Toy gününün möhtəşəm keçməsi üçün ən önəmli detallardan biri də gəlin saçlarıdır. Yaxşı yığılmamış, yaxud gəlinin üz quruluşuna yaraşmayan saç düzümü bütün gecəni məhv edə bilər.
Toy vaxtına çox az qalıb və hər şey istədiyiniz kimi gedir. Gəlinlik libası, ayaqqabı, toyun keçirildiyi məkan belə ürəyinizcədir. Lakin saç və makiyaj məsələsi hələ də qaranlıqdır. Gəlin obrazının əsas açarı da məhz saç və makiyaj hesab olunur. Bir günü toya hazırlıq üçün tamamilə özünüzə sərf etməlisiniz. Toy günü böhranla qarşılaşmamaq üçün toydan əvvəl saç ustanızla sizə yaraşan model seçmək və onu sınaqdan keçirməlisiniz. Bu zaman ağlınızdakı saç modellərindən hansının sizə daha çox yaraşdığını müəyyən edə bilərsiniz. Saç modelinin üz quruluşunuza uyğun seçməlisiniz.
Bunları edin!
Salona gedərkən fikrinə və zövqünə inandığınız rəfiqənizi də aparın. Rəfiqəniz, sizə qərar verməyə kömək edəcək. Məşq prosesinə gedərkən saç aksessuarlarını, fatanı da aparmağı unutmayın. Saç modelini seçərkən toy məkanının keçirildiyi yeri və gəlinlik modelini nəzərə alın.
Açıq məkanda keçirilən toyda saçları çiçəklərlə bəzəyə bilərsiniz. Lakin toy günü hava şəraitini də nəzərə almalısınız. Küləkli havada saçınızı açıq qoymaq uğurlu seçimlər sırasına daxil deyil. Bağlı məkanda isə tarım yığılmış toppuz modeli yığdıra bilərsiniz.
Saç modeli yığarkən bəyi yaddan çıxartmayın. Aranızda boy fərqi varsa, uzun toppuz, hündür daban ayaqqabı sizi bəydən hündür göstərəcək. Bu halda saçınızı arxaya tərəf yığın.
Saç modeli seçərkən üz quruluşu da mühüm rol oynayır. Belə ki, üz quruluşunuz uzundursa, kənarlara uzun tellər atmayın. Yox, əgər üzünüz çox yumrudursa, onu incə göstərməkdən ötrü kənarlara və qulaq arxasına tellər ata bilərsiniz.
Gəlinlər adətən toppuz modelinə üstünlük verir. Amma siz klassik gəlin olmaq istəməyə bilərsiniz. Bu zaman saçınızı aksessuarlarla bəzəyin.
Yumru üz quruluşu – Üzünüzün yumru olmasından şikayət edirsinizsə, onu incə göstərə bilməkdən ötrü saçınızı həcmli edin. Qısa kəsdirmək də çıxış yolu ola bilər. Lakin uzun saçlardan vaz keçə bilmirsinizsə, toppuz modellərə üstünlük verin.
Kvadrat formasında olan üz quruluşu – Üzdəki ifadəni yumşaltmaq üçün kəkil kəsdirə bilər, ya da yanaqlarda bitən tellər ata bilərsiniz.
Düzbucaqlı üz quruluşu – Saçın uzunluğu çənə sümüyündən aşağı olmamalıdır. Almacıq sümüklərini örtəcək şəkildə kəsimlər bu üz tipinə çox yaraşır.
Üçbucaq formasında olan üz quruluşu – Bu tip üz quruluşuna həcmli saç modelləri daha çox yaraşır.