Makiyaj fırçaları

Makiyaj fırçaları

Mükəmməl makiyaj üçün sizə aşağıdakı 8 növ fırça lazım olacaq:

1. Kirşan fırçası
Kirşan fırçası kifayət qədər yumşaq və xovlu olmalıdır. Diqqət edin ki, fırça nə çox iri, nə də çox kiçik olmasın. Ortaölçülü fırça ilə kirşanı üz dərisinə çəkmək daha rahatdır.

2. Ənlik fırçası
Ən ideal ənlik fırçası bir qədər maili formada olandır. Belə fırça ilə ənliyi yanaqlara proporsional şəkildə və peşəkarcasına çəkmək heç də çətin deyil.

3. Tonal krem fırçası
Bəzi xanımlar tonal krem və ya krem pudranı dərilərinə barmaqları və ya süngər vasitəsilə çəksələr də, digərləri bü məqsədlə xüsusi fırçadan istifadə etməyə üstünlük verir. Əgər siz də bu tip kosmetik vasitədən mütəmadi olaraq istifadə edirsinizsə, bu məqsədlə bir qədər codtüklü və daha yastı fırça seçməyiniz tövsiyə olunur. Belə fırçanın köməyilə tonal kremi dəriyə mükəmməl şəkildə çəkmək mümkündür.

4. Gizlədici-ağardıcı vasitə üçün fırça
Krem pudra fırçası kimi, ağardıcı çəkmək üçün də fırça sıxxovlu olmalıdır ki, üzün nöqsanlarını ustalıqla ört-basdır etmək mümkün olsun.

5. Göz kölgəsi çəkmək üçün İki fırça alın
Xırdatüklü fırça göz kölgəsini çəkmək, yastı fırça isə rəng çalarlarını bir-birinə qarışdırmaq üçün nəzərdə tutulur.

6. Qaş fırçası
Qaş fırçasının bir tərəfində mütləq kiçik daraq, o biri tərəfində isə codtüklü xov olmalıdır.

7. Maili bucaq formasında kİçik fırça
Belə fırça adətən göz layneri çəkmək və ya qaşları rəngləmək üçün tətbiq olunur. Olduqca nazikxovlu fırça bu işi yüksək məharət və səliqə ilə yerinə yetirməyə imkan verir.

8. Dodaq fırçası
Dodaq boyası və dodaq parıltısı çəkmək üçün sizə mütləq kiçikölçülü, sərt fırça gərəkdir.
Top