
Pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin etmək üçün lazım olan müəllimin şəxsi pedaqoji qabiliyyətlərindən biri də dözümlülük və özünəsahib olmaq qabiliyyətidir. Müəllim həmişə hər cür, hətta gözlənilməyən şəraitdə özünə ələ almağı, öz hisslərini, temperamentini cilovlamağı bacarmalı, öz davranışına nəzarəti itirməməlidir.
Müəllimin digər mühüm şəxsi qabiliyyəti dərsdə şagirdlərlə iş aparmaq üçün psixi vəziyyət yarada bilməsidir. Bu cür qabilliyətə malik olan müəllimlər özlərinin gümrahlığı, həyatsevərliyi, kifayət qədər canlılığı ilə fərqlənirlər. Nə olursa olsun, müəllim həmişə nikbin, arzuolunan əhval-ruhiyə ilə sinfə daxil olmalıdır. Məhz buna görə də müəllim özünün əhvalını idarə etməyi, tənzimləməyi bacarmalıdır.

2. Didaktik qabiliyyətlər müəllimin zəruri məlumatları şagirdlərə çatdıra bilmək, öyrədə bilmək, materialı uşaqların səviyyələrinə uyğunlaşdırmaqla onlara çatdırmaq, material və ya problemi aydın və anlaşıqlı şəkildə şagirdlərə təqdim etmək, fənnə qarşı maraq oyatmaq şagirdlərdə fəal müstəqil fikir yarada bilmək qabiliyyətlərindən ibarətdir. Buraya aşağıdakılar daxildir:
Müəllimin izah edə bilmək qabiliyyəti. Bu cür qabiliyyətə malik olan müəllimin fikri şagirdlər üçün aydın olur. Onlar çətin, anlaşılmaz materialı şagirdlər üçün anlaşıqlı edə bilərlər. Təlim materialının məzmununun şagirdlərin səviyyəsinə uyğun, aydın və anlaşıqlı, sadə şəkildə izah edə, çatdıra bilərlər. Nəticədə onlar şagirdlərdə tədris etdikləri fənnə qarşı maraq oyadır, onların fikrinin fəal, müstəqil işləməsinə şərait yaradırlar.
Ekspressiv- nitq (natiqlik) qabiliyyətləri. Pedaqoji fəaliyyətin müvəffəqiyyətli icrasında nitq qabiliyyətləri də həlledici rol oynayır. Bu cür qabiliyyətlərə malik olan müəllim öz fikir və hisslərini nitqin, eləcə də mimika və pantomimika vasitəsilə aydın və dəqiq ifadə edə, nitqin köməyi ilə şagirdlərin fikir və diqqətini maksimum dərəcədə fəallaşdıra bilər. Bu cür qabiliyyətə malik olan müəllimlər dolaşıq, mürəkkəb danışıq tərzindən qaçır, öz fikirlərini şagirdlərin başa düşəcəyi sadə, aydın dildə ifadə edirlər.
Nəzəri qabiliyyətlər. Bu ad altında müəllimin müvafiq fənn, daha doğrusu elm sahəsinə aid qabiliyyətləri nəzərdə tutulur. Müəllimin tədris etdiyi fənni dərindən bilməsində ifadə olunur. Bu cür qabiliyyətlərə malik olan müəllim öz fənnini təkcə tədris kursunun həcmində deyil, daha geniş, dərindən bilir, tədris etdiyi elm sahəsində olan kəşfləri daim izləyir, materiala tam sərbəst yiyələnir, ona böyük maraq göstərir, kiçicik də olsa öz ixtisası sahəsində tədqiqat işi aparır.

