Dodaqlar üçün məsləhətlər

Dodaqlar üçün məsləhətlər

Əgər dodaqlarınıza həcm vermək istəyirsinizsə, onları acı, üyüdülmüş qırmızı istiotla sürtün. Üsul, təbii ki, çox ağırdır, lakin kömək edir. Bu zaman dodaqların incə dərisi qıcıqlanır, bu isə qızartı və yüngül şişməyə səbəb olur. Bu məsləhətdən hər dəfə istifadə etmək lazım deyil, lakin hiss edəndə ki, dodaqlarınızın rəngi çox solğundur, o zaman cəsarətlə istifadə edə bilərsiniz.  
Əgər dodaq boyası və yaxud parıltının dodağınızda çox qalmasını istəyirsinizsə, boyanın altından pudra çəkin.
Dodaq boyasının rəngi daha parlaq olsun deyə, dodağınıza korrektor və yaxud tonal əsas vurun.
Dodaqları vizual olaraq böyütmək istəyirsinizsə, onların bucaqlarına konsiller vurun. Dodaq xəttinin uzunluğu qısalacaq, bu isə onları həcmli göstərəcək. Dodaqları vizual olaraq həmçinin açıq rəngli dodaq boyalarının köməyi ilə də böyütmək olar. Yalnız üst və alt dodaqların ortasında boyaya  bir balaca parıltı və yaxud rəngsiz boya əlavə etmək lazımdır.
Əgər sizin dodaqlarınızı vizual şəkildə kiçiltmək fikriniz varsa, o zaman tutqun rəngli, xüsusilə də tünd çalarlı  boyalardan istifadə edin. Onları vizual kiçiltmək üçün konturu dodaqların uzunluğu boyunca çəkmək lazımdır və yüngülcə dodağın bucaqlarına da girmək şərtilə.

Dodaqlar üçün olan məşqlər


1. Hər gün səhər ya da axşam nəm diş fırçası və ya yumşaq əl dəsmalının ucu ilə dodaqlarınızı masaj edin. Masajdan sonra dodaqlarınıza qidalandırıcı krem və ya istənilən bitki yağı ( günəbaxan, zeytun, qarğıdalı ) çəkin.
2. Üfürürmüş kimi dodaqlarınızı önə edin və yavaş-yavaş adi vəziyyətə qaytarın. Bu məşqi 7-10 dəfə təkrarlayın.
3. Dərindən nəfəs alın, ovurdlarınızı hava ilə doldurun. Əvvəlcə yavaş, sonra isə sürətlə havanı buraxın. Bu proseduru 10 dəfə təkrarlayın.
4. Hər gün 7-10 dəfə a, o, u, ı, i saitlərini tələffüz edin.
5. Gün ərzində 10-20 dəfə dodaqlarınızı önə edərək ağzınızı balıq kimi açın və dodaqlarınızı geriyə edərək ağzınızı bağlayın.
6. Hər gün 10-20 dəfə alt çənənizlə birgə alt dodağınızı sağa və sola hərəkət etdirin.
7. 5 dəfə dilinizi maksimum bayıra çıxarıb 2-3 saniyə saxlayın.
8. Dodaqlarda qan dövranını bərpa etmək və onların təravətliliyini qoruyub saxlamaq üçün 1 dəqiqə ərzində barmaqların ucu ilə dodaqlarınızı dairəvi masaj edin. Masajdan sonra dodaqlarınıza yağlı krem çəkib 10 dəqiqə saxlayın.
dodaqlara baxım

Dodaqlar üçün olan maskalar


1. Yağlı maska. Çölə çıxmazdan 30 dəqiqə öncə dodaqlarınıza istənilən bitki yağı çəkin. Bu məqsədlə kərə yağı, xama, vazelin və A, E vitaminlərindən də yararlana bilərsiniz. Bundan sonra dodaqlarınızdakı yağı quru salfetə hopdurub dodaq boyası və parıltısından ( və ya dodaq üçün gigiyenik balzam ) istifadə edin.
2. Kəsmik tərkibli yumşaldıcı və qidalandırıcı maska. ½ çay qaşığı yağlı kəsmik, 1 çay qaşığı qaymaq qarışdırılır və dodaqlara çəkilir. 10-15 dəqiqə qaldıqdan sonra yuyub vazelin və ya gigiyenik dodaq boyası çəkin.
3. Meyvə tərkibli nəmləndirici maska. Balaca bir dilim şirin qabıqsız alma sürtgəcdən keçirilir. ½ çay qaşığı kərə yağı ilə qarışdırılır. Qarışıq dodaqlara çəkilib 15 dəqiqə saxlanır. Sonra isə sərin su ilə yuyulur. Burada meyvə kimi banan, ərik, qarpız və yemişdən də istifadə edə bilərsiniz.
4. Qabıqlanan və quru dodaqlar üçün maska. Bunun üçün sadəcə təbii baldan istifadə edin. Balı dodaqlara çəkib 5-10 dəqiqə saxlayın, yumazdan öncə barmaqlarınızın ucu ilə dodaqlarınızı bir qədər masaj edin.
5. Herpesli dodaqlar üçün maska. 1 çay qaşığı arı mumu (su hamamında əridildikdən sonra ), 1çay qaşığı kakao yağı və ya digər bitki yağı, 1 çay qaşığı vazelin və 1 xörək qaşığı çobanyastığı dəmləməsi qarışdırılır. Bir az soyudulduqdan sonra yatmazdan öncə dodaqlara çəkilir və səhərə qədər qalır.
6. Qabıqlanma əleyhinə maska. 5 damcı kök şirəsi, 6 damcı xiyar şirəsi, ¼ çay qaşığı xama və ¼ çay qaşığı təbii bal qarışdırılır. Dodaqlara çəkilib 5-10 dəqiqə saxlanılır. Sonra isə soyuq su ilə yuyulur.

Mənbə: Üç nöqtə qəzeti
Top