Dərinin qocalma səbəbləri

Dərinin qocalma səbəbləri

Dərinin qocalması – təbii proses olub bütün orqanizmin qocalması ilə əlaqədardır. İnsan yaşa dolduqca dərialtı piy toxuması azalmağa başlayır, dəri hüceyrələri getdikcə oksigen və qidalandırıcı maddələri daha az miqdarda mənimsəməyə başlayır.Bundan savayı, dəridə daha az miqdarda kollagen və elastin lifləri istehsal olunur. Bütün bunların nəticəsində dəri öz möhkəmlik və gərginliyini itirərək sallanır və qırışmağa başlayır. Dəridə qırışların əmələ gəlməsi tədricən baş verir. Qırışlar əvvəlcə alında, daha sonra burundan çənəyə doğru istiqamətdə, gözlərin xarici kənarlarında, daha sonda isə boyunda, burunun üstündə, çənədə və üst dodaqda əmələ gəlir. Dəridə qırışların əmələ gəlməsi prosesi, adətən, 25 yaşından sonra - kimlərdəsə bir qədər tez, kimlərdəsə gec - başlayır. Bəs bu nə ilə əlaqədardır? Bunun bir çox səbəbləri vardır ki, bunlardan da ən əsası irsiyyətdir. Dərisi yağlı olan insanlarda qırışlar quru dərisi olanlara nisbətən xeyli gec əmələ gəlir. Dərinin qocalmasını dəriyə düzgün qulluğun olmaması, qeyri-düzgün qidalanma, siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi, streslər, yuxusuzluq, xəstəliklər və s. səbəblər sürətləndirir.Məlumdur ki, siqaret çəkən qadınlarda dəri qırışları daha tez əmələ gəlir. Nikotin dəridə oksigen azlığına və nəmliliyin azalmasına səbəb olur. Eyni zamanda dəri üçün çox vacib olan kollagen ondan xaric olunur, əvəzinə isə xeyli miqdarda toksinlər dəriyə daxil olur. Bu hal dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Çoxlu miqdarda siqaret çəkənlərin dərisi də öz normal rəngini dəyişərək boz-sarı olur. Yuxunun kifayət qədər olmaması ümumi orqanizmi sarsıtdığı kimi, dəriyə də öz mənfi təsirini göstərir. Alimlər təsdiq edirlər ki, yaxşı və sağlam dəriyə malik olmaq üçün qadınlar gün ərzində 8 saat yatmalıdırlar. Dəridə qırışların əmələ gəlməsində mimika də böyuk rol oynayır. Mimikası güclü olan qadınlarda dəri qırışları daha tez əmələ gəlir. Həddən artıq kökəlmə və daha sonra kəskin şəkildə arıqlama dəriyə pis təsir edir – dəri dartılır, elastikliyini və möhkəmliyini itirir. Arıqlamaq üçün pəhriz tutmağa müraciət etmək istəyən qadınlar bu barədə də düşünməlidirlər.

 Dəriyə düzgün şəkildə qulluq edilməməsi, kosmetikadan həddindən artıq dərəcədə istifadə edilməsi də dəri qırışlarının əmələ gəlməsinə səbəb olur. Üzün tez-tez sabunla yuyulması, tərkibində spirt olan lasyonların dəriyə sürtülməsi son nəticədə dərinin nəmliyinin itirilməsinə, onun qurumasına və erkən qocalmasına səbəb olur. Dəridə qırışların yaranmasının qarşısını almaq üçün, bunun əksinə olaraq, hər bir vasitə ilə dəridə nəmliyi qoruyub saxlamaq lazımdır. Bu məqsədlə müxtəlif nəmləndirici kremlərdən (yağlı dəridən başqa) daima istifadə etmək lazımdır. Əksər insanlar həddindən artıq yağlı kremlərdən tez-tez istifadə etməklə də səhvə yol vermiş olurlar. Onların dərisi bu kremlərə öyrəşdiyi üçün öz piyini daha az ifraz etməyə başlayır. Bu da son nəticədə dərinin daha güclü şəkildə qurumasına və qocalmasına, qırışların əmələ gəlməsinə səbəb olur.

Kosmetik vasitələrə gəldikdə, qeyd etmək lazımdır ki, daimi olaraq tonal kremlərdən və krem-pudralardan istifadə edilməsi də erkən qırışların əmələ gəlməsinə səbəb olur. Belə ki, onların təsiri nəticəsində dəri məsamələri tutularaq onun “nəfəs almasına” mane olur, dəridə gedən mübadilə proseslərini pozaraq onun qurumasına səbəb olur. Beləliklə, hər zaman gözəl, təravətli və cavan qalmaq istəyirsinizsə, dekorativ kosmetik vasitələrdən minimal şəkildə istifadə etməyə çalışın!

