Əfəndimiz və uşaqlar

Əfəndimiz və uşaqlar

Uşaqlar bu dünya həyatının gözəlliyi və zinətidirlər. Quranda deyilir: "...övladlar dünya həyatının bərbəzəyidir" (əl-Kəhf, 46).Düzgün tərbiyə ilə boya-başa çatdırmaq isə onları Allah qatında  qiymətli edər.

Həmişə "övladlarımız bizim gələcəyimizdir", "onları indi necə yetişdirsək və əsaslarını necə qoysaq, gələcəyimiz o cür olacaq" kimi sözlər eşidirik. Uşaq dünyaya gələrkən tər-təmiz və Allahın verdiyi fitrət üzrə olur. Sonra ona valideynləri, valideynlərindən sonra qohumları, getdiyi yerlər, ətraf mühit və dost-tanışlar  təsir göstərir. Uşaqlıq illəri insanın ən əsas və ən həssas mərhələsidir. Bu dəfə mən  uşaqlıq mərhələsinin əhəmiyyətindən və tərbiyəsindən deyil, peyğəmbərimiz Məhəmmədin (s) uşaqlarla rəftarı haqqında yazmaq istəyirəm. Uşaqlı ailələr uşaqlar haqqında bir söz deyir, müəllim və həkimlər başqa məsləhətlər verir, pedaqoq və psixoloqlar tamam fərqli tövsiyələr edirlər. Bəs görəsən, İslam ümmətinin banisi və müsəlmanlarını idealı və nümunəsi sayılan Məhəmməd (s) uşaqlarla necə rəftar edib?!  "Allahın Elçisi sizlərə - Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir" (əl-Əhzab, 21). Peyğəmbər (s) heç bir zaman uşaqlara qəzəblənməz, onlara qışqırmaz və uşaqlara görə narahatlıq hissi keçirməzdi. Səhv etmiş olsalar belə onlara diqqətlə doğrunu öyrədər və aydın bir dillə    başa salardı. Düzgün bir iş görsələr tərifləyər, sonra da  onlar üçün Allaha dua edərdi. Əbu Hüreyrə (r) rəvayət edir ki,  "Biz Peyğəmbərlə (s) işa namazını qılırdıq. Rəsulullah səcdəyə gedəndə Həsən və Hüseyn onun (s) belinə tullandılar. Peyğəmbər səcdədən başını qaldıranda onları yavaşca belindən götürdü və yerə qoydu. Səcdəyə gedən kimi yenə də onlar  Allah rəsulunun (s) belinə çıxırdılar. Bu minvalla Peyğəmbər namazını bitirdi (İmam Əhməd rəvayət edib). Ümmü Xalid (r) deyir ki, "Atamla Rəsulullahın (s) yanına getməmişdik . Mən balaca idim və əynimdə sarı köynək (paltar) var idi. Rəsulullah (s): "Gözəldi, gözəldi" dedi" (Buxari). Möhsinin qızı Ümmü Qeys Rəsulullahın (s) yanında gələndə kiçik oğlunu da özü ilə  gətirmişdi. Rəsulullah (s) onu qucağına aldı, uşaq da Rəsulullahın (s) üstünə etdi. O (s) su istədi və sudan bir az (sidik tökülən yerə) töküb islatdı. Əbu Hüreyrə (r) Rəsulullahın Həsən və Hüseynlə oynamağını belə rəvayət edir: "Qulaqlarımla eşidib gözlərimlə gördüm ki, Rəsulullah iki əli ilə Həsən və Hüseynin əllərini ovucuna alıb və onların ayaqlarını öz (s) ayaqlarının üstünə qoyub belə dedi: "Qalx, qalx". Uşaq da qalxa-qalxa gəlib iki ayağını da Rəsulullahın (s) sinəsinə qoydu. Peyğəmbərimiz (s) uşaqlarla oynamağı xoşlayardı. İmam Əhməd, İbn Macə və Buxari rəvayət edirlər ki, Yala bir Murra (r) belə deyib: "Rəsulullahla (s) yeməyə dəvət olunduğumuz yerə gedirdik.  