Qoca ağac/Şiringül Musayeva

Qoca ağac/Şiringül Musayeva

Ayların , illərin , bəlkə  də, əsrlərin  kandarında  durmusan ,qoca   ağac ...Bilmək  olmur,  illər  səndən  o  yanda  qalıb,  yoxsa  bu  yanda.Kötüklərin  çalın- çarpaz  ilmələr  kimidir ,torpağın  sinəsinə  naxış  vurmusan, elə  bil.
      Qəribədir , ağac  nəyə  bənzəyərmiş;- səni  uzun-uzun  illər  yaşayıb  saç-  saqqal  ağartmış  qoca  bir  loğmana  bənzədirəm ;səni   qırçın –qırçın  tumanının  ətəkləri  yerlə  sürünən,beli  azca  bükülmüş  nənəmə  bənzədirəm; səni  neçə- neçə  sınaqlara  sinə  gərmiş,  döyüşdən- vuruşdan  qalib  çıxmış qos-qoca  bir  pəhləvana  bənzədirəm.
       Səni  özü  üçün  bir  dünya  qurmuş, dünyanın  işləklərin  seyr  etdikcə qəribləşmiş,  tənhalaşmış,  öz  sirli və  tənha  dünyasına  çəkilmiş    qoca  bir  şairə  bənzədirəm.
          Nə  qəribə  ağacsan  sən...Babalarımız  yaşlaşdıqca  ululaşıb  pir  olub, müqəddəs  olub.Səni  onlara  bənzədirəm ,əzizim ağac.
   Səni  əzizim  ,doğmam  kimi, nənəm  kimi, babam kimi ,  uzaqlarda  qalan şən ,məsum cocuqluğum  kimi  qucaqlayıb bağrıma  basmaq istəyirəm. Yerə  toxunan  qırçın- qırçın budaqlarına  üzümü  sürtmək  və  doyunca  ağlamaq  istəyirəm.
  Nələr  olur,  nələr  keçir sən  bunları görürsənmü,    ağac? Taleyin  gərdişinə  qarşı  durmaq  insan  qüvvəsi  xaricindədir.İnsan  qəlbi  bunlara  çətinliklə  tab  gətirir,əzizim  ağac.
 Sən  necə ,- baş  çıxarırsanmı  bu  gərdişdən  ?
   De  görüm ,  səni  bu  yamaca  çəkilməyə,  burada  tək-tənha  bir  dünya  qurmağa  nə  vadar  eliyib, nə?
   Səni  ağacdan  çox  bir  qalaya  bənzədirəm.Bəlkə, hansısa  bir  igidin   ruhu  yaşayır  səndə? Bəlkə , kiminsə  geriyə  dönmək istəyi ,  kiminsə  gələcəyə  qanadlanan   xəyalı  yaşayır  səndə? Bəlkə , budaqlarınla  çətir  tutub  yaratdığın  otağın  sinəsi  dağlılar,  gözü  nəmlilər  üçündür? 
   Nə  bilim ...
   Hər  dəfə  səni   görəndə   xəyalım  bir  qanadlı  quşa  dönür  ,  qərib-qərib  çırpınır.Qatarından  ayrı  düşmüş  durna  kimi  qəmlənirəm.Özümü  daşa- qayaya ,  yala-  yamaca   çırpmaq  istəyirəm.
   Sənlə  özüm  arasında  bir  doğmalıq  görürəm.Mən   də  sənə  oxşamaq  istəyirəm  .Sənin  kimi  qos-  qoca  bir  ağaca  dönmək  istəyirəm.Taleyin  amansız  gərdişlərindən , oyunlarından  baş  götürüb  qaçmaq  ,  bir  dağ  döşünə  sığınmaq ,  özüm  üçün  bir  dünya  yaratmaq  istəyirəm.
   Elə  bir  dünya  ki ,yalan-riya  bilməmiş  olsun; elə  bir  dünya  ki,  dərd-qəm  iliklərinə  enməmiş  olsun  .Elə  bir   dünya  ki, hər  səhər  ruhum  yuxudan  şən-şən  oyansın, şirin-şirin  bu  dünyaya  boylansın.Bu  dünyanı  yalnız  gozəlliyə  qərq  olmuş   görsün.Kədər  əlçatmaz ,  sevinc  bol  olsun .Dünya  başdan-başa  nağıl  olsun.
     Nə   bilim  ,ağac...
Top