Yalan – kəbirə günahlardan hesab olunur.
İslama görə doğru danışmaq – insanın ən mühüm vəzifələrindən və dinin əsil hədəflərindəndir.İmam Sadiq (ə) buyurur: “İnsanların səcdə və rükularının uzun olmasına baxmayın. Çünki mümkündür ki, onlar tərəfindən adət olsun. Belə ki, əgər onu tərk etsələr, narahat olarlar. Lakin doğru danışmaqlarına, əmanətdar olmaqlarına diqqət edin”.
Yalanın vurduğu ən böyük ziyanlardan biri odur ki, insanlar arasında olan etimadı və inamı aradan aparır. Həmin şəxsin dəyərini alçaldır. Lakin dinimiz bəzi hallarda yalan danışmağı caiz bilir. Bunlara nə aiddir?
Dinimiz əgər can təhlükəsi olarsa, düşmənin qarşısını almaq lazım olarsa, ya böyük ziyanın qarşısını almaq olarsa – o zaman insanın yalan danışmasına icazə verir. Bəzən iki qardaş arasında olan münaqişəni yatızdırmaq üçün də yalanın deyilməsi caiz hesab olunur.
Dinimiz yalan danışmağa o zaman icazə verir ki, artıq başqa yolun olmur və əgər yalandan istifadə etməsən, can təhlükəsinə düşə bilərsən. Bu yollardan biri tövriyyədir. Tövriyyə o sözdür ki, ondan iki məna çıxartmaq olur. Bu mənalardan biri qulaq asan üçün aşkar olar, biri isə gizli.
Əgər insan din qardaşının təhlükəsini tövriyyə yolu ilə dəf edə bilərsə, gərək ondan istifadə etsin, yalan danışmasın.
İmam Rza (ə) buyurur: “Həqiqətən insan müsəlman qardaşının haqqında doğru sözü deyər ki, bu sözü ilə onu giriftar edər. Ona görə də Allah yanında yalan danışanlardan olar. Həqiqətən insan din qardaşının haqqında yalan deyər və bu yalanla ondan ziyanı dəf edər. Ona görə də Allah yanında doğru danışanlardan olar”.
İmam Sadiq (ə) buyurur: “Qiyamət günü hər bir yalana görə hesab çəkiləcəkdir, məgər üç haldan başqa: müharibə halında (düşməni) aldatmaq üçün deyilən yalan, ikincisi o zaman ki, yalan insanların arasını islah etməyə səbəb olar...”. (Beytutə)
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyət edir: “Həqiqətən, Allah, məsləhətli və xeyirli olan yalanı sevir. O doğruluq ki, fəsad yaradar – ona nifrət edir”.
Mənbə: deyerler.org