3. Təşkilati-kommunikativ qabiliyyətlər. Bu cür pedaqoji qabiliyyətlər müəllimin təşkilatçılıq funksiyası və ünsiyyəti ilə bağlıdır. Bu cür pedaqoji qabiliyyətlərə konkret olaraq aşağıdakıları aid etmək olar: təşkilatçılıq qabiliyyəti, avtoritar qabiliyyət, kommunikativ qabiliyyət, perseptiv qabiliyyət, suqqestik qabiliyyət, pedaqoji mərifət, pedaqoji təxəyyül, diqqəti paylaya bilmək qabiliyyəti, pedaqoji refleksiya.
Təşkilatçılıq qabiliyyətləri. Təlim və tərbiyənin səmərəliliyi müəllimin təşkilatçılıq qabiliyyətindən çox asılıdır. Bu cür qabiliyyətlər 2 formada təzahür edir. Birincisi, şagird kollektivini təşkil etmək, möhkəmləndirmək, mühüm vəzifələrin həyata keçirilməsinə ruhlandırmaq, ona düşünülmüş səviyyədə təşəbbüs və müstəqillik verə bilmək qabiliyyəti. İkincisi, öz fəaliyyətini düzgün təşkil etmək qabiliyyətləri: səliqəlilik, işgüzarlıq, dəqiqlik, öz işini düzgün planlaşdırmaq və özünənəzarəti təşkil etmək bacarığı.
Avtoritar qabiliyyətlər. Müəllim daima bu və ya digər cəhətdən bir-birindən fərqlənən şagirdlərlə, onların təlim tərbiyəsi ilə məşğul olur. Bu işdə müvəffəqiyyət qazanmaq onun şagirdlər arasındakı hörmətindən çox asılıdır. Belə qabiliyyətə malik olan müəllim şagirdlərə bilavasitə emosional-iradi təsir göstərə bilir və bunun əsasında onların hörmətini qazanmağı bacarır. Bu cür qabiliyyətlərin əsasını müəllimin öz fənnini mükəmməl bilməsi, onun incəliklərini şagirdlərə çatdıra bilməsi, müsbət iradi keyfiyyətləri, öz yetişdirmələrini hədsiz sevməsi, gördüyü işin doğruluğuna inam, öz əqidəsini şagirdlərinə aşılaya bilməsi bacarığı və s.-dən asılıdır.
Kommunikativ qabiliyyətlər. Kommunikativ qabiliyyətlər uşaqlarla düzgün qarşılıqlı əlaqə yaratmağa imkan verir. Kommunikativ qabiliyyətlərə şagirdlərlə ünsiyyətə qabillik, onların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı, şagirdlərlə pedaqoji nöqteyi-nəzərdən məqsədə müvafiq qarşılıqlı əlaqə yarada bilmək bacarığı aiddir.
Perseptiv qabiliyyətlər şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyətlərdir. Bu cur qabiliyyətə malik olan müəllim indiki anda şagirdin psixologiyasını, onun psixi vəziyyətini qavrayır və eləcə də anlayır, ötəri bir əlamətə, kiçicik zahiri ifadəyə əsasən şagirdin daxili aləmindəki ən cüzi dəyişiklikdən baş çıxara bilir.
Suqqestik qabiliyyət (latın dilindən tərcümədə ,,təlqinə əsaslanan"). Bu, şagirdlərə iradi təsir göstərmək qabiliyyəti, müəyyən tələbi irəli sürmək və onun yerinə yetirilməsinə mütləq nail olmaq qabiliyyətindən ibarətdir. Burada söhbət müəllimin sakit, şagirdləri kobudcasına sıxışdırmadan, məcbur etmədən və hədələmədən öz tələbini irəli sürməsi və ona nail olmasından gedir.
Pedaqoji mərifət. Bu cür qabiliyyət müəllimin öz şagirdlərinin yaş və fərdi xüsusiyyətlərini və konkret şəraiti nəzərə alaraq daha məqsədəuyğun təsir üslubundan istifadəni müəyyənləşdirə bilməsində təzahür edir.
Pedaqoji təxəyyül. Pedaqoji təxəyyülə malik olan müəllim öz əməllərinin nəticəsini qabaqcadan görə bilir, şagirdin gələcəyini düzgün görüb onu istiqamətləndirməyi bacarır, onda hansı keyfiyyətləri inkişaf etdirməyin mümkün olduğunu görür.
Diqqəti paylaya bilmək qabiliyyəti. Bu cür qabiliyyətə malik olan müəllim öz diqqətini iki və daha artıq fəaliyyət və ya obyekt üzərinə paylaya bilir. Bu cür müəllim materialı necə şərh etdiyini, şagirdlərin cavabını necə dinlədiyini izləməklə nəzər diqqətini bütün şagirdlərin üzərinə yönəldə bilir, yorğunluq, diqqətsizlik, anlamamaq, intizamın pozulması hallarına öz münasibətini bildirmək və nəhayət, öz davranış tərzini (poza, jest, yeriş və s.) izləyir
Pedaqoji refleksiya. Bu cür qabiliyyətə malik olan müəllim öz vəziyyətini dərk etməyi bacarır, müəyyən pedaqoji şəraitdə nəzarət, qiymətləndirmə, tənzim və təkmilləşdirmə məqsədilə özünün pedaqoji fəaliyyət və pedaqoji ünsiyyətinin məqsəd və vəzifələri ilə əldə olunmuş nəticəni qarşılaşdıra, müqayisə edə bilir.

