Qaşların korreksiyası

Qaşların korreksiyası

Qaşların korreksiyası kifayət qədər çətin işdir. Qaşlar müəyyən nöqtələrdən başlamalı və müəyyən noqtələrdə sona çatmalıdır .
Bu nöqtələr sadə təcrübə nəticəsində tapılır. Qaşın başlanğıc nöqtəsini tapmaq üçün sifətə, burunun pərindən gözün daxili küncünə qədər olan düz xətt boyunca uzun bir əşya (məsələn, karandaş) qoyulur. Bu xətti (şəkildə 1-ci xətt) qaşa qədər uzatmaqla qaşın başlanğıcını müəyyən etmək olar.
qaşın korreksiyası
Qaşın son nöqtəsi (şəkildə 3-cü xətt) də bu cür müəyyən edilir. Ancaq bu zaman onun xətti üst dodağın mərkəzindən gözün kənar küncünə doğru istiqamətlənən xəttin davamı kimi qurulur. Qələmin qaşla kəsişdiyi nöqtə qaşın sonu olur.
Yadda saxlamaq lazımdır ki, əgər qaşın xarici nöqtəsi daxili nöqtəsindən aşağı olarsa, sifət kədərli görünüş ala bilər. Bu səbəbdən bu nöqtələr eyni səviyyədə olmalıdır.
Daha mühüm şərt də qaşın hündürlüyünü təyin edən nöqtədir. Bu nöqtəni tapmaq üçün dodağın küncündən və ya burunun pərindən göz bəbəyindən keçməklə xəyali xətt çəkirlər.
Qaş xətti nə qədər hündür olarsa, gözlər bir o qədər iri, ümumilikdə isə sifət daha gözəl görünür. Ona görə də hətta mükəmməl forma tələb edən nazik qaşlar edildikdə belə, qaşın üst xəttini götürmək məsləhət deyil.
Əgər təbiət sizə gözəl formalı qaşlar bəxş etməyibsə, onda siz gözəllik salonunda mütəxəssisin köməyi ilə (və ya vizajistdən məsləhət almaqla) onları korreksiya edə bilərsiniz.
Əgər siz qaşların korreksiyasını özünüz edirsinizsə, bunu düzgün etmək lazımdır. Artıq tüklərin çıxarılması prosesini ağrısız etmək üçün, öncədən qaşın üzərinə 5-7 dəqiqə ərzində 2-3 dəfə olmaqla isti suda isladılmış pambıq qoymaq lazımdır. Proseduradan qabaq dəriyə krem sürtülməlidir ki, bu da pinsetin yaxşı sürüşməsinə kömək edir. Tükün çıxarılması zamanı qaşın altındakı dərini bir az yuxarı və yana dartırlar. Bu zaman tükləri mütləq onların öz inkişaf istiqamətində olmaqla çıxarırlar. Tüklər daxili tərəfdən xarici tərəfə doğru çıxarılır.
Qaşların korreksiyası
Qaşın arzulanan formasını əldə etmək üçün 5-6 tükü çıxardıqdan sonra dərinin dartılmasını dayandırıb nəticəyə baxmaq lazımdır. Qaşın korreksiyası üçün istifadə edilən pinsetin kənarları iti və hamar olmalıdır. Hər kosmetik proseduranı bitirdikdən sonra pinsetin üzərindən piy izlərini və ölmüş epidermis hüceyrələri qalıqlarını təmizləmək lazımdır. Pinset təmizlənmədikdə, onun yağlı kənarları tüklərin üzərindən sürüşərək əlavə narahatlığa səbəb olacaq.
Prosedura bitdikdən sonra dərini spirt tərkibli losyonla dezinfeksiya etmək, qızartı olduqda isə 1-2 dəqiqə müddətinə soyuq suda isladılmış pambıq qoymaq lazımdır. Bəzi hallarda uzun tükləri bərabərləşdirmək üçün balaca qayçılardan da istifadə olunur. Qıcıqlanmaya səbəb olmaması üçün qaşların formasının korreksiyasını axşam saatlarında etmək məsləhət görülür. Bu zaman gecə ərzində zədəli dəri də bərpa oluna bilir.
Qaşların korreksiyası üçün eyni zamanda xüsusi kosmetik vasitələrdən də istifadə olunur: qaş formasını fiksə edən gellər (tübikdə fırça ilə), kölgələr və korreksiyaedici kontur karandaşları. Rəngsiz gellər tünd qaşların formasını fiksə edərək onlara parıltı verir. Rəngverici gellər isə açıq rəngli qaşları rəngləməyə və onların formasını fiksə etməyə kömək edir.
Karandaş seyrək qaşlara forma vermək üçün istifadə olunur. Bu cür qaşlar əvvəlcə xüsusi fırça ilə aşağıya doğru daranır, sonra isə dəriyə karandaşla nazik tüklərə bənzər xətlər çəkilir. Qalın və uzun xətlər çəkmək olmaz, bu, qeyri-təbii görünəcəkdir. Qaşlar korreksiya olunduqdan sonra yenə də yuxarı daranır.
Çox da sıx olmayan qaşları tüklərin böyümə istiqamətində tuşla rəngləmək olar. Amma burada da həddi gözləmək lazımdır. Həddən çox rənglənən qaşlar sifəti vulqar göstərir. Səliqəli istifadə zamanı yalnız tüklər rənglənir, dərinin üst qatı isə təmiz qalır və qaşlar təbii görkəm alır. Qaşların korreksiyasının çox da nəzərəçarpan olmaması üçün makiyaj etməzdən əvvəl fırçanı kağızla silmək lazımdır. Hərəkət yüngül və təzyiqsiz olmalıdır. Rəng tam quruduqdan sonra qaşları darayaraq qaydaya salırlar.
Açıq rəngli qaşları kimyəvi üsulla rəngləmək olar. Salonda edilən belə rəngləmə 3-4 həftə ərzində öz effektini saxlayır.


Mənbə: Evdarliq.Az
Top