Sultan Murad xan səhər yuxudan çox həyəcanlı qalxdı. Sanki nə isə demək istəyir, ancaq nəsə qarşısını kəsirdi. Baş vəziri Səyavuş Paşa onun bu vəziyyətini görüb soruşdu:
- Çox narahat görünürsünüz. Bəlkə, sizi narahat edən bir şey var?
- Gecə qəribə bir yuxu gördüm.
- Xeyir ola?
- Xeyirdir, yoxsa şər, bunu sonra biləcəyik.
- Necə?
- Hazırlaş, yola çıxırıq.
Sultan Murad xan da, vəziri də molla qiyafəsində yola düşdülər. Padşah hələ də gördüyü yuxunun təsiri altında idi və görünür, gedəcəyi yeri yaxşı bilirdi. Əvvəlcə, Bəyazidə, oradan Vəfaya, sonra da Zeyrəkə üz tutdular. Nəhayət, Unqapı ətrafında nəfəslərini dərdilər. Padşah ətrafa diqqətlə baxmağa başladı. Yaxında bir meyit var idi.
- Kimdir bu? - deyə padşah orada yığışan adamlardan soruşdu.
- Əyyaşın, əxlaqsızın biri...
- Haradan bilirsiniz?
- Qırx ildir qonşuyuq. Gəl bunu da bilməyək.
Bir anlıq ətrafa sakitlik çökdü. Birdən yaşlı bir qocanın səsi eşidildi:
- Əslində o, yaxşı sənətkar idi. Yaxındakı bazarda nalbənd işləyirdi. Yaxşı nal vururdu. Bu işdə tayı-bərabəri yox idi. Ancaq qazandıqlarını içkiyə, eyş-işrətə xərcləyirdi. Hər gün evinə şərab daşıyırdı, qadınlarla əylənirdi...
Qoca susdu. Bir az sonra artıq hamı üz çevirib getmişdi. Təkcə padşahla vəzir qalmışdılar. Vəzir getmək istəyəndə padşah onun yolunu kəsdi.
- Hara?
- Bilmirəm. Ancaq hər halda buradan getsək, yaxşıdır.
- Sən onlara fikir vermə. Onlar üz çevirib gedə bilərlər, ancaq biz gedə bilmərik. Necə də olsa, rəiyyətimizdir. Meyiti ortalıqda qoymaq olmaz.
- Olsun, saraydan bir neçə molla göndərərik, qurtarıb gedər.
- Olmaz. Hələ də gördüyüm yuxunun sirrini aça bilməmişəm.
- Yaxşı, biz indi nə edək?
- Meyiti yuyaq, kəfənləyək, sonra da namazını qılıb, dəfn edək.
- Padşahım, axı biz bunu necə edə bilərik? Mən bu günə kimi meyit yuyub kəfənləməmişəm.
- Narahat olma. Hər şeyi mənim öhdəmə burax. Ancaq əvvəlcə ölünü yumaq üçün bir məscid tapmalıyıq.
- Burada kiçik bir məscid var, bəlkə, ora gedək?
- Olmaz. Sən olsaydın, hansı məscidə getmək istəyərdin?
- Nə bilim, yəqin ki, Süleymaniyyəyə, heç olmasa, Fateh məscidinə...
- Süleymaniyyədə dövlət adamları çoxdur. Bizi tanıya bilərlər. Ancaq Fateh məscidini yaxşı fikirləşmisən. Hazırlaş gedək...
Məscidə gəldilər. Vəzir tez-tələsik kəfən, tabut tapdı. Padşah mis qazanları ocağa vurdu. Meyiti yudular. Sanki meyit birdən-birə gözəlləşdi. Sanki alnında bir nur var idi. Qəribədir ki, üzündən əxlaqsız, əyyaş adama da oxşamırdı. Dodaqlarında mənalı bir təbəssüm var idi. Padşahın ona əməlli-başlı qanı qaynamışdı. Elə vəzirin də... Nalbəndi kəfənləyib tabuta qoyduqdan sonra müsəlla daşının üstünə uzatdılar. Ancaq namaz vaxtına hələ var idi. Bu vaxt vəzir təlaşla padşaha yaxınlaşdı:
- Padşahım, bəlkə, biz səhv edirik.
- Niyə?
- Heç soruşmadıq. Kim bilir, bəlkə də, ailəsi, uşaqları var?..
- Düz deyirsən. Sən burada gözlə, mən məhəlləyə baş çəkib gəlirəm.
Vəzir məsciddə qaldı. Padşah isə bu qəribə macəranın başladığı yerə qayıtdı. Soruşub nalbəndin evini tapdı. Qapını yaşlı bir qadın açdı. Səbirlə padşahı dinlədi. Sanki qadın nalbəndin öləcəyini bilirdi. Qadın:
- Haqqını halal elə, oğlum, - dedi, - görürəm ki, çox yorulmusan.
Sonra qapının ağzındakı səkinin üstündə oturdu. Damarları çıxmış əllərini gicgahına dayadı. Adama elə gəlirdi ki, o ağlayır. Ancaq yox, o, ağlamırdı. Bir qədər sonra xəyal dünyasından ayrıldı:
- Bilirsən, oğlum, onunla neçə ilin ömür-gün yoldaşı idik. Başqa bir aləm idi bizim nalbənd. Axşama qədər atların ayağına nal vurardı. Ancaq birinin əlində şərab görsə, əlində-ovcunda nə varsa verib alardı. Sonra gətirib çölə tökərdi.
- Niyə?
- Başqaları içməsin deyə.
- Qəribədir.
- Sonra küçə qadınlarının pulunu verər, evə gətirərdi. Mən sizin pulunuzu verdim, indi də mən deyəni etməlisiniz, deyərdi. O, çıxıb gedərdi, mən də onlara dinimizdən, əxlaqımızdan danışardım.
- Sən işə bax. Ancaq gör camaat nə deyir.
- Kim nə deyir-desin, heç vecinə də deyildi. O, həmişə qəsəbədən uzaq məscidlərə gedərdi. Gərək elə bir imamın arxasında durasan ki, təkbir gətirəndə Kəbəni görsün, - deyərdi.
- İndi haradadır elə imam?
- Elə buna görə də Nişançıya, Sofular Məscidinə gedərdi. Bir gün ona dedim ki, gəl sən belə eləmə. Sən beləsən, ancaq qonşular sənin haqqında başqa cür fikirləşirlər. Axırda elə edəcəksən ki, səni yerdən götürən də olmayacaq. Fikrə getdi. Sonra “qoy heç kimə yüküm düşməsin“ dedi. Həyətdə özünə bir qəbir qazdı. Bir gün yenə “iş qəbirlə bitmir, səni kim yuyacaq, kim dəfn edəcək?“ dedim.
- Bəs o nə cavab verdi?
- Əvvəlcə gülümsədi, sonra da, “Allah böyükdür... Bir də padşahın işi nədir?“ dedi.