Saç insanların xarici görünüşünün əsas elementlərindən biridir. Yaxşı qulluq edilən, zövqlə daranan saç forması təkcə xanımların deyil, kişilərin də xarici görünüşünü dəyişdirən amillərdəndir. Beynəlxalq ekspertlərin müşahidələrinə görə, son illər dünyada saç tökülməsi, keçəlləşmə geniş miqyas alıb. 30-40 il öncə saç tökülməsi əsasən orta yaşlı və qoca kişilərin problemi sayılırdısa, artıq keçəlləşməni özünə dərd edənlər arasında qadınlar və uşaqların da sayı sürətlə artmaqdadır.
Araşdırmalar göstərir ki, Avropada (avropoid irqinə mənsub insanlarda) keçəlliyə daha çox rast gəlinir. Neqroid və monqoloid irqinə mənsub insanlarda isə keçəlləşmək nadir hallarda baş verir. Ümumilikdə isə saç tökülməsi dünyada çox geniş yayılmış problemə çevirilib. Həyatın hansısa çağında baş verən keçəlləşmə bəzən xəstəlik kimi də dəyərləndirirlər. İllər ötdükcə əzələlərimiz, sümüklərimiz, dərimiz kimi saçlarımız da qocalmağa başlayır: ağarır və seyrəlir. Saçın ağarması təbii proses olsa da, bu, ən azı seyrəlmə kimi böyük problem yaratdığına görə narahatlıq doğurur. Saç tökülmələri 18 yaşından başlayaraq davam edir.
Kişilərdə saç tökülməsi çox vaxt alın kənarları və təpə nahiyəsindən başlayaraq, qulaq arxaları və peysər xaric bütün saçların itirilməsinə qədər irəliləyə bilər.
Keçəlləşmənin səbəbləri
Ötən əsrin əvvəllərinədək keçəlləşmənin dəqiq səbəbləri məlum deyildi. Sonralar alimlər belə bir fikir irəli sürdülər ki, saçların güclü tökülməsi kişi cinsi hormonlarının-androgenlərin miqdarının artması ilə əlaqədardır. Amma elmi araşdımalar sübut edib ki, problemin yaranmasının yeganə faktoru bu deyil. Sübut olunub ki, B2 vitamininin (riboflavin) çatışmazlığı, stress, əsəbilik, pis ekologiya, düzgün qidalanmama, bəzi xəstəliklər, genetik və irsi faktorlar, tibbi preparatlardan istifadə, yuyucu vasitələr və radiasiya da keçəlləşməyə səbəb ola bilər.
Saçların tökülməsi orqanizmdə vitaminlərin çatışmaması, mədə-bağırsaq yolunun, ya da sinir sisteminin pozulması nəticəsində də baş verir. İngilis alimləri bu yaxınlarda apardıqları araşdırmadan sonra belə bir nəticəyə gəliblər ki, ekologiyası və havası çirkli, atmosferi zəhərli maddələr zəngin olan, kimyəvi maddələrin çox istehsal olunduğu yerlərdə yaşayanların dazlaşma riski daha böyükdür.
Təmiz havası olan ərazilərdə yaşayanlara nisbətən onlar daha çox keçəlləşirlər.
Araşdırmaya görə, çirkli havanın tərkibindəki toksinlər saç köklərinin böyüməsinə əngəl olur. Həm də proteinləri yaradan mexanizmin qarşısını alır. Ona görə də məhz bu cür yerlərdə dazların sayı daha çox olur. Mütəxəssislər saç şampunlarından istifadə edərkən ehtiyatlı olmağı məsləhət görürlər. Çünki tərkibi kimyəvi maddələrlə zəngin sabun və şampunlar saçların köklərini zədələyə bilirlər.
Saçlarla bağlı araşdırmalar
Amerikalı alimlər keçəlləşməni ürəyin işemik xəstəliyinin risk faktoru hesab edirlər. Saçlar da insan orqanizmin bütün orqanları kimi xəstələnə bilirlər. Məsələn, onların kök əzələləri soyuqlaya bilir ki, bu da saç tökülməsi riskini artırır. Uzun müddət kip baş geyimlərindən istifadə də saçlara ziyanlı sayılır. Saç köklərinin qidalanması, massajı, tənəffüsü, təmizliyi onların sağlamlığı üsün vacib şərtlərdir.