4-cü sual. Müşahidələr göstərir ki, bir sıra hallarda, əlverişli təbii imkanlar olduqda müvafiq qabiliyyətlər müvafiq tərbiyəvi tədbirlər olmadıqda da təzahür edir. Belə uşaqlar adətən istedadlı uşaqlar adlanır.
Psixoloji ədəbiyyatda müxtəlif sahələrdə yaradıcı qabiliyyətlərin məhz hansı yaşlarda təzahür etdiyini təsəvvür etməyə kömək edən nümunələr mövcuddur. Belə ki, məşhur psixoloq V.Kertsel müxtəlif vaxtlarda yaşamış 400 dahinin istedadı üzərində araşdırmalar aparmışdır. Müllifin fikrincə, A.Eynşteyn 11 yaşında olarkən zehni inkişafdan xeyli geri qalmışdır. Görkəmli mətnşünas Marsel Prust orta məktəbdə oxuyarkən öz ana dili olan fransız dilindən pis qiymətlər alırmış. Başqa bir məşhur fransız yazıçısı Emil Zolya da inşa yazısından pis qiymət almaqla valideynlərini məyus edirmiş. Görkəmli fizik İsaak Nyuton vaxtından xeyli əvvəl doğulduğu üçün xeyli zəif olmuşdur. Onun yaşamasını şübhə altına alırdılar.
Psixoloji araşdırmalar sübut edir ki, istedad incəsənət, ilk növbədə musiqi sahəsində erkən təzahür edir. Faktlara müraciət edək. Böyük Avstriya bəstəkarı V.A.Motsartda musiqiyə istedad çox erkən özünü göstərmişdir (4 yaşında).
Bir çox görkəmli rəssamlarda təsviri incəsənət sahəsində istedad 3-4 yaşlarında üzə çıxmağa başlamışdır.
Müşahidələr göstərir ki, uşaqlarda şer yazmağa həvəs çox tez təzahür edir, lakin daha qüvvətli, bədii cəhətdən düzgün şerlər isə sonralar yaranır. Məlum olmuşdur ki, texniki ixtiraçılıq qabiliyyəti də erkən yaşlardan inkişaf etməyə başlayır.
Yaradıcılıq sahəsində tədqiqat aparan psixoloqlar öyrənmişdir ki, elm sahəsində yaradıcılıq imkanlan 20 yaşından sonra başlayır. Bu sahədə riyaziyyata istedad başqalarına nisbətən tez təzahür edir.
Müasir elmi təsəvvürlərə görə, özünün görkəmli qabiliyyətlərinə görə yüksək nailiyyət göstərən uşaqlan istedadlı uşaqlar sayırlar. Bu uşaqların inkişaf perspektivləri, xüsusilə onların intellektual, akademik, bədii yaradıcılıq sahələrindəki potensial imkanları və uğurlarının səviyyəsi ilə müəyyən olunur. onlarda yaradıcı təfəkkürün və yaradıcı təxəyyülün inkişaf səviyyəsi bu uğurların başlıca rəhni kimi qiymətləndirilir.
Psixologiyada istedad anlayışının özünəməxsus inkişaf tarixçəsi vardır. Vaxtilə istedad dedikdə, qabiliyyətlərin inkişafı üçün zəruri olan anatomik-fizioloji imkanları nəzərdə tuturdular. Bu anlam tədricən köklü surətdə dəyişildi: istedad fəaliyyətin səmərəli icrası üçün şərt olan qabiliyyətlərin özünəməxsus kompleksi kimi başa düşüldü.
Kilfordun intellektin strukturu modeli zəminində istedad anlamının məzmunu daha da dəqiqləşdi. Müasir elmi təsəvvürlərə görə, istedad anlammı koqnitiv qabiliyyətlərə aid edirlər, inkişafın bütün digər tərəflərini isə talant termini ilə təhlil edirlər. Lakin bununla bahəm qeyd etmək lazımdır ki, intellektin inkişafı prosesində bütün psixi funksiyalar qarşılıqlı əlaqədədir. Başqa bir alim Klarkın fikrincə, istedadlı adam öz imkanlarını tam şəkildə yalnız qavrayış, təfəkkür, emosiyalar və başqa funksiyaların inteqrasiyası vasitəsilə reallaşdıra bilər.
Talant qabiliyyətlərin yaradıcılıq nailiyyətləri əldə etməyə imkan verən, həmin nailiyyətlərdə təzahür edən yüksək inkişaf mərhələsidir. Talantın strukturuna gəldikdə o, qabiliyyətlər kompleksindən, onların məcmusundan ibarətdir. Yüksək inkişaf səviyyəsinə çatmış parlaq təzahür edən ayrıca götürülmüş qabiliyyətləri belə talantın analoqu kimi göstərmək olmaz. Bunu həyati faktlar və aparılmış tədqiqatlar da sübut etmişdir.

