Bəzən “dəbə uyğun deyil” düşüncəsi ilə özümüzə yaraşan, zövqümüzü oxşayan geyimlərdən imtina edirik. Bu, doğru yanaşma deyil. Bir paltar sizə yaraşırsa, zövqünüzü oxşayırsa, bu paltarı geyinəndə özünüzü rahat hiss edirsinizsə, qəlbinizdə sevinc hissləri baş qaldırırsa, deməli, bu sizin dəbinizdir. Dəbdə olan bir paltarı geyinmək sizin daxili aləminizin ifadə edilməsinə xidmət göstərmirsə, o, yalnız etiket sevənlər üçün nəsə deyə bilər. İndi qış fəslidir. Ona görə də qışa uyğun rəngdə paltar geyinmək daha məqsədyönlüdür. Qış fəslinin rəngləri arasında qəhvəyi, boz, qara rənglər üstünlük təşkil edir. Odur ki, paltar seçərkən onun rənginin də mövsümə uyğun olub-olmamasını nəzərə almaq lazımdır.
İnsan yaşa dolduqca daha canlı və parlaq rənglərə üstünlük verir. Lakin zövqə uyğun rənglərdən istifadə etməyi bacarmaq lazımdır. Məsələn, qara və qəhvəyi rənglər bir-biri ilə heç cür uzlaşmır. Ona görə seçimdə bir-birini tamamlayan rənglərdən balanslı şəkildə istifadə etdikdə insanın ruhu təzələnir, özü də gözəl görünür. Qırmızı ilə narıncı, göylə yaşıl, bənövşəyi ilə nar çiçəyi rəngi bir yerdə xoş bir görüntü yaradır.
Qışda nisbətən tünd rəgli palatarlara üstünlük verildiyindən bu cür geyimləri bəzək əşyaları ilə daha effektli göstərmək olar. Bu mənada şal, qalstuk, dəbdəbəli sırğalar, uzun və iri muncuqlu parlaq boyunbağılar, rəngarəng ayaqqabı və çantalar geyim stilinizi dəyişdirib, imicinizi daha fəal və enerjili göstərəcəkdir.