Dərinin bir “düşməni” də günəş şüalarıdır. Tez-tez solyariya getdikdə və uzun müddət ərzində açıq günəş şüaları altında olduqda dərinin quruması və erkən dəri qırışlarının əmələ gəlməsi baş verir. Buna görə də günəşli havada çölə çıxarkən dərinizə mütləq günəşdən qoruyucu kremlər çəkmək və günəşdən qoruyan eynəklərdən istifadə etmək tövsiyə olunur.

Üz dərisinin qocalmasına qarşı aparılan mübarizə - bədənin ümumi qocalmasına qarşı aparılan mübarizədir. Bu isə əsasən aşağıdakılardan ibarətdir:

 

- düzgün qidalanma (müxtəlif çeşidli qidalar, kifayət qədər meyvə, tərəvəz, giləmeyvə və s. qəbul edilməsi);

 

- kifayət qədər fiziki hərəkətlilik;

 

- kifayət qədər yuxu, gündəlik olaraq açıq havada olmaq;

 

- vitamin-mineral kompleksli preparatların qəbul edilməsi, zərərli adətlərdən (siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və s.) imtina edilməsi və s.

 Alimlər dəridəki qırışların bizim qəbul etdiyimiz meyvə və tərəvəzlərin miqdarı ilə asılılığını da müəyyən etmişlər. Aydın olmuşdur ki, daha çox meyvə və tərəvəz qəbul edənlərin dərisində, onları az qəbul edənlərə nisbətən dəri qırışları daha az olur. Bu məqsədlə qırmızı rəngli meyvə və tərəvəzlər (çuğundur, bibər, pomidor, qırmızı alma və s.), bütün sitrus meyvələri (qreypfrut, limon, portağal, mandarin) daha çox effektə malikdirlər. Bunun əsas səbəbi isə onların tərkibində daha çox antioksidantların (qocalma prosesini ləngidən maddələr) olmasıdır.

 Meyvə və tərəvəzlərdən savayı, müxtəlif dəniz məhsulları da qocalma əleyhinə yüksək effektə malikdirlər. Bu məqsədlə həmçinin xeyli maye də qəbul etmək lazımdır ki, həm bütün orqanizminiz, həm də dəriniz kifayət qədər nəmliliyə malik olsunlar. Gün ərzində 1,5-2 litrə qədər maye içmək lazımdır (şorbalar daxil olmaqla).

Əlbəttə ki, heç bir vasitə ilə dəridə qırışların yaranmasının qarşısını almaq olmaz. Ancaq onların yaranması vaxtını xeyli uzatmaq olar. Bu isə əsasən bizim özümüzdən asılıdır. Bir çoxları böyuk səhvə yol verərək dəriyə qulluq edilməsini dəridə xeyli qırışlar əmələ gələndən, artıq o, müəyyən qədər qocaldıqdan sonra başlayırlar. Əslində isə, dərinin cavanlığını qorumaq üçün ona düzgün şəkildə qulluq edilməsi prosesinə dəri hələ hamar, möhkəm və zərif olduğu vaxtlardan başlamaq lazımdır. 25 yaşlarına qədər dəriyə xüsusi qulluq tələb olunmur. Bu yaşadək onu düzgün təmizləmək, nəmləndirmək və qidalandırmaq kifayət edir. 25 yaşından sonra isə dəriyə daha aktiv şəkildə qulluq etmək tələb olunur. Bu zaman əsas məqsədlərdən biri, yaş əleyhinə effektə malik olan müxtəlif krem və maskalardan istifadə etməklə, dəridə ilkin qırışların yaranmasının qarşısını almaqdan ibarətdir. 30 yaşından sonra isə nəmləndirici krem və maskalarla birlikdə, belə effektə malik olan maska və kremləri də daimi olaraq istifadə etmək lazımdır. Kosmetoloji vasitələrdən savayı, 30 yaşından sonra üz dərisinin masajı və fiziki hərəkətləri də.

 

Hazırki dövrdə kosmetoloqlar tərəfindən çoxlu sayda cavanlaşdırıcı kosmetoloji maskalar (tərkibində retinol, kollagen, vitaminlər, antioksidantlar, fitohormonlar və s.) hazırlanmışdır. 30 yaşından sonra onlardan həftədə 2 dəfə olmaqla (nə az, nə də çox tezlikdə) daimi şəkildə istifadə etmək lazımdır. Çox yaxşı cavanlaşdırıcı effekt verən bu maskalar dərini hamarlaşdırır, daha təravətli edərək onun əvvəlki sağlam görünüşünü qaytarır. Ev şəraitində də kifayət qədər effektli maskaları hazırlamaq olar. Daimi olaraq istifadə edildikləri təqdirdə bu maskalar da yaxşı nəticə verə bilər.

 

Top