Son illər ölkədə qadınların açıq-saçıq geyimlərdən istifadə etməsi adi hal alıb. Bunun səbəbini müxtəlif amillərlə izah edirlər. Eyni halda açıq-saçıq geyimlərin yaratdığı fəsadlar və problemlər günü-gündən artmaqdadır. Belə ki, ailə zəminində, qeyrət üstündə baş verən insan qətlləri, qadın əxlaqsızlığının yayılması, xüsusilə ailə daxili münasibətlərin soyuması və ailələrin dağılmasının artan xətt üzrə inkişafı açıq saçıqlığın yaratdığı problemlərdəndir. Açıq-saçıq geyimlərin artmasının səbəbləri və adı çəkilən geyim növlərinin cəmiyyətin formalaşmasına və inkişafına mənfi təsir göstərməsi ilə bağlı açıqlama verən psixoloq Günel Aslanova maraqlı fikirlər səsləndirdi.
Ekspert qeyd etdi ki, şəxsiyyət xüsusiyyətlərinin geyimdə əks olunması və geyimin insana təsiri psixologiyada tədqiq edilən ən maraqlı problemlərdən biridir: “Artıq uşaqlıqdan başlayaraq geyimlə əlaqədar müəyyən seçimlər, şəxsi tərz formalaşır. İnsanın bu və ya digər geyimi seçməsinə başlıca olaraq geyimin estetikliyi təsir etsə də, digər nüanslar da var ki, geyim seçiminə şüuraltı olaraq təsir edir. Geyim insanın müxtəlif əhval və arzularını əks etdirir. Bu rəng, parça seçimində, dəbi izləmə və ya inkar etmədə, bəzək əşyalarının olub-olmamasında, tərzin peşə, bədən quruluşu və xarakterlə qarşılıqlı əlaqəsində təzahür edir.”
Geyim şəxsiyyət haqqında informasiya verməkdən əlavə insanın bir sıra tələbatlarını (özünütəsdiq, özünüifadə) təmin etdiyini vurğulayan Günel xanım, “bu səbəbdən də geyim insanın qarşı tərəfi qavramasında mühüm element kimi çıxış edir. Geyim hər zaman yaşdan və ailə vəziyyətindən asılı olub”,-deyə bildirdi: “İnsan yalnız geyim deyil, bununla həm də davranış tərzi seçir. Geyim ona təsir etməyə başlayır. Bu qarşılıqlı əlaqə çox maraqlıdır. Geyim tərzinin dəyişməsi davranış manerasının dəyişikliyinə səbəb olur. Demək insan açıq-saçıq geyinməsini psixoloji cəhətdən tədqiq edərkən bir neçə məsələyə toxunmaq lazımdır. Əvvəla, insan açıq-saçıq geyinməklə öz daxili aləmi haqqında informasiya vermiş olur. Buradan belə nəticə çıxır ki, öz bədənini nümayiş etdirməyə çalışan şəxsin ümumilikdə özünü nümayiş etdirməyə ehtiyacı var. Amma bu ilk məsələnin elə maraqlı tərəfi də ondan ibarətdir ki, demək ki, insan nəyin həqiqətən də nümayiş etdirməli olduğundan (mədəniyyət, əxlaq, elm, mənəviyyat və s.) xəbərsizdir. Bu o demək deyil ki əsl nümayiş etdirilməli olanlardan məhrumdur, sadəcə onların onda mövcudluğundan və ya onların nümayişinin ona olan faydasından xəbərsizdir.”
Ekspert onu da qeyd etdi ki, açıq-saçıq geyinənlər elə düşünür ki, bu tərz onu daha cəlbedici edəcək, onu əks cinslə qarşılıqlı münasibətində müsbət rol oynayacaq, onun cinsi istək yaradan tərzi əks cinsin marağında olmaqla münasibətlərinin daha zəmanətli olmasına səbəb olacaq: ”Amma qarşı cinsin daim marağında olmaq, münasibətlərin davamlı olmasının zəmanəti qarşılıqlı hörmət, qayğı, məsuliyyət və inama əsaslanan həqiqi hislərdir. Təbii ki, geyimlə buna nail olmağa çalışanlar çox tezliklə yanıldıqlarının fərqinə varırlar. Digər bir məsələ odur ki, geyim insanın davranışına təsir edir, onu dəyişir.
Ola bilər ki, şəxsin nümayişkarlıq, özünütəsdiq etmə və s. kimi problemləri yoxdur. Amma hər hansı rəfiqəsinin, kinoulduzun və digər şəxsin geyimini onu yamsılamaq üçün geyinən şəxs artıq bu geyimin təsiri altında özünün şəxsi xüsusiyyətlərinin də dəyişərək, həqiqi “öz”dən uzaqlaşaraq bu tərzə uyğunlaşdığının fərqində olmur. Bu problem birinci problemdən qaynaqlanır. Çünki insan açıq-saçıq geyinməklə, bunun fəsadlarını yaşamaqla yanaşı ətrafında xeyli sayda insanı da buna yoluxdurmuş və bu fəsadlarla üzləşdirmiş olur.”