Professional və səliqəli makiyajı təmin edən makiyaj fırçalarının vaxtı-vaxtında təmizlənməsi təkcə vizajistlərin işi zamanı yox, həmçinin öz şəxsi fırçalarından istifadə edən hər bir qadın üçün vacibdir. Fırçaların təmizliyinə nəzarət etməklə onların tükləri arasında zamanla toplanmış makiyaj qalıntılarından xilas olmaq və bakteriya yaranmasının qarşısını almaq olar.
Bu, gigiyena baxımından olduqca vacib bir məsələdir. Ona görə də bütün makiyaj fırçaları vaxtı-vaxtında təmizlənməlidir. Hətta istifadə etmədiyiniz makiyaj fırçalarını belə tozlandığı üçün yumaqda fayda var. Əlbəttə heç birimiz makiyaj fırçalarımızın bakteriya mənbəyi olmasını arzulamarıq. Makiyaj fırçalarındakı qalıq və bakteriyalar üzünüzlə təmas edərək, sızanaq və digər dəri problemlərinə səbəb ola bilər.
Onu da qeyd edim ki, bəzən uzun müddət istifadə etdiyiniz fırçalarınız ilk baxışdan təmiz görünə bilər, ancaq bu onları mütəmadi təmizləməli olduğunuz gerçəyini dəyişdirmir. Belə fırçaları təmizlədiyiniz zaman özünüz də ayrılan makiyaj qalıntılarını görüb təəccüblənəcəksiniz. Yaxşı olar ki, fırçaları həftəlik, aylıq və təcili istifadə etmək üçün olmaqla vaxtı-vaxtında təmizləyəsiniz.
Professional layneri hər istifadədən sonra təmizləməyiniz lazımdır. Tonal krem tətbiq etdiyiniz fırçaları da maksimum dərəcədə tez-tez təmizləsəniz, yaxşı olar. Nadirən istifadə etdiyiniz makiyaj fırçalarını isə ən azı ayda bir dəfə təmizləyin.
Təcili istifadə etmək üçün təmizləyəcəyiniz makiyaj fırçalarınızı fırçaları təmizləmək üçün nəzərdə tutulmuş maye məhlulla təmizləyə bilərsiniz. Həm tərkibindəki spirt sayəsində fırçalarınızı tez dezinfeksiya edəcək, həm də digər təmizləmə üsullarına nəzərən fırçanız tez quruyacaq.
İstifadə qaydasına gəldikdə isə, əvvəlcə fırçanızı kiçik bir qaba tökdüyünüz məhlula batırıb yaxşıca qarışdırın. Daha sonra məhluldan çıxarıb salfetka ilə suyunu və üzərindəki qalıqları təmizləyin. Bu, təcili istifadə etməli olduğunuz makiyaj fırçaları üçün ən sürətli üsullardan biridir. İstifadədən qabaq fırçanızı mütləq qurudun.