Uca Allah Qurani-Kərimin "əl-Qələm" surəsinin 4-cü ayəsində peyğəmbərimizin (s) əxlaqı haqqında belə buyurur: "Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!".
Bir hədisdə Peyğəmbərin (s) dilindən deyilir: "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim". Bu haqda belə bir hədis rəvayət olunur: "Bir gün Peyğəmbər (s) səhər namazını qılmaq üçün evindən çıxır. Hava soyuq idi
. Yolda ənsardan olan bir qadın Peyğəmbəri (s) görür. Həmin qadın Peyğəmbər üçün məxmərdən bir əba tikmişdi. Qadın Peyğəmbəri (s) görən kimi tez yaxınlaşıb əbanı ona verir. Peyğəmbər bu hədiyyəyə görə çox şad olur və onu geyinir. Yolda ənsardan olan bir kişi Peyğəmbəri (s) görür və deyir: "Əynindəki nə gözəl əbadır, ey Allahın rəsulu!" Rəsulullah tez əynindəki əbanı çıxararaq, həmin adama hədiyyə edir". Başqa bir hədisdə isə belə rəvayət olunur: "Hüneyn döyüşündə Peyəmbərə (s) xeyli miqdarda qənimət çatır. Bu zaman kafirlərdən bir nəfər qənimətin çoxluğundan heyrətlənir və Peyğəmbərə (s) yaxınlaşaraq deyir: "Bu nədir belə!". Peyğəmbər (s) soruşur: "Nədir, təəccübləndin?". Kafir: "Bəli"- deyə cavab verir. Peyğəmbər (s) də ona: "Götür. Bunlar sənindir"- deyir. Kafir Peyğəmbərə tərəf çevrilərək soruşur: "Ey Məhəmməd, mənə sədəqəmi veririsən?" Peyğəmbər (s) həmin adamdan bundan təəccübləndiyini xəbər alanda o, yenə də: "Hə" - cavabını verir. Rəsullulah (s) təkrarən deyir: "Əgər veriklərimi götürsən, hamısı sənin olacaq". Həmin şəxs qənimətləri toplayıb tələsik öz qəbiləsinin yanına gəlir və səslənir: "Ey insanlar! İslama gəlin. İndi insanların ən xeyirlisinin yanından gəlirəm. Məhəmməd bugün elə bir qənimət əta etdi ki, burada olanlar heç bir zaman kasıblıqdan qorxmayacaqlar". Peyğəmbərin (s) əhdə vəfalılığı: "Məkkədə Əsmə əbu əl-Bəxtəri ibn Hişam adlı bir kişi var idi. Həmin şəxs kafir olmasına baxmayaraq, Haşim oğullarının baykot edilməsi haqqında imzalanmış razılaşmanın mətnini cırmış, müqaviləni pozmuşdu. Bir gün Peyğəmbər (s) səhabələrinə belə dedi: "Kim döyüşdə Əbu əl-Bəxtəri ibn Haşimi görərsə, onu öldürməsin". Bu, Rəsulullahın müqaviləni pozduğuna görə ona göstərdiyi vəfakarlığı idi. Peyğəmbərin (s) şücaəti: bir gün bir bədəvi Qüreyşin adlı sanlı şəxslərinin yanına gələrək, Əbu Cəhlin ondan aldığı pulu geri qaytarması üçün onlardan xahiş edir. Lakin onlar razılıq vermir, kişini Peyğəmbərin (s) yanına göndərib istehza ilə deyirlər: "O, Əbu Cəhlin dostudur. Sənə pulu geri almaqda kömək edər". Kişi Peyğəmbərin (s) yanına gəlir və deyir: "Mənim Əbu Cəhldə pulum var. Qüreyşlilər sənin onu Əbu Cəhldən geri ala biləcəyini söyləyib məni sənin yanına göndərdilər". Peyğəmbər (s) həmin adama: "Bəli, sənin pulunu ondan alacağam"- deyərək, onunla Əbu Cəhlin yanına yollanır və ondan soruşur: "Bu adamın səndə pulumu var?" Əbu Cəhl: "Bəli"- deyərək cavab verir. Rəsulullah (s) Əbu Cəhldən həmin adamın pulunu qaytarmasını itələb edir. Əbu Cəhl tez-tələsik həmin kişinin pulunu gətirib qaytarır. Peyğəmbərin (s) lütflarlığı: bir dəfə bir kişi titrək halda Peyğəmbərin (s) yanına gəlir. İlk dəfə idi ki, Peyğəmbəri görürdü. Peyğəmbər (s) ona belə deyir: "Özünü ələ al, mən mələk deyiləm. Mən də Allahın bir bəndəsiyəm. Hamı kimi yemək yeyir, hamı kimi gəzib dolaşıram". Bir gün bir qadın Peyğəmbərin (s) yanına gəlib deyir: "Ey Allahın rəsulu, mənim bazarda bir az yüküm var. İstəyirəm mənimlə bazara gedib onu evimə aparasan. Peyğəmbər isə ona belə deyir: "Sən oraya hansı yoldan getmək istəyirsən? Hansı yolu göstərsən, mən də o yoldan gedərəm". Peyğəmbərin (s) sözündə düz olması: Məlumdur ki, ilk vəhy endiyi zaman Peyğəmbər (s) Səfa təpəsinə qalxaraq, insanlara belə səslənmişdi: "Ey insanlar! Əgər bu dağın arxasında bir qoşunun dayandığını və sizə hüçum etməyə hazırlaşdığını desəm, mənə inanarsınızmı?" İnsanlar bir ağızdan: "Bəli. Biz səndən bu vaxta qədər heç bir yalan söz eşitməmişik. Sən hər zaman doğru danışan və etibarlı bir insan olmuşsan" - demişdilər. Peyğəmbər (s) də onlara bəyan etmişdi: "Elə isə mən sizi şiddətli əzabdan xəbərdar etmək üçün göndərilən bir peyğəmbərəm". Peyğəmbər (s) Məkkədə ən doğru insan idi. Onu "sadiq əl-əmin" (hər zaman doğru danışan, etibar sahibi) adlandırırdılar. Kafirlər belə, bir yerə getdikləri zaman öz pullarını onun yanında əmanət saxlayırdılar. Onlar onun nə qədər dürüst bir insan olduğunu yaxşı bilirdilər. Peyğəmbərin (s)bağışlama əxlaqı: Peyğəmbər (s) Məkkəni fəth etdiyi zaman oranın sakinlərinə belə demişdi: "İndi sizə nə edəcəyimi düşünürsünüz, elə deyilmi?". Daha sonra isə onlara buyurdu: "Hamınız azadsınız". Rəsulullahın (s) şəfaəti: Qiyamət günü Peyğəmbər gəlib Ərşin altında səcdəyə qapılacaq və Allaha o vaxta qədər heç kimin etmədiyi bir şəkildə həmd edəcək, "Allahım! Ümmətim! Allahım! Ümmətim!" - deyərək Ona dua edəcəkdir. Allah da öz peyğəmbərinə belə buyuracaqdır: "Ey Məhəmməd! Başını qaldır. İstədiyini söylə, o, sənə veriləcəkdir. İstədiyinə şəfaət et, ki, şəfaət görsün"