Mənim nəhəng kəşfim.

Mənim nəhəng kəşfim.

İyirmi-bir yaşım olarkən mən kiçik bir mənzildə yaşayır və tikintidə fəhlə işləyirdim. Səhər saat 5-də yuxudan qalxırdım ki, üç avtobus dəyişərək saat 8-də işə çatım. Evə axşam 7-dən tez gələ bilmirdim. Qazandığım pul məvacibdən-məvacibə güclə çatırdı, şəxsi maşın haqda söhbət belə gedə bilməzdi, paltarım yalnız ehtiyacım olan qədər idi, pul toplamaq isə demək olar mümkün olmurdu. Evdə nə radio, nə də televizorum var idi. Qışın oğlan çağı idi, havanın temperaturu mənfi 10 dərəcəyə yaxın idi və mən nadir hallarda axşam çölə çıxırdım. Ölümcül yorğun olmadığım hallarda kiçik mətbəxdə oturub kitab oxuyaraq mürgü vururdum.
Və belə bir axşamların birində, yenə də mətbəxdə kitab oxuyarkən qəfil mənə aydın oldu ki, «Bu mənim həyatımdır!» Hansısa teatr tamaşasının məşqi deyil, Mənim Həyatımdır. Tamaşa artıq səhnədədir və mən də baş rolun ifaçısıyam. Bu fikir beynimdə qığılcım kimi alışdı. Mən ətrafıma, darısqal mənzilimə və özümə baxdım və ali təhsilə malik olmadığımı xatırladım. İxtisaslaşdığımyeganə sahə fiziki iş idi. Qazancım yalnız əsas tələbatımı ödəməyə yetirdi. Və anladım ki, mən özüm dəyişməyənə kimi heç nə dəyişməyəcək. Bunu kimsə başqası mənim yerimə etməyəcək. Daha dəqiq desək bu, məndən başqa heç kimi maraqlandırmırdı. Həmin andan öz həyatım və həyatımda baş verən hər şeyə görə məsuliyyətin yalnız öz üzərimə düşdüyünü anladım.
MƏN cavabdehəm! İndi olduğum vəziyyətə görə çətin uşaqlıq keçirməyi və ya nə isə başqa bir şeyi günahlandıra bilməzdim. Cavabdeh mən özüməm. Sükan mənim əlimdədir. Bu mənim həyatımdır və mən nə isə dəyişmək üçün hərəkətə keçməsəm həyatım ətalət qüvvəsi hesabına yuvarlanıb gedəcək. Bunu dərk etməklə mənim həyatım dəyişdi. Bir daha əvvəlki adam olmadım. Həmin andan etibarən get-gedə həyatıma görə daha çox cavabdehlik götürməyə başladım. İşimi qovulmamaq xatirinə yalnız minimum səviyyədə deyil, bütün bacarığımı sərf edərək görmək cavabdehliyini götürdüm. Maliyyə vəziyyətim, sağlamığım və xüsusən də gələcəyimə görə cavabdehliyi qəbul etdim.
Ertəsi gün nahar fasiləsində yaxınlıqdakı kitab dükanına getdim və mənə faydası dəyəcək kitabları almaq adətinə start verdim. Həyatımı şəxsi inkişaf və mümkün olan bütün sahələrdə daimi təhsilə həsr etdim. Biznes həyatımın yerdə qalan hissəsini, indinin özünə kimi nə isə öyrənmək lazım gəldikdə dərhal kitablara, audio materiallar, seminarlara və s. bu kimi vasitələrə müraciət edirəm. Mənə aydın oldu ki, qarşıya qoyulan məqsədə nail olmaq üçün lazım olan hər şeyi öyrənmək olar.
Zamanla dərk etdim ki, insanların tam 80 faizi öz həyatlarına görə cavabdehliyi öz üzərlərinə götürmürlər. Onlar həyatlarında xoşları gəlməyən hər şeyə görə digərlərini günahlandırır, şikayət edir və bəhanələr gətirirlər. Bu yolla onlar, bütün potensiallarınıvə uğur şanslarını məhv edirlər.
Mənbə: «Brayan Treysi — Daxili İntizamın Gücü» (Brian Tracy — The Power Of Self-Discipline) kitabı.
Top