Tatuaj insan sağlamlığı üçün təhlükəlidir

Tatuaj insan sağlamlığı üçün təhlükəlidir

Həkim Fatma Məmmədli: “Tatuaj ciddi yoluxucu xəstəliklərin sürətlə yayılmasına gətirib çıxarır”.
Dini Qurumlarla İş üzrə İdarənin əməkdaşı Bəhruz Gülmalıyev: “Bütün səmavi dinlər döymə etdirməyi haram buyurur”.
Ziyalı gənc Vurğun Əsgərli: “Fərqlilik, digərlərindən öndə olmaq elm, ağıl, məntiq, mədəniyyət ilə mümkündür”.

Son zamanlar gənclər arasında bədənə döymə, yəni tatuaj etdirmək “populyarlıq” qazanıb. Qeyd etmək lazımdır ki, tatuaj nəinki gənclər, hətta ortayaşlı nəslin nümayəndələri arasında da dəb halına çevrilib. Təəssüf ki, keçmişdə nənələrimizin xınalı əlləri bu gün öz yerini tatuajlı əllərə verir. Hərdən düşünürəm ki, bizə kəlağayı kimi incə miras qoyub getmiş nənələrimiz məsləhətli olsa idi, tatuajı da miras qoyar, ona sahib çıxmağımızı vəsiyyət edərdi. Başına hələ də kəlağayı örtən nənələri, gəlinləri olan bir ölkədə tatuaj daşıyıcılarının olması heç də arzuolunan deyil. Bəs gəlin görək nədir bu bizim milliliyimizlə heç də yovuşmayan tatuaj? tatuaj
Tatuaj müxtəlif simvollar və ya şəkillərin bədəndə əks etdirilməsidir. Bəzilərinə tatuajın psixoloji və dini baxımdan izahı məlum olmasa da, insanların çoxu tibbi baxımdan onun fəsadlarından xəbərdardır. Bəli, tibbi biliyinin olub-olmamasından asılı olmayaraq, çoxları bilir ki, tatuaj zamanı bəzi təhlükəli xəstəliklərlə üzləşmək mümkündür. Belə hallarda yarana biləcək xəstəliklər barədə daha dolğun cavab almaq üçün Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Dəri-zöhrəvi şöbəsinin həkimi Fatma Məmmədliyə müraciət etdik:

– Aparılan tədqiqatlar nəticəsindədöymənin insan sağlamlığına, xüsusən də dəriyə vurduğu ziyanlar aşkar edilib. ABŞ-da və Avropanın bir çox ölkələrində qalıcı, yəni daimi döymələrdə istifadə olunan maddələrin 40 faizdən çoxunun tibbi cəhətdən qadağan olunduğu ortaya çıxıb. Qeyri-peşəkar şəxslər tərəfindən edilən döymələrdə, əsasən, avtomobil boyaları, printer mürəkkəbləri kimi kimyəvi maddələrdən istifadə edilir ki, bu da dəridə ağır dərəcəli yanıqların əmələ gəlməsinə səbəb olur.Fatma Məmmədlinin sözlərinə görə, şüursuz şəkildə edilən bu əməliyyat gen mutasiyalarına, hamilə qadınların və onların bətnindəki körpələrin anomaliyalarına, xərçəng xəstəliyinə və bir çox biokimyəvi reaksiyalara səbəb olur. Döymə QİÇS (AİDS), herpes virusu, hepatit B, hepatit C, sifilis kimi ciddi yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxarır. Bununla yanaşı, dəridə allergik reaksiyalar, limfa vəzlərinin iltihablaşması baş verir. Metal tərkibli döymələr MRT müayinəsi zamanı şiddətli ağrılar törədir.Genetik cəhətdən allergik reaksiyalara meyilli və eyni zamanda dəri ilə bağlı xroniki xəstəlikləri olan şəxslərin döymə etdirməsi çox risklidir. Bu cür problemləri olan xəstələrdə döymədən sonra ekzema, psoriaz (pullu dəmrov), övrə və dərialtı ödemlərin əmələgəlmə ehtimalı böyükdür.

Psixoloq Şahnaz Məmmədova isə tatuajlı insanların bir çoxunda psixoloji problemlərin aşkarlandığını vurğulayır:

Bəzi alışqanlıqların sürətlə yayılmasına baxmayaraq, çox az adam onların risklərini bilir. Dünyada hər yaşdan, hər peşədən olan qadınlar və kişilər arasında tatuaj artıq dəb halını alıb. Bu işə girişənlər bu keçici duyğunu qalıcı hala saldıqlarını bilmirlər. Döymənin kökünə baxsaq, görərik ki, o, nişandır. Məsələn, əvvəllər həbsxanada olanlar, dəniz quldurları bu işarələrlə bir-birini tanıyıb, informasiya daşıyıcısı kimi döymənin növündən kimin kim, nəçi olduğunu öyrəniblər. Sonralar isə insanlar döymədən seçilmək, fərqli görünmək üçün istifadə etməyə başlayıblar. Fərqli görünüşə sahib olmağa çalışan gənclərin bəzən psixoloji vəziyyətləri düşündüyümüz qədər ürəkaçan deyil. Döymələrin şəklinə baxanda o insanların, xüsusilə də gənclərin düşüncələrini oxumaq çətin olmur. Bu fərqlilik onlara anormal özgüvən verir və bəzi hallarda cəmiyyətdən təcrid olunmağa vadar edir. Nəticədə, onlarda özünə qapanma və intihara meyillilik artır.

