Təktərkibli cümlələr

Təktərkibli cümlələr

Hər iki (rus və Azərbaycan) dildə olan cümlələr baş və ikinci dərəcəli üzvlərin iştirakına görə müxtəlifdir. Bəzi cümlələrdə onun bütün üzvləri, digərində baş üzvlər və ikinci dərəcəli üzvlərindən biri və ya ikisi, başqa qrup cümlələrdə isə təkcə baş üzvlər iştirak edir. Lakin rus dilində, Azərbaycan dilində olduğu kimi, elə cümlələr də vardır ki, onlarda baş üzvlərdən yalnız biri iştirak edir (burada ikinci dərəcəli üzvlər də ola bilər). Belə cümlələrdə ifadə olunmuş fikir məhz həmin tək baş üzvün əsasında formalaşır, ikinci baş üzvün iştirakına ehtiyac duyulmur. Tərkibində baş üzvlərdən yalnız biri iştirak edən və fikir həmin üzvün ətrafında tamamlanan cümlə təktərkibli cümlə (однасоставное предложение) adlanır. Təktərkibli sadə cümlələrin bir qrupu xəbər və ya xəbər qütbü əsasında, başqa bir qrupu isə mübtəda və ya mübtəda qütbü əsasında formalaşır. Bu baxımdan rus dilində də təktərkibli sadə cümlələr iki qrupa ayrılır. Mübtədasız təktərkibli cümlələr (бесподлежащные односоставные предложения) və xəbərsiz təktərkibli cümlələr (бессказуемные односоставные предложения). Xəbərsiz təktərkibli cümlələr qrupuna yalnız adlıq cümlə (назывное предложение) daxildir.

Adlıq cümlələr elə cümlələrdir ki, onlarda baş üzvlərdən yalnız mübtəda (və ya mübtəda qütbü) iştirak edir, xəbər yoxdur və ola da bilməz. Belə cümlələr, adətən, adlıq halda daha çox isimlərlə, habelə ismi birləşmələrlə ifadə olunur. Adlıq cümlələrdə bir qayda olaraq şəxslərin və əşyaların, hadisə və proseslərin (əsasən indiki zaman mənasında) yalnız adı çəkilir, lakin onlar haqqında heç də danışılmır. Adlıq cümlələr başlıca olaraq bədii və səhnə əsərlərində təbiət təsviri, hərəkətin davam və inkişaf edəcəyi yeri-məkanı, habelə zamanı, şəraiti, vəziyyəti və s. bildirir. Belə cümlələrə ədəbi əsər və məqalə adları, müəssisə və idarə adları, ilin fəsillərinin, aylarının, günlərinin, həftələrinin, tarixlərinin adı və s. aid edilir. Adlıq cümlədə ismin adlıq halından başqa onu (ismi) təyin edən söz və ya sözlər də ola bilər. Bu halda geniş adlıq cümlədən söhbət gedir. Bəzi adlıq cümlələrdə göstərmə mənasında işlədilən вот ədatı da olur. Gəlin, adlıq cümlələrə bir neçə misal göstərək: Утро. Веселые улыбки шахтеров. Вот наш дом. А вот наша школа. 12 часов дня və s.
Mübtədasız təktərkibli cümlələrə müəyyən şəxsli (определенно-личное), qeyri-müəyyən şəxsli (неопределенно-личное), şəxssiz (бесличное) və ümumi şəxsli (обобщенно-личное) cümlələr aiddir.

Ədəbiyyatda tez-tez rastlaşdığınız bu cümlə tipləri haqqında sizə qısaca məlumat verəcəyik. Müəyyən şəxsli cümlələr o cümlələrdir ki, onlarda mübtəda iştirak etmir, lakin xəbərin şəxs sonluğu ilə hərəkətin kim tərəfindən icra olunduğu bildirilir. Müəyyən şəxsli cümlələrin xəbərləri fellərin I və II şəxslərinin təki və cəmi (indiki və gələcək zaman formalarında), habelə felin əmr şəkli (forması) ilə ifadə olunur. Məsələn: Вижу петухов. Говоришь по-русски хорошо. В труде и в бою храни беззаветно Отчизну свою!

Qeyri-müəyyən
şəxsli cümlələrdə də mübtəda iştirak etmir, xəbər isə qeyri-müəyyən şəxslər tərəfindən hərəkətin icrasını bildirir. Başqa sözlə desək, qeyri-müəyyən şəxsli cümlələrdə işin icrası konkret deyildir, lakin onu təsəvvürə gətirmək mümkündür. Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri III şəxsin cəmində müxtəlif fellərlə ifadə olunur. Məsələn: Реку Енисей называют братом океана. Азербайджан по праву относят к числу передовых республик və s.

Qeyri-müəyyən şəxsli cümlələrə oxşar digər növ cümlələr də vardır ki, bunların da mübtədası qeyri-konkretdir. Bu, ümumi şəxsli cümlələrdir. Belə cümlələrdə iş, hərəkət hamıya, bütün şəxslərə aiddir. Onu da qeyd edək ki, bu qrup cümlələrə əsasən atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər, nəsihətlər və s. daxildir. Üç misal göstərək: Мудрого и без слов узнают; Чужим умом умён не будешь; Из песни слова не викенешь.

Şəxssiz cümlə
o cümləyə deyilir ki, mübtədası yoxdur, təsəvvür edilmir, mübtədanın cümlədə iştirak etməsinə ehtiyac hiss olunmur və onun bərpası da mümkün deyil. Şəxssiz cümlələrdə xəbər şəxssiz fellərlə (Уже светало), şəxssiz mənada işlədilmiş şəxsli fellərlə (Пахнет горячими шпалами и мазутом), felin məsdər forması ilə (bu halda bəzən inkarlıq bildirən не ədatı da iştirak edir: Лет до ста расти нам без старости. Вам не видать таких сражений), zərflərlə (Было уже темно), məchul nov orta cins feli sifətin keçmiş zamanı ilə (На свете прожито немного), habelə не?, не было, не будет inkar sözləri ilə (Не было у Арифа книг. Завтра не будет дождя) və s. ifadə olunur.
Rus dilindəki təktərkibli cümlələr onların işlənmə dərəcəsi, böyük emosionallığı, müxtəlif məna çalarları ifadə etməsi və s. ilə fərqlənirlər.
Top