Balıqçı və tələbələr

Balıqçı və tələbələr

Rəvayət edirlər ki, bir dərviş var idi, ovçuluqla məşğul olardı, xüsusilə balıq tutmaqda çox məharəti vardı.

Çevik quşu göydə oxla vurardı,
Cəld balığı göldə əllə tutardı.
Bir gün torunun çəmənlikdə qurmuş, özü isə pusquda oturmuşdu. Bu zaman üç quş enib torun ətrafında dənlənməyə başladı, elə bu dəmdə haman tərəfdən hay- küy qopdu, mübahisə səsləri eşidildi. Ovçu qorxdu quşlar səsi eşidib qaçsınlar. Pusqusan çıxıb gördü iki tələbədir, elmi mübahisə edirlər, ancaq bir- birini başa sala bilmədikləri üçün az qalırlar savaşsınlar. Ovçu onların yanına gəlib yavaşdan yalvarmağa başladı və dedi: - Ey elm kanları və fəzilətləri! Xahiş edirəm lütf edib bir az sakit olasınız, bu quşlar hürküb qaçmasınlar, mənimdə zəhmətim hədərə getməsin. Tələbələr dedilər: biz bir şərtlə sakit olarıq, tutduğun quşlardan hərəmizə birini verəsən. Ovçu dedi: - mənim əzizlərim! Nə danışırsınız, nə tutmuşam ki, sizə də nə verim. Mən böyük bir ailə sahibiyəm, burada vur- tut üç quş var, onun da ikisini sizə versəm, mənə nə qalar, ondan əhl- əyalə nə çatar? Tələbələr dedilər: - Sən hər gün gah quh vurursan, gah balıq tutursan, az yesən də olar. Biz isə quru çörəkdən, duru sudan başqa bir şey görməmişik, ov əti dilimizə dəyməyib, kabab iyi burnumuza. Nahaq yalvarma əl çəkəsi deyilik. Ya şərtimizi qəbul et, ya da bu saat elə qışqıracayıq ki, quşlar uçub qaçsın. Ovçu nə qədər ah- zar etdisə fayda vermədi. Müəllimin sözu tələbəyə kar etmirsə, ovçununku necə təsir edə bilər?!
Tələbələr öz dediklərindən dönmədilər ki, dönmədilər. Ovçu axırda naçar qalıb razı oldu və ipi çəkib quşların üçünü tutdu. Sonra yenə dil töküb yalvarmağa başladı və dedi: - Ey əsrimizin böyük alimləri, dövrümüzün misilsiz filosofları, mən fəqirə rəhm edib quşlardan əl çəkin, gedin elmi mübahisənizi edin. Axı bu quşlarda nə can var ki, siz ona tamah salmısınız? Tələbələr dedilər:

