Sızanaqlar yalnız yeniyetmələrin problemi deyil. Müxtəlif yaşda olan insanlar bu problemlə üzləşir.
Bir çox hallarda qidalanmaya müəyyən dəyişikliklər etdikdə sızanaqlardan daha asan və tez qurtulmaq mümkün olur.
Mütəxəssislər artıq çoxdan təsdiq ediblər ki, qəbul etdiyimiz qida dərinin vəziyyətinə böyük təsir edir. Bu səbəbdən insan düzgün qidalanmadıqda, hətta ən bahalı sızanqlar əleyhinə olan krem və losyonlar lazım olan effekt vermir.
Beləliklə, sızanaqlardan qurtulmağın əsas şərtlərindən biri düzgün və sağlam qidalanma, dərinin vəziyyətnə mənfi təsir edən qidaların qidalanmadan çıxarılmasından ibarətdir. Bunu dedikdə kosmetoloqlar nəyi nəzərdə tutur?
— İlk növbədə şəkər və müxtəlif şirniyyatlardan (müxtəlif konfetlər, şokolad və s.) imtina etmək lazımdır. Onların əvəzinə bal, quru meyvələr və s. kimi təbii şirniyyatları yemək olar. Təbii ki, belə şirniyyatların qəbulunu da müəyyən dərəcədə məhdudlaşdırmaq lazımdır.
— Alqollu içkilərin qəbulu da sızanaqların əmələ gəlməsinə səbəb ola bilər. Məsələ burasındadır ki, alkoqol qara ciyərin fəaliyyətinə çox mənfi təsir edir. Nəticədə qara ciyər orqanizmdə olan ziyanlı birləşmələri tam şəkildə zərərləşdirə bilmir və bu birləşmələr qanda yığılaraq dərinin vəziyyətinə çox mənfi təsir edir.
— Yağlı qidalar (yağlı ət, toyuq, balıq), yağlı kremlərlə olan tortlar, pirojnalar, marqarin və s. qidalanmadan qəti şəildə çıxarılmalıdır ki, bu qidalar da dərinin vəziyyətini pisləşdirir.
— Qəhvənin qəbulu da dərinin vəziyyətini pisləşdirir. Bu səbəbdən sızanaqlara meyilli olan insanlar qəhvə qəbul etməməlidir.
— Zülalı çox olan qidalar da sızanaqların çoxalmasına səbəb olur. Bu qidalar orqanizmdə steroid hormonların səviyyəsini artırır və bu hormonların artması dəriyə mənfi təsir edir. Bu qrup məhsullara qoz-fındıq, ət və süd məhsulları aiddir. Sızanaqlardan əziyyət çəkən insanlar bu qidaların qəbulunu minimuma çatdırmalıdır. Təbii ki, dərinin vəziyyəti yaxşılaşdıqdan sonra bu məhsulların həcmini qidalanmada tədricən artırmaq olar.
— Sızanaqlardan qurtulmaq üçün qidalanmaya təzə meyvə-tərəvəz, müxtəlif sıyıqlar (xüsusilə yulaf yarması), bitki yağları (zeytun, qarğıdalı və s.) əlavə etmək lazımdır.
— Gün ərzində mütləq 1,5 l-dən az olmayaraq təmiz su içmək lazımdır. Bu əsas şərtlərdən biridir. Su orqanizmi tək xaricdən deyil, daxildən də təmizləyir – ziyanlı maddələr orqanizmdən daha asan çıxır.
— Xroniki qəbizlik sızanaqların əmələ gəlməsinin əsas səbəblərindən biri sayılır. Bu səbəbdən qəbizliyə meyilli olan insan mütləq bu problemi həll etməlidir.
saglamolun.az