Zövqlü insanı tamamlayan əsas vasitələrdən biri də onun istifadə etdiyi ətirdir. Çeşidli parfümlərin gözəl qoxu yaratması müsbət hal sayılsa da onun mənfi cəhətləri də var. Əvvəlcə onların yaranma tarixinə bir nəzər salaq. Ətirlərin tarixi çox qədim zamanlara gedib çıxır. Bu barədə ilk məlumatlar qədim Misir papiruslarında verilib. Sonralar Romada, Ərəbistanda hazırlanmağa başlayıb. Bunlar tüstü formasında hazırlanan ətirlər olub. Qısa zamanda isə ağ maye halında hazırlanmağa başlayıb. Vaxt keçdikcə ətirə olan tələbat artdı və bundan, daha çox, yüksək təbəqənin insanları istifadə etməyə başladı. Günümüzdə ətirsiz insan, xüsusən də qadın təsəvvür etmək mümkün deyil.
Ətirlərin əsas hazırlanma səbəbi pis qoxuların aradan qaldırılması olub. İlk ətirlər qızılgül ləçəklərindən düzəldilib. XIV əsrdən isə ətirlərin tərkibinə spirt vurulmağa başlanıb. Ətirli yağlar və alkoqolun qarışığından olan müasir ətir ilk dəfə macarlar tərəfindən kraliça Yelizaveta üçün hazırlanıb. Sonralar bu parfüm Avropada “macar suyu” adı ilə şöhrət qazanıb.
1656-cı ildə Fransada əlcək və ətir istehsalçıları ətirli əlcək istehsalına başlayıblar. XVIII əsrdə isə odekolon kəşf edilir. Tərkibi rozmarin, berqamot və limondan olan odekolondan vannaya da əlavə edilir, eyni zamanda ağız yaxalayanda da istifadə etmək olar. Bu sahədə növbəti çevriliş XX əsrin əvvəllərinə aiddir. Ətir sahəsində ilk addımı Qabriel (Koko) Chanel atır. 1921-ci ildə “Chanel” və “Chanel N-5” ətirlərini satışa buraxır.
Ətirlərin insan psixologiyasına da təsiri var. Ətriyyat seçimi insanin psixologoya ilə bağlı olduğu kimi, əhval-ruhiyyəsinə də təsir göstərir. Şən, dinamik insanlar gül, çiçək ətirlərinə üstünlük verir. Darçın, zəncəfil, şokolad tərkibli ətirlər insanda depressiyanı aradan qaldırmağa az da olsa kömək edən vasitələrdəndir. Eyni zamanda bunlar tünd rəngli qarışıqlar olduğuna görə aqressivlik rəmzi sayılır.Psixoloqun sözlərinə görə, ətirlərdən istifadə olunması yaşla da sıx əlaqədardır. 20-35 yaş arası qadınlar daha çox cəlbedici, ehtiraslandırıcı tərkibli ətirlərə üstünlük verirlər. Orta yaşdan sonra qadınlar geyimlərinə önəm verdiyi kimi, onları ətrafındakıların düşüncələrinə əsasən seçdiyi kimi ətirlərinin də daha çox tünd tərkibli olmasına, pis qoxunun qarşısını almasına önəm verirlər: “İstifadə edilən ətirli maddələrin (krem, balzam, duş geli və s. də ola bilər) bir-birini tarazlaşdırması simfonik orkestrdəki alətlərin uyğunluğu qədər önəm daşıyır. Ətirlərin qismən də olsa bürclərlə əlaqəsi var. Hər kəsin xarakterinə, öz təbiətinə, düşüncələrinə uyğun ətirlər seçdiyi artıq məlum gerçəklikdir”.
Ətirlərin mövsümlə də bağlılığı var. Məsələn, yay mövsümünə uyğun ətirlər yüngül çiçək qoxusu olanlar sayılır. Bunlardan istifadə nəticəsində insan özünü nisbətən gümrah, xoşbəxt və təravətli hiss edir. Yaz qoxuları insanda yaşama həvəsini artırır. Çəkici və ovsunlayıcı qoxulu ətriyyatları isə xüsusilə qış və payız mövsümündə istifadə etmək düzgündür. Şirin təsirli ətirlər qızılgül ləçəyindən, onun üzərinə başqa maddələr əlavə edilməsindən əldə olunur, buraya vanili, şokoladı, portağalı, limonu da əlavə etmək olar. Parfümlər insanın ruh halına da təsir göstərir. Bu hadisə fərdi xarakter daşıyır. Hər insana təsir forması fərqlidir. Bu baxımdan ətir istifadə edərkən bədənin bəzi hissələrinə diqqət yetirmək lazımdır. Boyun, sinəarası, biləklər, qoltuqlar, qulaqların arxası, dizlərin içəri tərəfi xüsusilə önəmlidir. Ətrin yayılması üçün isə istilik və hərəkət əsas şərtdir. Ətir seçərkən sınaq çubuqlarından istifadə edilməsi vacibdir. Biləyə vurulan ətir bədənin qoxusu ilə qarışdığından ətri düzgün seçməyə mane olur. Ancaq sınaq çubuqlarını istədiyiniz an iyləyə və onun dəqiq qoxusunu hiss edə bilərsiniz. Əgər iyləri qarışdırırsınızsa, bu zaman təzə qəhvə qoxlamağı məsləhətdir. Beləliklə də, qarışdırdığınız iyləri fərqləndirə biləcəksiniz. Parfümlərin saxta və ya əsli olduğunu seçmək üçün üzərində adının düzgün yazılmasına fikir vermək lazımdır. Əgər onun qablaşdırılması səliqəli və düzgündürsə, istehsal edən ölkənin adı qeyd olunubsa, böyük ehtimalla, bu, həmin ətrin əslidir.