Eynək seçərkən nəyə diqqət yetirməli?

Eynək seçərkən nəyə diqqət yetirməli?

Eynək dəbin əsas elementlərindən biridir. Rəngli, müxtəlif formalı eynəklər xüsusən yaz və yay aylarında çox geniş yayılır. Yaşı və cinsindən asılı olmayaraq hər kəsin marağına səbəb olan, eyni zamanda ən çox işlənən əşyalardan hesab olunan eynəklərə daha çox meyl edən isə xanımlardır.

Əvvəllər bəyaz şüşəli, sadə korpuslu eynəklərdən sadəcə yaşlı insanlar istifadə edirdisə, indi belə eynəklər dəbə də ayaq açıb. İndi sadə, optik olmayan şüşələrdən hazırlanan, gözləri zəif olmayan insanlar üçün nəzərdə tutulan bu eynəklərə də maraq böyükdür. Amma bəlkə də çox az adam optik olmayan eynəklərin ziyanlı olduğunun fərqindədir.

Oftalmoloq Leyla Məmmədovanın sözlərinə görə, optik olmayan eynəklər göz üçün ziyanlıdır. Bu, həm də sadə şüşədən olan eynəklərə aiddir. Daimi olaraq sanki pəncərədən baxırmış kimi gözü aldatmaq gözün zəifləməsinə, tamlığının pozulmasına səbəb ola bilər: «Optik eynək seçməzdən əvvəl, ilk növbədə həkimin məsləhətinə qulaq asmaq lazımdır. Əks təqdirdə seçdiyiniz eynək gözlərinizə əks-təsir göstərə bilər, daha doğrusu, gözün görmə qabiliyyətinə mənfi təsir göstərən, müxtəlif problemlər meydana çıxa bilər. Xüsusən dəb üçün alınan və istifadə olunan şəffaf şüşəli eynəklər gözlər üçün ziyanlıdır. Sağlam gözün əlavə heç bir dəstəyə ehtiyacı yoxdur. Bu cür əlavə eynəklər, linzalar isə dəstək deyil, əksinə gözə zərbədir. Eynəyin çərçivələri və şüşələri həkim tərəfindən tövsiyə olunan reseptə uyğun seçilməlidir. Ağır, üz ölçüsünə görə seçilməyən, keyfiyyətsiz, həmçinin istifadəyə yararsız şüşələr problemə səbəb ola bilər».

Həkimin bildirdiyinə görə, kompüter, telefon, televizor şüalarından qorunmaq adı ilə satılan eynəklər mövcuddur ki, belə eynəklərin də qoruma faizi demək olar, yoxdur. Bu cür eynəklər xüsusən kompüter və telefon mağazalarında satıldığından şüşələrinin keyfiyyətli olması da sual altındadır. Gözləri qorumaq məqsədi ilə alınan belə eynəklərin 1 ay müddətində istifadə olunması göz itiliyini kəskin aşağı endirir: «Dəb üçün eynək alınacaqsa, mütləq həkim müayinəsindən keçilməlidir. Elə optik şüşələr olmalıdır ki, bu şüşələr göz sağlam olsa belə, gözə mənfi təsir göstərməsin. Eynəklərin mənşəyini yoxlamaq asandır. Etiketdə qeyd olunan ticarət markasının adı ilə eynəyin çərçivəsinin iç tərəfində yazılanları müqayisə edin. Həm də diqqət yetirin ki, ektiketdə istehsalçı ölkənin, müəssisənin adı, onun ünvanı qeyd olunsun. Əgər eynəklər sizə təkcə bəzək üçün deyil, sağlamlıq baxımından da lazımdırsa, onda onları nüfuzlu mağazadan və ya həkim təyini ilə apteklərdən alın».

Eynək çərçivəsi və şüşələrin seçilməsi, ən az gözlüyün göz həkimi tərəfindən verilən reseptə uyğunluğu qədər əhəmiyyətlidir. Ağız, üz genişliyinə görə seçilməyib, keyfiyyətsiz və ya istifadə məqsədinə uyğun olmayan şüşələr problemlərə yol aça bilir.

Şüşə seçkisində polis, əsgər, idmançı kimi impuls işlərdə çalışanlar mütləq qırılmaz orqanik şüşələr istifadə etməlidir. Əgər günəş altında çalışılırsa, kolormatik şüşələr ya da nömrələnmiş polariz, UV A / B / C filtrli eynəklər seçilməlidir.

Bu arada, eynək seçəndə, onun keyfiyyəti qədər dəbə uyğunluğu da vacibdir. «ANSPRESS» 2015-ci il yaz-yay mövsümü üçün trend ola biləcək eynək modellərini təqdim edir.

1. Ağ çərçivələr — Bu tipdə olan eynəkləri ötən mövsümdə də tez-tez görmüşük. Bu mövsümdə də ən aktual modellərdən biri olmağa iddialıdır.

2. Böyük çərçivələr — Bir neçə il öncənin dəbi geri gəlir. Köhnə gözlüklərinizi çıxarmağın əsl zamanıdır.

3. Retro eynəklər — Retro stili hər yerdə var — geyimlərdə, çantalarda, indi də eynəklərdə.

4. Oval çərçivələr — Dördbucaq üz sahibinə malik olanlar bu modellərdən rahatlıqla istifadə edə bilərlər.

5. Dördkünc çərçivələr — Xanımların favoritlərindən biridir. Bu eynəklər olduqca iddialı olan xanımların seçimidir.

6. Yuvarlaq çərçivə

7. Yarım çərçivə

8. Ombre görünüşlü eynəklər

9. İşıltılı çərçivələr

10. Pişik gözlülər

11. Aviator (pilot gözlük)

Qeyd edək ki, ilk eynək 1280-ci ildə İtaliyada ixtira olunub. Bu ixtiranın müəllifi Salvinio delli Arletidir. Əşyaların daha yaxşı görünməsini təmin edən bu eynək sağanaqla birləşdirilmiş iki qabarıq linzadan ibarət idi. İlk eynəklər dəstəksiz idi. Dəstəkli eynəklər isə yalnız IX əsrdə ixtira olunub. İstər dəstəksiz, istərsə də dəstəkli eynəklər göz qabağında əl ilə tutulurdu. XIX əsrin ikinci yarısında isə qulağa keçirilən eynəklər meydana gəlib. İlk eynəklər uzaqgörməni yaxışlaşdırmaq məqsədilə düzəldilib.
Top