Quş deyil qırqovuldur bunun hər biri,
Insan yemək istəyir lap diri- diri.
Sonra əlavə etdilər: - Kişi tüpürdüyünü yalamaz, söz veribsən şərtini də yürinə yetirməlisən.
Ovçu gördü ki, rica qapıları bağlanmış,ümid sapları qırılmışdır. Quşları ata malı kimi bölməyə və hərəsinə birini verməyə məcbur oldu və dedi: Gördünüz ki, mənim sizə nə qədər xeyrim dəydi. Varımı - yoxumu sizinlə tən böldüm, indi isə siz də nə üstə mübahisə etdiyinizi deyin ki, mən də sizin biliyinizdən feyziyab olub fayda götürüm. əgər düzünü deməsəniz quşları sizə halal etməyəcəm. Tələbələr gülüb dedilər ki,biz balığın xonsalığı üstə mübahisə edirdik. Ovçu soruşdu:- Xonsa nədir? Tələbələr dedilər: Xonsa odur ki, nə müzəkkər ola, nə müənnəs. yəni nə erkək ola, nə dişi.
Ovçu bu sözü yadında saxladı. Sonra evinə gedib əhvalatı arvadına- uşağına nağıl etdi. Gecəni bir quşla keçirməli oldular. Elə ki, səhər oldu, günəşin qızıl qanadlı quşu öz yuvasından pərvaz edib aləmi işıqlandırdı, ayın gümüş rəngli şüası üfüqdə gizləndi. Ovçu torunu götürüb dərya kənarına gəldi, ya bəxt deyib dənizə atdı, bir az keçdi toru dartdı, əlinə ağır gəldi, çəkib çıxartdı, gözü balığa sataşcaq ağzı açıq qaldı. O, hələ ömründə belə gözəl balıq görməmişdi: rəngi ləl kimi yanır, dərisinin pulları ətrafa işıq salırdı, boyu uzun, əti lətif, zərif idi.
Ovçu bir müddət onun rəng, surət və qiyafəsinə tamaşa etdikdən, boy- buxununa heyran- heyran baxdıqdan sonra dedi: Hələ heç bir balıqçı toru indiyə qədər belə balıq görməmişdir. Hayıfdır mən bunu öldürüm, yaxşısı budur ki, onu diri saxlayıb, şaha tövfə aparım. Bəlkə o, bunun qədrin, qiymətin bilib mənə xələt və ənam verə. Verməsə də bir xidmət etmiş olaram. Balıq da bilməsə, xalıq bilər.
Sonra balığı su ilə dolu zərif bir qaç içinə salıb, birbaşa şahın sarayına gəldi. Şah təzə balığı çox sevərdi. O, bunun üçün həyətdə böyük bir göl tikdirmiş, onu göz yaşı kmi şirin su ilə doldurmuş, içərisinə çoxlu miqdarda müxtəlif balıq saldırmışdı. Könlü balıq istəyəndə qayığa minib vəzir- vüzəra, əmir- üməra ilə orada gəzər, balıqların üzüşünə tamaşa edər və xoşu gəldiklərini tutdurub ordaca qızartdırardı.
Şahın balıq tanımaqda xüsusi məharəti vardı. Şah bü gün də qayığa minmişdi ki, ovçu gəlib balığı padşaha təqdim etdi. Şah balığı görüb heyran qaldı, balıqçıya min dinar qızı ənam verilməsini əmr etdi. Padşahın adamlarından biri  dedi- Şah sağ olsun, siz bilirsiniz ki, balıqçı çox, dəryada balıq isə boldur, hər balığa min dinar ənam versən, dənizdə nə qədər balıq varsa, hamısını tutub sizin hüzurunuza gətirərlər. Bu dövlətin azalmasına, xəzinənin boşalmasına səbəb ola bilər. Balığın ən yüksək qiyməti bir dinardır. Birə min verməyin nə mənası vardır?
Şah dedi:- Doğru deyirsən, lakin söz verdikdən sonra gecdir. Vəzir dedi:- bu barədə bir tədbir görmək olar, həm vəd yerinə yetirilər, həm pul xəzinə də qalar. Məsləhət odur ki, o, balıqçıdan soruşasınız balıq erkəkdir ya dişi. Hansın desə, əmr edəsiniz ki, gedib onun yoldaşını da gətirsin, ya ya verəcəyimiz az pula razı olsun. Şah bu təqbiri bəyəndi, balıqçını çağırıb dedi:- bu balıq müənnəsdir, ya müzəkkər? Yəni dişidir, ya erkək?
Balıqçı bir az duruxdu, şahın burada bir kələk işlətdiyini duydu, nə deyəcəyinə məəttəl qaldı, sonra xəyala daldı. Birdən tələbələrinin mübahisəsini xatırladı, fikirləşib onların öyrətdiyi sözü yadına saldı, sonra dedi:- Ey şəhriyar, bu balıq xonsadır, yəni nə dişidir, nə erkək. Cavab şahın xoşuna gəldi, üzünü vəzirə tutub: -Sözün nədir, get kişinin min dinarını ver. Bu məsəli dedim biliyin xeyrini başa düşəsiniz, balıqçı iki quş verib, bir kəlmə söz öyrəndi, lakin sonra o söz ona min dinar qızıl qazanc gətirdi, beləliklə məlum oldu ki, elmin faydası öyrədəndən çox öyrənənədir.


Mənbə: "Kəlilə və Dimnə"

Top