Yağış(esse)/Şiringül Musayeva.

Yağış(esse)/Şiringül Musayeva.

Bayırda  xırda- xırda aramsız yağış yağır. Ta  uşaqlıqdan bu yağışı sevirəm, ta uşaqlıqdan belə  aramsız, soyuq  yağış  yağanda  sirli bir  qəmə  qərq oluram. Külək  vıyıldayır ,yağış  pəncərəmə  çırpılır.  Hava  tutqun,  bozumtuldur. Özümü  əsir  düşmüş   vəhşi  kimi  hiss edirəm, içimdə  sanki  tənha  bir  yalquzaq  ulayır. Hara isə  qərib-qərib ellərə  getməyim gəlir, qərib-qərib duyğular  içimi  bürüyüb, xəyalım  uzaq bir  şəhərin  küçələrini  gəzir.
O  şəhərin  yağışdan  islanmış  otları sanki  ayağım  altındadır;  pəncərəsinə yağış  çilənmiş  mağazalar,   başı  üzərində  çətir tutmuş  adamlar ,  budaqlarından  su  damcılayan  al- qırmızı  bəzənmiş  quşarmudları...
  Nə  istəyir içimdəki  tənha, qərib  yalquzaq?  Dünyadan  istədiyi  nədir?  Nə  üçün  belə  dərdli-dərdli  soyuq, yağışlı  Moskva  meşələrini, Medvedko  bazarını  xatırlayır? Nə  üçün  həmişə  quru  meyvə  aldığım  o özbək  qadının  siması xatirimdə  belə  əziz  bir  surət  kimi  qalıb ? Nə  çoxdur  Bakıda  bazarlar və  quru  meyvə  satan  qadınlar...
  Nədəndir  könlüm yalnız o  Medvedko  bazarını,  o qadını  istəyir nədən ?
  Nədəndir  ürəyim  belə  dərdli- dərdli  çırpınır; ağlamaq  istəyirəm, lap  elə  bayırda əsən  külək  kimi ulamaq  istəyirəm.
   Nədən  ?  Hara  gedir  bu  günlər,  ömür- gün  niyə  belə  tələsir  axı ?
   Niyə görə  uşaqlığımın  bir  səhnəsi  bu  gün  gəlib  ğözümün  önündən  asılıb;  cəpərə  ayağımı  keçirib  durmuşam, çəpərin  o  üzündəki  Güləsmə  ilə  yumurta  döyüşdürürəm. Nədəndir  ikimərtəbə  daş  evimiz, böyük  bağçamız   xəyalımda  belə  aydın  canlanır?  Hətta  nənəmin  uzun, qara  tumanının  qırçınları, əmim  arvadının  nazik  biləyindəki  qızıl  saat ,əmim  qızının  güllü, uzun,  narıncı  donu  lap  elə  bil  gözümün  qabağındadır.
   Elə  bil, bu  xatirələr  elə  aramsız  yağış  damlalarıdır  xəyalıma  damcılayır. Yağış  güclənir,  xatirələr  çoxalır.
  Ah,  elə  belə  yağışlı  bir  gün  idi;   qızılca  çıxartmışdım  və  anam  məni  bayıra  buraxmırdı; pəncərənin  qarşısında  oturub  bayıra  baxırdım. Elə  o  vaxt  da  içimdə  tənha,  balaca  bir  yalquzaq  var  idi. Və  mən  onda  da  beləcə  darıxırdım,  amma   o vaxt  o  darıxma  hələ  özümə  belə  aydın  deyildi ;  elə  bilirdim  həyətdə  oynamaqdan  ötrü  darıxıram.  Bu  gün  də  həyatımın  həmin  darıxdırıcı,  soyuq ,  aramsız  yağışı  yağır; bu  damlalara  qarışıb   mənim  də  yağmağım,  ağlamağım ,nəyisə  nəql  etməyim  gəlir. Nənəmi  könlüm  istəyir,  Vəfanı  könlüm istəyir,  Güləsməni,  Süsəni  könlüm  istəyir.  Yağışdan  sonra  boy  atıb dada  gələn  qanqal  zoğları  istəyir  könlüm. Bağçamızdakı  beşinci  ağacın  şirin, dadlı  alçaların  duza   batırıb  yemək  istəyirəm. Sonra  da Moskva  düşür  yadıma...Oğlumun  Moskvada  getdiyi  bağça  yadıma  düşür; yeni il  bayramı, Şaxta  baba, Qar  qız  yadıma  düşür,  oğlumun  şeir  deməyi,o günkü  təzə  geyimim  yadım düşür.
  Nədəndir  belə  darıxdırır  bu  yağış məni? Bəlkə, hardasa  keçmiş  illərdə , günlərdə  yaşayan  ruhum bu  yağışda  islanıb  boy  atır, hardasa  uzaq- uzaq  şəhərlərdə ,  kəndlərdə  qalan  günlərim  bu  yağış  damlalarına  qarışıb  xəyalıma  damcılayır. Ya  bəlkə, bu  yağış  mənim  və  mənim  kimi  neçə- neçə  insanın  taleyinə tökdüyü  göz  yaşıdır- zaman-  zaman yaranan, yaşayan, duyan ,  düşünən, həyatla  barışa  bilməyən  insanın. Bəlkə,  Təbiət  də  hərdən ovuna  bilmir,  için-için ağlayır belə?
Mənsə  yağışa  düşmüş ,əzilmiş,  bürüşmüş  bir  çiçək  misalındayam.  Həyatımı  özüm  yox,  bu  yağış  damlaları  idarə  edir. Damlalar  başıma  döyür ,  göz  yaşlarım  aramsız  axıb  bu  soyuq   yağış  sularına  qarışır.  Nə  bilim...
Top