Talant və dahilik. Qabiliyyətlərin yüksək inkişaf pilləsi talantla məhdudlaşmır. Bəzi adamlar öz istedadlarının yüksək səviyyəsi ilə fərqlənir, onların yaradıcı nailiyyətləri cəmiyyətin və mədəniyyətin inkişafında tam bir epoxanı əhatə edir. İnsanda qabiliyyətin bu cür inkişaf səviyyəsi dahilik adlanır. Dahi insanlar obrazlı şəkildə demiş olsaq öz fəaliyyəti sahəsində yeni bir dövr yaradır. Dahi üçün fövqəladə yaradıcı məhsuldarlıq, keçmişin mədəni miraslarına yiyələnmək və bununla yanaşı köhnəlmiş norma və ənənələri aradan qaldırmaq xarakterik haldır. Dahi şəxsiyyət hadisələrin gələcəyini qabaqcadan görə bilir, öz fəaliyyətini buna uyğun qurur.
İstedadlı uşaqlan xüsusi tərtib olunmuş testlərlə öyrənmək mümkün olmuşdur. Məlumdur ki, test nəzəriyyəsi və təcrübəsinin banisi Amerika psixoloqu C.M.Kettel sayılsa da onun inkişafında məşhur ingilis psixoloqu və antropoloqu F.Halton önəmli rol oynamışdır.
Qabiliyyətlər həm kəmiyyət, həm də keyfiyyət baxımından bir-birindən fərqlənir. Qabiliyyətlərin ölçülməsi dedikdə, onların kəmiyyət cəhətdən xarakterizə olunması nəzərdə tutulur.
İntellekt latınca sözü olub dərketmə, dərrakə, ağıl mənasında işlədilir. İntellekt əmsalı - LQ aşağıdakı düsturla ölçülür:
LQ=MA\CA*100. Burada MA-ağıl yaşı, CA-isə xronoloji yaşdır.
Qabiliyyətlərdən danışarkən qeyd etdik ki, insanların anadangəlmə imkanları eyni deyildir. Bu zaman diqqətimizi daha çox anadangəlmə imkanlar cəlb edir. Təbii imkanlar dedikdə, qabiliyyətin əsasını təşkil edən anatomik-fizioloji quruluş nəzərdə tutulur. Həmçinin psixofizioloji xassələr də buraya daxil edilir. Anatomik xüsusiyyətlərə beynin mikrostrukturu - gözün, səs tellərinin, əl və ayaqların quruluşu daxildir. Psixofizioloji xassə dedikdə isə bura hər şeydən əvvəl fəaliyyətə yiyələnməyin lap ilkin mərhələsində uşaqda, bəzən isə müəyyən fəaliyyətlə məşğul olmayan yaşlılarda özünü büruzə verən rəng fərqləndirmək həssaslığı, görmə həssaslığı, musiqi eşitmə həssaslığı və s. özündə ehtiva edir.

5-ci  sual. Qeyd  etdiyimiz kimi  bu təbii  imkanlar  qabiliyyətin formalaşmasının əsasında durur. Məsələyə başqa istiqamətdən yanaşan Rus alimi Teplovun fikrincə, sinir sistemini bütövlükdə xarakterizə edən ümumi tipoloji xassələrlə yanaşı olaraq beyin qabığının ayrı-ayrı sahələrini xarakterizə edən partsial, xüsusi tipoloji xassələr də mövcuddur. Əgər sinir sisteminin ümumi xassələri ümumi qabiliyyətlər üçün mühüm əhəmiyyətə malikdirsə, xüsusi xassələr xüsusi qabiliyyəti öyrənərkən mühüm əhəmiyyətə malikdir.

Bütün bunları tədqiq edən Teplov belə nəticəyə gəlir ki, həm ümumi tipoloji xassələr, həm də xüsusi tipoloji xassələrin öyrənilməsi psixologiyanı yeni biliklərlə zənginləşdirmisdir.

İstifadə olunmuş ədəbiyyat
1.              Bayramov Ə.S. Əlizadə Ə.Ə. Psixologiya. Bakı: 2003
2.              Məmmədov Ä.İdrak prosesləri. Bakı: 2005
3.              Немов Р.С . Психология. М: 2001
4.              Маклаков С.Я. Общая психология. М: 2006
5.              Геппенрейтер Ю. Введение в психологии. М: 1996
6.              Лейтес Н.С. Способности и одаренность в детские годы. М., 1984

 

Top