İslam fərd və cəmiyyəti əlaqədar edən hər bir məsələni ələ alaraq həm fərdlərin, həm də cəmiyyətlərin xoşbəxtliyi üçün bir sıra düsturlar qoymuş, müəyyən qaydalar tənzim etmişdir. İnanan insanın həyatını bu qaydalara və düsturlara görə formalaşdırması ilk növbədə öz xoşbəxtliyinə zəmin hazırlamaqla yanaşı, eyni zamanda cəmiyyətin rifahına da müsbət mənada təsir edir. Demək olar ki, İslam fiqhi ilə bağlı yazılan və əsas etibarilə ibadətlərin fərz, vacib, sünnə və müstəhəblərini ələ alan kitabları oxuyarkən mütləq hər bir ibadətin fərdi və ictimai faydaları ilə də tanış oluruq.
Məsələn, oruc acların halını yaşadaraq insanı yardımlaşmağa sövq edir, həcc möminlərə birlik və bərabərlik şüuru aşılayır, zəkat və infaq siniflərarası bərabərsizliyin həsəd və düşmənçiliyə çevrilməsini önləyir. Bəlkə də, dinimizin ən fərdi ibadəti kimi görünən namaz ibadəti belə fərdləri təkamül etdirərək əslində cəmiyyət üçün sağlam vətəndaşlar yetişdirməkdədir. Şübhəsiz ki, dinin hədəflərindən biri də cəmiyyəti xoşbəxt etməkdən ibarətdir.
Xoşbəxt və məsud cəmiyyət qurmağı, fərdlərini rifah içində yaşatmağı hədəfləyən İslam dininin bu xüsusda atdığı addımlardan biri də qardaşlıq hüququnu təsis etməsi olmuşdur. Qurani-Kərimin və Hz. Peyğəmbərin tövsiyələrinə qulaq verənlər ictimai həyatın rifahı üçün hansı zəruri düsturlara riayət etməli olduqlarını öyrənə bilərlər.
Möminləri bir-birinə qardaş elan edən İslam Peyğəmbəri iman etmədən cənnətə girməyin mümkünsüz olduğunu, möminlərin bir-birini sevmədən kamil mənada iman etmələrinin də imkansızlığını belə dilə gətirmişdir:
“İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman etmiş olmazsınız. Sizə elə bir şey söyləyim ki, onu etdiyiniz təqdirdə bir-birinizi sevəsiniz: Aranızda salamı yayın!”. (Müslim, İman, 93)
Yəni “Salam Yurdu” olan cənnətdə yaşamağın yolu bu dünyanı sülh və əmin-amanlıq yurduna çevirməkdən keçir. O da yalnız fərdlərin bir-biri ilə qardaş olması nəticəsində mümkündür. İslam qardaşlığının güclənməsi üçün hər bir dövrdə yaşayan müsəlmanlar Hz. Peyğəmbərin tövsiyələrini diqqətə almalı, kamil qardaşlıq nümunəsinin yaşandığı əsri-səadətdən ibrət almalıdırlar. İslam qardaşlığını zədələyən, bizi bir-birimizə yadlaşdıran ünsürləri həyatımızdan çıxarmaq üçün bugünkü halımızı o gözəl çağ ilə müqayisə etməliyik.
Məsələn, hər birimiz bu gün yaşadığımız cəmiyyətdə ümumi bir aqressiyanın olduğunu müşahidə edirik. Hər gün eyni şəhərdə, eyni məhəllədə yaşayan fərdlərin bir-birinə qarşı kindar davranışları ilə qarşılaşırıq. İman və sevginin zəifləməsi, dünyaya olan məhəbbətimiz biz insanları getdikcə eqoistləşdirməkdə və bir-birimizə qənim kəsilməkdəyik. Əxlaqi dəyərlərin unudulması nəticəsində hər şeyi sırf hüquq müstəvisindən dəyərləndirdiyimiz üçün bəlkə də haqlarımızı qoruyuruq, amma eyni zamanda fərqində olmadan qonşumuzdan, qohum-əqrəbamızdan, dostlarımızdan və yoldaşlarımızdan da uzaqlaşırıq. Halbuki din qardaşlığı “mən haqlıyam, sən haqsızsan” kimi münaqişələri bir kənara qoyaraq ədavətə səbəb olan bütün xırdalıqları unutmağı, yeri gəldikdə öz haqlarımızdan fədakarlıq etməyi əmr edir. Qurani-Kərim bir-birilərini bağışlayan və qəzəb hisslərini cilovlayan bəndələrini belə mədh edir:
