Bir çox qadınlar həyatının bu və ya digər dövründə öz obrazında radikal dəyişiklik istəyir və ilk “zərbə altına” saçlar daha çox məruz qalır. Uzun saçların istənilən dövrdə dəbdə və gözəl olması ilə mübahisə etməyin mənası yoxdur. Lakin bu günün müasir, uğurlu və işgüzar qadın obrazı əsasən qısa və orta uzunluqda saç kəsimi ilə daha çox assosiasiya edilir.
Məsələ burasındadır ki, əksər qızlar və qadınlar çox fəal həyat tərzi sürür, dolayısı ilə saçlarının qayğısına qalmağa və mürəkkəb saç düzümlərinə ayırmağa vaxtları olmur. Bundan başqa heç də hamının saçı möhkəm, gur və sağlam olmur. Bu amil xanımların çoxuna saçını uzatmağa mane olur. Bu günün dəbi qısa saç kəsimlərini diktə edir. Yaz və yay aylarının ən dəbdə olan saç kəsimi bobdur.
Bob kəsiminin xüsusiyyətləri
Məlum olduğu kimi bob kare saç kəsiminə yaxındır. Lakin oxşarlıq yalnız ilk baxışdan görünür. Bəs bobla kare saç düzümü bir-birindən nə ilə fərqlənir? Əsas fərqi həcmlərinin bir-birindən əhəmiyyətli dərəcədə müxtəlif olmasıdır. Belə ki, bos kəsimində bir qayda olaraq boynunun arxa hissəsi açıq görünür, bəzi variantlarda isə arxadakı kəsim başın lap yuxarısında bitir.
Daha bir xüsusiyyəti saçın uzunluğunun dəqiq olmamasıdır. Daha dəqiq desək, boyunun arxa hissəsi qısa olur, sağ və sol tərəfə getdikcə saçlar nisbətən uzanır.
Bob saçlarını formaya salmaq sizə çətin görünməsin. Saçı yumaq, dəsmalla qurutmaq və bir qədər balzam vurub fenləmək kifayətdir ki, istənilən istiqaməti ala biləsiniz.
Əgər saçlarınız həmişə uzun olubsa, sonra isə bob saç kəsimini sınamaq qərarına gəlmisinizsə, onda stilistlər əvvəlcə uzunsov bob variantı üzərində dayanmağı tövsiyə edir. Bu, sizə məhz hansı tip bob kəsimin yaraşdığını müəyyən etməyə kömək edəcək. Bundan sonra qısa variantları daha rahatlıqla təcrübədən keçirə bilərsiniz.
Bob çox rəngarəngdir və universaldır. Qadınların üz quruluşundan asılı olaraq bob saç düzümünün ən müxtəlif variantları və münasib formaları mövcuddur. Düzgün seçilmiş variant təbii gözəlliyinizi vurğulamağa və nöqsanlarınızı ört-basdır etməyə imkan verəcək. Xüsusilə asimmetrik kəsim müxtəlif uzunluqda tellərin sayəsində zahiri çatışmazlıqları gizlətməyə kömək edir, obrazı fərqli və gənc göstərir.
Özlüyündə aydındır ki, moda yeniliklərindən asılı olaraq stilistlər və bərbərlər icra texnikasına nüanslar gətirir və onu yeni aksentlərlə tamamlayır. Lakin yekun olaraq qeyd etmək lazımdr ki, indiyədək dəbdə olan istər assimetrik, istər birbaşa, istərsə də uyğunsuz bob Vidal Sassun adlı bərbərin riskli eksperimentinin nəticəsidir. Orijinal və zərif bob saç kəsimini məhz o, fikirləşib.