Niyə Avropada çoxlu zinət əşyaları taxmaq qeyri-müasirlik sayılır, Şərqdə isə yox?
Zərgərlik sənəti incəsənətin ən yaşlı növlərindən biridir və onun tarixi çox qədimlərdən başlayır. Tədqiqatlarda bu sənətin yaşı barəsində yekdil fikirlər yoxdur. Zərgərlik əsasən qiymətli metal və daşlardan incə bəzək əşyalarının hazırlanması sənətidir. İndiyədək bu sənətlə bağlı müxtəlif araşdırmalar aparılsa da, hələ onun aşkar olunmayan sirləri çoxdur.
Zərgərliyin tarixi
Qeyd etdiymiz kimi, zərgərliyin tarixi çox qədim dövrlərə-müasir eramızdan əvvəl insan şüurunun formalaşdığı zamana gedib çıxır. Tədqiqatlar göstərir ki, qiymətli metal və daşlardan hazırlanan zərgərlik məmulatları qədim insanlar üçüq müasir dövrdəki əhəmiyyəti kəsb etməyib, yəni onlardan sadəcə, bəzək əşyası kimi istifadə olnumayıb.
Qiymətli metal və daşların hansısa sehrli bir qüvvəyə malik olduğunu düşünən müasir insanın əcdadları onları taxarkən müxtəlif təhlükələrdən qoruna biləcklərini güman ediblər.
İndiyədək aparılan tədqiqatlar nəticəsində ən qədim zərgərlik əşyaları Afrikada aşkar edilib. Bu, qitənin cənubundakı «Blomb
os» mağarasında tapılan, balıqqulağından düzəldilmiş muncuqlardı. Alimlərin hesablamalarına görə, onların 75 min ildən çox yaşı var. Balıqqulağıların hamısının qabığında eyni deşiklər açılıb, beləliklə də onları çox rahatlıqla sapın üstündə qolbaq və boyunbağı kimi taxmaq olardı. Balıqqulağılarına keçirilmiş dəri və yaxud ip onlarda çox aydın iz qoyub.
«Britannika» ensiklopediyasına görə isə zərgərlik dövrü eramızdan əvvəl III minillikdən başlayır. İlk qiymətli tapıntıları da məhz bu dövrə aid edirlər. Qədim dövrlərdə zərgərlik sənətinin əsas inkişaf etdiyi ölkə Misir olub. Qədim Misirdə həm diri, həm də ölü insanları gözlənilməz təhlükələrdən müdafiə etməyə qadir olan bəzək əşyalarını yaradırdılar.
Zərgərlik məmulatlarından ibarət ən möhtəşəm arxeoloji kəşf də məhz Misir fironu Tutanxamonun türbəsindən tapılmış xəzinə olub. Bu gün Tutanxamonun xəzinəsi dünyanın ən möhtəşəm bəzək əşyaları kolleksiyası hesab edilir.
Zinət əşyaları dörd yerə ayrılır
Qiymətli metal və daş-qaşlardan düzəldilən zinət əşyaları dörd yerə ayrılır: boyun, qol və barmaq, baş, libaslara bənd olunan bəzək əşyaları.
Sırğa, üzük, sancaq, boyunbağı ən qədim zərgərlik əşyaları hesab olunur. Keçmişdə üzük ictimai və mülki təbəqələşməni ehtiva edən fərqlənmə nişanı olub. Yəni hər adam üzük taxa bilməzmiş. Çox-çox sonralar üzüyə münasibət dəyişib.
Sırğaların da tarixi çox qədimdir. Qədimdə onları təkcə qadınlar deyil, həm də kişilər taxırdılar. Sırğalar da yalnız bəzək əşyası kimi deyil, həmçinin bədnəzərdən qorunmaq üçün istifadə edilirdi. Ümumiyyətlə, hər dövrün özünəməxsus bəzək əşyaları olub. Zaman-zaman geyimdə dəbin dəyişməsi özünü bəzək əşyalarında da göstərib.
Orta əsrlərdə bəzək əşyaları əsasən imperator və kilsə emalatxanalarında istehsal olunurdu. Lakin XIII əsrdən etibarən Avropa paytaxtlarında qızıl işilə məşğul olan ustaların birlikləri yaranmağa başladı. Napaleon Bonopart daş üzərində oyma naxışlar salmağı öyrədən xüsusi bir məktəb yaratmışdı. Burada əsasən kor və karlar çalışırdılar.
Buna baxmayaraq, həmin dövrdə bəzək əşyaları cəmiyyətin yüksək təbəqəsinin üstünlüyünün bir nişanəsinə çevrilmişdi.
Zərgərlik şirkətləti
XIX əsrdən etibarən zərgərlik sənətində yeni texnologiyalar tətbiqinə başlanıldı və «Faberje» (Rusiya), «Tiffani» (ABŞ), «Kartye» (Fransa) kimi iri zərgərlik şirkətləri meydana çıxdı. Bununla da incəsənətin bir qolu olan zərgərlik sənəti həm də yavaş-yavaş sənaye sahəsinə çevrildi.
Müasir Avropa ölkələrində bəzək əşyaları taxmaq o qədər də dəbdə deyil. Avropada çoxlu zinət əşyaları taxmaq qeyri-müasirlik, insanı narahat edən amil kimi dəyərləndirilir. Şərq ölkələri barəsində isə bunu demək olmaz. Ona görə də, Avropa zərgərləri öz mallarını satmaq üçün Şərqə bazar kimi baxırlar.