Şahnaz Məmmədova deyir ki, bu gün ən çox döymə etdirənlər yeniyetmələrdir. Yeniyetmə isə gündə bir fikrə düşə bilər. Kimisi fərqli görünmək, seçilmək üçün, kimisi də başqa bir səbəbdən döymə etdirir. Əksər tatuaj etdirənlər mütləq nədənsə əziyyət çəkir: alkoqolizmdən, yaxud digər asılılıq yaradan vərdişlərdən. Biz onların istəklərinə qarşı deyilik. Sadəcə, bir istək müəyyən müddətdən sonra narahatlıq yaradacaq, əzab verəcəksə, bunu düşünüb etmək yolunda israrlıyıq. İnsanlar heç nəyi səbəbsiz etmirlər. Atılan hər addım, verilən hər qərarın iç dünyamızda bir qarşılığı var. Döymə etdirmə arzusunun da belə. Döymənin ümumi məqsədi xaricdən baxanda daha zövqlü görünmək olsa da belə, şüur altında sosial-psixoloji səbəblər yatır. Döymə etdirməklə bağlı araşdırmalar onu göstərir ki, ilk döymə etdirmə yetkinlik dövrünə təsadüf edir. Döyməyə bədənin estetik gözəlliyi kimi baxanlar da var. Hətta bəzi araşdırmalarda, xüsusilə yetkin yaş dövründə olanlara niyə döymə etdirdiklərini sual veriblər. Yüzdə 25-i niyə etdirdiyini bilmədiyini, yüzdə 25-i estetik olaraq özünə daha güvən qazandığını, yüzdə 25-i bir çox başqa səbəb söyləyib.

Valideynlər övladlarını belə bir zərərli vərdişdən uzaq tutmaq üçün kiçik yaşlarından bu barədə təbliğat aparmalıdırlar. Bildiyimiz kimi, uşaqlar bir-birlərindən davamlı olaraq təsirlənirlər. Ən yaxşı telefona sahib olmaq, ən yaxşı geyinmək kimi döymə də uşaqlar arasında bir dəb halını almaqdadır. Ailələr bu məqamda döymənin bəzi tibbi risklərindən uşaqlara açıqlamalar verməklə onları bu həvəslərindən uzaqlaşdıra bilərlər. Bu tibbi risklərin içində ölümcül niyyətli QİÇS-dən hepatit B və hepatit C, tetanoza qədər bir çox xəstəliklər haqqında danışmalı, döymə ilə yoluxan xəstəliklər barədə məlumat verməlidirlər.

Bəs gəlin görək İslam dinində bu haqda nə deyilir? Tatuaj İslam dinində necə qəbul edilir? Ən əsası da o, eşitdiyimiz kimi, doğrudan da günah sayılırmı?

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin əməkdaşı Bəhruz Gülmalıyevlə həmsöhbət oluruq.
– Tatu, yəni döymə insan dərisində boya maddəsiylə çəkilən qalıcı şəkil deməkdir. İnsanlar qədim zamanlardan bəri bu işlə məşğul olublar. Keçmişdə döymə dəriyə yan-yana kiçik dəliklər açmaq və bu dəliklərə sürmə, mürəkkəb, xına və boyaq maddələri sürtməklə edilirdi. Bununla yanaşı, döymə etməyin bıçaqla və ya dırnaqla dəridə dərin yarıqlar açmaq kimi başqa üsulları da var idi. Modern döyməçilər isə xüsusi olaraq hazırlanmış elektrik döymə aparatlarından istifadə edirlər. Elektrik döymə aparatı insan bədənində kiçik nöqtələr şəklində dəliklər açır, sonra həmin dəliklərə müxtəlif rəngli boyaq maddələri sürtülür.

Bütün səmavi dinlər döymə etdirməyi haram buyurur. Məsələn, Tövratda bədənə döymə etdirmək ölmüş adam üçün ağı deyib ağlayanın dırnaqlarıyla üzünü yırtmasına bənzədilib: “Ölülər üçün bədəninizdə yara açmayacaqsınız, özünüzə döymə işarəsi qoymayacaqsınız”.Ərəbcə “vaşm” sözü ilə ifadə edilən döymə Məhəmməd Peyğəmbər dövründə cahillik çağının bir qalığı olaraq, xüsusilə qadınlar arasında məşhur idi. Ən gözəl şəkildə yaradılan insan simasının təbii görünüşünün süni yolla dəyişdirilməsinə qarşı çıxan Məhəmməd Peyğəmbərin bədənə edilən döymə ilə bağlı narazılıq bildirən hədislərinə də rast gəlirik. Döymə etdirmənin dini hökmü baxımından qadınla kişi arasında fərq yoxdur.

