Tısbağa və əqrəb

Tısbağa və əqrəb

Bir tısbağa bir əqrəblə həmdəm olub dostluq və qardaşlıq iddiası edirdi.
Səhərdən axsama tək bir oturub durardı,
Gecədən sübhə qədər onunla mırt vurardı.

Bir dəfə təbii fəlakət üz verdi, doğma vətəni tərk edib başqa yerə köçməli oldular. Təsadüfən dərin bir çaya rast gəldilər. Tısbağa çayı keçməyə hazırlaşmağa başladı, əqrəb isə yerində donub qaldı. Tısbağa dedi: - Ey əziz dost! Sənə nə olub ki, fikir dəryasına batmısan? əqrəb dedi: -Qardaşım, bu çaydan, sudan necə keçəcəyimi düşünürəm. Mənim üçün nə sudan keçmək mümkündür, nə səndən əl çəkmək?!
Sən gedirsən, dalınca axar gözümün yaşı,
Çox çətindir dost gedə, qala onun yoldaşı!

Tısbağa dedi: - Qəm çəkmə, mən səni dalıma alıb bu sudan keçirərəm. Atalar demişlər ki, dostu çətinliklə ələ gətirib, asanlıqla əldən vermək nadanlıqdır. Tısbağa bunu dedikdən sonra əqrəbi dalına alıb özünü suya vurdu. Çayın ortasına çatdıqda dalından xoşagəlməz səs eşitdi. Əqrəbə dedi: -Qardaşım, bu nə səsdir ki, mən eşidirəm? Bu nə əməldir ki, sən edirsən? Əqrəb cavab verdi ki, tikanımı sənin vucudunda imtahan edirəm. Tısbağa qəzəblənib dedi:- Ay insafsız, mən sənin üçün bu bəla bulağına düşmüş, şirin canımı bu fəlakət dəryasına atmışam nə minnət bilirsən, nə mürüvvət. Təşəkkür etmirsən cəhənnəm. Heç olmasa dinc oturub sancma!
Xeyir verə bilmirsən, heç olmasa qaç şərdən,
Dostluq edə bilmirsən, gəl olma sən bir düşmən.

Onu da yaxşı bilirsən ki, sənin tikanın mənə zərər yetirə bilməz, neçin belə edirsən? Əqrəb dedi: dağru buyurursan, lakin nə edim ki, təbiətim belədir. Eşitməmişsənmi deyiblər:
əqrəbin çalması deyil ədavət,
zatındadır onun belə bir adət.

Tısbağa bunu eşitcək dedi:- mənim də xasiyyətim suya batmaqdır.
O saat dalı üstə çevrilib suya yatdı, əqrəb dərhal sürüşüb suya batdı və boğuldu.

Bax:
Dostluğun gücü

Top