Saçlar hər gün müxtəlif istiqamətlərdə yumşaq şotka ilə daranmalıdır. Ən çox axşamlar yuxudan əvvəl daramaq məsləhət görülür. Saçlar daranarkən dərini də masaj eləmək lazımdır. Bu, saçların yaxşı inkişaf etməsinə, onların toz və qabıqdan təmizlənməsinə kömək edir.
Saçı tez-tez yumaq, onları buna öyrətək də məsləhət görülmür. Normal qaydaya görə, başı həftədə bir dəfə, lazım olduqda isə iki və ya üç dəfə yumaq daha məqsədəuyğundur.
Saç tökülməsinə hər yaşda rast gəlmək mümkündür. Onun qarşısı vaxtında alınmazsa, ciddi nəticələrə gətirib çıxara bilər. Buna görə də saç tökülməsinin vaxtında səbəbini aydınlaşdırıb düzgün müalicə etmək lazımdır. Əgər saç tökülməsi xəstəliklə bağlıdırsa və ya tökülmə başlanğıc fazasındadırsa, saç tökülməsini dərmanlardan istifadə edərək aradan qaldırmaq mümkündür. Müalicəyə tabe olmayan saç tökülməsində əməliyyat yolu ilə saç əkilməsi məsləhətdir.
Amerikalı alimlər keçəlləşmə ilə mübarizənin yeni üsulunu irəli sürüblər. Onların apardıqları tədqiqatlar zamanı müəyyən edilib ki, müəyyən şəraitdə dərinin adi hüceyrələri saç follikullarının özək hüceyrələrinə çevrilə bilər ki, bu da, öz növbəsində, yeni saçların əmələ gəlməsinə gətirib çıxardır. Yeni saçların əmələ gəlməsi üçün dərin olmayan qırış və çapıqların hamarlaşdırılması üçün epidermisin yuxarı təbəqəsinin götürülməsi ilə kəllə sümüyünün dərisinə azacıq zədəverici təsir etmək lazımdır.
Saç əkmə üsulu
Keçəlləşmənin müalicəsi ilə bağlı müxtəlif üsullar məlumdur. Alimlərin fikrincə, seyrəkləşmiş saçları qorumaq və heç olmasa tam dazlaşmamaq üçün onları losyonlarla, xüsusi şampunlarla, müalicəvi preparatlarla qidalandırmaq və başın dərisini müntəzəm massaj etmək lazımdır. Amma yadan çıxarmaq olmaz ki, müalicəvi preparatlar və şampunlar kimyəvi dərmanlardan deyil, təbii bitkilərdən hazırlanmış olmalıdır. Bu gün dünyanın müxtəlif ölkələrində saçların bərpası üçün əkmə və cərrahiyyə müdaxilə üsulunlan istifadə olunmaqdıdr. Bu zaman keçəlləşmə yerinə 2-3 tük follikulu yerləşmiş dəri sahəciyi transplantasiya olunur. Transplantasiya üçün yalnız pasiyentin öz tükləri istifadə olunurmalıdır. Bu əməliyyat zərgər dəqiqliyi tələb edir. Doğrudur bu üsullarla sıx, gur saça nail olmaq mümkün deyil, amma başın keçəlləşmiş hissəsi seyrək tüklərlə örtülür. Cərrahi metod olduqca bahalı prosedurdur. Əkilən saçlar 3 ay sonra çıxır.
Xalq təbabəti
Saç tökülməsinin qarşısını almaq üçün xalq təbabətində çox üsullar var. Məsələn, saçlara gənəgərçək yağı sürtmək, onları yumurta sarısı, qatıq, noxud və gicitkən suyu, aloe şirəsi ilə yumaq belə üsullar sırasına daxildir. Bəziləri elə bilirlər ki, başı ülgüclə qırxmaq saçın sıx və sürətli inkişafına kömək edir. Mütəxəssislər bunu yanlış addım hesab edirlər. Buna görə də kiçik yaşlı uşaqların saçının tez-tez ülgüclə qırxılması təsirsiz vasitə sayılır. Yapon alimi Kadsudzo Nişinin yaratdığı təlimə görə isə, saç tökülməsinin qarşısını almaq üçün cücərmiş buğda yemək məsləhətdir. Nişinin fikrincə, müntəzəm olaraq cücərmiş buğda yemək saç tökülməsinin qarşısını alır, onların dibini möhkəmlədir, ağarmış tüklər yenidən qaralldır, hətta başın keçəllməşmiş hissəsində yeni saçlar əmələ gətirir.
Müəllif:Adəm Qorxmaz-modern.az