Retro stilində nəfis makiyaj istənilən xarici görünüşə uyğun gəlir. Müasir keyfiyyətli kosmetikanın köməyi ilə siz asanlıqla 50-ci illərin seksual obrazını və ya 20-ci illərin dəbli tendensiyalarını təcəssüm etdirəcəksiniz. Bu zaman siz köhnə jurnalları və şəkilləri araşdıraraq bir sıra maraqlı ideyalar ilə rastlaşacaqsınız.
Retro stilində makiyajın sirləri: göz oxları və parlaq dodaq boyası. 50-ci illərin stilində effektli makiyaj etməyə cəhd edin. Merilin Monro kimi hollivud ulduzunun obrazı ilə ilhamlana bilərsiniz: düz oxlar, sıx kirpiklər, zərif üz rəngi və parlaq qırmızı dodaq boyası. Belə makiyaj romantik don və iri buruqlarla yığılmış saç düzümünə mükəmməl uyğunlaşacaq.
İdeyanı təcəssüm etmək üçün sizə lazım olacaq:
makiyajaltı əsas;
tonal krem;
süngər;
ənlik;
kirşan;
nəmləndirici dodaq boyası;
dodaqlar üçün qələm;
pambıq çubuqları;
açıq göz kölgələri;
layner;
kirpiklər üçün həcm verən tuş;
saç burmaq üçün nəzərdə tutulmuş fen.
Yaxşı nəmləndirilmiş dəriyə makiyajaltı əsas çəkin. Əsasa tam hopmağa imkan verin və üzərinə tonal vasitə çəkin. Bu zaman çalışın tonal kremi yumşaq lateks süngərin köməyi ilə bərabər yayasınız. Makiyajı yarımşəffaf kövrək kirşanla bərkidin.
Bu makiyaj zamanı bronzatorlardan və tünd kirşanlardan istifadə etməyin, çünki dəriniz açıq çalarlarda olmalıdır.
Yanağınızın qabarıq hissəsinə bir az açıq-çəhrayı rəngdə ənlik çəkin, rəng bir az solğun və təbii alınmalıdır. Üst göz qapağınıza çox açıq tonda olan göz kölgəsi çəkin. Üz dərinizdən asılı olaraq qaymaq, şampan və ya çəhrayı rəngdə olan göz kölgələrinə də diqqət edin. Sonra gözlərinizə geniş ox formasında qara layner çəkin. Oxun ucunu gözün konturundan uzaqlaşdırın və bir azca qaldırın. Gözlərinizi makiyaj edərkən onun simmetrik olmasına diqqət edin, əks halda pambıq çubuqlar ilə düzəliş edə bilərsiniz.
Dodaqlarınızın konturunu kontur qələmi ilə dairələyin, sonra atlas teksturalı qatı dodaq boyası çəkin. 50-ci illərin stilində romantik makiyaj al-qırmızı və başqa rənglərin isti qırmızı çalarlarını nəzərdə tutur. Daha sonra kirpiklərinizə qara tuş çəkməyi unutmayın. Bu zaman yaxşı olar ki tuşu iki qat çəkəsiniz. Tuş çəkməzdən əvvəl kirpiyinizi xüsusi vasitələr ilə bura bilərsiniz.