Hazırda zərgərlik məmulatları əsasən qızıl, gümüş, platindən hazırlanır. Zərgərlikdə qiymətli daşlardan ən çox istifadə olunanı isə almaz, yaqut, mirvari, sapfir, firuzə,, zümrüddür.
Azərbaycada zərgərlik
Azərbaycada da zərgərlik sənəti sadədən mürəkkəbə doğru böyük bir yol keçib. Xalqımıza məxsus qiymətli metallardan hazırlanan çoxsaylı ziynət əşyaları qədim tarixə malikdir. Azərbaycanın zərgər ustalarının düzəltdikləri məmulatlar öz təyinatına görə bir neçə qrupa bölünür: bel, baş, sinə, boyun, barmaq, qol, paltar üçün bəzək əşyaları. Bura müxtəlif quruluşlu toqqalar, üzüklər, bilərzik və qolbaqlar, boyunbağılar, medalyonlar, sancaqlar daxildir.
Zinət əşyalarından danışarkən, iki səciyyəvi məqamı nəzərə almaq lazımdır: əvvəla, zinət aşyaları nəsildən nəslə (irsən) keçib, ikincisi, onların hər bir ailədə mövcudluğu, materialdan (qızıl, gümüş və s.) asılı olmayaraq, əhəmiyyətli idi. Qızıl və bahalı zinət əşyaları şəhər ailələri üçün səciyyəvi idi, burada hər bir qadın üçün sırğalar, üzüklər, boyunbağılar, boyun üçün muncuqlu bəzək əşyaları zəruri hesab olunurdu.
Ölkəmizdə zərgərlik sənətinin geniş yayılması cəmiyyətin sosial-iqtisadi inkişafı ilə bərabər, Azərbaycan şəhərlərinin beynəlxalq ticarət yolları üzərində yerləşməsi və Yaxın Şərqdə iqtisadi-mədəni əlaqələrin sıx olması ilə də bağlı olub. Azərbaycan zərgərlik mərkəzlərinin məhsulları şərq motivli milli koloritinə, forma kamilliyinə və naxış səlisliyinə görə, nəinki Avropa və Rusiyanın, habelə Qafqazın digər məhəlli zərgərlik mərkəzlərinin hazırladığı zinətlərdən yüksəkdə durub.
Hal-hazırda Azərbaycan zərgərlik sənətində bir çox bəzək nümunələrinin hazırlanması elektrik cihazların köməyi ilə aparılsa da, əl iş üslubu ilə düzəldilən zinət əşyalarında zərif naxışları əvəz edə bilmir.
Zərgərlikdə üsullar
Zərgərlikdə müxtəlif texniki üsullardan (basma, qarasavad, döymə, minasazlıq, oyma, pardaxlama, hatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s.) istifadə edilir. Ən qədim zərgərlik üsullarından biri döymə üsuludur. Sırğa və bilərziklərin hazırlanmasında şəbəkə üsulu geniş tətbiq olunub. Hatəmkarlıq üsulu ilə xəncər, qılınc qını və dəstəyi, eləcə də müxtəlif avadanlıq bəzədilib. Minasazlıq üsulu ilə əşyanın üzərində oyulmuş rəsm, yaxud naxışın içi rəngli mina maddəsi ilə doldurulub.
Zərgərlik nümunələrimiz dünya muzeylərində
Azərbaycana məxsus zərgərlik nümunələri isə dünyanın bir çox muzeylərində saxlanılır. Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Ermitaj (Sankt-Peterburq), Kiyev Qərb və şərq İncəsənəti Muzeyi, Luvr (Paris), Viktoriya və Albert Muzeyi (London), Metropoliten-muzey (Nyu-York), Topqapı Muzeyi, Türk və İslam Əsərləri Muzeyi (İstanbul) Azərbaycanın zərgərlik məmulatlarının toplandığı ən zəngin muzeylərdir.
Ötən əsrin 20-ci illərindən sonra çoxlu ölkəmizdə zərgərlik müəssisələri təşkil edilib, Bakıda isə zərgərlik fabriki fəaliyyət başlayıb. Ölkəmizdə hazırlanan zərgərlik məmulatları dəfələrlə xarici ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirilib. 1950-60-cı illərdə Bakı zərgərlik fabrikində Qərb üslubunda hazırlanan qızıl və gümüş zinət əşyaları müasirləşdirilərək yeni formalara salınıb. Həmin dövrdə fabrikin texnoloji cəhətdən inkişafı da diqqət mərkəzində olub. Həmin dövrdə zərgərlik fabrikində peşəkər ustalar yetişib ki, onlar da bu incə xalq sənətini texnoloji istehsalda təkmilləşdirərək inkişaf etdiriblər. Öz ətrafına birinci dərəcəli ustaları toplayan Bakı zərgərlik fabriki 1950-ci illərdən başlayaraq öz formasına və bəzəyinə görə müxtəlif olan qadın bəzək məmulatlarından başqa məişət əşyaları da-çay və desert qaşıqları, stəkan altlıqları, qədəhlər, piyalələr və s. kütləvi istehsalına başlayıb. Bakı zərgərlik fabrikində qəlibkarlıq, şəbəkəçilik və yeni üsullarla yaradılmış məmulat istehsalının vaxtaşırı kamilləşməsi bu sənətin getdikcə inkişafına təsir göstərib. Müasir dövrdə zərgərlik keçmişin ənənələrini davam etdirərək forma və məzmunca zənginləşib.
Müəllif:Adəm Qorxmaz-
modern.az