Xasiyyət və temperament uşaq ilə doğulur və irsən keçir. Onun tamam dəyişmək və istədiyiniz ideal məcraya salmaq qeyri-mümkündür. Körpənin temperamenti qıcıqlandırıcı şeylərə — ananın səs tonuna, islanmış altına, güclü işığa, aclığa və sairəyə əsəb sisteminin reaksiyasından bəlli olur. Körpə var ki, altı islanan kimi ağlayır, eləsi də var vecinə deyil, yuxusuna haram qatmır. Uşağınızın temperament tipini o hələ körpə ikən müəyyənləşdirin ki, onunla mübahisəsiz yola getməyin və tərbiyə etməyin yolunu tapasız.
Psixoloji tiplər
Sanqvinik
O, yad yerə, yad əllərə tez isinişir, qucaqdan-qucağa gəzir, az ağlayır, uşaqlarla qaynayıb — qarışır. Hər şeyə maraq göstərir, adamların simasını və adlarını yadında tez saxlayır. Hərəkətli oyunları seçir. Tez yuxuya gedir, səhərlər müsbət əhval-ruhiyyədə oyanır. Evdə sükutu və qanqaraçılığı xoşlamır. Tənbehi və cəzanı asan həzm edib, rahatca unudur. Danışıq tərzi maraqlı sözlərlə və impulsiv jestlərlə zəngindir. Bu tip tərbiyə və ünsiyyət üçün ən münasib və rahat temperament növüdür. Amma bir çətinliyi var: sanqvinik uşaq təhsildən, tapşırılan işdən tez yorulur, gücünü və enerjinizi düzgün paylaşdıra bilmir və məşğuliyyətini tez-tez dəyişir. Tərbiyə zamanı: onun enerji zəifliyini nəzərə alın. Nəzarət edin ki, onun optimizmi və həyatsevərliyi yüngülfikirliyə və dağınıqlığa keçid almasın. Uşağın gələcəkdə daha ciddi xarakter alması üçün üsullar seçin.
Xolerik
Sakitləşmək bilməyən, qorxusuz-hürküsüz, bütün günü danışan uşaqdır. Dava-dalaş və mübahisələri xoşlayır. Nifrət və kin kimi hisslərə körpəlikdən köklənir. Tənqid və tənbehə sakit yanaşsa da, fiziki cəzanı qəbul etmir və hətta valideyninə qarşı müqavimət göstərir. Hay-küylü, ekstrim oyunları sevir. O, sanki teatrdadır, daima yeni tamaşaçı nəzərləri axtarır. Ətrafı təəccübləndirmək üçün əldən-ayaqdan gedir. Ucadan və sürətli danışır. Yeni şəraitə tez uyğunlaşır. Amma gecələr narahat yatır, səhər hansı əhvalda olacağını doğma anası belə təxmin edə bilmir.
Tərbiyə zamanı: çalışın ki, onun şütüyən sürətini bir az azaldan və tənzimləyən hobbi növləri tapasız. Onun enerjisini dağıdıcı yox, qurucu istiqamətə yönəldin. Belə uşaqları sağlamlığı yol verdiyi təqdirdə idmana yazdırın. Onun yanında təmkinli, soyuqqanlı və hökmlü davranın ki, bu xüsusiyyətləri özündə əxz edə bilsin.
Fleqmatik
Sakit, mehriban, astagəl, vasvası, özünənəzarəti güclü bir uşaqdır. Emosiyalarını büruzə vermir, risk etməyi, tənqid olunmağı heç xoşlamır. Başını aşağı salıb özü-özü ilə oynayır. Heç kimə mane olmur. Hərdən evdə uşaq olduğunu da unutdurur. Öz həmyaşıdları içində, bağçada, məktəbdə lider mövqeyində olmur. Yeni informasiya və tapşırığı gec qəbul edib mənimsəyir, əvəzində yaddaşı yaxşıdır. Həyatda dəyişikliyi xoşlamır, evinə, otağına, hətta yatağına çox bağlı olur. Tez yuxuya gedir, sakit yatır, yuxudan qəfil oyadılmağı xoşlamır, səhər uzun müddət əzgin və yuxulu gəzir.
Tərbiyə zamanı: onun tısbağa tempini sürətləndirməyə çalışın: bir işi tez görməyə həvəsləndirin, sürətli oyun və əyləncələrə aparın, onunla gizlənqaç oynayın. Özünüz uşaqla münasibətdə emosional olun, ürəkdən gülün, hirslənəndə büruzə verin, hisslərinizi daha qabarıq göstərin. Üzünüzdən mimikanı əskik etməyin.
Melanxolik
Özünəqapalı, küsəyən, incəqəlbli, qərarsız, durduğu yerdə həyəcanlanan, diqqətcil və sentimental uşaqdır. Tez yorulur, fikri dağılır, arada yoxa çıxır, özünü işdən yayındırır. Əminsiz hərəkət edir, sözünü deməkdən çəkinir, sakit tonla danışır, fikri aydın olmur. Bir azca üstünə gedən kimi ağlayır. Yerinə uzadıb yatırtmaq müşkül məsələdir. Yeni yerə alışa bilmir, ona görə bağça və ya məktəbə çətinliklə uyğunlaşır. Melanxoliki müstəqil hərəkət etməyə və qərar verməyə alışdırmaq lazımdır. Tərbiyə zamanı: əmr, tənbeh və tənqidlər yolverilməzdir. Onu ruhlandırın, həvəsləndirin, tərifləyin. Onunla gün ərzində baş verənləri bölüşün, harada nə gördüyünü soruşun. Əgər az danışsa, tapşırın ki, gələn dəfə daha diqqətli olub, maraqlı məqamları yadda saxlasın.