Bundan əvvəlki dərslərimizdən məlumdur ki, dili (nitqi) təşkil edən sözlər biri digəri ilə əlaqəyə girir və nəticədə ya söz birləşməsi, ya da cümlə əmələ gətirir. Bu sözlər də öz növbəsində bir-birindən törəyir. Məsələn:
вода sözündən
водный və
водяной sözləri, sonuncudan isə
водянка və
водянистый sözləri yaranmışdır:
соль ismindən
солить feli, ondan isə
соленый sifəti düzəlmişdir və s. Belə sözlərə qohum sözlər
(родственные слова) deyilir:
рыба—рыбак, рыбник—рыбий—рыбный—рыбачий—рыбацкий—рыбачить və s.
Yeni sözlərin yaranması cəmiyyətin tələbi ilə, ictimai quruluşdakı artan və mürəkkəbləşən dəyişikliklərlə, istehsalın genişlənməsi ilə, texnikanın, elmin, ədəbiyyat və incəsənətin və s. inkişafı ilə əlaqədardır. Yeni sözlərin əmələ gəlməsi həmin dildə olan sözlərə əsaslanır (очерк—очеркист; киоск—киоскер). Yeni sözlər köhnə sözlərdən əsas etibarı ilə sözün məna kəsb edən hissələri vasitəsi ilə yaranır (suffiks və pristavkalarla). Dildə müəyyən dərəcədə formalaşmış, kamilləşib təşəkkül tapmış yeni sözlər əmələ gətirmiş nümunələrə (söz vahidlərinə) tez-tez rast gəlinir. Məsələn: возчик, переводчик, рассказчик, переписчик kimi söz nümunələri timsalında летчик (летать felindən) sözü yaranmışdır.
Qeyd etmək lazımdır ki, elə yeni sözlərin əmələ gəlməsi priyomlarının özü də dilin inkişafı prosesində dəyişir, sözdüzəltmənin yeni növləri yaranır. Məsələn, lap bu yaxınlarda rus dilində с pristavkalı fellərdən ность suffiksinin köməyi ilə birgəlik mənasını bildirən yeni isimlər düzəlmişdir. Misal üçün, сыграться—сыгранность (musiqiçilərin və idmançıların nitqəndə), сработаться—сработанность və s. Bütün bu isimlər kollektivin birgə mehriban fəaliyyəti nəticəsində əmələ gəlmiş və dilə daxil olmuşdur.
Bilməlisiniz ki, qohum sözlərlə eyni sözün qrammatik formalarını dəyişdirmək olmaz. Qohum sözlər özlərinin leksik (söz) mənaları ilə fərqlənir. Deyək ki, рыба—рыбак. Bu iki söz qohum sözlər olmasına baxmayaraq, mənaca müxtəlifdir. hər hansı bir sözün qrammatik formaları dedikdə, onun bir-birilə fərqlənən qrammatik mənaları nəzərdə tutulur. Müqayisə edək: рыба-рыбы-рыбе-рыбу və s. Istənilən qrammatik formada sözün öz leksik mənası dəyişməz qalır. Qrammatik forma dedikdə ismin cins formaları, tək-cəmi, halları; sifətin cins formaları, tək-cəm hallanması, müqayisə dərəcələri; fellərin zaman şəxs, növ və s. formaları nəzərdə tutulur.
Qohum sözləri müqayisə edərkən onlarda ümumi bir hissə və ya hissələr ayırd olunur ki, bu hissələr daha parçalanmır. Məsələn: вода, водный, водяной, подводный, подводник və s. вод ümumi parçalanmayan hissədir. Daha parçalanmayan qohum sözlərin ümumi hissəsinə kök (корень) deyilir. Kökün mənası ilə bütün qohum sözlərin leksik mənası əlaqədardır. Yuxarıda misal ktirdiyimiz sözlərdə вод kökdür.
Sözün məna verən hissələri kökdən əvvəl gələrsə приставка, kökdən sonra gələrsə суффикс (аффикс) və окончание (sonluq) ola bilər.
Sözün cümlədə (nitqdə) başqa sözlərlə əlaqədə olub dəyişməsi nəticəsində sonluqlar (окончания) yaranır. Deməli, sonluq dedikdə cümlədə və ya nitqdə dəyişərkən sözün qəbul etdiyi şəkilçilər nəzərdə tutulur. Sonluqlar vasitəsi ilə sözlər nitqdə əlaqələndirilir. Misal üçün: Полад пошел к сестре. Он увидел сестру. Sözün formalarından biri digərindən sonluğun olmaması ilə də fərqlənə bilər. Misal üçün, брат sözündə sonluq yoxdur; брата, брату, братом, о брате sözləri isə sonluqlarla (hal şəkilçiləri) işlənmişdir.
Suffikslər söz kökündən sonra gəlib əsasən iki funksiya yerinə yetirir. Birincisi, suffikslərin keməyi ilə qohum sözlər (bəzən də eyni mənalı sözlər) yarana bilər: гора-горный, гористый-горец. Bunlara sözdüzəldici suffikslər deyilir (словообразующие суффиксы). Ikincisi, suffikslərdən sözlərin müxtəlif qrammatik formalarının fərqlənməsində istifadə olunur (формообразующие суффиксы). Belə suffikslər sözlərin yalnız qrammatik mənasını dəyişdirə bilər. Məsələn, sifətin və zərfin müqayisə dərəcələrinin suffiksləri yalnız onların qrammatik formasını dəyişir: красивый-красивее, красивейший; низко-ниже, нижейше və s.
Pristavkalar isə həmişə sözün kökündən qabaq işlənib, həmin sözə yenilik çaları verir və ya çox hallarda sözün qrammatik mənasını dəyişdirə bilir. Pristavkalar əsas etibarı ilə fel formalarının, xüsusilə fel növlərinin (tərzlərinin) düzəldilməsinə xidmət edir. Müqayisə edək: ходить-входить, выходить, подходить, отходить, заходить; писать-написать və s.