Boyun və sinə nahiyəsinin dərisini mümkün qədər daha uzun müddət ərzində yaxşı vəziyyətdə saxlamaq üçün oxucularımıza hər gün məhz bu sahəyə aid olan sadə fiziki və özünü masaj hərəkətləri etmələrini tövsiyə edirik.
Bu kompleks hərəkətləri yerinə yetirməmişdən qabaq, dərinizi təmizləməyi unutmayın. Dəri quru olduqda ona bitki yağı və ya krem sürtmək lazımdır. Hərəkət kompleksi başa çatdıqdan sonra, dərini bir daha təmizləyərək onun üzərinə qidalandırıcı krem və ya maska sürtmək olar.
Hər məşğələ hərəkətlərini 6-8 dəfə olmaqla aramla, sərbəst və sakit şəkildə (xüsusən də ilk məşqlərdə) yerinə yetirmək lazımdır. Boyun və sinə nahiyəsi üçün məsləhət görülən hərəkətlər aşağıdakılardır:
1. Oturaq vəziyyətdə və ya ayaq üstə olmaqla, başınızı aramla önə əyərək çənənizi maksimal şəkildə sinənizə yaxınlaşdırın. Sonra başınızı yavaş-yavaş çiyninizə qoyun. Sonra başınızı arxaya əyin, sonra o biri çiyninizə çevirin və yenə də boynunuzu önə əyin. Bu hərəkətləri eyni qaydada olmaqla əks tərəfə də təkrar edin.
2. Başınızı aramla yana çevirin və yuxarıya qaldırın. Eyni hərəkəti əks tərəfə də edin.
3. Barmaqlarınızı birləşdirməklə əllərinizi peysərinizə (başın arxa hissəsi) qoyun. Başınızı önə əyin. Əllərinizin müqavimətinə üstün gəlməklə, kiçik sıçrayıcı hərəkətlərlə başınızı arxaya tərəf əyməyə çalışın.
4. Ayaqlarınızı çiyinlər enində aralı saxlamaqla düz dayanın. Əl barmaqlarınızla çiyinlərinizə təzyiq etməklə, bütün gücünüzlə başınızı yuxarıya doğru dartın. Hərəkət zamanı ayaq barmaqları üzərinə qalxmaq olmaz. Hərəkəti 5 dəfə təkrar edin.
5. Başınızı son həddə qədər arxaya əyərək, üst dodağınızı alt dodağınızla örtün. Sonra tədricən başınızı önə əyərək çənənizi sinənizə toxundurun.
6. Karandaşı (çubuq, saman çöpü) dişlərinizin arasında tutub, havada 1-dən 10-a qədər olan rəqəmləri və ya öz adınızı “yazın”.
7. Hər iki ovucunuza krem çəkib başınızı bir qədər arxaya tərəf əyərək, kremi növbə ilə, gah sağ əlinizlə boyunun sol tərəfinə, gah da sol əlinizlə boyunun sağ tərəfinə çəkin. Bu hərəkətlər əllərin 4 barmaqları ilə (baş barmaqdan başqa) boyunun yan səthindən başlayaraq, aşağıdan yuxarıya tərəf, boyun əsasından çənəyə doğru olmaqla yerinə yetirilir. Bu zaman dərini çox sıxmayın (sürtməyin) və onu dartmayın!
8. 35-40 yaşından etibarən boyun nahiyələrində qırışlar əmələ gəlməyə başlayan qadınlarda, qırış və büküşlərin köndələn istiqamətində olmaqla, 1-2 dəqiqə ərzində kiçik çimdikləmə hərəkətləri yerinə yetirilir. Çimdikləmələr əllərin baş və şəhadət barmaqları ilə boyunun orta hissəsindən yan tərəflərə olmaqla aparılır. Çimdikləmələr kiçik, fasiləli və qeyri-kəskin şəkildə icra edilməlidir.
9. “Dəyirman” — əl barmaqları ilə dairəvi hərəkətlər etməklə, onların arxa səthləri ilə, növbə ilə çənə nahiyəsinə toxunurlar. Bu hərəkət 30 saniyə müddətində icra edilir.
10. Qadınlar 25 yaşından sonra boyun nahiyəsində qırışların əmələ gəlməməsi üçün, hər gün profilaktik olaraq, orta hissəsi azca duz qatılmış soyuq su ilə isladılmış, burulmuş şəkildə olan yumşaq dəsmalla boyun nahiyəsini döyəcləyə bilərlər. Burulmuş dəsmalın isladılmış hissəsini çənə nahiyəsinə yaxınlaşdırdıqdan sonra, onun kənarları kəskin şəkildə yan tərəflərə doğru dartıldıqda buxaq nahiyəsinə yüngül zərbələr dəymiş olur.
Bu hərəkətlərə əlavə olaraq, hər gün ən azı 5 dəqiqə ərzində ağır bir kitabı başınıza qoyub gəzmək də xeyirli hesab edilir. Bu hərəkət çənəaltı sahədə buxağın əmələ gəlməsinin qarşısını alır.
saglamolun.az