Yaxşı ki muxtar respublikada bu halla çox az qarşılaşmaq mümkündür. Ümumiyyətlə, bu coğrafi məkanın əhalisinin çox az, hətta deyə bilərəm ki, cüzi bir hissəsi tatuaj sahibidir.Zənnimcə, muxtar respublikada yaşayan gənclərin də bu mövzuda fikirlərini öyrənmək lap yerinə düşər. “Gəncliyimiz gələcəyimizdir, onların düşüncələrindən yan ötmək olmaz”, – deyib üz tuturuq gənclərə.Ziyalı gənc Vurğun Əsgərli tatuaj barədə düşüncələrini bizimlə belə bölüşür:

– Döymənin tarixi olduqca qədimdir. Keçmişdə Misir piramidalarından çıxan fironların mumiyalanmış bədənlərində tatulara rast gəlinib. Belə tatular qədimdə qoruyucu, sehrli güc kimi qəbul edilirdi. Mədəni cəhətdən daha inkişaf etmiş qədim Yunanıstan və antik Romada tatuaj barbarlıq nümunəsi sayılır və bəyənilmirdi. Müasir dövrdə gənc­lərin tatulara meyil etməsi, onları bəyənməsi qəribə və anlaşılmazdır. Əvvəla, bu, QİÇS kimi xəstəliklərin yayılmasına səbəb olur. Digər tərəfdən isə başqalarından fərqli görünmək istəyini bu cür ucuz hərəkətlərlə təmin etməyə çalışmaq, sadəcə, gülüncdür. Yaşadığımız həyat bizə xarici görkəmində dəyişiklik edərək, müxtəlif formalarda görünərək özünə sevgi, diqqət cəlb etməyin mümkün olmadığını sübut edib. Fərqlilik, digərlərindən öndə olmaq elm, ağıl, məntiq, mədəniyyət ilə mümkündür ki, insana yaraşan da məhz bu ali dəyərlər uğrunda yaşayıb bu dəyərlərlə fəxr etməkdir. Bundan əlavə, Uca Yaradan hər bir insanı ən möhtəşəm şəkildə yaradıb. Fikrimcə, süni dəyişikliklərə ehtiyac yoxdur.

Sədayə Qurbani də bu mövzuda fikirlərini bizimlə bölüşür:
– Dövrümüzdə, yaşadığımız mühitdə insanların tatuaja baxışı o qədər də yaxşı deyil, eləcə də mənim. Buna səbəb kimi bəziləri onun dini baxımdan günah olduğunu, bəziləri isə tibbi baxımdan fəsadlarını misal göstərirlər. Mən belə düşünürəm ki, gənc yaşlarında edilən döymə bir həvəs, fərqlənmə nişanəsidir. Bunu da nəzərə almalıyıq ki, dərimiz həmişə indiki kimi təravətli qalmayacaq. Bu da o deməkdir ki, gəncliyimizdə sevərək etdiyimiz tatuaj illər sonra dərimizin deformasiyası zamanı öz formasını itirərək xoşagəlməz bir görüntü əmələ gətirə bilər. Buna görə də belə qərar verməzdən əvvəl zamanı da göz önünə gətirmək lazımdır.

Hazırda ən mürəkkəb təsvirləri belə, insan bədəninin müəyyən nahiyələrinə həkk etmək mümkündür. Digər bir məsələ isə onun rəngindədir. Fikir versək, görərik ki, əvvəlki dövrlərdəki tatuajlar yaşıl rəngdə olub. Bir qaynaqda deyilir ki, döymə ilə tatuaj, əslində, fərqli anlayışlardır. Döymə hər hansı bir yerin izi, ləkəsi deməkdir. Döymə həbsxananın, məhəllə qarajlarının qaranlıqlarının yadigarıdır. Amma tatuaj sırf peşəkar bir incəsənətdir. Yəni sözügedən tatuajların yaşıl rəngdə olması, əslində, sübut edir ki, onlar tatuaj deyil, ondan nisbətən fərqlənən döymədir. İstəyinə görə vurulan piqmentin tündlüyündən asılı olaraq sarı, qara, yaşıl, qırmızı və sair rənglərdə də tatuaj etdirmənin mümkün olduğunu bildiyimiz üçün bu iddia ilə tam razılaşa bilmirik. Əvvəldə də qeyd edildiyi kimi, hər kəsin öz iradəsi, müəyyən mənada istədiyini etmək haqqı var. Məqsədimiz tatuaj etdirmək istəyən insanları, xüsusilə də gəncləri bu barədə maarifləndirərək onları bu işə qərar verməzdən əvvəl bir daha düşünməyə vadar etməkdir. Atalarımız demişkən, yüz dəfə ölç, bir dəfə biç ki, sonradan etdiyinin peşmançılığını çəkməyəsən!

Müəllif : Fatma Babayeva
Mənbə : serqqapısı.az
Top