“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər”. (Ali-İmran, 134) Bu ayədə həm əlimizdəki imkanları ehtiyac sahibi olan qardaşlarımızla paylaşmağın böyük bir dəyər olduğundan bəhs edilir, həm də qəzəb hissimizi tənzimləyərək şəxsimizə qarşı işlənən və bağışlanması mümkün olan günahları əfv etməmizin daha əlverişli olduğu bildirilir. Yeri gəlmişkən, insanın din qardaşının dərdinə məlhəm olması da Allahın rizasını qazandıran ictimai bir vəzifədir. Biz bunun ən gözəl örnəyini yenə əsri-səadət dövründə yaşanan ənsar-mühacir qardaşlığında görə bilərik. Hz. Peyğəmbərin əmisi oğlu Abdullahın şəxsən yaşadığı və qiyamətədək bütün möminlərə nümunə olacaq davranışı dinimizin qardaşlıq hüququna və ehtiyac içində olan qardaşlarımızın dərdinə çarə olmamızın əhəmiyyətinə dair göstərəcəyimiz ən gözəl misallardan sadəcə biridir: Bir gün İbn Abbas (r.anhumə) Məscidi-Nəbəvidə etikafda ikən bir nəfər yanına gəlib salam verdi. İbn Abbas (r.anhumə):
— Qardaşım, səni yorğun və kədərli görürəm! – dedi. Həmin adam:
— Bəli, ey Rəsulullahın əmisi oğlu, kədərliyəm! Filankəsin üzərimdə vəla haqqı var (müəyyən mal qarşılığında məni köləlikdən azad etmişdi), lakin bu qəbirdə yatanın (Allah Rəsulunu qəsd edir) haqqı üçün söyləyirəm ki, ona olan borcumu ödəyə bilmirəm, — dedikdə İbn Abbas (r.anhumə):
— Sənin adından onunla danışımmı? – deyə soruşdu. “Bəli”, — cavabını alan kimi ayaqqabılarını geyinib məsciddən çıxdı. Ehtiyac sahibi olan adam:
— Etikafda olduğunu unutdun deyəsən, məsciddən niyə çıxdın? – deyə ardınca səsləndi. İbn Abbas (r.anhumə) bu cavabı verdi:
— Xeyr, unutmadım. Mən bu qəbirdə yatan və aramızdan yeni ayrılmış olan o möhtərəm zatın belə dediyini eşitdim (bu sözləri deyərkən gözündən yaşlar axırdı):
“Hər kim din qardaşının bir işinə əhəmiyyət göstərər və onun problemini həll edərsə, bu əməl onun üçün on il etikafda qalmaqdan daha xeyirlidir. Halbuki bir adam Allah rizası üçün bir günlük etikafa çəkilsə, Allah-Təala onunla cəhənnəm arasına üç xəndək qoyar ki, hər xəndəyin arası məşriqlə məğrib qədər bir-birindən uzaqdır”. (Beyhəqi, Şuab, III, 424-425) Allah dostlarından olan Əbul-Həsən Haraqani həzrətləri də bu məsələdə sahib olduğu həssaslığı belə dilə gətirirdi:
“Türküstandan Şama qədər hər hansı bir din qardaşımın barmağına batan tikan mənim barmağıma batmış kimidir, onun ayağına dəyən daş mənim ayağıma dəymiş kimidir. Onun ağrısı mənim ağrımdır. Əgər bir qəlbdə hüzn varsa, o qəlb mənim qəlbimdir”.
Təbii ki, insanlıq üçün böyük bir dəyər sayılan qardaşlıq anlayışının bir sıra hüquqları var. Biz burada sadəcə məsələnin fədakarlıq və yardımlaşma tərəfinə diqqət çəkdik. Çünki kapitalist zehniyyətin hakim olduğu zəmanəmizin bəlkə də bizə unutdurduğu ən böyük fəzilət məhz bu ikisidir. Təəssüflər olsun ki, kapitalizmin bizə təlqin etdiyi “hər şeyin ən yaxşısına sahib olmaq”, “hər kəsdən ən öndə olmaq”, “birincilik yarışında digərlərini əzmək” kimi düşüncələr biz insanları bir-birimizdən uzaqlaşdırdı. Uzaqlaşdırdıqca cəmiyyətimizdəki möhtacları unutduq. Qarnımız tox ikən qonşumuzun aclığı heç yadımıza da düşmədi. “Mənim haqqım” deyə-deyə qardaşlarımızın üzərimizdəki haqları yadımıza düşmədi. İnsanların dindən, imandan uzaq qalması, islami həqiqətlərdən bixəbər olması yuxumuzu qaçırmadı. Dünyanın dörd bir yanında zülm altında inləyən məzlumların ah-naləsini eşitməz olduq… Bir sözlə, genlərimizə qoyulan qardaşlıq şifrəsini unutduq.
Müəllif: Nurlan Məmmədzadə
Mənbə: irfandergisi.com