Yolda Əlinin oğlu Hüseyni (r) oynayan gördük. Rəsulullah (s) yeyin addımlayaraq əllərini açıb onu (r) götürmək istədi. Uşaq isə ora-bura qaçmağa başladı, Rəsulullah da (s) Hüseynin (r) dalınca qaçaraq onu güldürürdü və birdən onu (r) tutdu. Bir əli ilə boynundan,  bir əli ilə də başından tutdu, bağrına basdı. Yanımıza gəlib belə dedi: "Hüseyn məndəndir, mən də Hüseyndənəm". Bir dəfə Əqra ibn Habis Rəsulullahın (s) yanına gəlir və görür ki, Rəsulullah (s) Əlinin (r) oğlu Hüseyni öpür və deyir: "Siz (uşaqlarınızı) öpürsünüz?" Rəsulullah (s)": "Bəli" deyə cavab verir. Əqra 10 uşağınln olmasına baxmayaraq  heç birini bircə dəfə də öpmədiyini deyir.  Bu zaman Rəsulullah (s) ona buyurur: "Kim lütfkarlıq göstərməzsə, ona mərhəmət olunmaz". Peyğəmbərimiz (s) uşaqlara o qədər diqqət göstərirdi ki, ibadət edərkən belə onlara laqeyd yanaşmırdı. Siz bunu təsəvvür edə bilərsinizmi?! Əbu Qətadə deyir ki, Rəsulullah (s) qucağında qızının qızı (nəvəsi) Əmaməni tutaraq namaz qılırdı.  Rükuya gedəndə onu yerə qoyur, sonra ayağa qiyam üçün qalxanda yenə götürürdü. Rəsulullah (s) camaata namaz qıldırarkən bir uşağın ağlamasını eşitsə idi  anasına əziyyət verməsin deyə namazını erkən bitirərdi (tezləşdirərdi). Bir gün Rəsulullah (s) minbərdə dayanıb xütbə deyirdi. Bu zaman Həsən və Hüseyn əyinlərində qırmızı köynək içəriyə daxil oldular. Rəsulullah (s) minbərdən enib onları götürüb yanına gətirib otuzdurdu. Sonra belə dedi: "Allah təala və rəsulu düzgün buyurub:  "Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!" Gördüm ki, bu iki uşaq ora-bura gəzişirlər, səbr edə bilmədim, söhbətimi kəsib düşüb onları götürdüm." Sonra Rəsulullah (s) xütbəsinə davam etdi. Peyğəmbərimiz (s) uşaqları çox əziz tutardı, onlarla çox mülayim davranar və həmişə oynadardı. Bəs görəsən, onların təliminə necə yanaşırdı? Buxari və Müslim rəvayət edirər ki, Ömər ibn əbu Sələmə deyib: "Balaca uşaq idim və Peyğəmbərimizin (s) qucağında oturmuşdum, (qarşımızdakı yemək) qabında əlimi o tərəf bu tərəfə uzadırdım. Rəsulullah (s) mənə belə dedi; " Allahın adını çək, sağ əlinlə və öz qarşından ye!" Bir dəfə Peyğəmbərimizin (s) nəvəsi Hüseyn (r) bir xurmanı yemək istəyirdi. Bu xurma isə sədəqə verilən xurmalardan idi. Rəsulullah bunu görən kimi dedi: "Kix-kix (olmaz deməkdir),  bizlərə (bizim ailəyə) sədəqə halal deyil!" Həmçinin, Buxari rəvayət edir ki, Rəsulullah (s) Həsən və Hüseynin üzərinə həmişə belə oxuyardı; "Sizin ikinizdən də Allah şeytanı və bəlanı, pis gözü uzaq etməsini Allahın sözləri ilə istəyirəm". Həmçinin Peyğəmbərimiz (s) uşaqlar böyüdükdən sonra da onları boş buraxmaz, onlarla maraqlanar və gəncliklərini xeyirli keçirtsinlər deyə onlara yol göstərərdi. Allah bizləri Peyğəmbərimizi (s) bir nümunə götürüb onun yolu ilə getməyimizə müvəffəq etsin!
Top